22 Sentyabr 2021 12:39
975
SİYASƏT
A- A+

Türkiyə Prezidenti: Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib və öz torpaqlarını azad edib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Prezident Ərdoğan öz çıxışında regional və qlobal təhlükəsizliklə bağlı bir sıra məsələlərə toxunub.

Türkiyə lideri münaqişəli regionlarda humanitar böhran və qaçqınların sayının artması barədə söhbət açaraq bildirib ki, vəzifə və məsuliyyətin bərabər paylanması prinsipi əsas götürülməklə digər tərəflərin də bu məsələnin həllinə töhfə verməsinin vaxtı yetişib. Prezident Ərdoğan qeyd edib ki, Türkiyənin çoxsaylı qaçqınları qəbul etmək imkanları tükənib. O, beynəlxalq birliyə müraciətlə müdafiəyə ehtiyacı olan insanları qəbul etməkdən imtina edən, beləliklə 1951-ci il Cenevrə Konvensiyasını və beynəlxalq humanitar hüququ pozan dövlətləri və beynəlxalq təşkilatları qınamağa çağırıb.

Türkiyə dövlətinin başçısı “vaksin millətçiliyi”ni tətbiq edən ölkələri tənqid edərək deyib ki, pandemiyaya yalnız birləşməklə qalib gəlmək olar. Pandemiya böhranı başlanandan bəri Türkiyənin 159 dövlətə və 12 beynəlxalq təşkilata kömək etməsini vurğulayan Ərdoğan qeyd edib ki, yaxın vaxtlarda Türkiyənin “TURKOVAC” adlı öz vaksini yaradılacaq və Türkiyə bu vaksini bütün bəşəriyyətlə bölüşmək niyyətindədir.

Prezident Ərdoğan regional təhlükəsizlik mövzusuna toxunaraq vurğulayıb ki, Türkiyənin Suriyada hərbi iştirakı PKK terrorçuları tərəfindən törədilən kütləvi qətlləri və etnik təmizləmələri dayandırmağa kömək edib, 462 min suriyalı qaçqın sağ-salamat vəziyyətdə vətənə qayıdıb. O daha sonra qeyd edib ki, Türkiyə Liviya Milli Birlik Hökumətini bundan sonra da dəstəkləyəcək.

Azərbaycana qardaş ölkənin dövlət başçısı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi barədə söhbət açaraq bildirib ki, Azərbaycan öz qanuni müdafiə hüququndan istifadə edərək və BMT Təhlükəsizlik Şurasının icra edilməmiş qətnamələrini həyata keçirərək öz torpaqlarının işğalına son qoyub.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Bu hadisələr regionda uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar yaradır. Türkiyə tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək niyyətindədir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video