29 Dekabr 2016 05:12
931
Turizm
A- A+

Turizm Şurasının ilk iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Turizm Şurasının dekabrın 29-da ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Turizm Şurası haqqında Əsasnamədə qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə məlumat verib.

Nazir deyib: “Ölkə başçısı 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülməkdədir. Yenicə yaradılmış Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şurasının yaradılması və fəaliyyəti Azərbaycan turizminin inkişafına böyük töhfə verəcək”.

Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərdən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə yol xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, turizmin qeyri-neft sektorunda özünəməxsus yer tutması bu sahədə yeni nailiyyətlər əldə etməsinə gətirib çıxarıb: “Turizm özlüyündə bir sıra sahələri əhatə edir və bu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə çalışmalıdır. Biz artıq dövlət başçısının müvafiq sərəncamlarından irəli gələn məsələlərin icrasına başlamışıq. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahədə dönüş yaradacaq və ölkəmizdə turizmin inkişafı üçün yeni bir mərhələ olacaq”.

Nazir bildirib ki, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün imkanlarımızı səfərbər etməliyik.

“İndiyədək dövlət qurumları tərəfindən Azərbaycanın tanıdılması üçün müxtəlif layihələr həyata keçirilib. Bu il ərzində reallaşdırılan uğurlu proqramlar artıq müsbət nəticə verib. Amma təəssüflər olsun ki, bu proqramlar konkret sahələri əhatə etməyib. Bundan sonra qurumlar və digər yerli iş strukturları ölkə turizminin inkişaf etdirilməsi üçün marketinq və təbliğat işlərini bir yerdə həyata keçirməlidirlər. Uğurlu strategiya əsasında həyata keçirilən bütün layihələr ölkə turizminin inkişafına müsbət təsir edəcək. Həm işgüzar, həm də istirahət məqsədilə ölkəmizə gələn turistlər arasında beynəlxalq tanınmanın növbəti səviyyəsinə çatmaq və Bakı şəhərinin turizm potensialını artırmaq üçün yaradılacaq Milli Turizm Təbliğat Bürosu bir neçə sahəni əhatə edəcək. Büro 2017-ci ilin fevral ayının sonunadək tam olaraq fəaliyyətə başlayacaq”, - deyə Ə.Qarayev söyləyib.

Nazir vurğulayıb ki, Novruz bayramına qədər Azərbaycandakı otellərin böyük əksəriyyəti tutulub. Həmin otellərin müştəriləri arasında yerli turistlərlə yanaşı, xarici ölkələrdən olan turistlər də var. Bu turistlər əsasən Gürcüstan, Körfəz ölkələri və İrandandır. Onlar öz istirahətlərini məhz Azərbaycanda keçirmək istəyirlər.

İclasda şura üzvləri tərəfindən ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, görüləcək işlər və nəzərdə tutulmuş layihələr barədə müzakirələr apardılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video