10:24 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ürəkləri kaman kimi titrədən səs

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:45 04.04.2021

 

Çinarlar qatar-qatar

Qalxıb zirvəyə çatar.

Dağa qısılıb yatar,

Mışıl-mışıl dərələr.…

Nədənsə, onun haqqında düşünəndə qulaqlara “Dərələr” mahnısının sədaları gəlir. Nəbi Xəzrinin sözlərinə Emin Sabitoğlunun əvəzolunmaz bəstəsi “Dərələr”... Niyə məhz bu mahnı, bəlkə ona görə ki, vətəni vəsf edən bu mahnının alt qatında nə isə bir nisgil, həsrət uyuyur, ona görə? Bəlkə “qalxıb zirvəyə çatmaq, dağa qısılıb yatmaq” ifadələrinin arxasında onun taleyinə bənzərlik görürük?

Axı, qəhrəmanımız da şöhrətin zirvələrinə qalxdı, qəlbləri fəth etdi, amma söykənməyə dağı da, dayağı da yalnız özü oldu həyatda, bir də Tanrı... Şövkət xanımdan danışırıq, adı gələndə həlim bulaq kimi səsi qulaqlara süzülən Şövkət Ələkbərovadan...

 

İlk xeyir-duanı Üzeyir bəydən aldı

 

1922-ci ildə Feyzulla kişi ilə Hökümə xanımın evində dünyaya gələn qızın adını Şövkət qoyurlar. Mənası şan-şöhrət deməkdir. Ailədə Şövkətlə bərabər iki bacı, dörd qardaş böyüyürdü. Aralarında tək Şövkət musiqiyə böyük maraq göstərirdi. Bunu duyan atası onun müğənni olacağına razı olmadığını qətiyyətlə bildirmişdi. Qızın böyüdükcə musiqiyə meylinin öləzimədiyini görüb onu kamança sinfinə yazdırdı ki, bəlkə yanğısını kamanda söndürsün... Sönmədi... O yanğı Şövkəti Asəf Zeynallı adına musiqi məktəbində Hüseynqulu Sarabskinin sinfinə gətirib çıxartdı.

1937-ci ildə Şövkət üzv olduğu dərnəklərdən birinin tərkibində özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edirdi. Müsabiqənin münsiflər heyətində dahi Üzeyir bəy Hacıbəyli, Səid Rüstəmov və Bülbül oturmuşdular. İştirakçıların içində Şövkət hər üçünün diqqətini çəkmişdi, səsi, davranışı və səhnə cazibəsi ilə... Opera Teatrında keçirilən yekun konsertdə Şövkət oxuduğu “Qarabağ şikəstəsi” ilə ilk qalib üçlüyə daxil olur. Gülağa Məmmədov, Fatma Mehrəliyeva və Şövkət Ələkbərova həmin gündən peşəkar musiqi sənətinə qədəm qoyurlar.

Üzeyir bəy həmin il Şövkət Ələkbərovanı Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi işə qəbul edir. Daha doğrusu, əvvəlcə xor kollektivinə, sonra solo solist kimi. 1945-ci ilə qədər müğənni orada solist kimi fəaliyyət göstərməklə Azərbaycanın bölgələrində və sovet məkanında müxtəlif səhnələrdə çıxışlar edib. 1945-ci ildən isə artıq Azərbaycan Dövlət Filarmoniyasının solisti, tanınmış müğənni idi. Onu yalnız SSRİ-də deyil, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə tanıyırdılar. Həmin ölkələrdə dəfələrlə konsertlər vermişdi.

Müğənninin repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Hər bir mahnını da özünəməxsus ifa edirdi. Nə kimin ifasına bənzəyirdi onun ifası, nə də kimisə təlqin edirdi, yalnız Şövkət Ələkbərova kimi oxuyurdu.

 

Nəğməkar döyüşçü

 

İkinci Dünya müharibəsi illərində müğənni, demək olar ki, “nəğməkar döyüşçü” olub. Döyüşçülər qarşısında ən çox çıxış edən xanəndə bir dəfə hətta səngərdə konsert zamanı hava hücumunun altında qalıb və kantuziya alıb. Müalicədən sonra yenidən cəbhəyə, səngərlərə çıxış etməyə gedib.

Şövkət xanım illər keçdikcə daha da püxtələşirdi, yalnız Azərbaycan mahnıları və muğamlarını deyil, başqa xalqların mahnılarını da öyrənib, repertuarına daxil edirdi. Getdiyi hər ölkədə onların heç olmasa, bir mahnısını öz dillərində səsləndirirdi. Türk, fars və ərəb dillərində daha çox mahnı bilirdi.

Şövkət Ələkbərova sənəti ilə milyonların sevgisini qazanmışdı, onunla bir ömür boyu birgə yaşamağı çoxları arzulayardı. Azərbaycanda qadın olmaq asan deyil, azərbaycanlı qadının həm də sənətkar olması və həyatda baş çıxartması isə ikiqat çətindir.

Şövkət xanım iki dəfə ailə həyatı qurub, ikisi də uğursuz olub. İlk yoldaşı hərbi həkim idi. Lakin ailənin ömrü uzun olmayıb. Bu evlilikdən Şövkət xanımın Natella adında qızı vardı. İkinci həyat yoldaşı Lətif Səfərov məşhur kinorejissor, tanınmış ssenarist idi. İntiharla ömrünə son qoyan sənətkardan Şövkət xanıma Bəşir adlı oğlan övladı yadigar qalır. Əslində isə o, beş övlad böyüdüb. Belə ki, Şövkət xanımın üç qardaşı müharibəyə gedib, Mirələkbər savaşda itkin düşüb. Onun üç uşağını - Eldarı, Sevdanı, Validəni də müğənni böyüdüb, tərbiyə edib, ailə sahibi olmalarına vəsilə olub. Qardaşının kiçik qızı Validə uzun illər elə bilib ki, Şövkət xanımın öz qızıdır.

Şövkət xanım şöhrətin zirvəsində idi, şairlər onun üçün şeirlər, bəstəkarlar isə mahnı yazırdı. Evi Tofiq Quliyev, Cahangir Cahangirov, Ramiz Mirişli, Vasif Adıgözəlov kimi dahi bəstəkarların dogma ocağı idi. Mahnılar bu evdə bəstələnir, şeirlər bu ocaqda yazılır və Şövkət xanımın məlahətli səsində həyata ilk vəsiqə alırdılar. Polad Bülbüloğlunun da əksər mahnılarının ilk ifaçısı Şövkət xanım olıub. Səməd Vurğun “Oxu gözəl” şeirini Şövkət xanıma ithafən yazmışdı. Səid Rüstəmovun bəstəsi ilə mahnını özündən sonra ilk dəfə Şövkət xanımın yaxın dostu Gülağa Məmmədov onun yubiley mərasimində ifa edib.

Oxu gözəl, oxu gözəl, qoy səsin

Ürəyimdə kaman kimi titrəsin.…

Şövkət Ələkbərovanın Azərbaycan musiqi, muğam, ifaçılıq sənətində rolu əvəzolunmazdır. Yüzlərlə yetirmələri bu gün səhnələrdədir, istər muğamda, istər opera səhnəsində uğurlu ifaçılardır. Neçə-neçə Leylilər və Məcnunlar bəxş edib opera sənətinə... Xanəndə bölgə-bölgə rayonları gəzib, onları seçib, toplayıb təhsil, sonra da sənətə vəsiqə verirdi. Bu mənada Şövkət Ələkbərovanın Azərbaycan musiqi sənətində yüzlərlə “övladı” var.

