00:10 19 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:09 19.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətənpərvərlik milli dəyər kimi: reallıqlar və perspektivlər

ANA SƏHİFƏ / TƏHSIL
01:30 13.01.2021

 

“Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər  yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”

 

Heydər ƏLİYEV

 

Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın idi ki, mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli cağdaş tariximizə şanlı səhifə yazdı. Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi.

Hər bir ölkənin həyatında mürəkkəb, böhran vaxtı, düşmənlə savaşda hamını birləşdirən, bütün səylərin mahiyyətini təzahür edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var.

Ali Baş Komandan bütün xalqı səfərbər etdi, mübarizəyə qaldırdı, dəqiq məqsədləri göstərdi, hər bir azərbaycanlını Qarabağ uğrunda mübarizəyə istiqamətləndirdi.

“Biz qalib gələcəyik, bizim işimiz haqq işidir”, - deyə Ali Baş Komandan qeyd edirdi. Bu, sadə sözlər deyildi, bu, düşüncə tərzidir, bu, həqiqi vətənpərvərlikdir. Ali Baş Komandan Birinci Qarabağ müharibəsindən sonra ruh yüksəkliyini itirənlərə nikbinliklə inam qaytarırdı. Bu çağırışın ətrafında müxtəlif fikirli insanlar, hərbçilər, mülki vətəndaşlar yaşından və mənşəyindən asılı olmayaraq birləşdi.

Xalq ən yüksək vətənpərvərlik məqsədi naminə vətən torpaqlarının azad edilməsinə qalxdı. Bizim qələbəmizin olacağını sanki cəbhəyə gedən gənclərimiz özlərində hiss edir, duyurdular.

Ali Baş Komandanın döyüş meydanlarındakı qələbələrlə bağlı xalqa hər bir müraciəti milləti daha da sıx birləşdirdi. Bu müharibə əsl vətənpərvərlik meydanına çevrildi. Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın azad olunması istiqamətində möhtəşəm fəaliyyətləri hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir. Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş Qarabağ rayonlarına səfərləri, möhtəşəm Xudafərin körpüsü üzərində, Qarabağ şəhərlərində müqəddəs üçrəngli Azərbaycan bayrağı önündə diz çökərək onu öpüb yüksəkliyə qaldırması, eləcə də Ağdam şəhərində Cümə məscidində hər ikisinin ayaqqabılarını çıxararaq Allah evinə daxil olmaları, Prezidentin Kəbədən gətirdiyi “Qurani-Kərim”i məscidə bağışlaması hər bir azərbaycanlının iftixar etdiyi əsl vətəndaşlıq, əsl vətənpərvərlik örnəyidir.

Bu müharibənin milli dövlətçilik tariximizdəki müstəsna rolu nəzərə alınaraq ölkə Prezidentinin müvafiq sərəncamları ilə müharibənin başlandığı 27 sentyabrın Anım Günü, müharibənin gedişində dönüş nöqtəsi sayılan Şuşanın azad olunduğu 8 noyabrın - Zəfər Günü kimi hər il təntənəli şəkildə qeyd olunması qərara alındı.

Bu tarixi Zəfər eyni zamanda Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi.

Vətən uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni qorumaq gənclərin əsas vəzifəsi idi. Vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycanın hər bir uşaq və gəncinin simasında özünün ifadəsini tapdı, cəmiyyət həyatında vətənpərvərlik hissi və duyğularının rolunun xüsusilə təhsil sistemində, təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsini aktuallaşdırdı. Çünki Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıq məhz Vətən naminə edilib. Hər şeydən pay ola bilər, amma Vətəndən pay olmaz.

Vətəni sevmək, vətəni qorumağın necə böyük əhəmiyyət kəsb etdiyi bədii ədəbiyyatımızda da öz əksini tapıb. Buna ən bariz nümunələrdən biri görkəmli yazıçı-alim Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanıdı. “Bir gəncin manifesti” əsərini oxuyarkən görürük ki, Baharın anası Sona xanım gözyaşı içərisində üzülür. Balası Bahar 3 gündür ki, aclıq içindədir. Çarəsiz Sona xanımın yeganə ümidi göydə Allah, yerdə evində qalan sonuncu dəyərli əşya, ana yadigarı “Yusif-Züleyxa” xalçasıdır. Xalçanı yerə salmaq ölüm, satmaq isə Baharın yaşaması deməkdir. Əlacsız ana xalçanı bazara aparır. Əcnəbi şəxsin gözü dərhal “Yusif-Züleyxa” xalçasını və onun nəfis tarixi naxışlarını tutur. “Alıram bu xalçanı, qiymətini de”. Əvvəl 30 qızıl, sonra 50 qızıl təklif etdi. “Satmıram” dedi Sona. Bu da yüz qızıl, yüzcə qızıl, keçib bizimki... “Nə qızıla satıram, nə də ingilisə!” Sona xalçanı çəkib aradan yığdı və pəhləvan kimi qoltuğuna vurdu: “Satmıram” dedi. Yüzlərlə vətəndaşın sevincli, alqışlı baxışları o namuslu, qeyrətli ananı yola salırdı.

