05:03 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaksinin insan həyatında rolu danılmazdır

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:41 10.07.2021

 

Sağlamlığın əsası uşaq yaşlarından peyvəndləmə ilə qoyulmalıdır

 

Son iki ilə yaxındır ki, insan sağlamlığının qorunması bəşəriyyəti ciddi düşündürən əsas məsələlərdəndir. Çinin Uhan vilayətində “peyda olan” koronavirusun dünyanı çənginə alması bunu bir qədər də aktuallaşdırıb.

COVID-19 pandemiyası ilə mübarizədə daha çox diqqət ayrılan məsələ də vaksinasiyadır.  Koronavirusun daha geniş yayılmasının qarşısının alınması, eləcə də təsirinin azaldılması istiqamətində aparılan mübarizədə vaksinasiyanın, yəni peyvəndlənmənin mühüm önəm daşıması artıq şübhə yaratmır.

Peyvəndlənmə bizə hələ uşaq yaşlarından məlumdur. Lakin biz heç də peyvəndlərin nədən hazırlanmasının fərqinə varmamışıq. Peyvəndlərin sağlamlığımızdakı əhəmiyyətini olduğu kimi dərk etməmişik. Bütün bunlar yalnız həkimlərə məlum olub.

Bu gün də sağlam həyatımız vaksindən, peyvəndləmədən asılıdr. Ona görə də vaksin haqqında bəzi məlumatları həkimlə birlikdə nəzərdən keçirmək qərarına gəldik.

Bakı şəhəri 22 nömrəli uşaq poliklinikasında ailə həkimi kimi fəaliyyət göstərən, ixtisasca pediatr olan Aygün Cəfərliyə müraciət etdik. Həkim öncə vaksinin hazırlanmasına aydınlıq gətirdi: “Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. Çünki immun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı antiteller (humoral immunitet) yaradır.   Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu prosses aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlərin hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır...”

Həkimin fikri maraqlıdır: qədim dövrlərdən müşahidə olunub ki, ağır yoluxucu xəstəlikləri bir dəfə keçirən, daha ona tutulmur və yaxud yüngül keçirir. Ona görə də pandemiya və epidemiyalar zamanı belə şəxslərdən müəyyən qruplar yaradılırdı və onlar xəstələrə qulluq edirdilər: “Vaksin terminini elmə ilk dəfə ingilis həkimi Edvard Cennerin şərəfinə Lui Paster gətirib. O, ilk dəfə insanları “təbii çiçək”dən qorumaq məqsədilə onları inəyin “təbii çiçək” virusu ilə immunizə etmiş və bunun 100 faiz effektliyini təsdiqləmişdir. Edvard Cennerin davamçısı Lui Paster diri mikrobların təbii antigenliyini zəiflədərək, onlardan vaksin hazırlayıb. Bu məqsədlə o, yüksək temperaturdan istifadə edib və buradan da “pasterizasiya” termini əmələ gəlib.

Vaksinasiyanın əsas məqsədi orqanizmdə erkən dövrdə güclü immunitet yaratmaqdır. Vaksinasiyaya əsas yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artması, eləcə də əhali arasında epidemiyaların baş verməsi hesab edilir. Kütləvi profılaktika tədbirləri aparılarkən vaksinasiyaya əks göstərişlər, həmçinin insanın ümumi vəziyyəti nəzərə alınmalıdır”.

Vaksinasiyalara qarşı nəzərdə tutulan əks göstəricilərə bunlar aiddir: kəskin yoluxucu və somatik, parenximatoz orqanların (qaraciyər, böyrək) çatışmazlıqları, kəskin ürək-damar, mərkəzi sinir sistemi orqanları, bədxassəli xəstəliklər, ağır immun çatışmazlıqları, allergik reaksiyalar və s.

Vaksin tətbiq olunduqdan sonra əgər orqanizmin temperaturu qısamüddətli qalxarsa, yerli əlamətlər (hiperemiya, inyeksiya nahiyəsində şişkinlik) qəbul olunmuş norma həddində isə peyvəndin təyini əks göstərici hesab edilməməlidir.

Hazırda Amerikada 5 yaşa çatmış uşaqların 98 faizdən çoxu planlaşdırılmış  immunizasiyaya məruz qalırlar. Bunsuz uşaqlar məktəbə qəbul edilmirlər.  Göyöskürək vaksininin tərkibindən hüceyrə komponentinin çıxarılması onun  xoşagəlməz təsirlərini aşağı salır. Bir çox inkişaf etmiş ölkələrdə əlavə olaraq hepatit  B-yə qarşı xüsusi vaksinasiya aparılır.

Aygün xanım  qeyd edir ki, erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər onu təkrarən yaxalaya bilər: “Peyvəndlər aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi  təsirlər yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq başağrısı, başgicəllənmə,  halsızlıq və iştahasızlıq meydana gətirir. Nadir hallarda rast gəlinən belə kənar təsirlər  əndişəyə səbəb olsa da, peyvəndlər uşaqları ölümcül xəstəliklərə yaxalanmaqdan  qoruyur. Unutmayaq ki, allergiyaya meyilli uşağa peyvənd olmaz.

Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bunlardan qorumaq üçün peyvənd erkən aparılmalıdır. Peyvəndsiz  keçinmək yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında  müdafiəsiz qalır. Tibbi səbəblər üzündən, eləcə də peyvəndə qarşı allergiyası olan  uşaqların dəhşətli xəstəliklərdən qorunması ətrafındakı insanların immunitet sisteminin  möhkəm olmasından asılıdır”.

Təəssüf ki, koronavirus pandemiyası ilə bağlı fikirlər hələ də cəmiyyətdə, hətta dünyada birmənalı deyil. Həkimlər qaldı bir tərəfdə, insanlar sosial şəbəkələr üzərindən yayılan dezinformasiyalara o qədər aludə oldular ki, sanki hamı bu gözəgörünməz bəlanın mövcudluğuna şübhə ilə, yaxud ondan xilas yollarını stimullaşdıran, kömək edəcək vasitə və üsullardan istifadə məqsədi daşıyan qayda-qanunlara dırnaqarası yanaşdılar. Əslində, vəziyyət heç də o insanları çaşdıran məlumatlarda olduğu kimi deyildi. Məsələ bundan ibarətdir ki, söhbət insan sağlamlığından gedir, demək, ilk növbədə, tibbi profilaktikanı unutmamalıyıq.

Xeyli vaxtdır sahə həkimi kimi çalışan Aygün Cəfərlinin məktəblilərlə bağlı layihələri də az olmayıb. Bir həkim kimi  müşahidə etdiklərinə əsaslanaraq deyir ki, insanların tibbi maarifləndirməyə ciddi ehtiyacları var: “...Ailə həkimi kimi bunun dönə-dönə şahidi olmuşam. İnsanlar adicə müəyyən profilaktika, gigiyena qaydalarına əməl etmənin məqsədini və vacibliyini bilmirlər. Ona görə də  sağlamlığın əsas şərtlərini bilmək, dəyərləndirmək lazımdır. Bunu ona görə deyirəm ki, insanlar müəyyən xəstəliklərin nədən yaranmasından və onun profilaktikasından xəbərdar olsunlar. Bundan ötrü tez həkimə müraciət etməsinlər. Özləri profilaktik qaydada tədbir görməyi bacarsınlar. Bu zaman həkimlərimizin də yükü azalmış olar. Bu, birinci məsələdir ki, məktəblərdə uşaqlarla işləyəndə həkim təbliğatı nədən başlamalıdır. Bundan başqa, sahə həkimləri həm də peyvəndləmə işini həyata keçirirlər”.

Həkimin də xüsusi vurğuladığı kimi, bu gün yaşından asılı olmayaraq, hər kəsi maraqlandıran peyvənd məsələsidir. Söhbət, əlbəttə, yalnız koronavirus pandemiyasına qarşı aparılan peyvəndləmədən getmir. Bugünkü vaksinasiyaya qədər bir çox peyvəndlər edilib. Bu, əslində, ilk növbədə, uşaqlara aiddir. Körpə dünyaya gəldikdən sonra ata-ana yaxşı bilir ki, bəzi yoluxucu xəstəliklərdən uzaq olması üçün onlar mütləq peyvəndlənirlər. Hər birimiz müxtəlif peyvəndlər almışıq.

Elə peyvəndlər var ki, dövlət tərəfindən ölkə vətəndaşlarının (söhbət azyaşlılardan gedir) sağlamlığının qorunması, müxtəlif infeksion xəstəliklərə qarşı edilməsi məcburidir. Bu peyvəndlər dövlət müəssisələrində pulsuz edilir. Lakin elə peyvəndlər də var ki, onlar özəl sektorda fəaliyyət göstərən klinikalarda ödənişli əsaslarla edilir. Acınacaqlı hallardan biri də odur ki, bəzən, bəlkə də çox hallarda elə vətəndaşlarımız olur ki, yeni doğulmuş körpələri vurulacaq peyvəndlərdən uzaq  saxlamağa çalışırlar. Bu, çox təhlükəli bir haldır. Onlar bilməyərəkdən öz övladlarının təbii sağlamlığının sanki qarşısına xəstəliklər çıxarırlar: “Körpə doğulduğu 12 saat ərzində ona Hep B (Hepatit B xəstəliyinə qarşı peyvənd), daha sonra 4-7-ci gün ərzində vərəm əleyhinə peyvənd (BCG) edilir. Bununla iş bitmir. Poliomielit əleyhinə olan  peyvənd (OPV)  damcı isə körpənin ağzına damızdırılır. Bunlar ilk 10 gün müddətində olan peyvəndlərdir. Hepatit B-yə qarşı damcı doğum evində, sonrakı həftə ərzində, digər peyvəndlərlə birlikdə poliklinikada edilir. Digər peyvəndlər uşağa 2-3-4-6 aylığında, 12 ayında (1 yaş), 18 ayında və 6 yaşında sorğu-sualsız vurulmalıdır.

İki aylığında  körpələrə vurulan (HİB) “göyöskürək”, “difteriya”, “tetanus”, “hepatit B” və “B tipli hemafil infeksiyasına qarşı” olan (bunların da 5-lik penta və 6-lıq hexa formatları var) peyvəndlərdir. Bunlar eyni zamanda 2,3 və 4 aylıqda, ayda bir dəfə olmaqla edilir. Həmin aylarda körpəyə poliomielitə qarşı peyvənd (damcı OPV) də verilir. 2-4-6-cı aylarda pnevmakokk (PK) infeksiyasına qarşı da peyvənd var. 6 aylıqda uşağa poliomielit vaksini (İPV) iynə şəklində vurulur. Bir yaşlı uşağa isə qızılca, parotit, məxmərəyə (QPM və ya MMR adlanır) qarşı peyvənd vurulur və vitamin-A damcı verilir. 18 aylığında (1.6 yaşında) “göyöskürək”, “difteriya” və “tetanus”a qarşı peyvəndin (GDT)1-ci revaksinasiyası, poliomielit (OPV) damcının revaksinasiyası və vitamin-A damcı mütləqdir. 6 yaşında uşağa edilən peyvəndlər 1 yaşında edilən QPM-in təkrar  revaksinasiyasıdır. Eyni zamanda 6 yaşında  difteriya və tetanusa qarşı peyvənd olunur, ancaq  6 yaşında GDT deyil, DT forması şəkilində  (tərkibində göyöskürək olmadan). Bunlar dövlət proqramı əsasında həyata keçirilir. Lakin özəl tibb müəssisələrində də qrip və digər xəstəliklər əleyhinə peyvəndlər edilir.

Hazırda ölkəmizdə qrip əleyhinə peyvənd var: 5-18 yaş arasında (daha tez-tez xəstələnən, risk qrupuna daxil olan uşaqlar üçün). İstənilən halda  vətəndaşlarımız  qeydiyyatda olduqları poliklinikalara gələrək həmin peyvəndləri uşaqlarına vurdura bilərlər”.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM