08:29 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Unudulmaz tarzən

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:39 04.04.2021

 

Qədim Bakının əsrarəngiz İçərişəhərində 1911-ci il fevralın 12-də dünyaya gəlib Bəhram Mansurov. Varlı, ad-sanlı, nüfuzlu nəslin övladıydı. Ata-babaları neft quyularından, gəmilərindən, dükanlarından, meyvə və zəfəran bağlarından gələn gəlirləri səxavətlə xərcləyir, xeyirxahlıqları ilə hörmət-izzət qazanırdılar.

Onlar həm də musiqiyə, muğamlara sevgiləriylə tanınırdılar. Muğam sənətinin inkişafında böyük rolu olmuş bu möhtəşəm nəslin nümayəndələri milli mədəniyyətimizin inkişafında böyük rol oynayıblar. Bəhram Mansurovun babası Məşədi Məlikin adı Azərbaycanın musiqi mədəniyyəti tarixinə Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu olaraq yazılıb. O, muğam ustası, milli musiqinin ilk təbliğatçılarından biri olub. Bəhram Mansurovun əmisi Mirzə Mansur uzun müddət konservatoriyada çalışıb. Atası Mirzə Süleyman bəy də muğam sənətini dərindən bilir, gözəl tar ifaçısı idi.

Azərbaycanda şura hökuməti qurulduqdan sonra Mansurovlar da digər varlı-dövlətli adamların aqibətini yaşayıblar. Şəhərin müxtəlif yerlərində və ətrafında olan böyük mülkləri, bağ evləri, torpaq sahələri, dükanları, gəmiləri və digər varidatları əllərindən alınıb. Məşədi Süleyman xatirələrində yazıb: “Şura hökumətindən sonra biz çox şeyi itirdik. Bizə qalan muğam oldu”.

Məşədi Süleymanın övladları musiqiyə, muğam sənətinə sevgi dolu mühitdə böyüyüb, tərbiyə alıblar. Onun uşaqları kiçik yaşlarından tarda çala biliblər. Bəhram Mansurov on iki-on üç yaşlarında ikən məktəb konsertlərində tarda “Rast”, “Çahargah”, “Bayatı-Şiraz”, “Qatar” kimi muğamları solo ifa edib.

O, ilk təhsilini mədrəsədə alıb. Sonra rus-tatar məktəbində oxuyub. 1921-ci ildə isə böyük qardaşı Ağa Məliklə 10 saylı birinci dərəcəli məktəbə daxil olub. Bəhram Mansurov 1925-ci ildə həmin məktəbi bitirib. Ailəsi ilə birlikdə ilin yarısını Bakıda, yarısını bağ evində yaşadığından bir neçə məktəb dəyişməli olub. 1927-ci ildə o, Mehdi bəy Hacınskinin direktoru olduğu 33 saylı məktəbdə təhsilini davam etdirib. Bəhram Mansurovun oxuduğu son təhsil ocağı Pedaqoji Texnikum olub.

Musiqiyə, muğamlara sevgi ruhunda böyüməsi onun sənət yolunu müəyyənləşdirib. O, 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan radiosu Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib. Bir müddət Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1929-1930-cu illərdə Zülfüqar Hacıbəyov və Qriqor Mədətov “Azkonsert” Birliyi yaradıb və Bəhram Mansurovu onun nəzdində olan orkestrə dəvət ediblər. Məşhur musiqiçilər Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Hüseynağa Hacıbababəyov, Qurban Pirimov və başqaları orkestrin tərkibində çıxış ediblər. Bu orkestrdə uzun müddət işləyən Bəhram Mansurov təşviqat qrupunun tərkibində Azərbaycanın rayonlarında, eləcə də Sovet İttifaqının bir sıra respublikalarında konsertlərdə çıxış edib.

1930-cu illərdə Bakıda musiqi aləmi çox zəngin idi. Tez-tez təşkil edilən Şərq konsertlərində xanəndələri Qurban Pirimov, Əhməd Bakıxanov və Bəhram Mansurov müşayiət edirdilər.

Müslüm Maqomayev iyirmi yaşlı Bəhram Mansurovu xalq musiqi alətlərinin ilk notlu orkestrinə dəvət edib. Bir müddət sonra isə Müslüm Maqomayevin təklifi ilə Radio Komitəsində birinci dərəcəli tar ifaçısı kimi işə götürülən Bəhram Mansurov orada həm solist, həm də müşayiətçi kimi çıxış edib. Tarzən Bəhram Mansurov, kamançaçı Qılman Salahov və qavalçalan Xalıq Babayevdən ibarət olan üçlük tez-tez konsertlərdə iştirak ediblər.

1932-ci ildə Opera və Balet Teatrının bədii rəhbəri və dirijoru, bəstəkar Müslüm Maqomayev onu həmin teatra solist-müşayiətçi vəzifəsinə dəvət edib. Əlli dörd il - ömrünün sonunadək muğam operalarını müşayiət edib.

1934-1935-ci illərdə Bakıdakı Azərbaycan Hərbi Diviziyasının siyasi şöbəsinin rəisi Məmmədəli Əliyev Bəhram Mansurova hərbi özfəaliyyət ansamblına rəhbərlik etməyi tapşırıb. O, 1936-cı ildə Tbilisidə keçiriləcək hərbi orkestrlərin Zaqafqaziya musiqi olimpiadasında iştirak etmək üçün kollektivi hazırlayıb. Bəhram Mansurovun rəhbərlik etdiyi ansambl Gürcüstanın paytaxtında çıxış edərək fəxri fərmanlarla Azərbaycana dönüb. Bu uğuruna görə ona Azərbaycan diviziyasının rəhbərliyi tərəfindən təşəkkür elan olunub.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündəki konsertlərin birində Bəhram Mansurov “Mahur-hindi” muğamını solo, digər konsertdə isə üçlüyün tərkibində Əlövsət Sadıqovu müşayiət edib.

1941-ci ildə Moskvada keçirilən estrada artistlərinin festivalına Azərbaycandan dəvət edilən konsert qrupunun tərkibində tarzən Bəhram Mansurov da olub. Tarzənin xatirələrində o günlər belə yazılıb: “İyunun 21-də bizim qatar Moskvaya yola düşdü. Səhər Rostova çatanda dəhşətli xəbər eşitdik: “Müharibə başlayıb!” Bir neçə gündən sonra Moskvaya çatdıq. Hərbi vəziyyətlə əlaqədar Bakıya qayıtdıq. Bir çox mədəniyyət işçiləri, o cümlədən mən də “bron” alıb, xüsusi təşviqat qruplarının sərəncamına göndərildim. İncəsənət adamları cəbhə xəttində döyüşçülər, arxada isə hospitalda yaralılar qarşısında konsertlərlə çıxış edirdilər”.

1941-ci ildə Opera və Balet Teatrının böyük bir qrupu İrana ezamiyyətə göndərilib. Bəhram Mansurov həm solist, həm də xalq çalğı alətləri ansamblının üzvü kimi qrupa daxil olub. O, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarında ifaçıları müşayiət edib. Həmin ilin oktyabrında Bakıya qayıdıblar. Bəhram Mansurov muğam dərsini tədris etmək üçün Bakı Musiqi Texnikumuna dəvət olunub. Pedaqoji fəaliyyətinə o vaxtdan başlayıb. Ömrünün sonunadək həmin texnikumda dərs deyib.

