15 Oktyabr 2021 02:03
2445
SİYASƏT
A- A+

XALQA XİDMƏTİN MÖHTƏŞƏM NÜMUNƏSİ


Xoşbəxt o xalqdır ki,  tarixinin taleyüklü  məqamlarında onlara müdrik, uzaqgörən, qətiyyətli, xalqını və dövlətini qəlbən sevən insanlar başçılıq edirlər!

Başı bəlalar və müsibətlər çəkmiş Azərbaycanın bəxti bu sarıdan gətirmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasət aləminə qədəm qoyması ilə sanki Azərbaycana yeni günəş doğmuşdur.

Dövrün xüsusiyyətlərini  incəliklərinə qədər bilən,  sosializmin  qəliblərindən  ustalıqla yayınmağı  və yararlanmağı bacaran  Ümummilli  Liderimiz  ölkəyə rəhbərlik etdiyi müddət ərzində  Azərbaycanı yenidən tikib-qurdu,  kənd və şəhərlərin simasını dəyişdi, yeni təhsil və mədəniyyət ocaqları yaratdı, xalqımızın sosial rifahını  və mədəni səviyyəsini  əsaslı şəkildə yüksəltdi.

Ulu Öndər  SSRİ-nin rəhbərlərindən biri kimi  Moskvaya işləməyə getsə də , qəlbi daim Azərbaycanla döyünür, respublikamıza diqqət və qayğısını bir an belə azaltmırdı.

Məkrli, paxıl və xəyanətkar insanların bəd əməlləri nəticəsində  Heydər Əliyevin  böyük siyasətdən uzaqlaşması ilə Azərbaycanın  faciəli günləri başladı.

Ölkəmizə qarşı  “Qarabağ  kaptı”ndan  istifadəyə start verildi.

Həmin dövrdə  Azərbaycana maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz adamların başçılıq etməsi  hadisələrin  fəlakətlə nəticələnməsinə səbəb oldu.

Azərbaycan ərazilərinin  20 faizini itirdi,  20 min  övladı şəhid oldu.

Bütün bunlar azmış kimi  dövlətin özünün  mövcudluğu belə  real təhlükə qarşısında idi.

Azərbaycan  keçmişdəki kimi,  xırda  xalqlara parçalanmaq ərəfəsinə çatdırılmışdı.

Özünün ən doğru tarixi  qərarını verən Azərbaycan xalqı  üzünü yenidən  sınanmış oğlu Heydər Əliyevə tutdu.

Xalqının təhlükəli  dövrdəki çağırışına biganə qala bilməyən  Ulu Öndərimiz yenidən ölkə rəhbərliyinə qayıtdı.

Tarixən çox qısa müddətdə  ölkəni özbaşınalıqdan, xaos və anarxiya burulğanından qurtardı.

Müharibədə atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr ləğv edildi, əhalidəki külli miqdarda  silah-sursat toplanıldı.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhvolmadan qurtarmaqla yanaşı,  dövlət müstəqilliyini qoruyub saxladı,  əbədiliyə çevirdi,  “Əsrin müqaviləsi”  yeni neft  kontraktını  imzalayaraq ölkənin  gələcək inkişaf və yüksəlişinin əsasını qoydu.

Lakin  amansız ölüm ona  Qarabağ torpaqlarını geri qaytarmağa, ərazi bütövlüyünü  bərpa etməyə imkan vermədi.

***

Ulu Öndər Heydər Əliyevin itkisi Azərbaycan xalqı və dövləti üçün çox ağır idi.

Tarix həm də  göstərmişdi ki,  Azərbaycan yalnız  müdrik  rəhbərinin müəyyən etdiyi yolla getməklə  uğura və qələbəyə nail ola bilər.

Ümummilli Liderimizin ən böyük xidmətlərindən biri də  siyasi varisini  hazırlaması,  canından artıq sevdiyi müstəqil Azərbaycanı etibarlı əllərə tapşırması oldu.

Bu münasibətlə  1 oktyabr 2003-cü ildə  “Azərbaycan vətəndaşlarına müraciət”ində deyirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.

O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli  övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan xalqı sevimli rəhbərinin son vəsiyyətinə də  əməl etdi.

Həm də bununla Azərbaycanın davamlı və  sürətli inkişafının, ərazi bütövlüyünün bərpasının, xalqın xoşbəxt gələcəyinin əsası qoyulmuş oldu.

Xalqımız  2003-cü ildə  cənab İlham Əliyevə səs verməklə, onu  dövlət  başçısı seçməklə Heydər Əliyev  siyasi kursunun  davamlılığını, yeni  qələbələrin  qazanılmasını da təmin  etdi.

