14 Mart 2021 00:32
1197
Mədəniyyət
A- A+

Vətən müharibəsi qəhrəmanlarının muzeyləşən ömürləri

 

Milli Azərbaycan Tarixi Muzeyində yaradılan yeni fondda Zəfər qaliblərinin şəxsi əşyaları toplanır

 

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillərdən biri gənc nəsildə yüksək vətənpərvərlik hisslərinin formalaşdırılmasıdır. Şübhəsiz ki, hələ körpə yaşlarından bu ruhda köklənən nəsildə vətənpərvərlik duyğusu yüksək olur. Artıq bunun ən bariz nümunəsinin 44 günlük Vətən müharibəsində şahidi olduq. Qarabağı görməyən minlərlə qəhrəman oğullarımız Vətən sevdası ilə tərəddüd etmədən özünü ölümün üzərinə atdı.

Azərbaycan  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəman oğullarımız düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü bərpa etdilər. Bir sözlə, ölkəmiz bu zəfəri xalqla dövlətin sarsılmaz birliyi, “Dəmir yumruq” olaraq birləşməsi sayəsində  qazandı.

Öz əməlləri ilə bu dövlətin şərəfli tarixini xalqın qan yaddaşına qızıl hərflərlə həkk etmiş qəhrəmanlarımız heç vaxt unudulmayacaq. Milli Azərbaycan Tarixi Muzeyində könüllü tələbələrdən ibarət “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri və bir neçə üzvü “ Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində torpaqlarımızın azad edilməsində, qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizin ailəsi ilə görüşlərə başlayıblar.

Layihə çərçivəsində “Tarix yazan qəhrəmanlar”dan biri - şəhid polkovnik-leytenant Rəşad Sadıqovun haqqında muzeyin yeni yaradılan fonduna təhvil verilən sənədlər barədə qısaca məlumat verməkdə məqsəd şəhid, qəhrəman igidlərimizin örnək ömürlərini xalqımıza əbədiyyətəcən tanıtmaqdır.

Sənədlərdən, eləcə də söhbətlərdən məlum olur ki, Rəşad Xanlar oğlu Sadıqov 1978-ci il oktyabrın 11-də Laçın şəhərində anadan olub. 1992-ci il mayın

18-də Laçın rayonu düşmən işğalına məruz qaldığı üçün valideyinləri ilə birgə şəhəri məcburən tərk edib. Həmin il ailə Şəmkir şəhərində məskunlaşdığı üçün o, Əhməd Cavad adına orta məktəbdə təhsilini başa vurub...

Məktəbi bitirdikdən sonra həkim olmaq istəyirdi. Lakin Xocalı qətliamından sonra fikrini dəyişərək hərbçi olmaq qərarına gəldi. 1992-ci ildən başlayaraq doğma  və tarixi Azərbaycan torpaqlarımız, kənd və qəsəbələrimiz, firavan həyatlı şəhərlərimiz dalbadal işğala məruz qaldığından o, fikrini qətiləşdirdi: 1995-ci ildə Bakı Birləşmiş Ali Komandirlər Məktəbinə daxil oldu. 1999-cu ildə məktəbi bitirib leytenant rütbəsi ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda xidməti vəzifə üzrə təyinat aldı. 2004-cü ildən isə Naxçıvan şəhərində Heydər Əliyev adına hərbi liseydə fəaliyyət göstərməyə başladı. Sonra Naxçıvan şəhəri hərbi səfərbərlk idarəsində və daha sonra Naxçıvan şəhəri hərbi hospitalında çalışdı, müəyyən vaxtlarda “N” saylı hərbi hissədə xidmət etdi. Xidmət müddətində bir çox orden və medallar qazanan Rəşad Sadıqov 2019-cu ilin mart ayında Goranboy rayon “N” saylı hərbi hissəyə təlim-tərbiyə üzrə komandir müavini vəzifəsinə təyin edildi. Ön cəbhədə düşmənlə üz-üzə dayanan R.Sadıqov, eyni zamanda ən çətin məqamlarda yerli əhalinin də yanında oldu. 2019-cu ilin aprelində Goranboy rayonu Yuxarı Ballıqaya fərdi yaşayış evində baş verən yanğın zamanı fədakarlıq göstərərək köməksiz qalmış uşağı yanğından xilas edən Rəşad onu ailəsinə sağ-salamat qaytardı.

Ən böyük arzusu doğma yurdu olan Laçının düşmən tapdağından azad edilməsi idi. Axır ki, 28 ildən sonra 27 sentyabır 2020-ci il tarixində onun gözlədiyi döyüş əmri gəldi. Bu əmri səbirsizliklə qarşılayan R.Sadıqov sevincini doğmaları ilə bölüşərək  deyir: “Əgər müharibə dayanmasa, biz davam etsək, Laçına qədər gedəcəyik...”

Çoxdan arzuladığı fürsəti qazanan R.Sadıqov Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları, eləcə də doğma kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşdü. Sonuncu dəfə “Laçının Güləbird kəndi uğrunda gedən döyüşlərdə iştirak etdi. Kəndin düşməndən azad edilməsində böyük rəşadət göstərdi. Hətta atasına zəng edərək “Ata, Həkəri çayında əlimi yudum, bundan böyük qələbəmi olar?!” dedi.

O, doğulduğu Laçın şəhərinə, orada yarımçıq qalmış uşaqlıq illərinə qovuşmağa çox tələsirdi. Laçın şəhərinə çatmaq üçün cəmi 25 km məsafə qalmışdı. Təəssüf ki, o, bu məsafəni qət edə bilmədi. Doğma yurduna az qalmış, qələbənin astanasında, amansız düşmənin atdığı minamyotun partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid oldu. Dostları və yaxınları ona “general” olmağı arzulayan zaman “daha uca zirvələr var” deyərdi. 30 oktyabr 2020-ci il tarixində Rəşad Sadıqov məhz o ucalığa - Səhidlik zirvəsinə ucaldı. Bir qız və bir oğul övladı yadigar qaldı...

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Rəşad Sadıqov ölümündən sonra “ Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə “ və “Laçının azad olunmasına görə” medalları ilə təltif edildi.

Şəhidliyindən 13 gün sonra Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş atası Xanlar Sadıqov 28 il yurd həsrətinə dözsə də, qələbə ərəfəsində oğlunun cismani yoxluğuna tab gətirə bilmədi...

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış Vətən müharibəsi fondunda toplanmış I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərə məxsus, döyüşdən qalan xatirə əşyaları içərisində şəhid polkovnik-leytenant Rəşad Sadıqovun hərbi geyim dəstləri, ailəsinə yazdığı son məktub, hərbi təlim gündəliyi, fənəri, telefonu, saatı, ölümündən bir neçə gün öncə yanlarına düşmüş kasetli raketin qəlpələri uzərində olan pullar, fləş-kartı, “Bakubas” kartı, telefonun plastik yaddaş kartı da var.

Bu əşyalar şəhidin ailəsi tərəfindən muzeyə təqdim edilib. Sözsüz ki, muzey xalqın tarixi yaddaş salnaməsi, eyni zamanda vətənpərvərlik təliminin, dövlətçilik ənənələrinin daşıyıcısı olan mədəniyyət mərkəzidir. Etiraf etməliyik ki, gənclərin düzgün istiqamətdə tərbiyəsində təhsil müəssisələri ilə yanaşı, mədəniyyət müəssisələrinin, xüsusilə də muzeylərin özünəməxsus rolu var.

Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini göstərmək və bunu gənc nəslə bir nümunə olaraq təqdim etmək muzeylərin qarşıya qoyduğu əsas məqsədlərdəndir.

Unutmayaq ki, cəmiyyət böyüməkdə olan gənc nəsli həyata necə hazırlayırsa, o cür də gələcək gözləyir.

 

Sahibə ƏLƏKBƏROVA,

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video