23 Oktyabr 2021 01:25
941
CƏMİYYƏT
A- A+

Vətən müharibəsi - milli iradənin, milli ruhun və ləyaqətin təntənəsi

 

Birlik həm də dirilik deməkdir! Bunu bir il öncə xalqımız şanlı qələbənin sevinclərini yaşayarkən yenidən dünyaya nümayiş etdirdi.

Təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı, bütün təbii resurslarını, dini, mədəni abidələrini vəhşicəsinə talan və təhqir etdiyi tarixi Azərbaycan ərazilərinin cəmi 44 günlük Vətən müharibəsi ilə azad edilməsindən bir il ötdü.

27 sentyabr 2020-ci ildə başlayan və Vətən müharibəsi yalnız Ermənistanın işğalına soy qoymaqla deyil, həm də xalqımızın erməni faşizmi üzərindəki möhtəşəm qələbəsi ilə başa çatıb tarixə yazıldı.

27 sentyabr həm də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi zamanı qəhrəmanlıq göstərən şəhidlərimizin əziz xatirəsinin  anım günü kimi də yaddaşlara həkk edildi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar  27 sentyabr 2021-ci il tarixdə xalqımıza müraciət edərək, bir daha Ermənistanın təcavüzkar siyasətinin ifşası ilə yanaşı, xalq-ordu birliyi və hərbi-diplomatik siyasətin nəticəsinin nəyə qadir olduğunu dünyaya bəyan etdi: “Əziz həmvətənlər! Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində mülki şəxslər, hərbçilər ilk saatlarda həlak olmuşdur. Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq, genişmiqyaslı əks-hücumlu  əməliyyatlarına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam qələbə qazanmışdır...”

Azərbaycan Prezidenti xalqa müraciətində xatırlatdı ki, keçən il dekabrın 2-də imzaladığı sərəncamla Azərbaycanda 27 sentyabr Anım günü kimi təsis edilmişdir. Dövlət başçısı Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha baş əyib, onlara Allahdan rəhmət dilədiyini bildirdi. Eyni zamanda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli də qoyuldu. Hələ ötən ilin dekabrında bununla bağlı Azərbaycan Prezidenti sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, Bakı şəhərinin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılmalıdır.

Şəhidlərimizin müqəddəs  və əziz xatirəsinin  sentyabrrın 27-də saat 12-də bütün ölkə üzrə bir dəqiqəlik sükutla yad edilməsi də şanlı tariximizin bir anıdır. Müzəffər Ali Baş Komandan vurğuladığı kimi, bu qələbə tarixdə əbədi qalacaq! Ona görə ki, 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək, öz ərazi bütövlüyünü bərpa edib:

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq. Və belə də oldu: biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq: güc topladıq. Bütün gücləri səfərbər etdik. Ordumuzu gücləndirdik. Ölkə iqtisadiyyatını gücləndirdik. Ölkəmizin nüfuzunu qaldırdıq. Və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Və bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır! Və bundan sonra biz müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq!”

Ermənistan müharibə dövründə uşaq, qoca, qadın demədən, dinc əhalimizə qarşı hərbi təxribat törətdi. Buna görə də 100-dən çox mülki soydaşımız erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq atəş altında qaldı. Ermənistan, hətta qadağan edilmiş silahlardan - ağ fosforlu bombalardan, ballistik raketlərdən istifadə etdi. Lakin, göründüyü kimi, heç nə bizi dayandıra bilmədi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. İllərlə öz tarixi torpaqlarını işğaldan azad etməyə hazırlaşan və o günü gözləyən xalqımızı heç kim, heç nə dayandıra bilməzdi. Azərbaycan Prezidenti İlham Əliyev də müharibə dövründə doğma xalqına dəfələrlə müraciət edərək deyirdi: “...Heç kim, heç nə bizi dayandırmayacaq: biz ədalət savaşına çıxmışıq! Biz ləyaqət savaşına çıxmışıq! Biz milli qürur savaşına çıxmışıq! Biz müqəddəs savaşa çıxmışıq!”

Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq: öldü var, döndü yoxdur! Və Azərbaycan xalqı ordusunun arxasında möhkəm dayanaraq ona əlavə güc verdi. Və günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Ordumuz hər gün irəli gedirdi. Hər gün qələbə qazanırdı. Hər gün yeni uğurlar haqqında məlumatlar alırdıq. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Azərbaycan Silahlı Qüvvələri fədakarlıqla döyüşürdü. Ermənistan ordusunun isə 10 mindən çox fərarisi vardı.

Məhz  Müzəffər Ali Baş Komandan da buna görə bildirirdi ki, şəhidlərimizlə, qazilərimizlə, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə - əsgər və zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, fədakarlığı heç vaxt unudulmayacaq.

Bəli, Müzəffər Ali Baş Komandanın xüsusi qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh və ləyaqətin təntənəsi idi. Biz qələbəni döyüş  meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz şəhidlər verərək bu Qələbəni əldə etdik! Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın.

Haqq-ədalət qalib gəldi: azğınlaşmış, harınlaşmış, quduzlaşmış düşmən  xalqımızla ordumuzun birliyindən yaranmış “dəmir yumruq”  qarşısında diz çökdü, ağ bayraq qaldırdı - təslim oldu! Məcbur oldu ki, noyabrın 9-undan 10-nuna keçən gecə kapitulyasiya aktına imza atsın! Məhz bunun nəticəsində işğalda olan digər şəhər və kəndlərimiz bir güllə atılmadan, şəhid vermədən azad edildi və beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Bu dəfə də Azərbaycan Prezidenti müharibəni hərbi-siyasi yollarla həll etdiyimizi bildirdi. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı: “Dağlıq Qarabağ” adlı inzibati ərazi Azərbaycan ərazisində mövcud deyil! Və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin. Öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın, biz onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı! Və hər kəs bu sözlərlə hesablaşmalıdır və hesabşalacaqdır”.

44 günlük müharibə ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə Anım günündə öz dərin təşəkkürünü bildirən ölkə rəhbəri vurğuladı ki, Türkiyə Respublikası, qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, öz dəstəyini göstərdilər. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək və əlavə güc verdi.

Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyinin müharibə günlərində tarixi Vətənləri ilə bir döyündüyünü deyən Azərbaycan Prezidenti  bildirdi ki, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər: “Onu da bildirməliyəm ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub alıram, həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram, həmrəylik məktubları alıram.

Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim qələbəmizlə razılaşıb, bunu qəbul edib və bu gün bölgədə və o cümlədən Ermənistan-Azərbaycan münasibətlərində gündəliyi  formalaşdıran tərəf Azərbaycandır”.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video