***

Azərbaycan Prezidenti seçilənə qədər  cənab İlham Əliyev  özünü  böyük  siyasətdə,  diplomatiya  sahəsində  və idarəetmədə  sınamışdı.

“Əsrin müqaviləsi”  neft  kontraktının hazırlanmasında,  orada Azərbaycanın  maraqlarının  təmin  edilməsi üçün zəruri müddəaların salınmasında, çətin və gərgin keçən danışıqlar prosesinin uğurla  başa  çatmasında  böyük  zəhməti  olmuşdur!

Cənab  İlham Əliyev Milli Məclisin  deputatı olduğu dövrdə  Azərbaycanın  AŞ PA-dakı  deputat qrupuna başçılıq etmiş,  AŞ PA-nın  vitse-prezidenti seçilmiş və beləliklə, bu  qurumda ölkəmizin milli maraqlarının müdafiəsinin təməlini qoymuşdur.

Həmin dövrdə İlham Əliyevin təklifi ilə AŞ PA-da Qarabağda erməni təcavüzünü, terrorunu, ekoloji fəsadlarını, narkoticarəti,  işğal ərazisinin nəzarətsiz zonaya  çevrilməsini  ifşa və əks etdirən qətnamələr qəbul  olunmuşdur.

Cənab İlham Əliyevin ən böyük uğurlarından biri Azərbaycanda  gənclər  siyasətinə dəyərli töhfələrini verməsi,  Milli Olimpiya  Komitəsinə rəhbərliyi dövründə ölkədə idmanın yüksəlişinə nail olması, yeni gənclər  nəslini tərbiyələndirməsidir.

O gənclər nəslini ki, Qarabağın işğalından sonra dünyaya gəlsələr də, onun  azad olunmasında şücaət və qəhrəmanlıqla vuruşdular, lazım  gələndə şəhidlik zirvəsinə yüksələrək qələbənin təmin olunmasını canları və qanları ilə təmin etdilər.

Milli Olimpiya Komitəsinə rəhbərliyinin  sonrakı  dövründə  cənab İlham Əliyev  Azərbaycan idmanını dünya miqyasına çıxararaq böyük  uğurlara imza atmasına, ölkəmizin  idman  dövləti kimi  tanınmasına, beynəlxalq yarışların, dünya  və Avropa birinciliklərinin keçirildiyi məkana  çevrilməsinə nail oldu.

***

Prezident İlham Əliyevin  ölkəyə  rəhbərliyinin ilk illəri rahat və asan  olmadı.

Azərbaycanda sabitliyi pozmağa,  rəngli inqilablar keçirməyə,  faktiki rəhbərliyi  dəyişməyə, özlərinə sərf edənləri  hakimiyyətə  gətirməklə  təbii  sərvətlərimizi  ələ keçirməyə çalışanlar az deyildi!

Rəhbərliyinin ilk dövrlərindən cənab İlham Əliyev dövlətə və dövlətçiliyə,  milli maraqlara  sədaqəti, möhkəm iradəsi və qətiyyətli addımları ilə  bütün şər qüvvələrini məharətlə zərərsizləşdirdi.

İlham Əliyevin Azərbaycana rəhbərliyi illəri ölkənin sürətli və davamlı  tərəqqisi ilə xarakterizə olunur.

Ötən  18 ildə Azərbaycan öz tarixinin ən qüdrətli dövrünə qədəm qoymuş,  enerji, nəqliyyat, ərzaq təhlükəsizliyi təmin olunmuş,  qeyri-neft sektoru,  sahibkarlıq inkişaf  etmiş,  vətəndaş  cəmiyyəti  formalaşmış, xalqın  sosial rifahı əsaslı şəkildə  yüksəlmişdir.

“Əsrin müqaviləsi”nin açdığı yolla  inamla irəli gedən cənab İlham Əliyev  Bakı-Tbilisi-Ərzurum,   Bakı-Tbilisi-Qars kimi nəhəng transmilli  layihələrə həyat vəsiqəsi vermiş, “Şimal-Cənub”,  “Şərq-Qərb” nəqliyyat dəhlizlərini işə salmış,  Azərbaycanı logistika mərkəzinə çevirmişdir.

Yeni layihələri gerçəkləşdirərkən ölkəmizə yeni dostlar və müttəfiqlər qazandırmış, Avropanın neft və təbii qazla təminatında etibarlı tərəfdaş imicini formalaşdırmışdır.

