09 May 2021 01:19
1004
SİYASƏT
A- A+

Vətənpərvərlik nümunəsi

 

9 May - Faşizm Üzərində Qələbə Günü 76 ildir ki, ölkəmizin şəhər və rayonlarında, qəsəbə və kəndlərində təntənə ilə qeyd olunur. Bu təntənə, qələbənin ruhuna qovuşan İkinci Qarabağ müharibəsinin Zəfər salnaməsi insanlarda əsl bayram əhvali-ruhiyyəsi, məğrurluq ovqatı yaradıb. Alman faşizmi ilə müharibədə qələbənin qazanılması naminə yüzlərlə, minlərlə həmvətənimiz canından keçib. Respublikamızın hüdudlarından uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də Azərbaycan torpağını qoruyublar.

Bu amansız müharibədə yüzlərlə həmyerlimiz həlak olub, itkin düşüb, əlilə çevrilib, 170 mindən çoxu orden və medallarla təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımız arasında bu il anadan olmasının 110 illiyini qürurla qeyd etdiyimiz hərbi və dövlət xadimi, general-mayor Akim Abbasov da var.

Akim Əli oğlu Abbasov 25 may 1911-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur mahalının Ərikli kəndində anadan olub. 1918-ci ilin sonlarında azərbaycanlılara qarşı ermənilər tərəfindən qətliamlar törədiləndə, günahsız insanlara qarşı divan tutulanda, körpə uşaqlar süngülərə sancılanda, ümumiyyətlə, xalqımıza qarşı soyqırımı ediləndə Akimgilin də ailəsi Naxçıvanın Nəzərabad kəndinə köçmüş, iki il sonra isə Naxçıvan şəhərində məskunlaşmışdı. Bu zaman Naxçıvanda da vəziyyət ağır idi. Kazım Qarabəkir paşanın rəhbərliyi altında xilaskar türk əsgərləri Naxçıvana daxil olaraq yerli özünümüdafiə dəstələri ilə birləşməsəydilər, bu qədim türk torpağı da daşnaklar tərəfindən işğal olunacaq, yaxud da yerlə yeksan ediləcəkdi. Anası 1918-ci ildə, atası 1920-ci ildə bu qırğınların qurbanı olmuşdur. İki il sonra Akim Abbasov Naxçıvan şəhərindəki 3 saylı Zəhmət məktəbinin uşaq evinə götürülmüş və təhsilini davam etdirmişdir. 1927-ci ildə uşaq evinin 10 nəfər yetirməsi Bakı şəhərinə - Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinə göndəriləndə həmin uşaqların arasında Akim də olmuşdur. O, burada üç il təhsil aldıqdan sonra ümidverici gənc kimi Tbilisi şəhərindəki Zaqafqaziya Piyada Məktəbinə göndərilir və oranı müvəffəqiyyətlə bitirərək 1932-ci ildə Azərbaycan diviziyasının Xankəndi şəhərindəki dağ-atıcı alayının taqım komandiri olur. Çox keçmir ki, bölük komandiri təyin olunur. Az müddətdə onun bölüyü təlim və hərbi hazırlığına görə şöhrət qazanır. Baxış zamanı alay komandiri tərəfindən Abbasovun rəhbərlik etdiyi şəxsi heyətin döyüş hazırlığına yüksək qiymət verilir. 1933-cü ildə 22 yaşlı komandir saatla, fotoaparatla və fəxri fərmanla təltif edilir. 

Repressiya dalğasının tüğyan etdiyi 1937-ci illərə kimi Azərbaycan diviziyasında qulluq edən A.Abbasovun xidmətləri yüksək qiymətləndirilir, peşəkar və perspektivli zabit kimi tanınır. Lakin 1938-ci ilin əvvəllərində ermənipərəst qüvvələrin əli ilə o, məlum olmayan səbəblər üzündən Naxçıvan şəhərinə göndərilir. Gənc yaşlarından başladığı hərbi qulluqdan uzaqlaşdırılması onu məyus etsə də, həvəsdən düşmür. Harada olursa-olsun, əsl hərbçi, xalqın sədaqətli və etibarlı oğlu olduğunu təsdiqləməyə çalışır. Bir müddət tarix-coğrafiya müəllimi, ikiillik Müəllimlər İnstitutunda hərbi hazırlıq müəllimi, sonralar isə Naxçıvan Vilayət Komitəsi Hərbi Şöbəsi müdirinin müavini və müdiri vəzifələrində çalışır. O, tez-tez muxtar respublikanın ayrı-ayrı bölgələrində olur, zəhmətkeşlər, xüsusilə də gənclər arasında hərbi-vətənpərvərlik işi aparır, az vaxtda gənclərin və yeniyetmələrin orduya hazırlanmasında hami kimi tanınır.

Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Azərbaycan xalqı da bir nəfər kimi alman faşizminə qarşı ölüm-dirim müharibəsinə qalxır. Müharibənin ilk günlərində Naxçıvan şəhərində 76-cı atıcı diviziyası yaradılanda Akim Abbasov qərargahın əməliyyat bölməsi rəisinin köməkçisi, az sonra isə rəisi təyin edilir. 1941-ci ilin sentyabr ayında cəbhəyə yollanan həmin diviziya Poltava yaxınlığındakı Çutova, İskrovka rayonları yaxınlığında ilk döyüş əməliyyatlarına başlayır. A.Abbasovla birlikdə onun həmyerliləri - Ənvər Vəzirov, Kazım Kazımov, Abdulla Orduxanov, Sofiya Sultanova, Hüseyn İmanov və başqaları əsl şücaət və rəşadət göstərirlər.

1941-ci ilin noyabr ayında Belqrad vilayətinin Şebekino rayonu yaxınlığında gedən döyüşlər zamanı Akim Abbasov 76-cı atıcı diviziyasının 207-ci atıcı alayının komandiri təyin edilir. Bu alay Belqrad şəhəri ətrafındakı rayon və kəndlərdə düşmənin xeyli texnika və canlı qüvvəsini məhv edərək irəliləyir. Alman faşistlərinin güclü həmlələrinə, artilleriya, minaatanlardan və digər silahlardan şiddətli atəş açmalarına baxmayaraq, qışın sərt şaxtasına mərdliklə sinə gərərək Akim Abbasovun komandirlik etdiyi alay döyüş tapşırıqlarını uğurla yerinə yetirir. Göstərdiyi şücaətə görə o, vaxtından əvvəl mayor rütbəsinə layiq görülür.

1942-ci ilin iyununda milli birləşmələrin yaranması və təşkili ilə əlaqədar mayor Akim Abbasov cənub-qərb cəbhəsindən Zaqafqaziya cəbhəsi komandanlığının sərəncamına göndərilərək 402-ci atıcı diviziyanın əməliyyat bölməsinin rəisi təyin edilir. Bu diviziya 1942-ci ilin sentyabrında İşşersk rayonu yaxınlığında döyüşə atılır. Mayor A.Abbasovun rəhbərlik etdiyi atıcı alay digər alaylarla birlikdə hücuma keçərək 8 yaşayış məntəqəsini ələ keçirir, düşmənin külli miqdarda tank, zirehli texnika və canlı qüvvəsini məhv edir. Göstərdiyi böyük rəşadətlərə görə, alayın 120 nəfər əsgər və zabiti hökumət təltifləri ilə mükafatlandırılır. Komandir A.Abbasov isə o zaman ən yüksək mükafat olan “Lenin” ordeninə təqdim edilir.

 1942-ci ilin 2 və 3 dekabr günlərində mayor Akim Abbasovun alayı düşmənin ciddi müqavimətlərinə baxmayaraq, döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirir: 43 alman tankı sıradan çıxarılır, 32 zirehli maşın məhv edilir, 500-dən artıq faşist öldürülür.

A.Abbasov 1942-ci ildən 1949-cu ilədək atıcı alaya komandirlik etmişdir. 1945-ci ildə alay komandiri olarkən Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsinə daxil olmuş və oranı 1948-ci ildə bitirmişdir. 1948-ci ildə A.Abbasov Moskva vilayətindəki Solneçnoqorsk şəhərinə - Ali atıcı-taktiki kursa göndərilmişdir. 1949-cu ilin oktyabrında oranı bitirdikdən sonra 216-cı Azərbaycan atıcı diviziyasının müavini kimi 1953-cü ilin oktyabr ayına qədər xidmət etmişdir. 1953-cü ilin oktyabrından 1954-cü ilin noyabrınadək M.V.Frunze adına Hərbi Akademiyanın nəzdində ali akademik kursda təhsil alan Akim Abbasov həmin il Hərbi Akademiyaya daxil olmuş və 1956-cı ildə oranı bitirmişdir.

1955-ci ildə 216-cı Azərbaycan atıcı diviziyasına komandir təyin edilmiş, 1956-cı ilin avqustundan Lənkəran şəhərindəki 18643 saylı hərbi birləşmənin, 1960-cı ilin sonlarında isə Bakı şəhərindəki 39486-cı hərbi birləşmənin komandiri olmuşdur.

Bütün bu və digər hərbi xidmətlərinə, həmçinin nailiyyətlərinə görə 1957-ci il fevral ayının 18-də azərbaycanlı generallar sırasına daha bir ad da əlavə olunmuş, keçmiş SSRİ Nazirlər Sovetinin qərarı ilə Akim Abbasova general-mayor ali hərbi rütbəsi verilmişdir.

Xalqımızın böyük oğlu Heydər Əliyev həmişə general-mayor Akim Abbasovun adını fəxrlə çəkər, onun keçdiyi şanlı yolu gənc nəslə nümunə göstərərdi. 1996-cı ilin fevralında indiki Heydər Əliyev adına Sarayda çıxışı zamanı Ümummilli Lider bir daha qeyd etmişdir ki, bizim Həzi Aslanov, Akim Abbasov, Mahmud Əbilov və başqaları kimi böyük generallarımız, sərkərdələrimiz olub. Bunlar bizim tariximizdir.

General-mayor Akim Abbasov Azərbaycan Respublikası Ali Sovetinin IV, V, VI çağırış deputatı olmuşdur.

7 orden, 25-dən çox medalla təltif edilmişdir. A.Abbasov Silahlı Qüvvələrdə 40 il xidmət etmişdir ki, bunun da 24 ili Azərbaycan diviziyalarının payına düşür. Ordudan tərxis olunduqdan sonra o, müxtəlif sahələrdə yenə də xalqa, vətənə, dövlətə sədaqətlə xidmət etmişdir. Respublika avtomobil nəqliyyatı nazirinin müavini, Azərbaycan Respublikası Sülhü Müdafiə Komitəsi və Sovet Sülh Fondu Azərbaycan Respublikası bölməsinin sədr müavini vəzifələrində çalışmışdır. Xalqlar arasında sülhün və əmin-amanlığın bərqərar olunmasında böyük xidmətlərinə görə general-mayor Akim Abbasov 1986-cı ildə Sülhü Müdafiə Komitəsinin “Sülhü möhkəmləndirməyə görə” böyük qızıl medalı ilə təltif olunmuşdur.

1989-cu ilin aprelindən Bakı Şəhər Müharibə Veteranları Komitəsinin sədri kimi fəaliyyətini davam etdirmişdir. Nümunəvi işinə görə ölkə rəhbərinin fərmanı ilə ona “Azərbaycan Respublikasının fəxri təbliğatçısı” adı vertilmişdi. Bakı Müharibə Veteranları Komitəsi bürosunun qərarı ilə Akim Abbasovun adı Xatirə kitabına yazılmışdır. 

Ötən əsrin 90-ci illərinin əvvəllərində ölkəmizdə baş verən özbaşınalıq, xaos onu dərindən narahat etmişdir. Erməni quldur birləşmələrinin 26 fevral 1992-ci ildə Xocalıda törətdikləri soyqırımı onu bərk sarsıtmış, bu vəhşiliyə dözməyərək səhəri gün, fevralın 27-də dünyasını dəyişmişdir. Fəxri xiyabanda əbədiyyətə qovuşan xalqımızın dəyərli oğlu general-mayor Akim Abbasovun həyat və döyüş yolu nəsillərə əsl vətənpərvərlik nümunəsidir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video