04 Aprel 2021 01:21
639
Səhiyyə
A- A+

Vaksinasiya ən səmərəli mübarizə vasitəsi kimi özünü təsdiqləyir

 

Artıq bir neçə aydır həyata keçirilən vaksinasiya dünyanın bir sıra ölkələrində koronavirusa yoluxma sayının azalmasında özünü göstərməkdədir. Belə ki, əhalisinin əksəriyyətinin ən azı bir doza peyvənd aldığı İsrail və İngiltərə kimi ölkələrdə vaksinasiyanın xəstəxanalara müraciəti və ölüm sayını azaltdığı müşahidə edilir.

Böyük Britaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən ilin dekabr ayından bəri peyvəndləmə tədbirləri yaşı 70-dən yuxarı olan ən azı 6 min nəfərin həyatını qorumağa kömək edib. İsraildəki statistik məlumatlar isə göstərir ki, “Pfizer-BioNTech” vaksininin 2 dozası yoluxmadan, xəstəliyin ağır keçməsindən və xəstəxanaya düşməkdən 90 faiz qoruyur. Sadalanan faktlar hazırda bəşəriyyətin COVID-19 bəlasından qurtulmaq üçün yeganə yolunun vaksinasiyadan keçdiyini bir daha təsdiqləyir.

Hazırkı dövrə qədər 138 ölkədə təxminən 565 milyon doz peyvənd tətbiq olunub. İlk baxışdan bu rəqəmlər kifayət qədər yüksək görünsə də, dünya əhalisinin sayı ilə müqayisədə çox az olduğunu görürük. Və elə yenə də hesablamalara əsasən mütəxəssislər düşünürlər ki, vaksinasiyanın belə tempdə davam edəcəyi təqdirdə də bu proses 2023-cü ilə, hətta bir qədər də çox müddətədək çəkə bilər.

Dünyada koronavirusun yeni ştamları da yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun məlumatına əsasən Böyük Britaniyada aşkar edilmiş yeni ştamm artıq Avropa regionundakı 50 ölkədə tapılıb. Hazırda Avropada koronavirusun məhz bu variantı üstünlük təşkil edir. Bu da məlumdur ki, həmin variant daha sürətlə yayılır və xəstəliyin ağır keçməsi riskini artırır. Bu ştamm çox təhlükəli olduğundan əlavə ehtiyat tədbirlərinin həyata keçirilməsini tələb edir.

Qeyd edək ki, Avropa regionu əhalisinin 10 faizi COVID-19-a qarşı vaksinin birinci dozasını və 4 faizi isə vaksinin hər iki dozasını alıb. Regionun bütün inkişaf etmiş ölkələrində vaksinləmə başlayıb. Bu proses gəlir səviyyəsi orta olan ölkələrin 80 faizini və gəlirləri aşağı səviyyədə olan ölkələrin 60 faizini əhatə edir. Avropada 10 dövlət vaksinlərin paylanması üzrə beynəlxalq COVAX layihəsi üzrə vaksin alıb.

Məlumat üçün bildirək ki, Pfizer və BioNTech ilə ortaq şəkildə hazırlanan peyvənd təsdiqlənən ilk CovId-19 peyvəndidir. Daha sonra Oxford-AstraZeneca, ABŞ-da hazırlanan Moderna, Çində istehsal olunan Sinovac və Sinopharm və Rusiyadan Sputnik V peyvəndləri tərəfindən hazırlanan peyvənd geniş istifadəyə verilib.

Azərbaycanda da yanvar ayının 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə koronavirusa qarşı peyvəndləməyə start verilib və bu proses bütün ölkə üzrə uğurla və sürətlə həyata keçirilir.

Avropa İttifaqından cəmi 1 ay sonra, Cənubi Qafqazda isə ilk dəfə olaraq vaksinasiya işlərinə start verən ölkəmiz öncədən 4 milyon doz vaksinin gətirilməsini təmin edib. Azərbaycan COVAX təşəbbüsünün üzvü kimi vaksin istehsal edən bir neçə şirkətlə də müqavilə imzalayıb.

Hazırda respublikamızda vaksinasiya milli peyvəndləmə strategiyasına uyğun olaraq, Çindən sifariş edilmiş “CoronaVac” peyvəndi vasitəsilə aparılır. “AztraZeneca” şirkətinə məxsus 432 min doza COVID-19 vaksin dərman vasitəsinin isə mayın sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

Azərbaycan pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görən azsaylı nümunəvi ölkələr sırasındadır. Koronavirusun ortaya çıxdığı ilk zamanlardan etibarən ona qarşı operativ şəkildə qabaqlayıcı tədbirlər həyata keçirilən ölkəmizdə dərhal səhiyyə sisteminin virusla mübarizəyə istiqamətləndirilməsi pandemiyanın fəsadlarının minimuma endirilməsində mühüm rol oynayıb. Qısa müddətdə 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirilib, 13 modul tipli xəstəxana inşa edilib, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başlayıb.

Ölkəmizdə yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testin aparılması, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi və bu istiqamətdə görülən kompleks tədbirlər sağalanların sayını çoxaldıb. Virusa yoluxma dinamikası nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilən sərtləşdirmə və yumşaldılma tədbirləri öz bəhrəsini verib, COVID hər zaman nəzarətolunan səviyyədə saxlanılıb.

Azərbaycan dünyanı bürüyən pandemiya ilə yalnız ölkə daxilində deyil, qlobal müstəvidə mübarizə aparır, bu istiqamətdə bütün səylərini səfərbər edir. Respublikamız ÜST-ə 10 milyon dollar məbləğində könüllü ianə verib və bu vəsaitin 5 milyonu Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə ayrılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi, martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, münasib qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi də ölkəmizin qlobal həmrəyliyin möhkəmlənməsinə verdiyi uğurlu töhfələrdən biridir.

Dövlətimiz dünyanın ortaq bəlası ilə hərtərəfli mübarizə aparır və bu istiqamətdə ardıcıl və düzgün qərarlar verir. Yuxarıda vurğulandığı kimi, dünyada koronavirusun yeni ştammlarının yayıldığı, eləcə də ölkəmizdə son zamanlar virusayoluxma dinamikasında artım yaşadığımız bu həssas dövrdə də bir sıra ehtiyat tədbirləri görməyə qərar verilib. Aprelin 5-dən etibarən bir neçə şəhər və rayonda dərslərin ənənəvi üsuldan distant qaydaya keçirilməsi də bu qəbil tədbirlərin tərkib hissəsidir.

Pandemiya ilə mübarizənin bu məqamında da vətəndaşların ehtiyatlı davranması, sosial məsafəyə, maska taxılmasına məsuliyyətlə yanaşması vacibdir. Bu bir reallıqdır ki, koronavirusa qarşı ehtiyat tədbirlərinə nə qədər çox əməl etsək, normal həyata qayıdışımız da bir o qədər sürətli baş verəcək.

Əminik ki, vətəndaşların şəxsi məsuliyyəti, koronavirus infeksiyasının bütün ştammlarına qarşı ən effektli qoruyucu mexanizm olan vaksinasiyanın aparılması tez bir zamanda ölkəmizdə COVID bəlasının nəfəsini kəsəcək.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video