03:10 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xalqa, dövlətə xidməti həyat amalına çevirən nəcib insan

ANA SƏHİFƏ / SİYASƏT
01:47 26.08.2021

 

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətcə yeni dövrün, Azərbaycanda müstəqil dövlət quruculuğuna  doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyev Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin etmiş, bu prosesdə özəl sektorun payı və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü təkan vermişdir.

Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müasir dövrdə hüquqi dövlətin inkişafının konstitusion islahat modeli uğurla həyata keçirilərək səmərəli islahatların nəticəsi kimi müasir hüquqi dövlətin hərtərəfli inkişafının və dövlət hakimiyyətinin xalqa mənsubluğunun Azərbaycan modeli formalaşmışdır.

İstisnasız olaraq bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı məhz sağlam əqidəli, xalqa, dövlətə təmənnasız xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlıdır. Belə insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilir, üzərlərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndirir, xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu aktuallıq, ilk növbədə, onunla şərtlənir ki, elmi-texniki inqilabın məhsulu olan müasir informasiya-kommunikasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, bəzi hallarda insanlar arasında mənəvi uçurumu, psixoloji səddi dərinləşdirir, mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək, ictimai düşüncədə xeyirxahlıq, humanizm, insanpərvərlik, mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Hazırda ölkəmizdə bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ülu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır.

Bütün dövrlərin belə parlaq simaları üçün səciyyəvi keyfiyyətlərdən biri də onların qlobal miqyasda insanlığın nicatına xidmət edən ictimai təşəbbüslərlə çıxış etmələri olmuşdur. Bu baxımdan deyə bilərik ki, narahat dünyamızda nəcib və ali məqsədlər naminə əzmlə çalışan, insan amilini daim uca tutan sülh elçiləri sırasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı xüsusi çəkilir. Mehriban xanım qayğıkeşliyi, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir. Qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan qadınının müdrikliyi və qəhrəmanlığının parlaq nümunələri olub. Mehriban xanım öz fəaliyyətində Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açmışdır.

Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi vaxtlardan görünməyə başladı. Mehriban xanım gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunu qazanması, uğurlara nail olması ilə fərqlənib. Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu Öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, müasir və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim xalq kimi tanıdan və bütün dünyada qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Onun fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki, Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir. Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.

Mehriban xanım  1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək, yaddan çıxmış sahələri ətalətdən çıxararaq onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması, təbliği üçün ilk olaraq “Azərbaycan-İrs” jurnalını təsis etməklə başladı. Təbii ki, görülən işlərin mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı.

Mehriban xanımın fəaliyyətinin mahiyyətində mərhəmət hissi dayanır. Onun özünün fikirləri sözlərimizi təsdiq edər: “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. İstər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.

Mehriban xanım 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunun yaradılması ilə Ulu Öndər Heydər Əliyevin vətənimizin və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Onun qarşıya qoyduğu məqsəd demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş çalışmalar, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdur. Bu məqsəd fondun fəaliyyət proqramında daha dəqiq ifadə olunmuşdur: “Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərmək”. Görülən işlərin, irimiqyaslı layihələrin həcmini təsəvvürə gətirəndə aydın olur ki, bütün bunlar Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyinin bariz nümunəsidir.

Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirmiş, hətta fəaliyyət göstərdiyi 17 ildə ölkənin həm daxildə, həm də xaricdə böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə güclü dəstək olmuşdur. Bu, ən çox insan faktoruna ali münasibəti, ölkəmizin beynəlxalq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə dəyərlidir.  Dövlət başçısı Prezident İlham Əliyev fondun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.

Həqiqətən Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar aydın təfəkkürə malik olan bir qadının - respublikanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində mümkün olmuşdur.

Bütün bunlarla bərabər, çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi Heydər Əliyev Fondu zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir.  Təsadüfi deyil ki, Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.

Mehriban xanım birinci xanım statusunda da bənzərsiz və özünəməxsusdur. Bütün fəaliyyətində işgüzarlığı, böyük səyi və bacarığı ilə seçilən Mehriban xanım müsahibələrinin birində birinci xanım missiyasının məsuliyyətini şərh edərək demişdir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...”

Ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğıkeşlik, böyük dəstək idmançılarımızın beynəlxalq yarışlarda medallar qazanmasına səbəb olur. Mehriban xanımın Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilməsi də ölkəmizdə idmanın inkişafına təkan vermişdir. Azərbaycanda bir-birinin ardınca keçirilən beynəlxalq konfrans və festivallar, yüksək səviyyədə təşkil olunan idman oyunları dünyanın nüfuzlu dövlətlərinin böyük marağına səbəb olmuşdur. Təsadüfi deyil ki, Mehriban xanımın “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirilmişdir. Elə buna görə “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur. 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində də Təşkilat Komitəsinin sədri kimi onun zəhməti qiymətsizdir.

Bütün bu çalışmalar, yeni axtarışlar birinci xanımın vəzifə pillələrində yüksəlməsini zəruri etdi. Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu.

Azərbaycanın Birinci vitse-prezidenti kimi xanım Mehriban Əliyevanın elə ilk keçirdiyi müşavirə də müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə həsr edildi. Birinci vitse-prezident bildirdi ki, dövlət proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlərin mərhələlərlə həyata keçirilməsi davam edəcək.

Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi cəmiyyətə nikbin baxışlarının məntiqi ifadəsidir. Mehriban xanım Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğıkeşlik kimi keyfiyyətləri təcəssüm etdirməklə hamı üçün  xeyirxahlıq və mərhəmət nümunəsidir.

Mehriban xanım, eyni zamanda möhtərəm Prezidentin ən yaxın silahdaşı, qayğıkeş ana, sevimli nənədir. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək böyük peşəkarlıq və səbir tələb edir. Bununla bağlı Mehriban xanım deyir: “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən, ilk növbədə, həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, nəvələrim var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla, istəmirəm”. 

Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinin nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədər sadədir. O, əzmkar fəaliyyəti ilə təkcə milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, multikulturalizmi, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə almışdır.

Mehriban xanım Əliyeva 2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin deputatı kimi Mehriban xanım, sözün əsl mənasında, xalqın elçisi olub. Millət vəkili olaraq ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyəti  aktual problemlərə olan həssas münasibətin ifadəsi idi. 

Milli Məclisdə respublikamızın qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul edilməsi, iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı qanunlara dəyişiklik edilməsi, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaradan yeni qanunların qəbul edilməsində Mehriban xanımın iştirakı diqqətəlayiqdir. Elə bu səbəbdən Birinci vitse-prezident Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.

2019-cu il noyabrın 23-də Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Moskvada keçirilmiş 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyanın nümayəndələri də iştirak etmişlər. Forum zamanı kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, turizm sektorları üzrə panellərə konfederasiya prezidentinin rəhbərlik etdiyi nümayəndələr də qatılmışlar.

Məlum olduğu kimi, bu gün bütün bəşəriyyət görünməz bir düşmənə - koronavirusa qarşı mübarizə aparır. Pandemiya dövrünün çətinlikləri fonunda maliyyə yardımı almaq məqsədilə dünyanın 150-dən çox ölkəsinin beynəlxalq maliyyə qurumlarına müraciət etdiyi bir şəraitdə Azərbaycanın öz problemlərini daxili imkanlar hesabına uğurla həll etməsi əldə olunmuş nailiyyətlərin mühüm amillərindən biri kimi qeyd edilməlidir. Prezident İlham Əliyevin təşəbbüsü və Birinci vitse-prezidentin rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır. 

Birinci vitse-prezidentin təşkilatçılığı ilə keçirilən bütün tədbirlərdə Mehriban xanım dəfələrlə qeyd etmişdir ki, pandemiya dövründə Azərbaycanın siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sağlamlığı dayanır və bunun üçün dövlət bütün qüvvəsini səfərbər etmişdir.

Mehriban xanım Əliyeva milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində də son dərəcə uğurlu nəticələrə imza atmışdır.

Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Ötən ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması Qurtuluş günündən sonra tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan növbəti böyük Zəfərdir.

Mehriban Əliyeva Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi, dövlət başçısı ilə birlikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarşısında duran bütün vəzifələri şərəflə yerinə yetirir. Hələ II Qarabağ müharibəsi başlamamışdan öncə Azərbaycan xalqına “Sevgilərlə, Sizin MEHRİBAN”, - deyə müraciət edən Birinci vitse-prezident xalqa müraciətində yazmışdır: “Hörmətli həmvətənlər! Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun. Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə,  vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə, ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi keçiririk. Birlik və ruh yüksəkliyi nümayiş etdirərək tarixi həqiqətin təntənəsi - Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir. Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur. Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!”

Qeyd etmək lazımdır ki, Qarabağ müharibəsində həlak olmuş  şəhid ailələrinə və qazilərə Mehriban xanımın təşkilatçılığı ilə göstərilən sosial yardımlar davam edir. Ümumiyyətlə, şəhid ailələri və qazilərin qayğıları hər zaman dövlət üçün prioritet məsələ olmuş, onların çətinliklərinin həlli daim dövlət  başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Bu sahədə dövlət orqanları ilə yanaşı, Heydər Əliyev Fondu da geniş və səmərəli işlər görür. Fond tərəfindən qazilər protez ortopedik vasitələrlə təmin edilir, şəhid və qazi övladlarının problemləri həll olunur, onlarla mütəmadi əlaqələr qurulur.

Xəbər verildiyi kimi, 2021-ci il iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillər və avtomobillər təqdim olunmuşdur. Şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası da var.

Bu sahədə görülən tədbirlərdən biri də bütün yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri və qazilərlə iş üzrə müvafiq struktur bölmənin yaradılmasıdır. Yerli icra hakimiyyətlərində yeni yaradılmış bu şöbələrin əsas funksiyası şəhid ailələri və qazilərin müraciətlərinin dərhal icraata qəbul edilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması və nəticələri barədə məlumatların verilməsidir. Bu şöbələrin işçilərinin böyük əksəriyyəti müharibə iştirakçılarıdır.

Mehriban xanım öz çıxışlarının birində demişdir:  “Bu gün biz Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə və dözümlülüyünüzə görə sizə minnətdarıq! Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə! Vətənə sədaqətlə xidmət etmək nümunəsinə görə! Siz bizim fəxrimizsiniz! Bu əlamətdar gündə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Bütün əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edirəm, Uca Tanrıdan onların hər birinə möhkəm cansağlığı, sevinc, sevgi və səadət, doğma Azərbaycanımıza sülh və əmin-amanlıq bəxş etməsini diləyirəm!”

Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir sahibkar olaraq bu işdə yaxından yardımçı olmalıdırlar.

Bütün müharibə dövründə ölkə başçısının ətrafında sıx birləşərək “dəmir yumruğ”un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini daha da gücləndirirlər.

  Arzu edirik ki, köçkünlərimiz tezliklə doğma yurd-yuvalarına dönsünlər və bu gün sökülüb viran qoyulmuş və iqtisadi infrastrukturu dağılmış Qarabağın hər bir guşəsini  birlikdə quraq.

Son illər ölkədə qadın sahibkarların da sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bu işdə Birinci vitse-prezident kimi Mehriban xanımın rolu danılmazdır. Belə ki, ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir.

Qeyd olunanlar bir daha təsdiqləyir ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti statusunda uğurlu fəaliyyətini inamla davam etdirir, Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə layiqli töhfələr verir.

2021-ci ilin may ayında mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, qeyrətimizin, milli kimliyimizin simvolu olan Şuşada Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Musiqi Festivalında bütün dünya bir daha dövlətimizin gücünün, xalqımızın müdrikliyinin, dövlət başçımızın əzminin, yenilməz iradəsinin və bütün bunların fonunda isə Azərbaycanın, sözün əsl mənasında, ən böyük bəladan qurtulduğunun şahidi oldu. Əminliklə söyləyirik ki, bundan sonra Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük tərəqqi, davamlı inkişaf və daha xoşbəxt günlər gözləyir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil, qeyd etdiyimiz kimi, onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusunda olmasıdır. Çünki Mehriban xanım öz zəngin fəaliyyəti ilə ölkəmizi bütün dünyada tanıdan şəxsiyyətlərdən biridir. Onun tərəfindən görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.

 

Məmməd  MUSAYEV,

Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM