24 Sentyabr 2021 16:34
1103
CƏMİYYƏT
A- A+

Vətən müharibəsi qazisi: Ermənilər Azərbaycan hərbçisi görəndə vahiməyə düşürdülər

 

Müzəffər Azərbaycan Ordusunun baş leytenantı, bölmə komandiri Yusifov Alik Elşən oğlu 1995-ci ildə Bakı şəhərində doğulub. O, doqquz illik orta təhsilini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Daha sonra, 2012-2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. 2018-ci ildə xüsusi təyinatlı qüvvələrdə olmaq, onun sıralarında təlimlərə qoşulmaq arzusunda olan Alik bununla bağlı komandanlığa müraciət edir və sınaqlardan uğurla keçir.

AZƏRTAC xəbər verir ki, Alik Yusifov Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. Vətənin müdafiəsinə qalxan Alikin dediyinə görə, onun daxil olduğu xüsusi təyinatlı qrupun müharibə müddətində uğursuz yerinə yetirdiyi heç bir əməliyyat, müvəffəqiyyət qazanmadığı, qalib gəlmədiyi döyüş olmayıb.

Alik Yusifov Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.

Döyüş əməliyyatlarını necə icra etdiklərindən maraqla danışan Alik deyir ki, ermənilər ümumiyyətlə əlbəyaxa döyüşə qatılmırdılar: “Bəzən hansısa səbəbdən cəsarətlənib basqın etmək istəsələr də, alınmırdı, dərhal geri çəkilirdilər. Bu isə onlara baha başa gəlirdi və çoxlu itkilərə məruz qalırdılar. Ümumiyyətlə ermənilər Azərbaycan hərbçisi görəndə vahiməyə düşürdülər. Bir sıra hallarda alaqaranlıq düşən kimi erməni əsgərlərinin maşınlara yığışaraq qaçmaq istədiklərini görürdük”.

Vətən müharibəsi qazisi Qubadlı döyüşlərindən danışır. Qeyd edir ki, Qubadlının girişində ermənilərin torpağa sancdığı xaçı Azərbaycan bayrağı ilə əvəzləyən məhz Alik olub: “Qubadlıya girən kimi həmin xaçın yerinə Azərbaycan bayrağını sancdım. Həmin vaxt həm sağ ayağım, həm də başım yaralı idi, 5 güllə yarası almışdım. Tibbi çantamda olan yod, spirt və pambıqdan istifadə edib başımın sol nahiyəsində olan yaranın üstünü bağladım, kaskanı başıma taxıb döyüşlərə davam etdim. Lakin, təəssüf ki, Xocavənddə çox ağır yaralandım və daha döyüşlərə qatıla bilmədim. Onu da qeyd edim ki, qərargah rəisimiz İbrahimov Xalid də həmişə bizimlə döyüşlərə qatılırdı və bu, hər birimizə əlavə motivasiya verirdi”.

Alik deyir ki, indi onun səhhətində bir sıra problemlərin olmasına baxmayaraq, özünü mənəvi olaraq həmişəki kimi güclü hiss edir: “Sağ qolumda sinirlərlə əlaqədar hərəkət məhdudiyyəti, ayaqlarımda isə uyuşmalar var. Ümumiyyətlə “YAŞAT” Fondunun xərclərini ödədiyi Türkiyədə keçirilən əməliyyatdan sonra özümü çox yaxşı hiss edirəm. Hazırda müalicəm də elə fondun dəstəyi ilə davam edir və fizioterapiya alıram. Yeni döyüşlərə hər zaman hazıram”.

İkinci Qarabağ müharibəsi qazisinin dediyinə görə, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və orduya göstərilən xüsusi qayğısı nəticəsində qalib gəldi: “Dövlətin bu diqqət və qayğısı hərbçilərin ruh yüksəkliyinə səbəb olurdu. İstər müharibə dövründə, istərsə də müharibədən sonra qazilər də daxil olmaqla bütün müharibə iştirakçıları daima dövlətin diqqətindədir. Göstərilən diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həmçinin mənim sağalmağım üçün əziyyətimi çəkən bütün həkimlərə, o cümlədən “YAŞAT” Fondunun əməkdaşlarına təşəkkür edirəm”.

YAŞAT Fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Bu günə qədər “YAŞAT” Fondu tərəfindən 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 88-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video