31 Avqust 2021 17:14
515
CƏMİYYƏT
A- A+

Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzulidə minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər  

 

Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri avqustun 31-də erməni işğalından azad edilən Füzuli rayonunda Minatəmizləmə Agentliyinin nümayəndələri ilə görüşüb, minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici jurnalistlər Füzuli-Cəbrayıl yolunda minatəmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarını düşməndən azad edib. Ermənistan tərəfi həm işğal dövründə, həm də müharibə vaxtı Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırıb. Hazırda azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları bütün gücü ilə davam edir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100-dən çox insan yaralanıb.

Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını da ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan isə mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin dəqiq olan mina xəritələrini Azərbaycana versin. Çünki bəzi rayonların mina xəritələrini versələr də, onların dəqiqliyi 25 faizə bərabərdir.

Diqqətə çatdırılıb ki, hazırda Qarğabazar istiqamətində yol infrastrukturunun minalardan təmizlənməsi aparılır. Ümumi uzunluğu 12 kilometr olan yol üç hissəyə bölünməklə təmizlənir. Birinci hissə - 180 min kvadratmetr ərazi təmizlənərək təhvil verilib. Hazırda yolun ikinci hissəsində 316 min kvadratmetr sahənin 289 min kvadratmetrində işlər yekunlaşıb və 174 ədəd mina və partlamamış silah-sursat aşkarlanıb. Növbəti mərhələdə isə yolun üçüncü hissəsi təmizlənəcək. Ərazidə əsasən Rusiya istehsalı olan tank əleyhinə və Ermənistan istehsalı olan piyada əleyhinə minalar basdırılıb. Minatəmizləmə prosesi əsasən üç üsulla - əl ilə, mexaniki yolla və xüsusi təlim keçmiş itlər vasitəsilə aparılır.

Daha sonra xarici jurnalistlər ərazidə aşkar edilən mina və silah-sursatların bir qisminin parlatma yolu ilə zərərsizləşdirilmə prosesini izləyiblər.

Qonaqlara məlumat verilib ki, Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Böyük infrastruktur layihələri – avtomobil yolları, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları tikilir. Növbəti mərhələdə isə yaşayış yerlərinin inşasına start veriləcək. Artıq ilk belə pilot layihə Cəbrayılda həyata keçirilir. Bütün bu işlərin sürətlə aparılması üçün ərazilərin minalardan təmizlənməsi vacib şərtdir.

Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri sonra işğaldan azad olunan Cəbrayıl rayonuna yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video