17 Iyun 2021 02:36
2073
ELANLAR
A- A+

“Uşaq Qaynar Xətt” xidmətinin məqsədi uşaqlara təmənnasız kömək etməkdir

 

Ölkəmizin parlaq gələcəyi üçün bu gün uşaqların sağlam mühitdə böyüməsi əsas şərtlərdən biridir. Təəssüf ki, hər bir cəmiyyətdə təzyiqlə üzləşən, sıxılan, hüquqları pozulan uşaq və yeniyetmələrə rast gəlmək olur.

On bir ildən artıqdır ki, “Azercell”in, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi məhz müxtəlif çətinliklərlə üzləşən uşaqlara təmənnasız kömək etməkdir. Yarandığı ilk gündən etibarən bu xidmətin əməkdaşları həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək verir, onların sosial mühitə uyğunlaşmalarına yardım edir.

Xidmət cari ilin yanvar-may ayları ərzində 2386 müraciəti cavablandırıb. Müxtəlif sahələrlə bağlı edilən zənglərin böyük qismi (793 müraciət) təhsil sahəsinə aid olub. Beş ay ərzində qaynar xəttin ekspertləri hüquqi prosedurlara dair 481 müraciət qəbul ediblər. Yerdə qalan zənglər psixoloji (340 müraciət), sosial (236 müraciət), səhiyyə (137 müraciət) və digər məsələlərlə əlaqədar (399 müraciət) yardım istəyi ilə bağlı olub.

“Uşaq Qaynar Xətt” xidmətinə yalnız uşaqlar deyil, onların valideynləri və yaxınları da müraciət edirlər. Belə ki, yanvar-may aylarında mərkəzə daxil olan zənglərin 1772-si 18 yaşdan yuxarı, 506-sı isə uşaq və yeniyetmələr tərəfindən edilib. Yardım istəyənlərin 1203 nəfəri qadın, 1075-i kişi olub. Həmçinin mərkəzə sosial şəbəkələr üzərindən anonim formada müraciətlər edənlər də olub. Son 5 ay ərzində qaynar xətt tərəfindən 34 ailə ilə görüş həyata keçirilib, 94 sosial-psixoloji reabilitasiya işi aparılıb.

Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti tərəfindən onlayn vebinar və canlı yayımlar təşkil edilib. “Yeniyetməlik dövrünün psixoloji və fizioloji aspektləri” mövzusunda canlı yayım, yeniyetmə və gənclər üçün “İntihara son deyək!”, “Özünü yalnız hissetmə sindromu” vebinarları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Bu müddət ərzində uşaq və yeniyetmələr üçün “Klinik Müsahibələr”, eləcə də “Uşaqlar və Ailələrlə sosial iş və reabilitasiyanın təşkili” təlimləri baş tutub. “Uşaq Qaynar Xətt” xidmətinin iştirakı ilə həm də ZOOM platformasında uşaq zorakılığına qarşı mübarizəyə həsr olunmuş 10 günlük beynəlxalq təlim keçirilib. Həmçinin sosial şəbəkələr üzərindən maarifləndirmə kampaniyaları da davam etdirilib.

Xatırladaq ki, 2017-ci ildə “Azercell” şirkətinin təşəbbüsü və dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, “Facebook” və “Instagram” sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video