13 Mart 2021 00:28
686
Səhiyyə
A- A+

Vaksinasiya virusa qarşı kütləvi immunitetin qazanılmasını təmin edəcək

 

Bir il əvvəl pandemiyaya çevrilən koronavirus infeksiyası yayılmaqda davam edir. Bu müddət ərzində ölkələrdə həyata keçirilən sərt karantin rejimləri sayəsində COVID-19-un yayılmasında müəyyən azalmalar hiss olunsa da, yumşalmalar zamanı virus yenidən sürətlə yayılmağa başlayıb.

 Hazırda da dünya  üzrə vəziyyət ürəkaçan deyil və gündəlik olaraq yüz minlərlə insan koronavirusa yoluxur. Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, Yer üzündə bu təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 119 milyonu ötüb, 2 milyon yarımdan çox insan həyatını itirib.

Hazırda əksər ölkələrdə COVID bəlasına qarşı ən effektiv üsul olan vaksinasiya prosesi aparılır. ÜST-ün mütəxəssisləri bildirirlər ki, vaksinlər artıq insan həyatını xilas edir.

BMT-nin Baş katibi Antonio Quterreş başlanan peyvənd kampaniyasının ümid verdiyini söyləyib. Eyni zamanda Quterreş gəlirləri aşağı səviyyədə olan bir çox ölkədə COVID-19 əleyhinə hələ bir dənə də peyvənd edilmədiyini, daha yüksək gəliri olan bəzi dövlətlərin isə artıq əhalisinin tam vaksinasiyası, yəni onların ən çox həsrətində olduqları məqsədinə doğru çatmaq üzrə olduqlarını xatırladıb. “İstehsalçılardan vaksinlərin alınması ilə bağlı ikitərəfli sövdələşmələr peyvəndlərə universal çıxışı təmin etmək imkanını azaldır”, - deyə Baş katib xəbərdarlıq edib.

Ötən ayın 26-da Prezident İlham Əliyev də yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında vaksinlərin ölkələr üzrə bərabər bölünməməsi məsələsinə toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki, Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəkləyib. Sessiya ötən ilin dekabr ayında keçirilib: “Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük”.

Yanvarın 18-dən etibarən Azərbaycanda da vaksinasiyaya start verilib və ölkəmizdə Çinin “Sinovac” peyvəndindən istifadə edilir. Dövlət hesabına və könüllülük prinsipi ilə həyata keçirilən vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.

Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır.

Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaqdan, infeksiyanın ötürülməsini məhdudlaşdırmaqdan, ölüm halının qarşısını almaqdan və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

“Koronavirusinfo” saytının məlumatına əsasən hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 443888 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Göründüyü kimi, əhalinin təhlükəsizliyi, virusa qarşı kütləvi immunitetin qazanılması üçün ölkəmizdə sürətli vaksinasiya həyata keçirilir.

Lakin yanvar ayının 18-dən etibarən sərt karantin rejimi çərçivəsində bir çox açılımların olması və yumşaldılmanın bəzi insanlar tərəfindən virusun yox olması kimi başa düşülməsi, sosial məsafə, maska taxılması kimi vacib şərtlərə əməl etməməsi səbəbindən koronavirusa yoluxma hallarında yenidən artım baş verib. Belə ki, əgər bir müddət əvvəl yoluxmada ikirəqəmli say qeydə alınırdısa, son günlər bunun üçrəqəmli həddə sıçramasını müşahidə edirik.

Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,3 faizi paytaxtda qeydə alınıb. Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyasına yoluxma göstəricilərinə əsasən, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi 15 faizlə Binəqədi rayonunun payına düşür. Daha sonrakı yerlərdə isə Xətai, Yasamal, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Xəzər, Qaradağ, Səbail, Pirallahı rayonları gəlir.

Mütəxəssislər qarşıdakı zamanda, xüsusilə də Novruz bayramı günlərində pandemiya şərtlərinə əməl edilməyəcəyi təqdirdə yoluxma sayının daha yüksək olacağı barədə xəbərdarlıq edib, yoluxma sayının yüksələn tendensiya ilə davam edəcəyi təqdirdə məhdudiyyətlərin qaçılmaz olduğunu bildiriblər.

Bayramda sosial ünsiyyətin artacağı, tətili keçirmək üçün əksər insanların rayonlara üz tutacağı da istisna deyil. Sürətli yayılma xüsusiyyətinə malik təhlükəli koronavirus da elə bu səbəblərdən arta bilər. Buna görə də xalqımızın builki Novruz bayramını həmişəkindən bir az fərqli, pandemiya şərtlərinə əməl edərək keçirməsi arzuolunandır. Qlobal bəlanın hələ bitmədiyini nəzərə alaraq, sosial ünsiyyətimizi maksimum azaltmağa diqqət etməliyik. İmkan daxilində qonaq getməkdən, bayramı qapalı məkanlarda qeyd etməkdən çəkinməliyik.

Hazırkı reallıq budur ki, yalnız tibbi maskalardan düzgün istifadə etməklə, sosial məsafə gözləməklə, gigiyena qaydalarına uyğun davranmaq və könüllü vaksinasiya olunmaqla COVİD-19 təhlükəsindən qoruna və normal həyata qayıda bilərik.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video