1942-ci ildə Bəhram Mansurov digər musiqiçilərlə birlikdə bir ay ərzində Qubada yerləşən Azərbaycan Ordusunun qərargahından 416-cı Taqanroq diviziyasına yollanan döyüşçülər qarşısında çıxış edib. Müharibənin qızğın dövründə, 1941-1943-cü illərdə məşhur xanəndə Cabbar Qaryağdıoğlu ilə hərbi hissələr və qospitallarda konsertlər verib. 1941-ci ildə musiqi briqadasının tərkibində B.Mansurov 3 ay ərzində Kislovodsk, Jeleznovodsk, Yessentuki, Minvodı və Lermontovka hospitallarında yaralı əsgərlər qarşısında müntəzəm çıxışlar edib. Müharibə illərində Bəhram Mansurov bütün Azərbaycanı gəzərək konsertlər verib.

1944-cü ildə B.Mansurov yenə İrana ezam olunub. O, Tehran, Təbriz, Qəzvin, Ənzəli, Rəşt, Ərdəbil, Sərab, Marağa və digər şəhərlərdə sovet əsgərləri və yerli camaat qarşısında çıxış edib.

Bəhram Mansurovun müharibə illərindəki xidmətləri “Qafqazın müdafiəsinə görə”, “Böyük Vətən müharibəsi illərində fədakar əməyinə görə” medalları ilə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə qiymətləndirilib.

1960-cı illərdə solistlərdən ibarət ansambl yaradıb. O, Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərə görə fəxri adlara, medallara layiq görülüb. Xarici ölkələrdə təşkil olunan mədəniyyət ongünlüklərində, mərasimlərdə iştirak edən Bəhram Mansurovun şöhrəti sərhədlərimizdən kənarda da yayılıb.  UNESCO-da Azərbaycan muğamlarını ilk dəfə təmsil edən musiqiçi Bəhram Mansurov olub. 1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi nümayəndələri Alen Daniyelu və Jak Klark bir çox musiqiçilərin ifasında Azərbaycan muğamlarını dinləyib və Bəhram Mansurovun çalğısını bəyənib. O vaxtdan UNESCO-nun rəsmiləri Bəhram Mansurovla sıx əməkdaşlıq edib. Bu təşkilatın xətti ilə tarzənin ifasında 2 val buraxılıb. Beləliklə, Bəhram Mansurovun şöhrəti Azərbaycan milli musiqisinin bilicisi və mahir ifaçısı kimi dünyaya yayılıb.

Tanınmış bəstəkar Fikrət Əmirov son simfonik muğamını - “Gülüstan-Bayatı-Şiraz”ı Bəhram Mansurovun ifası əsasında yaradıb. Bəstəkar Nəriman Məmmədov “Çahargah” və “Rast” muğamlarını Bəhram Mansurovun ifasından nota yazıb.

Muğam sənətini dərindən bilən Bəhram Mansurov radioda “Muğam” və televiziyada “Məktəblilərin musiqi klubu” verilişlərinin məsləhətçisi olub. O, bir sıra özfəaliyyət müsabiqələrində münsiflər heyətinin üzvü olub. Müxtəlif auditoriya qarşısında, dövri mətbuatda muğamlar haqqında çıxışlar edib. Bəhram Mansurov muğamlarımıza yeni həyat, yeni nəfəs verməklə yanaşı, həm də xanəndələrə düzgün ifa etmək qaydalarını öyrədib.

Tarzən 1985-ci il mayın 14-də, 74 yaşında bu dünya ilə vidalaşıb. Onun ifası lent yazılarının yaddaşında yaşayır. Sənət yolunu yetirmələri davam etdirir. Bəhram Mansurovun övladları da nəslin musiqi ənənələrinin davamçıları olublar. Böyük oğlu Eldar bəstəkar, ortancıl oğlu Aydın xor dirijoru olub. Kiçik oğlu Elxan isə atasının sənətini seçib.

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində UNESCO yenidən Bəhram Mansurovun lent yazılarına müraciət edib. Onları kompakt disk şəklində buraxıb. Bəhram Mansurovun yaradıcılığı bu günədək musiqişünaslar tərəfindən tədqiq olunur.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM