20 Fevral 2021 00:31
954
Səhiyyə
A- A+

Vaksinasiya mərhələsində də pandemiya şərtlərinə əməl olunmalıdır

 

“Bu gün COVID-19 əleyhinə bütün vaksinlərin 75 faizi cəmi 10 ölkənin payına düşür. Eyni zamanda 130-dan çox ölkə vaksinlərin bir dozasını da almayıb”. Bu məlumatı BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Onun sözlərinə görə, COVID-19 insanların həyatını məhv etməyə və iqtisadiyyatı sarsıtmağa davam edir. Dünya əhalisinin vaksinasiya prosesi çətin ki, dürüst və bərabər hesab edilə bilər. Baş katib vaksinlərin ədalətli bölüşdürülməsinin qlobal ictimaiyyət qarşısında duran əsas mənəvi vəzifə olduğunu, pandemiya ilə mübarizə, iqtisadiyyatın bərpası üzrə koordinasiyalı səylərin və xüsusilə qlobal vaksinasiya planının hazırlanmasının zəruriliyini bildirib: “Böyük İyirmiliyə daxil olan ölkələr belə bir planın hazırlanması ilə məşğul olan fövqəladə operativ qrup yaratmalıdırlar”.

Digər tərəfdən də koronavirusa yoluxanların sayı dünyada sürətlə artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir ki, dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 363 mindən çox artıb və beləliklə, yoluxanların ümumi sayı 109 milyonu ötüb.

Yanvarın 18-dən Azərbaycanda da yeni növ koronavirusa qarşı vaksinasiya aparılır. İlk günlərdə peyvənd olunanlara artıq ikinci doza vurulur.

Ölkəmizdə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksinin yaratdığı immunitetin minimum müddəti bir ildir. Peyvəndin maksimum müddəti isə hələ təsdiqlənməyib.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, Azərbaycanda tətbiq olunan “CoronoVac” peyvəndi tibbdə bugünə qədər uğur qazanmış inaktiv peyvəndlər qrupuna daxildir. Bu peyvəndin 2-ci fazada edilən tədqiqatının nəticəsi elmi ədəbiyyatda çap edilib. 3-cü fazanın son nəticələrinin də əsas hissələri elmi tədqiqat şəklində dərc edildikdən sonra onunla hər kəs tanış ola biləcək: “CoronaVac” peyvəndi Çin istehsalı olan və bir neçə ölkədə artıq istifadə olunan “Sinopharm”ın “Vero” peyvəndi kimi inaktiv SARS-CoV-2-dən hazırlanır. İnaktivləşməsində əsasən beta-propiolaktondan və vaksinin təsir gücünü artırmaq üçün alüminium-hidroksiddən istifadə olunduğu bildirilir. İnaktiv peyvəndlər tibbdə uğur qazanmış peyvəndlər qrupuna daxildir, ona görə bu dəfə də uğur qazanacağı istisna deyil”.

Azərbaycanda pandemiyaya qarşı əldə olunan müsbət tendensiya sərt karantin rejiminin tədricən yumşaldılmasına da şərait yaradıb. Xüsusilə təhsil sahəsində əyani tədrisin bərpası ilə bağlı bir çox açılımlar həyata keçirilib. Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyətinə mərhələli şəkildə başlanılıb. İri şəhərlərdə tədris həftədə 3 dəfə, rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa edilib.

Fevralın 8-dən isə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında ümumtəhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla həyata keçirilir. Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki  məsafəni  gözləməyə imkan verməyən ümumtəhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla keçirilir. Uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçirilir.

15 fevral tarixindən isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla bərpa edilib.

Eyni zamanda bu ayın 15-dən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları fəaliyyətini davam etdirməyə başlayıb.

Mütəxəssislərin də vurğuladığı kimi, karantin rejiminin yumşaldılması zamanı yoluxma riski artır. Elə buna görə də hazırkı mərhələdə ikiqat məsuliyyətli olmaqla qaydalara daha ciddi riayət etməliyik. Bununla bağlı Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirib ki, pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir. Bu dövrdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərə əməl edilməsi vətəndaşların sağlamlığına xidmət edir: “Nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. Pandemiya şəraitində vətəndaşlarımız qaydalara ciddi əməl etməklə, özünü, yaxınlarını, bütövlükdə cəmiyyəti bu bəladan qorumalıdır.  İnzibati cərimə çəkindirici xarakter daşıyır, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədindən irəli gəlir. İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır. Bir daha diqqətə çatdırırıq ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları hansısa vətəndaşın cərimə edilməsində maraqlı deyil. Yetər ki, vətəndaşlar tibbi maskadan düzgün istifadə etsinlər”.

Müraciətdə qeyd olunub ki, tək Azərbaycanda yox, dünyanın bütün ölkələrində pandemiya ilə əlaqədar hüquq normaları var. Bu hüquq normalarının təmin edilməsinə ciddi nəzarət olunur: “Bir sıra dövlətlər tərəfindən pandemiyanın geniş yayılmasının qarşısının alınmasında müəyyən edilən qaydaların yerinə yetirilməsi üçün daha sərt cəza tədbirləri həyata keçirilir. Məsələn, tibbi maskalardan istifadə etməyən şəxslərə Türkiyədə 219 manat, Almaniyada 307 manat, Böyük Britaniyada 235 manat, Fransada 276 manat, ABŞ-da 510 manatdan 550 manata qədər cərimələr tətbiq edilir. Elə ölkələr var ki, orada daha yüksək cərimələr olmaqla yanaşı, 30 sutka həbs qərarı olan hüquq normaları tənzimlənir”. 

Bu bir reallıqdır ki, COVID-ə qarşı aparılan hərtərəfli mübarizə, mərhələli şəkildə həyata keçirilən vaksinasiya prosesi ilə paralel olaraq vətəndaşların da qaydalara məsuliyyətli yanaşması sayəsində təhlükəli virusdan birdəfəlik can qurtarmaq mümkündür. Bunun üçün də maska taxmalı, sosial məsafəni gözləməli, gigiyena qaydalarına riayət etməliyik.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video