23:44 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətən müharibəsində altı güllə və səkkiz qəlpə yarası almasına baxmayaraq, döyüşü davam etdirən igid döyüşçü: Elnur Cəfərov
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:38 06.03.2021

 

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan və torpaqlarımızın otuz illik işğaldan azad olunması ilə nəticələnən “Dəmir yumruq” əməliyyatında - 44 gün davam edən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da əzmlə vuruşub, böyük qəhrəmanlıq nümunələri göstəriblər. Vətən müharibəsində rəşadətlə döyüşərək yaralanmış hərbi qulluqçularımızdan biri də baş çavuş Cəfərov Elnur Fəqani oğludur.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru, mayor Anar Əhmədovun növbəti məqaləsində igid qazi Elnur Cəfərovun şərəfli döyüş yolundan söhbət açılıb. Məqaləni təqdim edirik.

Baş çavuş Elnur Cəfərov 1990-cı il martın 10-da Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olub. Orta təhsilini Qarasaqqal kənd tam orta məktəbində alan Elnur müddətli həqiqi hərbi xidmətini 2008-2009-cu illərdə Daxili Qoşunların Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində keçib. 2013-cü ilin iyunundan qoşunların Gəncə şəhərindəki “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan borcunu yerinə yetirməyə başlayıb.

Hərbi hissənin ayrı-ayrı bölmələrinin tərkibində müxtəlif vəzifələrdə xidmətini davam etdirən baş çavuş Elnur Cəfərov 2020-ci ilin iyunundan yaralandığı günədək xüsusi təyinatlı dəstədə istehkamçı yarımqrupunun komandiri-baş istehkamçı kimi vəzifə borcunu şərəflə yerinə yetirib. Xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) Göygöl rayonu ərazisində təşkil etdiyi istehkamçı ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib. İstehkamçı yarımqrupunun komandiri kimi qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiyinə görə, eləcə də yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçu kimi hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.

Vətən torpaqlarını düşmən tapdağından azad edilməsi və bu amal uğrunda başlayacaq döyüşlərdə iştirak etmək Elnurun ən böyük arzusu olub. Məhz buna görə də Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan baş çavuş Elnur Cəfərov Kəlbəcər, Füzuli və Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib: “İlk döyüşümüz 2020-ci il sentyabrın 27-də Kəlbəcər istiqamətində oldu. Dörd gündən sonra Füzuli və Cəbrayıl ərazisində gedən döyüş əməliyyatlarına qatıldıq. Burada bir sıra kəndlərin və yüksəkliklərin azad edilməsində yaxından iştirak etdik. Bundan əlavə, ermənilərin Cəbrayıl şəhəri ətrafındakı bir neçə möhkəmləndirilmiş postunu darmadağın edib ələ keçirdik”.

Olduqları mövqelərin düşmən tərəfindən artilleriya və müxtəlif çaplı silahlardan atəşə tutulması nəticəsində altı güllə və səkkiz qəlpə yarası aldığını qeyd edən igid qazimiz sonda ən böyük arzusuna çatdığı üçün qürur duyduğunu deyir: “Oktyabrın 6-da təxminən saat 05:00-da Cəbrayıl istiqamətində baş verən şiddətli döyüşdə ağır yaralandım. Sanitarlar ilkin tibbi yardım göstərərək qanaxmamı dayandıra bildilər. Şiddətli atışma getdiyindən, təxliyə olunmam mümkün deyildi. Güllə və mərmilər sanki dolu kimi yağırdı. Bu baxımdan yaralı vəziyyətdə belə düşmənə qarşı vuruşmalı oldum. Beş saatdan sonra yoldaşlarımın köməyi ilə döyüş meydanından çıxarıldım. Əvvəlcə bizi Silahlı Qüvvələrin Bakıdakı Mərkəzi Kliniki Hospitalına, orada tibbi yardım göstərildikdən sonra isə Daxili Qoşunların Hərbi Hospitalına gətirdilər. Burada hər iki ayaq və bel nahiyəmdən əməliyyat olundum. Allaha çox şükür, yaxşıyam. Həkimlərimizin sayəsində sağlamlığım qismən bərpa olunub. Lakin tam sağalmağım üçün ambulator müalicəmi hazırda davam etdirirəm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı silahdaşlarımıza da şəfa versin. Əsas odur ki, biz otuz ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı qısa vaxtda azad etməyə müvəffəq olduq. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, “düşməni dəmir yumruğumuzla məhv etdik”.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr və 29 dekabr tarixli sərəncamları ilə baş çavuş Cəfərov Elnur Fəqani oğlu “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Pələng” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, “Zəfər” ordeni və “Şücaətə görə” medalı ilə təltif edilmiş mayor Zaur Rəhimov (Vətən müharibəsi zamanı iki dəfə - Murovdağ və Şuşa istiqamətlərində gedən döyüşlərdə yaralanıb) dəstədə yarımqrup komandiri kimi xidmət etmiş baş çavuş Elnur Cəfərovun bu gün də silahdaşları tərəfindən vətənpərvər döyüşçü kimi xatırlandığını deyir: “Torpaqlarımızın azadlığı uğrunda başlayan 44 günlük Vətən müharibəsində dəstəmizin “pələnglər”i də fəal iştirak edib, cəbhənin müxtəlif istiqamətlərində aparılan döyüş əməliyyatlarında düşməni məğlub edərək, böyük şücaət göstəriblər. Bu döyüşlərdə dəstəmizin şəxsi heyətindən 11 nəfər şəhid olub, 39 silahdaşımız isə yaralanıb. Düşmənə gözdağı olan cəsur qazilərimizdən biri də baş çavuş Elnur Cəfərovdur.

Vətənpərvər, yüksək intizamlı və məsuliyyətli yarımqrup komandiri kimi baş çavuş Elnur Cəfərovun fəaliyyəti hər zaman müsbət qiymətləndirilib. İstər atəş və fiziki hazırlıq, istərsə də ixtisas hazırlığı üzrə keçirilən praktiki məşğələlərdə onun komandiri olduğu yarımqrup qazandığı müsbət nəticələrinə görə dəfələrlə fərqlənib. O, kollektiv arasında böyük hörmət və nüfuza malik fəal hərbi qulluqçu kimi tanınıb. Qorxmaz və cəsur döyüşçü Vətən müharibəsində qəhrəmanlıq göstərməklə, ona olan etimadı bir daha doğruldub. Yalnız onu deyə bilərəm ki, Elnurun timsalında bütün qazi silahdaşlarımızla qürur duyur və onların tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq”.

Elnurun Zəhra və Sərvinaz adlı iki qız övladı var. Adını Vətənin qəhrəmanlıq tarixinə qanı ilə həkk edən qazimizin böyüdüb tərbiyə etdiyi övladları da Vətənin ataları kimi igid oğulları ilə qürur duyacaqlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM