14:22 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətən olan torpaq

ANA SƏHİFƏ / SİYASƏT
00:32 26.09.2021

 

Bəzən xəyalımdan belə bir fikir keçir: kaş dünyanın bütün ölkələri, xalqları sülh, dostluq, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayaydılar. Sərhədlər, keçid məntəqələri, yoxlamalar olmayaydı. İnsanlar sakini olduqları Yer adlı planetin istənilən ölkəsinə, qitəsinə sərbəst, maneəsiz gedib-gələ biləydilər. Qanad açıb uçan quşların özü kimi. Bura mənim, ora sənin, bu dağ mənim, o dağ sənin olmayaydı.

Sonra fikirləşirəm ki, bu mümkün deyil. Çünki hər bir xalq, millət, etnik qrup tarixin hansısa dövründə, mərhələsində yaşamaqdan, ömür sürməkdən ötrü özü üçün haradasa məskən salmış, məskunlaşmışdır. O ərazini zəhmət çəkərək əkib-becərmiş, yaşamaq üçün müxtəlif nemətlər yetişdirmiş, mal-qara saxlamışdır. Zaman keçdikcə tələbatına, imkanına uyğun tikinti işləri aparıb, yaradıb-qurmuşdur. Kəndlər, qəsəbələr, şəhərlər salmışdır. Qərinələr, əsrlər, minilliklər keçmiş, nəsillər dəyişmiş, beləcə ömür sürmüşdür insan övladı.

Lakin Yer üzünün əşrəfi sandığımız insan sayı artdıqca, həyat inkişaf etdikcə onda tamah, iştaha, hərislik hissi baş qaldırmışdır. Əlində olanlarla kifayətlənməyib, istəyib torpağını genişləndirsin, var-dövlətini, sərvətini artırsın. Bunun üçün o, plan cızıb, yollar arayıb, yaraqlanıb. Tayfalar, qəbilələr, xanlıqlar, xalqlar, millətlər, ölkələr arasında münaqişələr, toqquşmalar, müharibələr baş verib. Biri hücum çəkib, digəri özünü qoruyub. İnsanlar yaşadıqları torpağı qorumaq üçün meydana atılıb, döyüşüb, ölüb, öldürüb.

Beləliklə, torpağı qanla yoğrulan ərazi Vətənə çevrilib. Sonra gələn nəsillər üçün Vətən anlayışı, Vətən sevgisi ar-namus, vicdan, qeyrət simvoluna çevrilib. Elə buna görə də Vətən məhəbbəti hər kəs üçün ən ülvi, pak hissdir, duyğudur.

Vətənin, ölkən nə qədər şöhrətli, qüdrətlidirsə, sən də bir o qədər qürurlu olursan, başqa millətlər arasında başını dik tutursan. Bu baxımdan hər hansı ölkənin qəhrəman övladları, sərkərdələri, alimləri, yazıçıları, şairləri, istedadlı insanları başda dayanırlar. Onların zəkası, kəşfləri, əsərləri, fövqəladə istedadları bir ölkənin çərçivəsindən çıxıb dünyanınkı olur. Bu isə həmin xalqın, ölkənin xoşbəxtliyi deməkdir.

Keçən əsrin 60-cı illərində Moskva ətrafındakı hərbi hissələrin birində xidmət edirdim. Arzularım böyük idi. İstəyirdim oradakı ali məktəblərdən birinə daxil olum. Bu məqsədlə evimizə yazdığım məktubların birində mənə lazım olan kitabları poçt bağlaması ilə göndərmələrini istədim. Boş vaxt tapan kimi “Len komnata” deyilən otağa çəkilib kitabları oxuyur, bölüyümüzün aldığı qəzet və jurnalları nəzərdən keçirirdim. Bir dəfə “Krestyanka” jurnalının üz qabığında iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın şəklini gördüm. Hədsiz dərəcədə sevindim. Jurnaldakı həmyerlimiz haqqında məqaləni oxuyandan sonra jurnalı poçt vasitəsilə Füzuli rayonunun Arayatlı kəndindəki

“1 May” kolxozunun sədri Şamama Həsənovaya göndərdim. Bir müddət keçəndən sonra ondan məktub aldım. “SSRİ Ali Sovetinin deputatı blankı”nda bu sözlər yazılmışdı: “Diqqətinə görə çox sağ ol, eloğlu! Mən sizin kimi Vətən oğulları ilə fəxr edirəm”.

