16 Mart 2021 01:25
1059
Mədəniyyət
A- A+

Torpaq çərşənbəsi

 

Novruz bayramından əvvəl xüsusi qeyd olunan dörd çərşənbənin sonuncusu Torpaq çərşənbəsidir. Su, Od və Yel çərşənbələrindən sonra keçirilən bu çərşənbədə yazın nəfəsi daha aydın duyulur. Torpağa hərarət gəlir, bütün təbiət qış yuxusundan oyanır.

Yeni əkin mövsümünün yaxınlaşması insanları qayğılandırır. Ancaq bu qayğı insanlarda narahatlıq deyil, xoş əhvali-ruhiyyə, sevinc, ümid hisslərini qüvvətləndirir. İnanırlar ki, bu gələn yazda da yenə zəhmətin gücü, təbiətin səxavəti, torpağın bərəkəti ilə bolluq, firavanlıq içərisində keçirəcəkləri bir ilə başlayacaqlar. Ulularımız bu inam və düşüncələrlə torpağın oyanmasını şən mərasimlər, nəğmələr, ayinlərlə qarşılayıblar. Torpaq çərşənbəsində əkiləcək ərazilərdə kütləvi şənliklər keçirilib. Elliklə, ailəliklə yığışaraq sahələri təmizləyib, müxtəlif ayinlər, mərasimlər düzənləyiblər.

Hər zaman torpaq insanlar üçün müqəddəs sayılıb. Yaradılışın maddi əsası hesab edilib. Torpaq deyəndə həm də vətən, el-oba, yurd yada düşür. Torpağı müqəddəsləşdirən insanlar onu əzizləyib, “Torpaq haqqı”, “Yer haqqı” deyərək and içib, “Torpağın bərəkətli olsun” duası ilə bir-birlərinə alqış ediblər.

Birlik, bərabərlik rəmzi olan çərşənbə bayramlarının həm bənzər, həm də fərqli, özünəməxsus adət-ənənələri və mərasimləri var. Xalq tərəfindən ta qədimdən xüsusi qeyd olunan bu çərşənbələrin hər birində insanlar bir-biri ilə bayramlaşır, evlərdə bayram süfrəsi açılır, tonqal qalanır. İlaxır çərşənbə günü nişanlı qızlara, yeni ailə qurmuş gənclərə də bayram xonçası və pay aparılır. Bayram payı müxtəlif hədiyyələr, meyvələr, şirniyyatlar və geyimlərdən ibarət olur.

Sonuncu - Torpaq çərşənbəsində bayram əhvali-ruhiyyəsi daha da yüksəlir. İnanca görə, bu çərşənbə gecəsində təbiətdə nə varsa, hamısı təzələnir. İlin bolluq, bərəkət gətirməsi diləyi ilə bağlarda, bağçalarda, əkin sahələrində böyük həvəslə işə başlanılır.

Torpaq çərşənbəsi xalq arasında “Axır çərşənbə”, “Yer çərşənbəsi”, “Çərşənbə-suri”, “İlaxır çərşənbə” və başqa adlarla da qeyd edilir. Həmin gün küsülülər barışır, hamı təzə paltar geyinir. Ev-eşik, həyət-baca təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir.

Axşam düşməyə başlayanda odla bağlı şənliklər icra olunur: tonqal qalanır. Bayram tonqalının ətrafında dövrə vuran insanlar onun üstündən atılaraq “Ağırlığım-uğurluğum odlara tökülsün” deyir. Ocaq başında ən gözəl diləklər tutulur, arzular söylənir. Ağsaqqallar, ağbirçəklər yalnız öz ailələri, övladları, nəvələri üçün deyil, bütün dünya üçün dualar edir, əmin-amanlıq, bolluq, firavanlıq, sevinc, sağlamlıq diləyirlər. İnama görə, ilaxır çərşənbədə qalanan tonqal heç vaxt su ilə söndürülməməlidir.

Sonuncu çərşənbə evlərdə şam da yandırılır. Bu şamların sayı evdə yaşayan ailə üzvlərinin sayına bərabər olur. İnama görə, kimin adına yandırılan şam ən gec sönərsə, o, ailədə ən uzun ömürlü olacaq.

İlaxır çərşənbə günü ən çox sevinən, əylənən uşaqlar olur. Hava qaralandan sonra evlərə qurşaq ataraq “bayram payı” alırlar.

Bu çərşənbə bayramı süfrəsinə xüsusi hazırlıq görülür, onun daha bol, zəngin olmasına çalışırlar. İlaxır çərşənbədə hər bir evdə bayram xonçası hazırlanır. Hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni xonçanın ortasına qoyulur. Ətrafına fındıq, qoz, iydə, innab, kişmiş, badam, şabalıd, boyanmış yumurtalar, qoğal, şəkərbura, paxlava və digər şirniyyatlar düzürlər. Süfrəyə bayram aşı və başqa yeməklər gətirirlər. Adətə görə, bu naz-nemətin arasında adı “s” hərfi ilə başlanan yeddi cür nemət mütləq olmalıdır. Çünki 7 rəqəminin uğur rəmzi olduğuna inanırlar.

Bayram günü hər kəsin öz evində, ailəsinin yanında, bayram süfrəsində birlikdə olması əsas şərtlərdən biri hesab edilir. İnanclara görə, bu çərşənbə öz evində olmayan şəxs yeddi il ilaxır çərşənbəni evində keçirməz.

İnsanlar qaş qaralandan sonra niyyət edib qonşunun qapısına yaxınlaşır, eşitdikləri ilk sözlərə görə niyyətlərini yozurlar. Qulaq falına çıxanları düşünüb hər kəs öz evində xoş sözlər deməyə, gözəl arzular diləməyə can atır. Çünki inanclara görə, ilaxır çərşənbədə ilk hansı sözü eşitsən, ili o cür başa vuracaqsan.

Subay qızlar qapıpusma adlanan qulaq falına daha həyacanla gedirlər. Qonşuların qapısına yaxınlaşıb, evdən eşitdikləri sözləri gələcək həyatları barədə xəbər, müjdə kimi yozurlar. İlin axır çərşənbə axşamı gecəsi cavan qızların mərasimi hələ bundan sonra başlayır. Rəfiqələr bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Saymağa başlayırlar. Üzük neçə dəfə qaba dəyirsə, demək, falı açılan qız o yaşda gəlin gedəcək.

Axır çərşənbə gecəsi açılan bəzi fallar, edilən niyyətlər isə cəsarət istəyir. Məsələn, həmin gecə ürəyində niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Əgər qorxsan, bu niyyətin baş tutmaz.

İnanca görə, ilin axır çərşənbəsi günü niyyət edib bağa gedirlər. Oradan bir çəngə ot qırırlar. Əgər niyyət düzdürsə, səhəri gün gedib qırdığın otların uzandığını, əvvəlki kimi olduğunu görürsən.

Axır çərşənbə gecəsi niyyət edib bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin yerinə yetdikdən sonra gedib daşın altına baxırsan. Daşın altında ot bitdiyini görürsən.

Axır çərşənbə axşamı gec yatırlar. Hamı deyib-gülür, şənlənir. Yatan olsa, üstünə su töküb, oyadırlar. Subaylar ertədən bişirdikləri duzlu kökəni yeyib su içmədən yatırlar. Su verən adam yuxu görənin qisməti sayılır.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video