26 Avqust 2021 01:42
1695
SİYASƏT
A- A+

“Uşaqlar mənim dünyamdır”

 

Mehriban Əliyevanın şəfqət və qayğısı sayəsində kimsəsiz uşaqların da aləmi rəngarəng, sevincli və qayğısızdır

 

O, xilas edilmiş bir uşağın təbəssümünü dünyalara əvəz bilir...

Hər zaman onu uşaqların əhatəsində, onların qayğısına qalarkən görürük...

Onlarla birlikdə sevinir, deyir-gülür, şənlənir, uğurlarını alqışlayır, körpə qəlblərinin xoşbəxtliklə aşıb-daşmasına çalışır...

Valideynsiz, kimsəsiz uşaqlara hamilik edir, onlara daim arxa-dayaq durur, “mənəvi analıq edir”...

Birinci xanım, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadan danışırıq...

Birinci xanım uşaqların sevincini Heydər Əliyev Fondunun fəaliyyətinin ən böyük uğuru hesab edir.

Kimsəsiz uşaqların taleyini daim diqqət mərkəzində saxlayan Mehriban xanım hər zaman onlara baş çəkir, əlamətdar günlərdə, bayramlarda, hətta öz ad günündə belə uşaqların əhatəsində olmağı sevir, onlarla ünsiyyət yaradır, problemləri ilə maraqlanır, təhsil almaları, həyatda öz yollarını tapmaları üçün malik olduqları bacarıqlarını inkişaf etdirmələri istiqamətində dəstək göstərir, gələcək həyata daha sağlam qədəm basmaları üçün ruhlandırır. Kimsəsiz gənclərə ev tikdirir, toy edir, hədiyyələr göndərir...

Uşaq evinin yaşı 18-ə çatmış gənclərinin sonrakı taleyi də Mehriban xanımın diqqətindən yayınmır. Heydər Əliyev Fondu internat həyatı başa çatan gənclər üçün yaşayış binası tikdirib onların istifadəsinə verir. Bu layihə müstəqil həyata qədəm qoyacaq gənclərin yaşamı üçün müstəsna əhəmiyyət kəsb edir.

Mehriban xanım hər vəchlə çalışır ki, kimsəsiz uşaqlar da atalı-analı uşaqlar kimi bəxtəvər, özlərini arxa-dayaqlı, qəlblərində olan valideyn boşluğunu hiss etmədən yaşasınlar.

Birinci vitse-prezidentin uşaqların xoşbəxt ömür sürmələri üçün həyata keçirdiyi nəcib missiya onu bütün uşaqların ən yaxın dostuna, qayğıkeşinə, “mənəvi ana”sına çevirib. 

Buna görə də demək olar ki, Azərbaycanda kimsəsiz uşaq yoxdur. Hətta dəfələrlə uşaq evlərində olarkən, həmin uşaqlarla etdiyimiz söhbətlər zamanı onların hər biri qətiyyətlə söyləyir ki, “Dayağı Mehriban xanım olan uşaq kimsəsiz olarmı?!”

 

Uşaqlara yay ərməğanı

 

Lap tezdəndir, Günəş dənizdən boylanıb dan üzünü yenicə boyayıb və bir andaca uşaqların şən, şaqraq sədası geniş həyəti başına götürüb. Qayğısızlıqla gülür, oynayır, yaşıllıqlara qulluq edir, quşlara yuva düzəldir, qıvrım tüklü sevimli heyvanları  ilə oynayırlar...

Gah bir-birləri ilə bilik yarışına çıxır, gah şahmatla zehinlərini sınağa çəkir, gah da təbiətin rəsmini ağ kağıza köçürürlər...

Bir neçə qızcığac səylə gəlinciklərinin saçlarını hörür, daha sonra isə dizlərinin üzərinə qoyub onlara layla çalmağa başlayır... 

Arabir içəridən piano sədaları yayılır, kimsə həzin-həzin “Əziz ana”nı oxuyur: “Gözümün nuru, canım ana, böyütdün sən məni yana - yana...”

Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki istirahət düşərgəsindəyik... Uzun illər istifadəsiz qalaraq baxımsız vəziyyətə düşən istirahət düşərgəsi Mehriban xanım Əliyevanın tapşırığı ilə yenidən tikilib və 2006-cı il may ayının 10-da Birinci vitse-prezidentin iştirakı ilə açılışı olub. Burada yataq, iaşə və inzibati binalardan ibarət 3 korpus müasir avadanlıqlarla təchiz olunub. Rahat istirahət guşələri, oyun meydançası uşaqların istifadəsinə verilib. 2013-cü ildə, daha sonra isə bu ilin may ayında düşərgə əsaslı təmir edilib, uşaqlara asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb.

Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə onlara yay aylarında istirahətlərini çimərlikdə keçirmələrinə də imkan verir.

