26 Avqust 2021 01:39
1637
SİYASƏT
A- A+

Ümid yeri

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial sahə üzrə xeyirxah əməllərinin sayı saysız-hesabsızdır. Bu istiqamətdə çoxsaylı layihələrin müəllifi olan Mehriban Əliyevanın talassemiyalı xəstələrin müalicəsi üçün gördüyü işlər isə onun səhiyyə sektorunda reallaşdırdığı təşəbbüslərdən yalnız biridir. Birinci xanımın bu təşəbbüsü yüzlərlə ailəyə sevinc bəxş edib. Bu ailələr məhz Mehriban Əliyevanın gördüyü işlər nəticəsində talassemiya xəstəliyinin onlar üçün gətirdiyi sosial yükdən azad olublar. Məhz bu qayğı sayəsində talassemiyalı xəstələr sağlam bir fərdə çevrilərək cəmiyyətə tam inteqrasiya oluna bilirlər.

 

“Nə yaxşı ki, siz varsınız”

 

Övladlarının belə qayğı ilə əhatə olunduğu valideynlərdən biri Kəlbəcər  rayonundan olan Rövşən Hüseynovdur. Üç uşaq atası olan Rövşən Hüseynovun  böyük övladı talassemiya daşıyıcısı, digər iki övladı isə talassemiya xəstəsidir. Hələ 2012-ci ildə iki övladında talassemiya xəstəliyinin aşkar olunduğunu bildikdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzinə (İndiki Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsi) üz tutub və həmin vaxtdan mərkəzin xidmətlərindən təmənnasız şəkildə istifadə edir. O, Mehriban Əliyevanın qayğısı sayəsində hətta övladlarından birinə çox bahalı əməliyyat sayılan sümük iliyinin köçürülməsinə də nail olub: “Biz övladlarımızı sizə əmanət etmişik,  Mehriban xanım! Nə yaxşı ki, siz varsınız. Nə yaxşı ki, bizim ümid, güvənc yerimiz sizsiniz. Mehriban xanımın dəstəyi olmasaydı, mənim bu əməliyyatı etdirməyə maddi gücüm yetməzdi. Məhz onun dəstəyi ilə övladıma sümük iliyi köçürüldü”.

Rövşən Hüseynov əlavə edir ki, talassemiya xəstələri üçün qan tədarükünün həyata keçirilməsi çox vacibdir. Daha əvvəlki illərdə övladları üçün qan tapmaqda böyük çətinliklərlə üzləşirdilər: “Mehriban xanımın şəxsi təşəbbüsü, Prezident İlham Əliyevin dəstəyi ilə  görülən tədbirlər nəticəsində artıq bu problem yoxdur. Bizim Milli Hematologiya və Transfuziologiya  Mərkəzindən başqa digər klinikalara müraciət etməyimizə, xarici ölkələrə getməyimizə ehtiyac yoxdur”.

Rövşən Hüseynov bu sahə üzrə islahatların xəstələrin mənafeləri, qarşıya çıxan çətinliklər nəzərə alınmaqla aparıldığını söyləyir.  Onun sözlərinə görə, 2019-cu ilin dekabrında Talassemiya Mərkəzinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə birləşməsi nəticəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması xəstələrin qanla təminatı sahəsindəki problemlərin aradan qaldırılmasına çox yardım edib: “Talassemiya Mərkəzi və Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun idarəetmə sistemləri fərqli idi. Bu səbəbdən əvvəllər qan sifariş edəndə  ortaya anlaşılmazlıqlar çıxırdı, xəstələrə qarşı yanaşma düzgün olmurdu. Prezident İlham Əliyev verdiyi fərmanla Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması  xəstə uşağı olan bütün valideynlərin işini yüngülləşdirdi”.

 

Mehriban Əliyeva tez-tez xəstələrin problemləri ilə maraqlanır

 

Övladının qan köçürülmə proseduru üçün mərkəzə gələn Gülsəfa Ərzumanovanın 9 yaşlı övladı talassemiya xəstəsidir. Bu ananın sözlərinə görə, 3 yaşından oğluna “Böyük beta talassemiya” diaqnozu qoyulub. Həmin vaxtdan daimi olaraq mərkəzdə müayinə və müalicə olunur. “İki həftədən bir, bəzən ehtiyac yarandıqda isə həftədə bir dəfə təmənnasız olaraq, övladıma qan köçürülür. Qan köçürülmə nəticəsində uşağın müəyyən orqanlarında dəmir toplanır. Bunun müalicəsi üçün də mərkəz tərəfindən tam ödənişsiz olaraq dərmanlarla təmin olunuruq. Yalnız qanköçürmə proseduru və dərmanla bağlı preparatların verilməsi üçün deyil, uşaqda sağlamlıqla bağlı yarana biləcək digər problemlərlə bağlı da buradakı həkimlərə müraciət edirik. Bütün valideynlərin adından deyə bilərəm ki, mərkəzin qayğısından çox razıyıq. Həkimlərin peşəkarlığı sayəsində övladlarımızın vəziyyəti stabil qalır, geriləmə baş vermir”, - Gülsəfa Ərzumanova deyir.

Mərkəzdəki bütün talassemiyalı xəstələrin Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə əhatə olunduğunu deyən valideyn bildirir ki, həm Mehriban Əliyeva, həm də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tez-tez mərkəzi ziyarət edərək xəstələrlə maraqlanırlar, ortaya çıxan çətinliklərin həlli üçün lazımi işlər görürlər.

 

Talassemiyalı xəstələr arasında əlillik və ölüm halları azalıb

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru  Valeh Hüseynov qeyd edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlət başçısının daim nəzarətindədir. Azərbaycanda səhiyyənin inkişafına, bu sahədə əsaslı islahatların aparılmasına Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Mehriban Əliyevanın sosial sahədəki genişmiqyaslı proqram və layihələri həm də səhiyyə sistemini təkmilləşdirmək və onun dünya səhiyyə sisteminə inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Heydər Əliyev Fondu indiyədək maddi vəziyyəti ağır olan minlərlə xəstəni əməliyyat və müalicə etdirərək onların yenidən həyata qayıtmasına dəstək olub.

Valeh Hüseynov əlavə edir ki, Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki mühüm layihələrindən biri də “Talassemiyasız həyat naminə”  proqramıdır. Bu proqram çərçivəsində 2009-cu ildə talassemiyalı xəstələrə yüksəksəviyyəli ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi məqsədilə xüsusi bir səhiyyə müəssisəsi - Talassemiya Mərkəzi yaradılıb:  “Digər səhiyyə müəssisələri kimi talassemiyalı xəstələrin müalicə olunduğu mərkəz də Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar onun himayəsindədirlər. Ölkəmizdə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Hazırda mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.

Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanda könüllü donorluq daha da inkişaf edib və bu uşaqların qanla təminatı problemi aradan qaldırılıb. İcraçı direktor bildirir ki, pandemiya olduğu üçün bütün dünyada qan ehtiyatının azalması baş verib. Lakin Mehriban xanımın fəaliyyəti nəticəsində Azərbaycan bu çətinliyin öhdəsindən gələ bilib: “Mehriban xanımın təşəbbüsü ilə qanvermə aksiyaları keçirildi. Bu aksiya ilk olaraq, Heydər  Əliyev Mərkəzində aparıldı. Bundan sonra bizim qan banklarına insanların ciddi şəkildə axını oldu. Məhz bu aksiyaların sayəsində biz həmin dövrü çox uğurla keçdik və qan təminatında heç bir problem yaşamadıq”.

İcraçı direktor deyir ki, Mehriban Əliyeva öz qəlbinin və vicdanının səsi ilə bütün vaxtını və enerjisini xeyirxah əməllərə, cəmiyyətimiz üçün vacib məsələlərə sərf edir: “Ötən müddət ərzində onun qayğısı sayəsində görülən işlər nəticəsində mərkəzin maddi-texniki bazası gücləndirilib, müalicə-diaqnostika fəaliyyəti ən müasir səviyyəyə  uyğunlaşdırılıb, əksər həkimlər və tibbi personal xarici ölkələrə uzunmüddətli kurslara göndərilib, tibbi sənədləşmə tamamilə elektronlaşdırılaraq “Elektron Klinika” yaradılıb, elmi işlərə start verilib”.

 

Cənubi Qafqazda ilk və yeganə talassemiya mərkəzi Azərbaycandadır

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsinin Baş həkimi Afaq Nəsibova bildirir ki, talassemiya Aralıq dənizi hövzəsi ölkələrində və Orta  Asiyada yayılan xəstəliklərdəndir. Dünyada bu xəstəliyin müalicəsinə çox böyük önəm verilir. Onun sözlərinə görə, talassemiya üzrə ixtisaslaşdırılmış xüsusi mərkəz çox deyil, bir neçə ölkədə var. Hətta inkişaf etmiş ölkələrdə belə bu cür mərkəzlər yoxdur. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Cənubi Qafqazın ilk və yeganə mərkəzi Azərbaycanda yaradılıb: “Talassemiya Mərkəzi fəaliyyətə başlayandan talassemiyalı xəstələrin müayinə və müalicəsi yüksək şəkildə təşkil olunub. Mehriban Əliyevanın birbaşa qayğısı ilə irsi qan xəstəlikləri olan şəxslərə dövlətin diqqət və  qayğısı daha da artırılıb. Bununla yanaşı, bizim həkimlərimizin peşəkarlığının artırılması üçün daimi işlər aparılır. Hətta xaricdən gələn mütəxəssislər də bizim kadrların əldə etdiyi təcrübədən yararlanırlar. Bütün bunların təşəbbüskarı isə Birinci vitse-prezident Mehriban Əliyevadır”.

Afaq Nəsibova əlavə edir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Yeni Nəsil Sekvenləşdirmə Laboratoriyası  irsi qan xəstəliklərinin beynəlxalq miqyaslı protokollara uyğun müalicəsində böyük rol oynayır. Laboratoriyada xəstəliyin müalicəsi üçün çox vacib olan genetik müayinələr aparılır: “Hər bir xəstəliyin müalicəsində müayinənin yüksək şəkildə aparılması mühüm rol oynayır.  Bizim laboratoriyanın işinin məqsədi də odur ki, müayinə yüksək şəkildə aparılsın. Laboratoriya işinin yüksək səviyyədə olması xəstələrdə gələcəkdə yarana bilən problemlərin tez bir zamanda qarşısının alınmasına imkan verir”.

Afaq Nəsibova açıqlayır ki, mərkəzdə 3500-ə yaxın pasiyent qeydiyyatdadır. Mərkəzin Talassemiya bölməsində yalnız talassemiyalı xəstələrin deyil, qeydiyyatda olan  irsi qan xəstəliklərindən əziyyət çəkənlərin də müalicəsi aparılır.  İndiyədək mərkəzdə 100-dən çox talassemiyalı, leykemiyalı xəstəyə sümük iliyi köçürülüb: “Həmin şəxslər artıq bu xəstəlikdən canlarını qurtarıblar. Bu əməliyyatların aparılması üçün işlər davam etdirilir. Hazırda pasiyentlər  vacib olan bütün növ tibbi xidmətlərlə təmin olunurlar. Biz çalışırıq ki, xəstələr “hansı tibbi xidmət xaricdə var, amma bizdə yoxdur” sözünü deməsinlər”.

 

İnsanları xoşbəxt edərkən özünü də xoşbəxt sayır

 

Fədakarlıq, vətənpərvərlik kimi xüsusiyyətlər özünü yalnız döyüş meydanında göstərmir. Vətənpərvərlik həm də vətənini sevə-sevə onun yaralarına məlhəm çəkmək, sağaltmaq, ehtiyacı olanlar üçün nicat qapısını onların üzünə açmaqdır. Vətənpərvər olmaq problemləri qarşısında aciz qalan insanları xoşbəxt etmək, çarəsizləri gücləndirmək, tək olmadıqlarını anlatmaqdır, mənəvi baxımdan daim onların yanında olduğunu hiss etdirməkdir. Saysız-hesabsız layihələri, təşəbbüsləri, xeyirxahlıqları ilə bunlara nail olmağı bacaran Mehriban xanım artıq neçə illərdir ki, Azərbaycanda insanların mənəvi dostuna çevrilib. İnsanlar nicat qapısının açarının bu xeyirxah, təəssübkeş Azərbaycan xanımının, anasının əlində olduğuna inanaraq ona üz tutur və ümidlərində yanılmadıqlarını görürlər.

İnsanları xoşbəxt etməyi bacaran Mehriban Əliyeva bu hissi onlara yaşada bildiyi üçün özünü də xoşbəxt sayır. Müsahibələrinin birində bu məqama toxunan birinci xanım deyib: “Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

Həyatının mənasını insanlara təmənnasız köməkdə, xeyirxah və nəcib əməllərdə axtaran Mehriban xanımın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq etmək, mərhəmət göstərmək onun ən ülvi insani keyfiyyətinə çevrilib. Onun xoşməramlı fəaliyyətinin kökündə təmənnasızlıq, səmimilik dayanıb. İnsan öz xeyirxah əməlləri ilə yadda qalır. Mehriban Əliyeva da nəcib əməlləri ilə insanların qəlbində özünəməxsus yer tutub.

 

İlhamə İSABALAYEVA,

Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video