31 Avqust 2021 00:32
711
Mədəniyyət
A- A+

Vaqif poeziyası

 

Hər kimin canam kim, bir əhli-ürfan olmaya,

 

Hər kimin canam kim, bir əhli-ürfan olmaya,

Şahi-aləm olsa, onda rahəti-can olmaya.

 

Rəsmi-ülfət bilməyən büt, aşiqin kafər edər,

Ey müsəlmanlar, xoş ol kim, yarı nadan olmaya.

 

Bir ləbi ləlü lətif əndamü gül-rüxsar üçün,

Qətreyi-əşkin nə lütfü var əgər qan olmaya.

 

Afəti-badi-fənadən dağıla, bərbad ola,

Ol bina ki, onda bir zülfi pərişan olmaya.

 

Nə səfa ol gül yanaqdan kim, gözə görünməyə,

Nə ləzzət ol qönçə ləbdən kim ki, xəndan olmaya?

 

Vaqifa, bir məhliqayi-mehribanə meyl qıl,

Ta kəmali-eşqə ondan zərrə nöqsan olmaya.

 

Vidadidən gələn kağız məni fərxəndəhal etdi,

 

Vidadidən gələn kağız məni fərxəndəhal etdi,

Bu halı gördü qəm filhal məndən intiqal etdi.

 

Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə,

Əcəb yox kim, bu məktubu özünə pərrü bal etdi.

 

Ziyayi-şəms tək yetdi, məni bədr eylədi, hala

Əgərçi qəddimi devrani-filmazi hilal etdi.

 

Səvadi namənin, ey dil, məgər zülmati-heyvandır,

Ki, ruhum Xızr tək ondan bəsa kəsbi-kamal etdi.

 

Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın,

Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi.

 

Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,

 

Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,

Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.

 

Getmiş idi ixtiyarım biləsincə yarımın,

Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş.

 

Mən bu dərd ilə əgər ölsəm, məzarə qoymayın,

Üstümə ol tuti dilli şux nigarım gəlməmiş.

 

Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb,

Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş.

 

Deməsin, Vaqif, əcəl kim, gəlsə məndən can alır,

Kimdir ona can verən, fərmani-yarım gəlməmiş?

 

Yazıb bir namə göz yaşilə ol dildarə göndərdim,

 

Yazıb bir namə göz yaşilə ol dildarə göndərdim,

Səriri-hüsnə, yəni şah olan sərdarə göndərdim.

 

Könül tiflinə dərs verdim kitabi-hüsnünü, billah,

Səri-kuyində xəlvət etməyə təkrarə göndərdim.

 

Nə hacət halimi yazmaq ki, qayət də pərişandır,

Onu şərh etməyə yarə dili-sədparə göndərdim.

 

Sirişki-laləgunun danəsin damanimə yıxdım,

Bunu bir töhfə bildim, gözləri xumarə göndərdim.

 

Behəmdülla ki, Vaqif həsrətindən öldü qurtuldu,

Uçurdum can quşun, ey gül, sizin gülzarə göndərdim.

 

Çıxıb başmaq seyrinə, edib seyri-çəmən gəldim,

 

Çıxıb başmaq seyrinə, edib seyri-çəmən gəldim,

Ayaq üstdən Qazağa bir gedib, gördüm vətən, gəldim.

 

Qızıl gül açılan günlərdə gülzari-Qarabağa,

Sənin olsun, əzizim, böylə məlumun ki, mən gəldim.

 

Mən idim abi-yari bu gülüstanın əzəl gündən,

Yetirdim tazəcə güllər gənə mən tazədən gəldim.

 

Xəyalın mühlik azəri məni az qaldı öldürsün,

Qayıtdım rəhgüzari-qəbrdən, yırtdım kəfən, gəldim.

 

Ver ağca, al qarabaşı, gedəndə söylə, ey Vaqif,

Sənin üçün gətirdim bir büti-siminbədən, gəldim.

 

“Pəri” qoşması

 

Boyun sürahıdır, bədənin büllur,

Gərdənin çəkilmiş minadan, Pəri!

Sən ha bir sonasan, cüda düşübsən

Bir bölük yaşılbaş sonadan, Pəri!

 

İxtilatın şirin, sözün məzəli,

Şəkər gülüşündən canlar təzəli,

Ellər yaraşığı, ölkə gözəli,

Nə gözəl doğubsan anadan, Pəri!

 

Üz yanında tökülübdür tel nazik,

Sinə meydan, zülf pərişan, bel nazik,

Ağız nazik, dodaq nazik, dil nazik,

Ağ əllərin əlvan hənadan, Pəri!

 

Ovçusu olmuşam sən tək maralın,

Xəyalımdan çıxmaz hərgiz xəyalın.

Ənliyi, kirşanı neylər camalın,

Sən elə gözəlsən binadan, Pəri!

 

Günəş təki hər çıxanda səhərdən,

Alırsan Vağifin əqlini sərdən,

Duaçınam, salma məni nəzərdən,

Əskik olmayasan sənadan, Pəri!

 

Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!

 

Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!

Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!

 

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,

Hökmü adil padişahi-qadirü qəhharə bax!

 

Sübh söndü, şəb ki, xəlqə qiblə idi bir çıraq,

Gecəki iqbalı gör, gündüzdəki idbarə bax!

 

Taci-zərdən ta ki ayrıldı dimaği-pürqürur,

Payimal oldu təpiklərdə səri-sərdarə bax!

 

Mən fəqirə əmr qılmışdı siyasət etməyə,

Saxlayan məzlumu zalimdən o dəm Qəffarə bax!

 

Qurtaran əndişən ahəngəri-biçarəni,

Şah üçün ol midbəri təbdil olan mismarə bax!

 

İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda,

Ta həyatın var ikən nə şahə, xunxarə bax!

 

Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,

Nə qıza, nə oğula, nə dustə, nə yarə bax!

 

Vaqifa, göz yum cahanın baxma xubü ziştinə,

Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax!

 

Hayıf ki, yoxdur!

 

Kür qırağının əcəb seyrəngahı var,

Yaşılbaş sonası, hayıf ki, yoxdur!

Ucu tər cığalı siyah tellərin

Hərdən tamaşası, hayıf ki, yoxdur!

 

Qış günü qışlağı Qıraqbasanın,

Gözüdür Aranın, cümlə-cahanın,

Belə gözəl yerin, gözəl məkanın

Bir gözəl obası, hayıf ki, yoxdur!

 

Elə gözəl var bunların içində,

Ələ düşməz hərgiz Çinü-Maçində.

Söyləgən, oynağan, dürüst biçimdə

Bəzəyi, libası, hayıf ki, yoxdur!

 

Çoxdur ağ bədənli, büllur buxaqlı,

Lalə zənəxdanlı, qönçə dodaqlı.

Amma şirin dilli, açıq qabaqlı,

Könül aşinası, hayıf ki, yoxdur!

 

Havasından torpağının, yerinin,

Dadızmaz dəhanın, ləbi-şirinin,

Pəri çoxdur, nə fayda heç birinin

Adamlıq ədası, hayıf ki, yoxdur!

 

Ucu əşrəfili, bulut kimi saç,

Dal gərdəndə hər hörüyü bir qulac,

Kəlağayı əlvan, qəsabə qıyğac,

Altından cunası, hayıf ki, yoxdur!

 

Zər haşiyə al nimtənə üstündə,

Xallar üz yanında, çənə üstündə,

Buxağın altında, sinə üstündə,

Zülfün burulması, hayıf ki, yoxdur!

 

Laçın təki başda ala tomağa,

Yaşmağı tutmaya dişə, dodağa,

Cəllad kimi durub qabaq-qabağa

Baxıb can almağı, hayıf ki, yoxdur!

 

Çünki yorğunuyam mən bu yolların,

Qaydasını billəm hər üsülların,

Gümüş biləklərin, bəyaz qolların,

Sarı kəhrəbası, hayıf ki, yoxdur!

 

Ayna tutub hərdəm camal görməsi,

Zülfə, zənəxdana sığal verməsi,

Səhər ala gözün siyah sürməsi,

Əlinin hənası, hayıf ki, yoxdur!

 

Vaqif haqdan dilər lütfü kərəmlər,

Belə yerdə qalan, vallah, vərəmlər.

Yenə yada düşdü bizim sənəmlər.

Getməyin binası, hayıf ki, yoxdur!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video