Tələbələrinə göstərdiyi ana qayğısından isə yetişdirmələri yorulmadan bəhs edirlər. Onları evinə aparıb öz əlləri ilə bişirdiyi yeməklərə qonaq etməyindən, çətin vəziyyətlərində  əllərindən tutmasından, yol göstərməsindən...

 

Son konsertini şəhidlərə ithaf etdi

 

1990-cı ildə Bakıda 20 Yanvar faciəsi yaşananda Şövkət xanım Ələkbərova Almaniyada müalicə alırdı. Gəlini Gülnarə xanım danışır ki, ayaq üstündə durmağa taqəti yox idi, xəstəlik onu haldan salmışdı: “Diaspordan bizə dedilər ki, Azərbaycana yardım üçün konsert təşkil etmək istəyirik, Şövkət xanım bu konsertdə iştirak etsə, yaxşı vəsait toplamaq olar. Hamburq şəhərində xəstəxanada idik. Şövkət xanım dedi əlimizdən gələni etməliyik. Konserti təşkil etdik, mən pianinoda ifa etdim, Almaniyada yaşayan qarmon ifaçısı Rəhman və fiziki qüsurlu azərbaycanlı kaman ifaçısı Şövkət xanımı müşayiət etdi. Berlində və Hamburqda konsert verdik. Yığılan vəsait Bakıya göndərildi. Şövkət xanım ayaq üstündə dura bilmədiyindən səhnədə stul qoyduq oturdu və konsert boyu göz yaşları ilə ifa etdi. Bunu heç vaxt heç yerdə reklam etmədi, vətən üçün görülən işdir, borcumuzdur - dedi”.

Konsertdə Avropada yaşayan azərbaycanlılar, türklər iştirak ediblər. Şövkət xanım “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə” oxuyub. Tamaşaçılar da Şövkət xanım ağlaya-ağlaya oxuduğu kimi, eynilə ağlaya-ağlaya onu alqışlayırdılar. Şövkət xanım Ələkbərovanın ifasında hamının sevdiyi Cahangir Cahangirovun “Füzuli kantatası” da o gün şəhidlərin ruhuna “çeşmindən qanlı-yaş tökürdü”. Bu qərib eldə vətən naminə verdiyi konsert Şövkət xanımın səhnədə son çıxışı idi.

1991-ci ildə Şövkət xanımın qızı Natella amansız xəstəlikdən gənc yaşlarında dünyasını dəyişdi. Şövkət xanım övladının vaxtsız

itkisinə, onun körpələrinin anasız qalmalarına dözə bilmirdi. Nəvələrini yanına çəkib onlara “Laylay” deyərdi. O illər oxuduğu da yalnız “Laylay” olardı, gah nəvələrinə, gah da öz-özünə qızının şəninə deyərmiş o “Laylay”nı. Nə səhnəyə çıxarmış, nə də mahnı oxuyarmış. Qanadları qırılmış bülbül kimi çırpınırmış ancaq... Yeri gəlmişkən, xarici şirkətlərdən biri hazırladıqları “Dünya laylaları” adlı layihəyə Şövkət xanımın ifasında Azərbaycan laylasını da daxil edib.

Şövkət xanımın həyatının bu çətin günlərində oğlu Bəşirin qızı dünyaya gəlib. Nəvəyə nənəsinin adını veriblər, Şövkət adını yaşadıblar.

Həyatının son günlərini Şövkət xanım otağına çəkilib, acılı-şirinli həyat xatirələri ilə özü-özünə hesabatını verib və dünyayla 1993-cü il fevralın 7-də vidalaşıb. Son müsahibəsində hamının həyatında narahatlıqlar olur deyib: “Mənim də həyatımda olub, amma bununla belə, mən xoşbəxt insanam”.

Şövkət xanım Ələkbərovanın irsi davam edir, davam etdiyi qədər də o yaşayacaq, səsi, ruhu, xatirəsi ilə...

 

Ramilə QURBANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM