01 May 2021 00:29
1484
SİYASƏT
A- A+

Vətən müharibəsi qələbəsində milli-mənəvi dəyərlərimizin rolu

 

Qaçqın və köçkünlərimiz üçün dövlətimiz yeni şəhərciklər saldı, müasir evlərlə təmin etdi, çadır şəhərciklər ləğv olundu, sosial müdafiələrini gücləndirdi. Amma o insanlar hər zaman Qarabağ, doğma yurd dedilər. Qarabağı heç görməmiş gənc nəsil yetişdi. Onlar da Qarabağa qayıtmaq arzularını hər zaman bildirdilər. 27 sentyabrda Ali Baş Komandan xalqa çağırış etdi. Hamı birləşdi, Vətən, torpaq uğrunda ölümə hazır olduqlarını bildirdilər.

Bu gün torpaqlarımız işğaldan azaddır. Amma azad olunmuş bütün yaşayış məntəqələrimiz xarabazarlığa çevrilmişdir. 30 ilə yaxın didərgin düşmüş o insanlar yurdlarının ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasına baxmayaraq, azad olunmasına sevinirlər. Ora səfər edən məcburi köçkünlər dağıdılmış evlərinin, məzarların daşlarını qucaqlayır, yerə əyilib torpağını öpürlər. Budur soydaşlarımızın milli-mənəvi dəyərlərimizi hər şeydən üstün tutması. Vətənə bağlılıq idi bizi qələbəyə aparan.

Tariximizin ən şərəfli səhifələrindən biri, son 200 ildə ilk dəfə ərazi bütövlüyümüzün təmini kimi Zəfər salnaməmizə çevrilmiş 44 günlük Vətən müharibəsi hər bir azərbaycanlının qürur mənbəyidir. Ordumuzun gücü, Prezidentimizin qətiyyəti, xalqımızın birliyi, cəmiyyətimizin həmrəyliyi 2020-ci ili Azərbaycan üçün Qələbə ilinə çevirdi. 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu həmrəyliyimiz, 2020-ci ildə uzun illərdir həsrətində olduğumuz torpaqlarımızın azad edilməsində öz əməli təcəssümünü tapdı. Bu birlik və həmrəylik Azərbaycan xalqının ən böyük mənəvi sərvətinə çevrildi.

Təbii ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər  Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaradır. Bu qələbəyə gedən yol isə hər saatı, hər anı hesablanmış, planlaşdırılmış bir yol oldu. Bu qələbəni təmin edən amillərdən danışarkən bir çox məqama toxunmaq gərəkdir. Möhtərəm Prezidentin dövlətin iqtisadi gücünü qalibiyyət formuluna çevirmə bacarığı, diplomatik müstəvidə qazanılmış uğurlar, bir zamanlar nəinki haqq səsi eşidilməyən, hətta məruz qaldığı soyqırımlara belə etinasız yanaşılan Azərbaycanın dünya birliyinə inteqrasiyası, bir sıra aparıcı təşkilatlarda uğurlu təmsilçilik və rəhbərlik bu qələbənin əsas şərtləri kimi çıxış etməkdədir. Bununla yanaşı, 10 noyabr qələbəmizin təmin olunmasında xalqımızın birliyi, həmrəyliyi, milli-mənəvi dəyərlərimiz, multikultural cəmiyyətimiz böyük əhəmiyyət daşımışdır.

Milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqının sərvətidir. Bu mənada xalqımızın sarsılmaz birliyi məhz milli-mənəvi dəyərlərimizə söykənir desək, yanılmarıq. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı  qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar, əksər siyasi partiyalar, qeyri-hökumət təşkilatları dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini, Qarabağın azadlığı uğrunda ortaya qoyulan bu iradəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkə də bəşər tarixində görünməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli, dini azadlıqlara malik ölkə olmağımız bir daha əyani şəkildə öz üstünlüyünü ortaya qoydu. Düşmənə qarşı səngərdə birləşən və Azərbaycanın bütövlüyü uğrunda canını ortaya qoyan oğullarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində Prezidentimizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Biz bilrlikdə güclüyük” və “Qarabağ Azərbaycandır!” şüarlarını özləri üçün həyat fəlsəfəsinə çevirdilər. Belə bir gücün qarşısında isə heç bir düşmən davam gətirə bilməzdi, elə gətirmədi də. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra bir həqiqətin də şahidi olduq. Düşmənlərimiz ötən 30 ilə yaxın müddətdə Azərbaycan xalqının milli dəyərlərinə qarşı da vandal münasibət bəsləyib, milli keçmişimizi özündə əks etdirən tarixi, dini abidələrimizə qarşı soyqırımı həyata keçirib. Bunu faktlar sübut edir. 28 il düşmən işğalında qalan, Prezident İlham Əliyevin diplomatik səyi nəticəsində qan tökülmədən düşməndən azad olunan Ağdam rayonu “Qafqazın Xirosiması” adlandırılmaqdadır. Bir faktı diqqətə çatdırmaq lazımdır ki, 1990-cı illərin əvvəlinə kimi nəinki respublikamızda, hətta ümumittifaq səviyyəsində öz mədəniyyəti, tarixi, sənayenin inkişafı, abadlığı ilə göz oxşayan Ağdam rayonu ermənilər tərəfindən yerləyeksan edilib. Azərbaycanın ilk bölgə Dram Teatrı adını almış Ağdam Dram Teatrının gözoxşayan binası dağıdılıb. XVIII əsrin abidəsi sayılan, Ağdam etimologiyasının yaranma səbəblərindən olan Pənahəli xanın İmarət sarayı, divanxanası, məzarı dağıdılıb, yerləyeksan olunub. Dünya ictimaiyyəti bu faktları gözardı etməməlidir. Ağdam rayonunda yerləşən Şahbulaq abidə kompleksi, tarixi hamam məhəlləsi, Cümə məscidi, Qarağacı qəbiristanlığı erməni faşizminin qurbanına çevrilib. Qarağacı qəbiristanlığında hətta məzarlar açılıb, təhqir olunub. Bu, bir daha ermənilərin hansı psixologiyaya, hansı simaya malik olduğunu ortaya qoymaqdadır.

Təəssüfləndirici haldır ki, Ağdam rayonu ilə yanaşı, digər rayonlarımızda da eyni analoji vəziyyət hökm sürür. Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Zəngilan, Cəbrayıl rayonlarında dağıntılar törətməklə yanaşı, ekoloji tarazlığın pozulması üçün də bütün yollara baş vurublar. Zəngilanın dünyada ikinci, Avropada isə birinci tarixi və nadir çinar meşəsi qırılıb, ağacların kökləri yandırılıb. Bu, bəşəri cinayətdir. Oxçu çayına axıdılan zərərli maddələr nəticəsində su çirkli haldadır. Bütün bunlar ermənilərin Azərbaycanın milli sərvətlərinə qarşı həyata keçirdiyi soyqırımıdır.

Ermənilər ötən 30 il ərzində İslam dininə mənsub tarixi abidələrlə yanaşı, həm də xristian-alban məbədlərini də ya yerləyeksan etməyə, ya da özününküləşdirməyə çalışıblar. Həmin tarixi abidələrdən Azərbaycanın izini silməyə çalışanlar elə dərk ediblər ki, bununla da özlərinə saxta tarix düzəldə bilərlər. Amma bu, mümkün deyil. Çünki həmin ərazilər, orada olan abidələr və o abidələrin xüsusiyyətləri, tikilişləri birmənalı şəkildə Azərbaycan tarixinin bir hissəsidir.

Hazırda Azərbaycanın qəlbi Qarabağla, Vətən müharibəsi zəfəri ilə döyünür. Necə ki, 2020-ci ilin sentyabrında hər bir azərbaycanlı ölkə Prezidenti İlham Əliyevin bir çağırışı ilə müsəlləh əsgərə çevrilərək torpaqlarımızı işğaldan azad etmək üçün əlinə silah aldı, bu gün də hər birimiz bu qələbənin möhkəmlənməsi üçün çalışmalıyıq. Nəzərə almalıyıq ki, artıq işğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən qurulması prosesinə başlanılıb. Yeni mərhələdə bu regionlarımız yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. Bununla bağlı mühüm layihələr həyata keçirilməkdə, mühüm proqramlar qəbul olunmaqdadır. İnanırıq ki, qısa zaman kəsiyində Qarabağ və ətrafındakı rayonlarda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcək.

Vətən əzizdir. Vətən şirindir. Onu qorumaq, gücləndirmək, çiçəkləndirmək hər bir vətəndaşın borcudur. Qarabağ Azərbaycandır!

 

Azər BADAMOV,

Milli Məclisin deputatı,

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video