13 Iyun 2021 00:34
1074
İDMAN
A- A+

ÜMİDLƏR BAKIYA QALDI

 

Nəhayət, futbol azarkeşlərinin həyəcanla gözlədiyi gün gəlib yetişdi. Romada “Avro-2020”nin açılış matçında A qrupunda yer alan İtaliya və Türkiyə yığmaları üz-üzə gəldilər.

Türkiyə milli komandasına Romada inam böyük idi. “Ay-ulduzlular”ın ən azından İtaliya ilə qarşılaşmada heç-heçə oynayaraq Bakıya bir xalla qayıdacağına ümid edilirdi.

Matçdan öncə görüşün nəticəsi ilə bağlı ünvalanan suallara cavabımızda baş məşqçi Şenol Günəşin oyunun gedişinə kənardan edəcəyi dəyişikliklərin çox vacib olduğunu vurğulamışdıq. Təəssüflər olsun ki, Şenol Günəş bizi haqlı çıxardı. Başqa sözlə, İtaliya millisinin baş məqşçisi Roberto Mançiniyə elə ilk dəqiqələrdən təslim olduğunun mesajını verdi.

Türkiyənin hazırkı heyəti daha çox hücum futbolu oynamağa imkan verir. Türkiyəli çalışdırıcı isə matçın ilk dəqiqələrindən müdafiə olunacağını göstərərək İtaliyaya daha rahat futbol oynamağa imkan verdi.  Elə matça da italyanlar daha fəal başladılar. İlk dəqiqələrdən təşəbbüsü ələ alaraq oyunu meydançanın Türkiyəyə aid hissəsinə keçirdilər.

Türkiyə yığması isə topu rəqibə verərək müdafiə olunmaqla, yaranan ani əks-hücumlarda qol epizodları yaratmağa çalışırdı. Lakin bundan da istifadə edə bilmirdi. Çünki İtaliya futbolçuları meydançada elə düzgün yerləşmişdilər ki, rəqibə boş zona qoymurdular. Meydan sahibləri itirilən hər topu tez bir zamanda qazanmağı bacarırdılar. Bir sözlə, Türkiyə yığmasını italiyalı həmkarları topun dalınca daha çox qaçmağa məcbur edirdilər. Amma ilk hissədə qapıçı Uğurcan Çakırın mükəmməl oyunu da fasilədən sonra Türkiyə milisinə kömək edə bilmədi. Bu yerdə qeyd edək ki, türklərin bu cür oyun anlayışı ilə qapısında qol görməməsi futbol möcüzəsi olardı. 52-ci dəqiqədə qurulan hücumlardan birində Merih Demiral avtoqolla komandasını hesabda geri saldı. Qoldan sonra edilən dəyişikliklər belə Türkiyə millisinin hücumda top saxlamasında kömək olmadı.  Meydançanın Türkiyəyə aid hissəsində tətbiq edilən pressinq Şenol Günəşin komandasının topu özlərində saxlamağına imkan vermədi. Okay Yokuşlu-Ozan Tufan tandemi müdafiədən topu hücuma çıxartmada ciddi çətinliklərlə üzləşirdilər. Bu isə Türkiyə milli komandasında xətlər arasında əlaqənin itməsinə, oyun planından qopmasına səbəb olurdu. Nəticədə müdafiəçilər də çaş-baş qalaraq mövqe seçimlərində ciddi səhvlərə yol verirdilər. Çiro İmmobile və Lorenzo İnsinyenin məhz bu səhvlərdən yararlanaraq vurduqları qollar İtaliyanın turnirə 3 xalla başlamasına səbəb oldu.

Ancaq qarşıda Uels və İsveçrə ilə Bakıda çox vacib iki qarşılaşma var. Odur ki, qardaş ölkə millisinin bütün ümidləri Bakıya qalıb.

Uğurlar, Türkiyə!

 

 Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video