Yay boyu Günəşin, dənizin, qumun faydalarından bolluca bəhrələnir, soyuq aylara bol enerji, sağlam canla qədəm qoyurlar.  

 

“Birinci xanımın bizə göstərdiyi şəfqət kimsəsizliyimizi unutdurub”

 

İlin digər fəsillərində də düşərgəyə üz tutan uşaq evinin sakinləri xüsusilə buranın yayını xoşlayırlar. Ötən il isə pandemiya səbəbindən istirahət düşərgəsinə gəlməyiblər və hazırda burada olduqları üçün olduqca sevincli görünürlər.

Həmsöhbət olduğumuz 11 yaşlı Yusif söyləyir ki, istirahət düşərgəsinə gələndən  günləri daha rəngarəng keçir. Açıq havada müxtəlif oyunlar, yarışlar keçirirlər ki, bunlar da istirahətlərini mənalı edir. 

Maral təbiəti sevir, bitkilərə qulluq etməyi xoşlayır. Dostları ilə birgə ağacların dibini belləyir, onlara su verir. Hər gün əkdikləri balqabağın tağlarının uzanmasına, üzərindəki iri, sarı güllərə, getdikcə böyüyən barına heyranlıqla tamaşa edirlər. Uşaq evinin sakinlərinin çox xoşladıqları və qışda tez-tez yedikləri balqabaq plovunun öz yetişdirdikləri məhsuldan hazırlanacağı üçün ona xüsusi qulluq edirlər...

Nuray isə dəniz vurğunudur, saatlarla onu seyr etməyi, dalğaların səsinə qulaq asmağı xoşlayır, bu ona mənəvi sakitlik bəxş edir. 10 ildir ki, uşaq evinin sakini olan Nuray gözəl təbiət rəsmləri çəkir, arzusu modelyer olmaqdır.

 18 yaşlı Ayla isə Rəssamlıq Akademiyasının 3-cü kursunda oxuyur. 8 yaşından bu uşaq evində böyüyən Ayla ötən illər ərzində ona göstərilən qayğı və diqqət sayəsində özünü heç zaman kimsəsiz hiss etmədiyini söyləyir: “Düzdür, uşaq evinə ilk gəldiyim zamanlarda bura öyrəşə, uyğunlaşa bilmirdim. Anam üçün, evimiz üçün darıxırdım. Amma bizə göstərilən diqqət və qayğı sayəsində tezliklə buranı doğma evim, ailəm saydım. Bu illər ərzində hər zaman Mehriban xanımın nəzəri üzərimizdə olub. Birinci xanım daim görüşümüzə gəlib, tədbirlərimizdə iştirak edib, nailiyyətlərimizi alqışlayıb. Bizimlə bir süfrə arxasında əyləşib, söhbət edib, problemlərimizlə maraqlanıb, çətinliklərimizin həlli istiqamətində kömək göstərib. Mehriban xanımın bizə göstərdiyi şəfqət kimsəsizliyimizi unutdurub”.

Ayla qeyd edir ki, Birinci xanımın diqqəti sayəsində uşaq evində yaradılan yüksək və hərtərəfli şərait buradakı bütün uşaqların gələcəklərini möhkəm təməllər üzərində qurmasına kömək olur.

 

Heydər Əliyev Fondunun dəstəyi sayəsində uşaqlar pandemiyanı hiss etmədilər

 

Uşaq evinin direktoru Nərminə Zöhrabova söylədi ki, uşaq evinin sakinləri üçün istirahət düşərgəsində bu cür yüksək şəraitin yaradılması, uşaqların bütün istək və arzularının yerinə yetirilməsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Direktor məlumat verdi ki, pandemiya dövründə də demək olar ki, Heydər Əliyev Fondunun bir əli uşaq evinin üzərində olub. Hər cəhətdən, təchizatdan tutmuş, uşaqların sağlamlıqlarının  qorunmasına qədər bütün istiqamətlərdə işlər, tədbirlər görülüb ki, onlar xəstələnməsin, sağlam və rahat yaşasınlar. Eyni zamanda artıq fevral ayından uşaq evinin bütün personalı vaksinasiyadan keçib: “Mehriban xanımın, Leyla xanım Əliyevanın qayğısı sayəsində biz demək olar ki, pandemiyanı hiss etmədik.

Hər gün Leyla xanım bizimlə görüntülü əlaqə saxlayırdı. Baxmayaraq ki, dövlət bizi hər bir şeylə təmin edirdi, amma yenə də dəfələrlə fonddan uşaqlara vitaminli qidalar göndərirdilər. Karantin günlərində də uşaq evində xeyli tədbirlər keçirdik. Novruz bayramını yüksək səviyyədə qeyd etdik. Ad günü olan uşaqların hər biri üçün şənlik təşkil edildi, Heydər Əliyev Fondu tərəfindən bizə onların hər birinin adları yazılmış tortlar göndərildi”.

 

Mehriban xanımın qayğısı ilə yeni həyat qazanan uşaqlar Vətən müharibəsində də şücaət göstəriblər

 

 Direktor deyir ki, Vətən müharibəsi dövründə uşaqlarla birgə hər gün Ali Baş Komandan İlham Əliyevin qələbə müjdələrini eşidib, böyük coşqu yaşayırdıq. Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar qələbə təntənəmizin nümayiş ünvanı olan Hərbi Qənimətlər Parkına ziyarətə  də gediblər.

Dövlətimizin, şəxsən Mehriban xanımın şəfqəti, qayğısı ilə yeni həyat qazanan uşaqlar 44 günlük müharibədə də şücaətlərə imza atıblar. Belə ki, bu uşaq evində böyümüş 7 nəfər gənc könüllü olaraq Vətən müharibəsinə qatılaraq torpaqlarımızın düşmən tapdağından azad edilməsində hünərlərini göstəriblər.

Müharibədən qayıdanda isə baş çəkdikləri ilk ünvan böyüdükləri, birbaşa Mehriban xanımın qayğısını gördükləri uşaq evi olub: “Burada böyüyən, boya-başa çatan hər bir uşağı Mehriban xanım adbaad, ya da çöhrəsindən tanıyır. Hətta görürüsən ki, hansısa tədbirdə soruşur ki, filan uşaq haradadır? Yəni uşaq evində böyüyən, hətta buranı tərk edən uşaqların hər biri Mehriban xanımın diqqətində, himayəsində, qayğısı altındadır. Deməyim odur ki, onlar kimsəsiz deyil. Həmin uşaqlar da ömürboyu Mehriban xanımı ana kimi sevir, hörmət edirlər”.

 

Balaca rəssamın böyük arzusu

 

Düşərgənin həyətindəki söhbətgahlarda rəsm məşğələsi keçən uşaqlara yaxınlaşırıq. Cidd-cəhdlə müəllimlərinin tapşırığını yerinə yetirməyə çalışır, boya karandaşları ilə ağ kağızlarda müxtəlif şəkillər çəkirlər. Kimisi rəsmlərində dənizi, kimisi meşəni, kimisi də heyvanları, quşları canlandırıb.

Amma bu rəsmlər arasında əl-ələ tutmuş ana, ata, bacı, qardaş, yəni bütöv ailə tablosu təsvir olunan şəkillər daha çoxdur...

Uşaqlarla həmsöhbət olur, arzularını soruşuruq. Yusif polis, Nahid prokuror, Uğur müəllim olmaq istəyir...

Rəssam olmaq istəyini dilə gətirən Turac isə söyləyir ki, portret çəkməyi xoşlayır. Bu sənətin sirlərini daha dərindən mənimsəyəndə isə birinci çəkdiyi rəsm Mehriban xanım Əliyevanın portreti olacaq...

Kimsəsizlər evinin həm azyaşlı, həm də yeniyetmə sakinlərinin hər biri vurğulayır ki, Mehriban xanımın qayğıkeşliyi, səmimiyyəti sayəsində kimsəsizliyimizi unudur, ana hənirini ondan alırıq...

 

Heç nə ata-ana məhəbbətini əvəz edə bilməz...

 

Valideyn himayəsindən məhrum uşaqların mənəvi sıxıntı keçirməmələri üçün dövlətimizin və Heydər Əliyev Fondunun xətti ilə bütün lazımi addımlar atılır. Yalnız belə rahat şərait, xoş, qayğıkeş münasibət uşaqların ata-anasızlıq dərdini azalda bilər.

Məhz azalda bilər, amma tam yox edə bilməz. Çünki heç bir yuva ana hərarətini, isti ana qucağını əvəz edə bilməz...

Elə Mehriban xanım da hər zaman vurğulayır ki, heç nə ata-ana məhəbbətini əvəz edə bilməz, ona görə də insanları bu məsələdə daha məsuliyyətli və həssas olmağa çağırır...

Uşaq evinin balaca sakinləri ilə keçirdiyimiz maraqlı saatları arxada qoyub işə dönməyə hazırlaşırıq. Bu zaman gözlərimiz əl-ələ tutmuş iki balaca oğlana sataşır. 3 və 4 yaşlı Adəm və Həsən kimsəsizlər evinin ən yeni sakinləridir, cəmi bir neçə gündür bura gətiriliblər. Bu balacalar da sevinclə digər uşaqlara qoşulub oynayır, gülür, şənlənirdilər. Amma yavaş-yavaş Günəş qüruba yaxınlaşdıqca, gözlərini qəm buludu kölgələyir, baxışlarını darvazaya dikərək, kiminsə yolunu gözləyirdilər...

Lakin...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video