“İtə ataram, yada satmaram. Ölüm bu alış-verişdən qat-qat şərəfli və vacibdir”. Bu sətiraltı tarixi fəlsəfə heç vaxt qulaqlardan, dillərdən silinməyən sözlərdi, səslərdi.

Romanda Sonanın simasında gerçəkləşən mübarizəyə “İtə ataram, yada satmaram”la bütün xalq, millət qoşulur. “Yusif-Züleyxa” xalçasını ingilisə satmaqdan qəti imtina edən Sonaya bütün xalq arxa durur. Onun qətiyyətli hərəkəti, “itə ataram, yada satmaram” qənaəti xalqın birliyindən, mübarizə amalından, işğalçılara nifrət hissindən, milli varlığa sonsuz sevgisindən güc alır. Mir Cəlal xalqın nümayiş etdirdiyi bu milli həmrəyliyi, yenilməz iradəni sevə-sevə tərənnüm edir.

Deyilənləri nəzərə alaraq, bu yazıda vətənpərvərlik anlayışının konseptual aspektləri, milli tərbiyənin məzmununda vətənpərvərlik tərbiyəsinin yeri, azərbaycançılıq milli məfkurəsi ilə vətənçilik ideyasının qarşılıqlı əlaqələri, gənclər siyasəti, milli tərbiyə konsepsiyası və tərbiyənin inkişafı strategiyasında  uşaq və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində qarşıda duran vəzifələrə dair fikir və düşüncələrimizi, perspektiv inkişaf üzrə təklifləri göstərmək istərdik.

Qeyd edilməlidir ki, ideya müəllifi Ulu Öndər Heydər Əliyev olan milli təhsil quruculuğu sahəsində müstəqil Azərbaycanda bir sıra kardinal islahatlar aparılmış, təhsilin məzmununun milli dövlətçilik prinsipləri əsasında, azərbaycançılıq ideologiyasına uyğun olaraq qurulmasında, təhsilin mühüm komponenti olan milli tərbiyə məsələlərinin təhsilin məzmununda əks olunmasında əhəmiyyətli uğurlar qazanılmışdır.

Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq elmi uzaqgörənliklə milli tərbiyənin məzmununa gənc nəslin milli vətənpərvərlik anlayışını da daxil etmiş və onun məzmununu yuxarıdakı epiqrafda verildiyi kimi müəyyənləşdirmişdir. Bu dahi insanın irsində Vətən sevgisi, Azərbaycan sevgisi - azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil və din sevgisi, milli mədəniyyət və mənəviyyat sevgisi xüsusi yer tutur. O, bunları hər bir azərbaycanlı uşaq və gənc üçün mənəvi təməl kimi təqdim edir. Elə buradan da milli tərbiyə işinin məzmununda uşaq və gənclərdə Vətənə - Azərbaycana, millətə, xalqa, dilə, dinə, bayrağa, milli-mənəvi dəyərlərə hörmət və ehtiram hisslərinin formalaşdırılması zərurəti meydana çıxır.

Heydər Əliyevin milli tərbiyədə hər bir uşaq və gəncdə azərbaycançılıq hisslərinin formalaşdırılmasının zəruriliyi haqda konseptual fikri milli tərbiyə konsepsiyasının və strategiyasının prioritetlərindən biridir. Bu hisslər onun dediyi kimi, Azərbaycan sevgisində, ana vətənə bağlılıqda təzahür edir: “Azərbaycanı sevmək - azərbaycançılıq hissiyatını özündə cəm etmək deməkdir”.

Deyilənlər bir daha sübut edir ki, vətənpərvərlik ideyası Heydər Əliyevin milli tərbiyənin məzmunu konsepsiyasında ən aparıcı komponentlərdən biri kimi nəzərdə tutulur.

Çox əlamətdar haldır ki, XXI əsr Azərbaycan təhsilinin “Yol xəritəsi” hesab olunan, Prezident

İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nın əsas strateji istiqamətlərindən biri olan təhsilin məzmunca yeniləşdirilməsində milli tərbiyə işinin təşkili məsələləri də əsas hədəflərdən biri kimi ön plana çəkilmişdir. Ötən müddətdə ümumi təhsilin məzmununda milli tərbiyə məsələləri, xüsusilə vətənpərvərlik tərbiyəsi, azərbaycançılıq ideologiyası və onun komponentləri ilə bağlı tərbiyə məsələləri ümumi təhsil üzrə humanitar profilli dərsliklərdə geniş şəkildə əks olunmuş, məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrində tərbiyə işinin təşkili ilə bağlı çoxsaylı layihələr reallaşdırılmışdır.

Hazırda qloballaşan dünyada ölkəmizin qarşısında duran prioritet hədəf - XXI əsrin çağırışlarına cavab verən bilik və bacarıqlara malik olan, soykökünə bağlı, ənənəvi milli-mənəvi dəyərləri qoruyub saxlayan və bölüşən, vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan, müasir və kreativ düşüncəli, innovasiyalardan baş açan yeni nəslin formalaşdırılmasına nail olmaqdan ibarətdir. Əslində bu hədəflər müasir Azərbaycan təhsilinin və milli tərbiyənin qarşısında duran əsas prioritetlər və strateji istiqamətlərdir.

Bu strateji hədəfə çatmağın əsas alət və vasitələrindən biri uşaq və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə işinin səmərəli təşkilidir. Tərbiyənin strateji istiqamətləri müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən lakonik şəkildə bu cür ifadə edilmişdir: “Məktəb gənc şəxsiyyətin bir vətəndaş kimi təşəkkülündə, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Hər bir gənc vətəndaş öz ölkəsinin alovlu vətənpərvəri olmalıdır”.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, ideya müəllifi və banisi Heydər Əliyev olan azərbaycançılıq milli məfkurəsi ölkəmizin dövlətçilik ideologiyasına çevrilməklə hər bir vətəndaşın həyat yolunu, bu günümüzə və gələcəyə baxışlarını müəyyənləşdirmişdir. Bu milli ideologiyanın əsasını isə Vətənə məhəbbət aşılayan vətənçilik ideyası, milli mənsubiyyətlə fəxarət keçirməyi özündə ehtiva edən milliyyətçilik, milli-mənəvi dəyərlər, dövlətə və dövlətçiliyə sədaqət, milli və ümumbəşəri dəyərlərə münasibətdə dözümlülük və tolerantlıq, dövlət rəmzlərinə hörmət və ehtiram duyğuları təşkil edir. Məhz azərbaycançılıq milli ideologiyasından irəli gələn vətənpərvərlik ideyaları hər bir təhsil müəssisəsinin uşaq və gənclərlə aparılan tərbiyə işində başlıca yer tutmalıdır. Təhsil müəssisələrində təhsil alan uşaq və gənclər bilik, savad və bacarıq, eləcə də dünyagörüşü və intellektual potensial baxımından fərqlənə bilər. Ancaq bu amillərdən asılı olmayaraq, hər bir uşaq və gəncin vətənpərvərlik məfkurəsi zəminində tərbiyə alması birmənalı qəbul edilməlidir.

İnkarolunmaz həqiqətdir ki, heç kəs sadəcə nəsihət və dərslikdən, hər hansı kitabdan oxumaq yolu ilə vətənpərvər olmur. Bu prosesdə söz və əməl birliyi, şəxsi nümunə əsas təməl şərtlərdən, vacib amillərdən sayılır.

Bu bir həqiqətdir ki, bu gün hər bir Azərbaycan məktəbində tədris olunan doğma vətənimizin ayrılmaz parçası olan Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid və ya qazi olmuş qəhrəman oğullarımızım misilsiz rəşadət nümunələri yetişməkdə olan gənclərimiz üçün böyük vətənpərvərlik məktəbidir. Bir sıra məktəblərimiz döyüşlərdə həlak olmuş şəhidlərimizin adını daşıyır. Bu nümunələr şagirdlərin vətənpərvərlik tərbiyəsində misilsiz rol oynayır.

Təhsil müəssisələrində vətənpərvərliklə bağlı aparılan sistemli işlərdə uşaq və gənclərin Azərbaycan Respublikasının Dövlət rəmzlərinə hörmət və məhəbbət ruhunda tərbiyəsi mühüm yer tutur. Bu gün məktəblərimizdə elə bir şagird tapılmaz ki, o, ölkəmizin Dövlət himnini əzbər bilməsin və oxumağı bacarmasın. Elə bir məktəbli, elə bir vətəndaş yoxdur ki, Dövlət bayrağının mahiyyətini, rənglərdə simvollaşan mənaları bilməmiş olsun.

Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, Dövlət bayrağı millətin, müstəqil dövlətin müqəddəs rəmzi, xalqın mənəvi pasportu, milli mənliyi və qürur mənbəyidir

Ötən il sentyabrın 27-dən Azərbaycan Ordusu tərəfindən doğma Qarabağda aparılan əks-hücum əməliyyatları dövründə vətəndaşlarımızda bayraq sevgisi, işğaldan azad olunan Vətən torpaqlarında müqəddəs üçrəngli bayrağımızın  qaldırılması halları əsl vətənpərvərlik nümunəsi kimi qəlbimizi fərəh hissi ilə doldurur. Nə xoşbəxtik ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda üçrəngli milli bayrağımıza, həmçinin qardaş Türkiyənin Dövlət bayrağına ümummilli sevginin şahidi olduq. Ölkənin işğaldan azad olunan yaşayış məntəqələri haqda Ali Baş Komandanın xalqa müraciəti zamanı verdiyi müjdələri eşidən vətəndaşlarımız əllərində bayraqlar yürüşlərə çıxdılar. Şəhər və kəndlərimiz üçrəngli bayraqlarla bəzədildi.

İftixar etməli haldır ki, xalqımızda bayrağa sevginin, məhəbbətin formalaşmasında ölkənin hər yerində, Dövlət bayrağı meydanlarının yaradılması mühüm  rol oynamış, vətəndaşlarımızda vətənpərvərlik duyğularının formalaşmasına güclü təkan vermişdir.

Hər il təhsil işçilərinin, məktəblilərin və tələbələrin iştirakı ilə

9 Noyabr - Dövlət Bayrağı Günündə Bakıda və regionlarda keçirilən “Bayraq yürüşləri” təhsilalanların vətənpərvərlik ruhunda tərbiyəsinə, milli qürur mənbəyi olan bayrağımıza hörmət və ehtiramın formalaşmasına öz töhfələrini verir.

Müqəddəs üçrəngli bayrağımızda simvollaşan “türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturunun müəllifi olan Azərbaycanın böyük fikir adamı Əli bəy Hüseynzadə eyni zamanda Vətənimizdə islam hümmətçiliyindən türk milliyyətlçiliyinə keçid fəlsəfəsinin də rəhbəri kimi milli tariximizə öz əbədi imzasını qoymuş tarixi şəxsiyyətlərdən biridir.

Çox əlamətdar haldır ki, Azərbaycan Respublikasının Dövlət bayrağındakı rənglərin daşıdığı məna və onların yuxarıdan aşağı yerləşmə ardıcıllığı ilə bu gün təhsil sistemimizin qarşısında duran əsas hədəflərin prioritetliyi arasında müəyyən bir paralelliyi müşahidə etmək olar: təhsil sisteminin yetişdirdiyi vətəndaş ilk növbədə öz köklərinə bağlı və milli mənsubiyyəti ilə fəxr edən vətənpərvər (türkçülük - mavi rəng); dərin biliyə malik olan müasir baxışlı, yaradıcı düşüncəli və mütərəqqi insan (müasirlik - qırmızı rəng), öz xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq bir şəxs (islamçılıq - yaşıl rəng) olmalıdır.

Deməli, Dövlət bayrağımız hər bir təhsilalan üçün milli iftixar və qürur mənbəyi olmaqla yanaşı, həm də vətənpərvərlik simvoludur.

Təhsil işində təhsilalanların vətənpərvərlik ruhunda tərbiyəsində, Azərbaycan gəncliyinin əsl vətənpərvər vətəndaş kimi yetişməsində dövlətimizin, dövlət başçısının apardığı müdrik gənclər siyasəti müstəsna rol oynayır. Bu siyasətin banisi isə Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndərin gənclər siyasətinin amalı xalqımızın əsrlərboyu yaratdığı və qoruyub inkişaf etdirdiyi milli-mənəvi dəyərlər əsasında, müstəqil dövlətçilik, milli azadlıq və onların qorunması, vətənçilik - azərbaycançılığın inkişaf etdirilməsi uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. İftixar etməli haldır ki, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı, hüquqi demokratik cəmiyyət quruculuğu, siyasi, iqtisadi və hüquqi islahatlarla bağlı bu dahi insanın işıqlı ideyaları müstəqil Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Heydər Əliyev gəncləri müstəqil Azərbaycanın gələcəyi hesab edirdi.

Ulu Öndər müstəqil Azərbaycanın gələcəyi hesab etdiyi gənclərin təhsilinə hər zaman qayğı göstərmişdir. Hələ ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyevin böyük diqqət və qayğısı ilə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərində yerləşən 170-dən çox məşhur ali məktəbdə respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox nadir ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin mükəmməl ali təhsil almasına şərait yaradılmışdır. Ulu Öndər həmin gəncləri “Azərbaycanın milli sərvəti”  adlandırırdı.

İftixar etməli haldır ki, Ulu Öndərin gənclər siyasəti sahəsində cahanşümul əməlləri bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısının təsdiq etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ötən müddətdə 3500-dən artıq Azərbaycan gənci dövlət hesabına dünyanın ən inkişaf etmiş ölkələrinin universitetlərində ali təhsil almış, böyük əksəriyyəti Vətənə dönmüşdür.

Prezident İlham Əliyevin təhsil və gənclər siyasətinin əsasında “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” kimi konseptual baxışı durur. Dövlət başçısının son illərdə təsdiq etdiyi Azərbaycan gəncliyi ilə bağlı bir neçə dövlət proqramı da məhz bu konseptual yanaşmanın reallaşmasına xidmət edir. Bu bir həqiqətdir ki, dövlət başçısının böyük uğurla gerçəkləşdirdiyi gənclər siyasəti gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə, gənclərin vətənçilik, dövlətçilik, azərbaycançılıq ideyaları əsasında əsl vətənpərvər kimi yetişmələrinə imkan yaratmışdır. Son illərdə dövlət idarəçiliyinə gənclərin daha aktiv şəkildə irəli çəkilməsi də onlarda dövlətçiliyə sədaqətlə xidmət etmək, müasir dünyanın qlobal çağırışlarına cavab verən rəqabətqabiliyyətli peşəkar şəxsiyyət kimi yetişmələrinə geniş imkanlar yaradır. Nəticədə bu proseslər bütövlükdə yetişməkdə olan gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasına yardım edir.

Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük hərəkatına xüsusi önəm verdi. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə daha geniş yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə etdi, gənclərimizin həyat tərzinə çevrildi.

Könüllülük hərəkatı təhsil sisteminə də müsbət təsir göstərir. Tələbələrin bu hərəkata cəlb olunması onlarda aktiv həyat mövqeyini, vərdiş və bacarıqları inkişaf etdirir, bilikləri artırır, vətənpərvərlik ruhunu gücləndirir.

2015-ci il dekabrın 14-də Azərbaycan Tələbə Könüllülərinin I Forumunda Təhsil Nazirliyi tərəfindən “BİR” Tələbə-Könüllü Proqramı təqdim edilmişdir. Bu hərəkatla tələbə-gənclərin həyat və fəaliyyətində yeni bir mərhələ başlanmışdır.

Proqram 20 mindən çox tələbəni əhatə edir. Proqram tərəfindən indiyədək yüzlərlə yerli və beynəlxalq tədbirə təşkilati dəstək verilib.

Gənclərimizin ən böyük sınağı Vətən müharibəsi idi. Vətən müharibəsi dövründə Azərbaycan könüllüləri də fəal iştirak etmiş, cəbhə ilə yanaşı informasiya müharibəsində düşmənə layiqli cavab vermişlər. Bu dövr ərzində düşmən mediasının yaydığı dezinformasiyaların qarşısı alınmışdır.

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən edilən hücumlar nəticəsində zərər çəkmiş vətəndaşlarımıza mənəvi və maddi dəstək olmaq məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə “Birlikdə dəstək” adlı humanitar aksiya keçirilmişdir.

Bir tarixi məqamı xatırlatmağı zəruri hesab edirəm. Qarabağın azadlığı uğrunda Vətən müharibəsinin regionda və Azərbaycan cəmiyyətində yeni reallıqlar yaratdığını bütün dünya etiraf edir.

Bu bir həqiqətdir ki, Vətən müharibəsində döyüşən Azərbaycan əsgərləri ya əvvəlki illərdə doğulub müstəqillik illərində, ya da bu illərdə doğulub təhsil alan Vətən övladlarıdır. Müqəddəs savaş göstərdi ki, istər hərbçilərimizdə, istərsə də cəmiyyətimizdə vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Bu, Azərbaycan cəmiyyətində dövlətin uğurla apardığı siyasətin nəticəsidir. Ancaq o da etiraf edilməlidir ki, təhsil sisteminin bu işdə rolu danılmazdır.

Müasir mərhələdə ölkə Prezidenti cənab İlham Əliyev gənclər qarşısında mühüm vəzifələr qoyaraq xüsusi vurğulamışdır ki, gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalı, yaxşı oxumalı, bilikli, savadlı olmalı, ölkənin tarixini yaxşı bilməli, anti-Azərbaycan dairələrinin təsiri altına düşməməlidirlər.

Hesab edirik ki, bu istiqamətdə, xüsusən ailədə və təhsil sistemində aşağıdakı prioritet məsələlərə diqqət artırılmalı, vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış tarixi təcrübə daha da inkişaf etdirilməli, tərbiyə işi qloballaşan dünyanın müasir çağırışlarına cavab verməli, ölkənin iqtisadi, siyasi, sosial inkişafı ilə ayaqlaşmalıdır:

- Təhsil sistemində tərbiyə işinin səmərəli təşkili, bu sahənin dinamik və davamlı inkişafı üçün mövcud reallıqlar və dünya təcrübəsi nəzərə alınmaqla, tərbiyənin milli konsepsiyası və inkişaf strategiyası hazırlanmalı və icrasına başlanılmalıdır. Vətənpərvərlik tərbiyəsi təhsildə əsas prioritet istiqamət kimi müəyyənləşdirilməlidir.

- Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Təhsil Nazirliyi bu haqda öz mövqeyini cəmiyyətə açıqlamış, dərsliklərdə müvafiq dəyişikliklər aparılmasına başlanmışdır.

- Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən amillər təhlil olunmalı, bütün təhsil müəssisələrində “Qarabağ dərsləri”, “Qarabağ şahinləri”, “Milli qəhrəmanlar”, “Qarabağ müharibəsi qəhrəmanları”, “Şuşa əməliyyatı” adlı ustad dərsləri təşkil olunmalı, müharibə şəhidləri və qaziləri təhsilalanlara dərindən tanıdılmalıdır.

- Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır.

- Vətən müharibəsində qazanılan uğurlara dair elmi, elmi-kütləvi, bədii, publisistik əsərlər yaranacaqdır. Hesab edirik ki, “Qarabağ Azərbaycandır!” seriyasından bu tipli əsərlər çap olunmalı, dünyanın müxtəlif dillərinə tərcümə edilməli, tariximizin bu şərəfli səhifəsi uşaq və gənclərimizə çatdırılmalıdır. Bunlarla yanaşı, Qarabağ müharibəsi qəhrəmanları, qaziləri, şəhidləri, iştirakçıları haqqında ensiklopedik soraq kitabları hazırlanmalı, sənədli filmlər çəkilməli, həmin insanlar yetişməkdə olan uşaq və gənclərə yetərincə tanıdılmalıdır.

Hesab edirik ki, böyük faktiki, qətiliklə sənədli bir material üzərində qurulmuş, səmimi və həqiqətlə yazılmış, zəngin şəkildə təsvir edilmiş və gözəl çap olunmuş xüsusi bir kitab seriyası - dastanlar yaradılmalıdır.

Qarabağımızın rayon və kəndlərinin yeni məhəllələrindən, meydan və prospektlərindən kənarda gənclərimiz keçmiş müharibənin qanı ilə səpilən küçələri, dağılmış və yanğından qaralan divarları, torpaqlarımızdan babalarının, atalarının və analarının əlləri ilə qəddar düşmənin süpürülüb atılmalarını görsünlər.

İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq hadisələrinin şahidləri və iştirakçıları hələ sağ ikən bunu etməyə dəyər.

Şübhə yoxdur ki, Azərbaycan cəmiyyəti və təhsil sistemi vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış nailiyyətləri Vətən müharibəsinin yaratdığı yeni reallıqlara uyğun daha da inkişaf etdirəcəkdir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi kimi, ilkin olaraq ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdiriləcək, bütün cəmiyyətin hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşdiriləcək.

 

Firudin QURBANOV,

təhsil nazirinin müavini



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM