06 Fevral 2021 00:56
936
Mədəniyyət
A- A+

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı işçi qrupunun onlayn iclası olub

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fevralın 4-də Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə əlaqədar müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupunun onlayn iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Anar Kərimov iclasda çıxış edərək dövlət başçısının 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması, Birinci vitse-prezidentin tapşırığına uyğun olaraq, muzeyin konsepsiyasının hazırlanması ilə əlaqədar indiyədək nazirlik tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin fondunun yaradılması üçün lazımi materialların toplanılmasına başlandığını bildirən nazir artıq vətəndaşlarla yanaşı, dövlət qurumları tərəfindən də müvafiq materialların təhvil verildiyini qeyd edib. Bildirilib ki, muzey 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığı, birliyi əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda xalqımızın qəhrəmanlıq irsini və qazanılmış Qələbəni müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olacaq. Vətən müharibəsinin gedişini müasir texnologiyalar vasitəsilə canlandıracaq muzey həmçinin ölkənin ən böyük və müasir maarifləndirici, vətənpərvərlik ruhunda tərbiyəedici mərkəzi kimi fəaliyyət göstərək.

Sonra hərb tarixi üzrə ekspert Səbuhi Əhmədov muzeyin konsepsiyasının ilkin layihəsini işçi qrupunun üzvlərinə təqdim edib.

Onlayn iclasda işçi qrupunun üzvləri - Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov və Gəncliyin inkişafı məsələləri sektorunun müdiri İrfan Davudov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov, təhsil nazirinin müavini Firudin Qurbanov, Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədr müavini Sənan Tapdıqov, Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabiti, polkovnik-leytenant Elvin Əzizov muzeyin məzmununun uğurlu alındığını qeyd edib, öz təkliflərini səsləndiriblər.  

İclasın sonunda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video