Prezident İlham Əliyev gördüyü bütün işlərdə bir an da  olsun belə  işğal altındakı torpaqların azad olunmasını unutmur, bütün iqtisadi, siyasi və  diplomatik  resursları  bu vəzifənin uğurlu həllinə  məharətlə yönəldirdi! İlk Prezidentlik  dövrünə başladığı gündə -

31 oktyabr 2003-cü ildə  andiçmə mərasimində verdiyi  vədlərə şərəflə əməl etdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”.

2000-ci illərin əvvəllərində ölkədə vəziyyət  bir o qədər də  ürəkaçan deyildi. Bir milyondan çox qaçqın və məcburi köçkün   ağır  vəziyyətdə   yaşayırdı,  yoxsulluq  və  işsizlik  yüksək  səviyyə təşkil edir, yol  infrastrukturu köhnə və  yararsız vəziyyətə düşmüşdü. Regionlara elektrik  enerjisi fasilələrlə verilir,  kəndlərin əksəriyyəti qazlaşdırılmamışdı.

Prezident İlham Əliyev bütün istiqamətlərdə - iqtisadiyyatın yüksəldilməsi, siyasət, diplomatiya, beynəlxalq qurum və təşkilatlarla iş,  hərbi quruculuq sahəsində dayanmadan,  yorulmadan çalışdı, əsaslı dəyişikliklərə nail oldu.

Vəd verdiyi müddətdən də  tez bütün çadır şəhərciklərini ləğv etdi, qaçqın və məcburi köçkünləri  hər cür  infrastrukturu  olan  müasir şəhərciklərə, dövlət hesabına tikilərək təmir olunmuş evlərə köçürdü.

Azərbaycanın ən ucqar kəndlərinə belə yeni yollar salındı, qaz xətti çəkildi,  sutka ərzində fasiləsiz  elektrik enerjisinin verilməsi  təmin olundu.

Regionların sosial-iqtisadi inkişafına dair  dörd  dövlət  proqramının  qəbulu və uğurlu icrası  kəndlərin dirçəlməsinə, kənd təsərrüfatının  və sahibkarlığın inkişafına, yeni iş  yerlərinin yaradılmasına  mühüm töhfələr verdi.

Sənaye məhəllələrinin  və yaşıl parkların salınması, güzəştli kreditlərin və müxtəlif növ məhsul istehsalına görə  dövlət tərəfindən  subsidiyaların verilməsi,  əkinlərin suvarma suyu ilə təmini  insanların aqrar sektorda  sahibkarlıqla məşğul olmasına,  gəlirlərinin artmasına və güzəranlarının yaxşılaşmasına  əsaslı dəstək oldu.

Cənab İlham Əliyevin Prezidentliyi  dövründə  paytaxt Bakı  yenidən tikilib quruldu, parklar, yaşıl xiyabanlar salındı,  şəhər tanınmaz  dərəcədə təzələndi, dəyişdi. Bunu təkcə paytaxtda yaşayanlar yox, əvvəllər Bakıda olaraq,  sonradan qonaq gələn əcnəbilər, hətta vətəndən bir müddət uzaqda yaşayıb geri dönən azərbaycanlılar da  sevinclə, heyrətlə etiraf edirlər.

Artıq müstəqil Azərbaycanın paytaxtı Bakı  dünyanın ən gözəl,  ən sabit və təhlükəsiz şəhərlərindən biri,  turistlərin sevdiyi və həvəslə gəldiyi məkandır.

Ölkəmizin bütün guşələrində  yaşayan vətəndaşlarımız  İlham Əliyevin yaratdığı şəraitdən  istifadə edərək özlərinə  bir-birindən gözəl evlər tikdirmiş, həyat şəraitlərini xeyli yaxşılaşdırmışlar.

Ailələrin böyük əksəriyyəti  minik maşınına sahibdir,  hətta elə ailələr var ki,  hər üzvünün öz avtomobili vardır.  Şəxsi rifahın yüksəlməsindən,  avtomobil bolluğundan hətta  yeni problem yaranmış,  paytaxtda  avtomobil tıxacları adi hala çevrilmişdir.

Cənab İlham Əliyevin qayğısı sayəsində  dövlət hesabına  xarici ölkələrdə təhsil alan gənclərimizin  sayı  ilbəil artır,  neft kapitalının  insan kapitalına çevrilməsi prosesi uğurla reallaşır.

Dövlət başçısı olaraq İlham Əliyevin ən böyük uğuru,  şübhəsiz,  Azərbaycanı iqtisadi cəhətdən  qüdrətli,  yüksək siyasi nüfuza malik  dövlətə çevirməsi və Qarabağı düşmən işğalından azad edərək  ərazi bütövlüyünün bərpasıdır.

Xalqımız bunu  Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz şücaət və qəhrəmanlığı,  yaratdığı əsl möcüzə kimi dəyərləndirir!

İlham Əliyev  özü tərbiyələndirib oxutdurduğu əsgər və zabitlər hesabına qüdrətli, döyüşkən, ən çətin tapşırıqların belə öhdəsindən uğurla gələn qüdrətli ordu yaratdı! 

Həmin ordunu ən müasir silahlarla  silahlandırdı,  yeni taktika və strategiya hazırlayaraq hərbi əməliyyatların  gedişində  məharətlə tətbiq etdi!

Beynəlxalq  rəylə  işləyərək onu Azərbaycanın xeyrinə  köklədikdən sonra  hərbi əməliyyatlara qərar verdi.

27 il ərzində sülhə gəlməyən, havadarlarına güvənərək Azərbaycanı  yeni müharibə başlayacağı təqdirdə “yeni əraziləri itirəcəyi” ilə  hədələyən  erməni  faşizmini 44 gün ərzində  biabırçı məğlubiyyətə uğradaraq ordusunu məhv etdi!

44 gün ərzində təkcə hərb meydanında deyil,  diplomatiya sahəsində,  informasiya müharibəsində də  çarpışaraq istədiyinə nail oldu!

Dövlət başçılarının, beynəlxalq qurum və təşkilat  rəhbərlərinin  xahiş,  çağırış və təzyiq cəhdlərinə baxmayaraq irəli  sürdüyü  şərtə - düşmənin işğal ərazilərindən  çıxarılması ilə bağlı  qrafiki təqdim etməyənə,  kapitulyasiya  aktını imzalamayana qədər hərbi əməliyyatları dayandırmadı!

Hər günü qələbə ilə başa vurdu, hər gün neçə-neçə  kənd, qəsəbə və şəhər işğaldan azad  olundu!

Düşmən qoşunu  Azərbaycan  Ordusu qarşısında  fərarilər yığnağına  çevrildi,  qorxaqcasına qaçıb gizləndi!

İlham Əliyev informasiya müharibəsində təkbaşına vuruşaraq otuzdan çox dünya KİV-inə müsahibə verdi, jurnalistlərin bütün suallarını ustalıqla cavablandırdı, feyk xəbərləri ifşa etdi.

Fürsətdən istifadə edərək  Azərbaycan həqiqətlərini  olduğu kimi  dünyaya yaydı, erməni faşizminin əsl simasını açıq göstərdi,  Azərbaycanın nəyə qadir  olduğunu  hünərlə nümayiş etdirdi.

Dünyaya ən müasir  müharibə nümunəsi qoydu,  bir sıra aparıcı dövlətləri belə  Azərbaycan Ordusundan, onun yeni taktika və  strategiyasından öyrənməyə,  bəhrələnməyə sövq etdi.

Qarabağ  zəfəri,  düşmənin  işğal ərazilərindən  qovularaq ərazi bütövlüyünün bərpası,  əslində,   Azərbaycanın  ən çətin, ən ağrılı,  ən böyük probleminin möhtəşəm həlli  İlham Əliyevin Azərbaycanda  Prezidentliyinin ən yüksək zirvəsi və  uğurlu yekunu hesab olunur!

Müzəffər Ali Baş Komandan İlham Əliyev  bu qələbəsi ilə  Azərbaycanı qalib  dövlətə, Azərbaycan xalqını qalib xalqa  çevirdi,  dövlətimizin və xalqımızın  nüfuzunu,  hörmətini  dünya miqyasında  qat-qat  artırdı.

İndi hamı Azərbaycanı tanıyır,  ona ehtiramla yanaşır,  qələbəsini təqdir edir!

İlham Əliyev bu qələbəsi ilə ölkəmizin  Cənubi  Qafqazın  ən güclüsü olduğunu təsdiq etməklə yanaşı,  regionda  yeni konfiqurasiya  formalaşdırdı, sülhə, əməkdaşlığa yol açdı!

İlham Əliyevin bu qələbəsi dünyaya da yeni ab-hava gətirdi. İndi  əraziləri işğalda olan dövlətlər Azərbaycandan  öyrənməklə qətiyyətli  addımlar atmaq barədə  düşünürlər.

Bəli, İlham Əliyev Azərbaycanı  dünyaya nümunə  göstərməkdə davam edir!

İlham Əliyevin Azərbaycana 18 illik  Prezidentliyi isə bütövlükdə dövlətə, xalqa, vətənə xidmətin  ən parlaq nümunəsi sayılır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video