05 Avqust 2021 15:21
1053
Mədəniyyət
A- A+

Turizm sahəsində son on ildə bir sıra nailiyyətlərə imza atılıb  

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər sırasında turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi və davamlı istismarı, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, Azərbaycan xalqının tarixi-mədəni irsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, milli sənətkarlıq və suvenir məhsullarının istehsalının, həmçinin satışının genişləndirilməsi kimi istiqamətləri qeyd etmək olar. Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur.

AZƏRTAC xəbər verir ki, ötən on il (2010-2020-ci illər) ölkəmizdə digər sahələrdə olduğu kimi, turizm sahəsində də bir sıra uğurlar, nailiyyətlərlə yadda qalıb.

Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında 2010- 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş və ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2011-ci il ölkəmizdə “Turizm ili” elan olunmuşdur.

2010-cu ildən etibarən Azərbaycan Turizm İnstitutu ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilənin şərtlərinə əsasən, 4 illik bakalavr təhsilini bu proqram üzrə bitirən tələbələr həm ATİ-nin (hazırda ATMU), həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını almaq hüququ əldə edib.

2012-ci ildə dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün geniş imkanlara malik “Şahdağ” turizm mərkəzi yaradılıb. Həmçinin sonrakı illər ərzində Tufandağ və Ağbulaq kimi layihələrin reallaşdırılması Azərbaycanda turizmin mövsümilik probleminin aradan qaldırılmasına geniş imkanlar yaradıb.

“Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən turistlər üçün elektron viza sisteminin tətbiqinə başlanılıb. Bu sistem bütün viza prosedurlarının elektron formata yönəldilməsi məqsədilə tərtib edilib və ölkəyə daha çox sayda turistin cəlb olunmasına yardım edib.

2013-cü ildə Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı istifadəyə verilib. Elə həmin ilin avqust ayında Azərbaycan 2014-2017-ci illər üçün BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub. 2017-ci ildə ölkəmiz Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının iclaslarına sədrlik edib və 2018-2021-ci illər üçün yenidən sözügedən Şuranın üzvü seçilib. 2019-cu ilin mayında isə ölkəmiz sözügedən təşkilatın 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitənin üzvlüyünə qəbul olub.

Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 2015-ci ildə Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycanın təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi ilə bağlı qərar qəbul olunub. Münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz məqsədlərə görə istifadəsinin qarşısının alınması üçün beynəlxalq sənədin qəbul edilməsi ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün mühüm rol oynayıb.

2015-ci ildən BƏƏ vətəndaşları, 2016-cı ildən isə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Yaponiya, Çin, Sinqapur, Cənubi Koreya, Malayziya, İndoneziya, Bəhreyn və Küveyt vətəndaşları üçün Azərbaycanın beynəlxalq hava limanlarında viza almaq imkanı təmin edilib. Müvafiq qərar sonrakı illər ərzində sözügedən ölkələrdə Azərbaycana gələn xarici vətəndaşların sayına müsbət təsir edib.

Prezidentin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanının icrasına uyğun olaraq, fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib.

“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Prezidentin 2016-cı il 1 iyun tarixli Fərmanına əsasən “ASAN Viza” sistemi yaradılıb.

“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin 27 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq ölkənin turizm imkanlarının daha peşəkar şəkildə tanıdılması məqsədilə ayrıca ixtisaslaşmış orqan olan Milli Turizm Təbliğat Bürosu təsis edilib.

Prezidentin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən, turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsinə məsul qurum olaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.

2018-ci ilin oktyabr ayında Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən ilk Milli Turizm Sammitində Azərbaycanın “Yenidən fərqli baxışla bax” şüarlı yeni milli turizm brendi ictimaiyyətə təqdim olunub. Elə həmin ildən Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin Xalq Respublikası, Hindistan və Rusiyada olmaqla 6 ölkədə Azərbaycanın turizm nümayəndəlik ofisləri açılıb. Sözügedən nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyıb.

2018-2020-ci illər ərzində turizm sahəsində məlumatlılığın artırılması və müvafiq xidmətlərin onlayn şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən 20-ə yaxın veb-portal istifadəyə verilib. 2018-2019-cu illər ərzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu turizm sənayesi nümayəndələri ilə birlikdə ölkəmizin turizm potensialının beynəlxalq səviyyədə tanıdılması məqsədilə MİTT, EMİTT, İMEX, WTM, FITUR, ITB Berlin, ATM Dubai və digər beynəlxalq turizm sərgilər də daxil olmaqla ildə 20-dək sərgidə iştirak edib.

Ölkəmizdə qoruqların ərazilərində yerləşən maddi-mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək məqsədilə Prezidentin 20 dekabr 2018-ci il tarixli Fərmanı ilə Dövlət Turizm Agentliyinin nəzdində “Qoruqların İdarəetmə Mərkəzi” yaradılıb.

2019-cu ilin 1 mart tarixində Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Sözügedən Memorandum ölkəmizə daha çox Çinli turistlərin cəlb edilməsinə dəstək tədbiri olub. Elə həmin ildə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının 110-cu sessiyası Bakıda keçirilib. İki gün ərzində “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada İcraiyyə Şurasının üzvü olan ölkələrin turizm nazirləri iştirak edib.

2019-cu iyunun 12-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub.

Azərbaycanın bölgələrində turizmin inkişafı, təşviqi və idarə olunması məqsədilə 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Destinasiya Menecmenti Təşkilatları (DMO) yaradılıb. Hazırda Gəncə, Quba, Şəki və Lənkəranda bu cür təşkilatlar fəaliyyət göstərməkdədir. Elə həmin ilin 12 iyul tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Dövr ərzində “Cənub mətbəxinin dadı”, “Cənub mirvarisi”, “Azərbaycanda arxeoloji turizm”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda palçıq vulkanları”, “Aleksandr Düma Qafqazda”, “Qədim Qafqaz Albaniyasının tarixi izləri”, “Azərbaycanda alman izləri”, “Qırx otaq əfsanələri”, “Fit qalası” mədəni turizm, “Şirvan” və “Hirkan” milli parklarında isə ekoturizm marşrutları yaradılıb və pasportlaşdırılıb.

2010-2020-cu illər ərzində ölkəmizdə turizm sahəsinin inkişafı üçün atılan addımlar nəticəsində əsas statistik göstəricilər üzrə artım müşahidə edilib və turizm sahəsinin ölkə iqtisadiyyatına töhfəsi genişlənib. Bu baxımdan, Azərbaycana gələn xarici vətəndaşların, turizm sahəsində çalışan işçilərin, mehmanxanalarda yerləşdirilmiş şəxslərin, turizm şirkətlərinin, Azərbaycana gələn xarici turistlərin ölkəmizdə çəkdiyi xərclərdə, turizmin ÜDM-də olan çəkisində və bir sıra digər göstəricilər üzrə artım müşahidə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video