Eşitdiyimizə görə, bir sıra ölkələrdə, elə qardaş Türkiyənin özündə hərbi xidmətdə olmayan oğlanlara pis baxırlar, hətta qızlar həmin gənclərlə ailə həyatı qurmaq istəmirlər. Əsgərlik həyatını çox düzgün olaraq kişilik, mətinlik, mübarizlik məktəbi adlandırırlar. Çünki gənc yaşlarında bərkə-boşa düşürsən, çətinliklərlə üzləşirsən. Bunları görə-görə bərkiyirsən, mətinləşirsən. Vətən, yurd həsrəti səni doğma el-obana daha möhkəm bağlayır. Azərbaycan adı ilə bağlı nə varsa, sənin üçün əzizdən əziz olur. Hərbi hissə komandirindən icazə alıb “Neftçi” ilə “Spartak” komandalarının Moskvanın “Lujniki” stadionunda keçirilən futbol oyununu hansı həyəcanla izlədiyim bu gün də bütün detalları ilə yadımdadır.

Keçən əsrin 70-80-ci illərində həmyerlimiz Müslüm Maqomayev səs tembri, ifa tərzi ilə bütün SSRİ məkanında böyük şöhrət qazanmışdı. Estrada ulduzu kimi o, təkcə Sovet İttifaqında deyil, xarici ölkələrdə də sevilirdi. Nadir istedad sahibinin sənəti, mahnıları ilə xarici görünüşü bir-birini tamamlayırdı. Buna görə də hamı, xüsusilə də gənc qızlar ona böyük rəğbət və məhəbbət bəsləyirdilər. Hər dəfə konserti başa çatdıqda qızlar növbəyə dayanıb ondan avtoqraf almağa can atırdılar. Bütün bunlar gənc bir azərbaycanlı kimi məni qürurlandırırdı. Elə buna görə də qəzet köşkündən kiçik ölçülü fotoşəklini (o zaman açıqca kimi satılırdı) alıb əsgər çarpayımda başımın üstündə asmışdım. Sevastopolda kursda olduğum zaman moldovan əsgər yoldaşımla Müslüm Maqomayevin bir mahnısını təhrif edərək oxuduğu üçün yumruq davasına çıxmağım da olmuşdur.       

Gəlin etiraf edək ki, keçən əsrin 60-cı illərinin sonuna kimi, xaricdə demirəm, elə SSRİ məkanının özündə respublikamız haqqında az adam məlumatlı idi. Azərbaycanı, əsasən, Bakının nefti və bir də Rəşid Behbudovin, Müslüm Maqomayevin mahnıları ilə tanıyırdılar. 1969-cu ilin iyul ayında Azərbaycana rəhbər seçilən Heydər Əliyev yaşı minilliklərlə sayılan, lakin adı unudulmaq dərəcəsində olan məmləkətimizin tarixinə yeni şanlı səhifələr yazdı. Respublikamızda dirçəliş, yüksəliş illəri başladı. İnkişafın iqtisadiyyata bağlı olduğunu yaxşı bilən Ulu Öndər, ilk növbədə, sənayenin, kənd təsərrüfatının dirçəldilməsi üçün bütün qüvvə və bacarığını əsirgəmədi. Həmin günlər indi də yaxşı yadımdadır. Heydər Əliyev tez-tez bölgələrə səfər edər, zəhmət adamları ilə iş üstündə görüşüb söhbət aparar, onların gün-güzəranı, problemləri ilə maraqlanardı. Belə səfərlər çox zaman sonda zona müşavirələri ilə başa çatardı. Burada rayon partiya komitələrinin birinci katiblərinin, müvafiq nazirliklərin, komitə sədrlərinin məlumatları, qabaqcıl əmək adamlarının çıxışları dinlənilərdi. Ulu Öndər müşavirəyə yekun vuraraq tövsiyə və tapşırıqlarını verərdi.

Bütün bunlar nəticəsiz qalmırdı. Tez bir zamanda Azərbaycan geriliyin daşını ataraq müttəfiq respublikalar arasında öncül oldu. İqtisadi inkişaf bütün təbəqələrdən olan insanların həyat şəraitini yaxşılaşdırdı. Adamlar özlərinə yeni evlər tikdirdilər, fəhlə və qulluqçuların mənzil-məişət şəraiti yaxşılaşdı. Şəhər, qəsəbə və kəndlərimiz simasını dəyişdi. Zəhmət adamları ən yüksək adlara layiq görüldülər, ali orqanlarda təmsil olundular. Təkcə istehsalatda deyil, mədəniyyət, ədəbiyyat, incəsənət sahəsindəki ziyalılarımız, ictimai xadimlərimiz Sosialist Əməyi Qəhrəmanı adına, orden və medallara layiq görüldülər.

Hesabı saya gəlməyən uğurlarımızın müəllifi Heydər Əliyev böyük təşkilatçılığı, siyasi proseslərdən baş çıxarmaq bacarığı, işgüzarlığı nəzərə alınaraq SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edildi, Sov. İKP MK Siyasi Bürosunun üzvü seçildi. Amma Heydər Əliyevin getdikcə artan nüfuzunu gözü götürməyənlər də az deyildi. Ermənilərin fitvası ilə M.Qorbaçov xalqımızın bu böyük oğlunu vəzifədən uzaqlaşdırdı. Sonra SSRİ xalqları arasına nifaq toxumu səpildi və nəticədə ölkə daxilində münaqişə, müharibə ocaqları alovlandı. Bakıda 20 Yanvar faciəsi törədildi, çox çəkmədi SSRİ dağıldı, Qarabağ erməni faşistləri tərəfindən işğal edildi, qara günlər başladı. O zaman ürəkağrısı ilə belə yazmışdım:

İgidlərim, ərənlərim,

gəlin, gəlin,

Dəstə-dəstə, alay-alay

Bölüşərək atılağın

bu meydana.

Qan udduraq qanımıza

susayana.

Gəlin, gəlin, bu torpağı,

Bu Vətəni qoruyaq biz.

Vətən bizim namusumuz,

arımızdır.

Vətən bizim anamızdır,

bacımızdır,

qızımızdır.

On minimiz, yüz minimiz,

milyonumuz

şəhid olsa, qırılsa da,

Anamıza ana olan

torpaq qalar,

                        Vətən qalar.

 Vətən qalsa, millət yaşar.

 Millət varsa, nəsil-nəsil,

Yarpaq-yarpaq, fəsil-fəsil

Cücərərik, göyərərik,

Pərvazlanıb böyüyərik.

Vətən getsə, millət ölər.

Nizaminin, Füzulinin,

Nəsiminin, Xətayinin

Yandırdığı çıraq sönər,

ocaq sönər. 

Azərbaycan parçalanmağa, məhvə doğru gedirdi. Müdrik xalqımız nicat yolunu Heydər Əliyevin Bakıya qayıdıb xalqına, millətinə sahib durmasında gördü. Fikirləşirsən ki, bu, böyük Yaradanın tarixin ən çətin anlarında xalqımıza iltifatı idi. Xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıtması əhalinin  inamını özünə qaytardı. Addım-addım bütün işlər məcrasına düşməyə başladı. Şübhəsiz ki, Heydər Əliyevin polad iradəsi, zəngin təcrübəsi və gərgin əməyi sayəsində.

Düşmən tapdağı altında inildəyən torpaqlarımızın azad edilməsi, qaçqın və köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtmaları üçün Heydər Əliyev var qüvvəsini sərf etdi, bu məsələlərin reallığa çevrilməsinə görə iqtisadi inkişaf konsepsiyasını ön plana çəkdi. “Əsrin müqaviləsi”ni imzaladı, neft kontraktları bağladı, islahatlar həyata keçirdi, ordu quruculuğu diqqət mərkəzində saxlanıldı. Heydər Əliyev bütün bunlarla yanaşı, həm də xalqa nikbinlik aşıladı, işğal altında olan torpaqlarımızın nəyin bahasına olursa-olsun geri qaytarılacağına inandırdı, imkan daxilində qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər gördü.

Ümummilli Liderin gördüyü həmin işlər İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən yeni inkişaf mərhələsinə keçdi. Neftdən gələn gəlirlər, ilk növbədə, öz isti ocaqlarından perik düşmüş qaçqın və köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılmasına, ordunun gücləndirilməsinə, əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin artırılmasına yönəldildi. Bölgələrdə illərlə yığılıb qalan problemlərin həlli məqsədilə regionların sosial-iqtisadi inkişafı dövlət proqramları qəbul edildi. Ölkənin, cəmiyyətin elə sahəsi olmadı ki, diqqətdən kənarda qalmış olsun. Ötən hər il mühüm hadisələrlə yaddaşlara həkk olundu.

Doğma Bakı gündən-günə,

aydan-aya,

 ildən-ilə

Gör necə də gözəlləşir!

Hara getsən, hara baxsan,

Hər tərəfi naxış-naxış

Xalça kimi toxunubdur

 gül-çiçəkdən.

Göz də doymur gözoxşayan

Belə gözəl gözəllikdən...

Dünəninə, bu gününə

 nəzər salıb

Oğlun, qızın fərəhlənir,

dost sevinir.

 Hər birinin sinəsində

çırpınaraq

Pöhrələnən, neçə-neçə

arzu-istək,

dilək gülür.

Qaranlığa işıq saçan

Xoş, mehriban gözlər gülür.

 Ağbənizli, qaraxallı

üzlər gülür.

 Sevincindən dilə gələn

 Milyon-milyon ürəklər də

 belə deyir:

- Yüksəlişin, pərvərişin

Mübarəkdir, Azərbaycan!

Bu illər ölkəmizdə görülmüş işlərin hər birinin həcmi, əhəmiyyəti qalın-qalın kitablara sığmaz desək, yanılmarıq. Verilən fərmanlar, imzalanan sərəncamlar yaxın və uzaq perspektivə hesablanmaqla Azərbaycanı daha işıqlı, xoşbəxt gələcəyə aparır. Şükür, indi Qarabağ dərdimiz də yoxdur. O Qarabağ ki,  hər birimizin qəlbində, köksündə qan verən yara kimi sızıldayırdı. Neçə-neçə soydaşımız bu nisgillə, həsrətlə dünyadan köçdü. Lakin dövlətimizin gücünü, beynəlxalq aləmdə artan nüfuzunu görənlər gec-tez ədalətin zəfər çalacağına inanırdılar. Onlardan biri də mən idim:

 

Mən bilirəm elimin gücünü, qüvvətini,

Bilirəm öz xalqımın yenilməz qüdrətini,

Damarında, qanında qaynayan qeyrətini.

 Bir gün səbri tükənib tufan kimi qopacaq,

Yağıdan, pis qonşudan qisasını alacaq.

 

Bu ordu “Cəngi” üstə haçandandı köklənib,

Hər bir əsgər ürəyi nifrət ilə yüklənib.

Murovu aşıb-keçib, Ağrıdağa söykənib,

Qərib qalan Göyçəyə, Zəngəzura çatacaq,

 Azərbaycan bayrağın o yerlərə taxacaq.

 

İgidlərin önündə yağılar qan qusacaq,

Yenə Cıdır düzündə igidlər at çapacaq.

Qarabağ atlarının nalından od qopacaq.

Havalanan “Şikəstə” bürüyəcək aləmi,

Könüllər şadlanacq, yetəcək vüsal dəmi.

 

Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevə olan inamımdan doğan  misralardır. Dövlət başçısı çoxsaylı, çoxşaxəli təsirlərə, təzyiqlərə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar dörd qətnaməsinin yerinə yetirilməsini, bu məsələdə həmsədr ölkələrin səfirlərinin düzgün mövqe tutmaları tələb edirdi. Eyni zamanda reallığı zərgər dəqiqliyi ilə ölçüb-biçərək səbir və təmkin nümayiş etdirirdi. Çünki özünün dediyi kimi, nəyi necə, nə vaxt etməyi yaxşı bilirdi.

Həmin vaxt 2020-ci il sentyabrın 27-si oldu. Ordumuz cənub istiqamətindən əks-hücuma keçdi. İlk olaraq mənfur düşmənin gözləmədiyi mövqelər hədəfə alındı,  Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları düşmən tapdağından azad edildi. Ən müasir silahlarla silahlanmış ordumuz qarşısında duruş gətirə bilməyən düşmən silah-sursatlarını atıb qaçmağa başladı. 

Noyabrın 8-i idi. Mətbəxdə iş görə-görə televizoru izləyən həyat yoldaşım iş otağımın qapısını açaraq böyük sevinclə: “Gözlərin aydın, Şuşa alındı!” deyə qışqırdı. Mən illərlə içimdə gəzdirdiyim Qarabağ, Şuşa niskilindən, yoxsa qəfil xəbərin sevincindənmi, bilmirəm, hönkürtü ilə ağlamağa başladım. Bu, təkcə mənim yox, milyonlarla azərbaycanlının ömrünə yazılan ən xoşbəxt tarixi gün idi. Bu, Azərbaycanın tarixində ən əlamətdar, cahanşümül, əzəmətli bir Qələbə, Zəfər idi. Bu, xalqımızın ən ağır günlərdə, vaxtlarda heç nəyə baxmayaraq, yumruq kimi bir olmasının, birləşməsinin, xalq, ordu, iqtidar birliyinin təcəssümü idi.

Bu gün həmin Zəfəri bizə bəxş edən şəhidlərin

ailələri, qazilər dövlətimiz tərəfindən hər cür qayğıkeşliklə əhatə olunmuşlar. Əsrlər keçəcək, amma xalqımızın, eləcə də Silahlı Qüvvələrimizin qəhrəmanlıq səhifəsini yazan oğullarımız heç vaxt unudulmayacaq, barələrində sənət salnamələri yaranacaq.        

Siz ey Vətən yolunda şirin canından keçib,

İgidliyi, mərdliyi özünə amal seçib,

Ömrün bahar çağında həyatdan erkən köçüb,

Ölümüylə bu yurdu, torpağı yaşadanlar!

Yaşayan hər ömürdə qanınız, canınız var!

 

Səs verdiniz Vətənin harayına, səsinə,

Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.

Məzarınız dönübdür ziyarət türbəsinə.

İnanın, and içirik, qanınız alınacaq!

Xatirəniz, ruhunuz həmişə anılacaq!

 

Bir ata övladından el oğluna döndünüz,

Kim deyir ki, öldünüz, kim deyir ki, söndünüz?!

Gələcək nəsillərə yetəcəkdir ününüz.

Siz bu gün də, sabah da - əsrlərlə sağsınız!

Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

 

Siz yazdınız millətin tarixini qan ilə,

Sinənizdə yurd saldı yurda atılan güllə.

Məzarınız tutulub min çələngə, min gülə.

Tərsiniz çiçək kimi, həmişə baharsınız!

Azərbaycan köksündə əbədi yaşarsınız!

 

Bu gün Qarabağ Azərbaycandır! İşğalçılar tərəfindən yerləyeksan edilmiş yurdumuz Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə gülüstana çevrilir. Şəhər və kəndlərimizin yerində qalan xarabalıqlar, başdan-başa minalar “əkilmiş” ərazilər təmizlənərək yenidən tikilir, qurulur. Üzeyir bəy Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəlləri yurdlarına dönüb. “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” Şuşaya qayıdıb. Üstəlik, mədəniyyət paytaxtımıza “Zəfər yolu” çəkilir, aeroportlar tikilir. Ümumiyyətlə, Qarabağda görülən işlər saysızdır. Çox çəkməz, soydaşlarımız ata-baba ocaqlarına qayıdar, “ağıllı kənd”, “ağıllı şəhər”lərində ömür sürər, qurub-yaradar, hər birimiz də istədiyimiz vaxt Qarabağa, Şərqi Zəngəzura və digər yurd yerlərimizə gedər, o yerlərlə qucaqlaşarıq.

 

Seyran CAVADOV,

“Azərbaycan”     



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM