13 Avqust 2021 00:28
543
İDMAN
A- A+

Tokio indi də paralimpiya festivalına hazırlaşır

 

Sayca 16-cı Yay Paralimpiya Oyunlarında 4 mindən çox atlet yarışacaq

 

Dünya daha böyük bir mötəbər idman yarışı - XVI Yay Paralimpiya Oyunları ərəfəsindədir. Avqustun 24-dən sentyabrın 5-dək  Tokio bu dəfə dünyanın 170 ölkəsindən 4 mindən çox idmançının mübarizə aparacağı idman festivalına evsahibliyi edəcək.

 

Paralimpiya Oyunlarının 60 yaşı var

 

“Paralimpiya” iki sözün - “para”, yəni “birlikdə” və məlum “olimpik” sözlərinin birləşməsindən yaranmışdır. Yalnız əlillərin iştirak etdikləri idman növlərinin meydana gəlməsini ingilis neyrocərrahı Lüdviq Quttmanın  adı ilə bağlayırlar. O, fiziki qüsurları olan insanlar barəsində çoxəsrlik stereotipləri aradan qaldıraraq idmanı  onurğa beyni zədələnmiş insanların səhhətinin bərpası prosesinə daxil etmişdir.

Doktor Quttman əməli surətdə sübuta yetirmişdir ki, idman fiziki qüsurlara malik insanlara uğurlu həyat fəaliyyəti üçün şərait yaradır, onların psixi  tarazlığını bərpa edir, qüsurlarına baxmayaraq, onlara tam dəyərli həyata qayıtmaq imkanı verir. Lüdviq Quttman İkinci Dünya müharibəsi zamanı İngiltərənin Eylsberi şəhərindəki Stok-Mandevil hospitalının bazasında onurğa zədələrinin müalicəsi üçün mərkəz açmışdır. Burada əlil arabalarında oturan  idmançılar üçün oxatma üzrə ilk yarışlar keçirilmişdir. İflic olmuş 16 kişi və qadından, keçmiş hərbi  qulluqçulardan ibarət qrup isə 1948-ci il iyulun 28-də idmanın bütün tarixi ərzində ilk dəfə olaraq əllərinə idman aləti götürdü.

Bunun ardınca - 1952-ci ildə Hollandiyanın keçmiş hərbi qulluqçuları bu hərəkata qoşularaq dayaq-hərəkət aparatı pozulmuş adamların Beynəlxalq İdman Federasiyasını yaratdılar. 1956-cı ildə isə Lüdviq Quttman idmançıların xartiyasını hazırladı, əlillər idmanının daha da inkişaf etməsi üçün əsaslar formalaşdırdı.

Hərəkat bununla da qurtarmadı. 1960-cı ildə Ümumdünya Hərbi Qulluqçular Federasiyasının himayəsi ilə beynəlxalq işçi qrup yaradıldı. Elə həmin il Romada əlillərin ilk beynəlxalq yarışları keçirildi və yarışlarda 23 ölkədən 400 əlil idmançı iştirak etdi.

1964-cü ildə isə əlillərin Beynəlxalq İdman Təşkilatı yaradıldı və 16 ölkə bu təşkilata qoşuldu. 1964-cü ildə Tokioda idmanın 7 növü üzrə keçirilən yarışlarda ilk dəfə olaraq rəsmi surətdə bayraq qaldırıldı, himn çalındı və oyunların rəsmi emblemi elan edildi. Zəka, möhkəm bədən, yenilməz ruh rəmzi kimi qırmızı, göy və yaşıl yarımkürələr dünya paralimpiya hərəkatının qrafik rəmzi oldu.

1972-ci ildə Kanadanın Toronto şəhərində keçirilən yarışlarda 44 ölkədən gəlmiş 1000-dən çox əlil mübarizə  aparmışdır. Yarışlarda yalnız əlil arabasında oturan idmançılar iştirak edirdilər. 1976-cı ildən isə onurğa zədələri olan idmançılara digər zədələri olan idmançılar - gözdən əlil və ətrafları amputasiya edilmiş adamlar da qoşulmağa başladılar. Beləliklə, hər növbəti oyunlardan sonra iştirakçıların sayı artır, ölkələrin coğrafiyası genişlənir, proqrama yeni-yeni idman növləri daxil edilirdi.

1988-ci ildə başqa bir yenilik oldu. Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş beynəlxalq oyunlarda əlil idmançılara sağlam olimpiyaçıların mübarizə apardıqları yay oyunlarının idman qurğularında yarışmaq hüququ verildi. Məhz həmin vaxtdan yarışlar sağlam olimpiyaçıların mübarizə apardıqları idman qurğularında keçirilməyə başlandı.

1992-ci ildə təşkil edilən Beynəlxalq Paralimpiya Komitəsi onun hüquqi varisi oldu.

 

Azərbaycan paralimpiya oyunlarında: 6 dəfə iştirak, 38 medal

 

Azərbaycan əlilləri beynəlxalq idman təşkilatına 1992-ci ildə qoşulub. Bizdə  Paralimpiya Hərəkatının yaranma tarixi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan  rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı il fevral ayının 9-u ölkəmizin idman salnaməsinə Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranma tarixi kimi daxil olub və o tarixdən bugünə kimi Milli Paralimpiya Komitəsi uğurla fəaliyyət göstərir.

Elə həmin il Azərbaycan ilk dəfə olaraq Paralimpiya Oyunlarına qatılmışdır. ABŞ-ın Atlanta şəhərində keçirilən yarışda komandamızın heyətində Aleksandr Antofiy 42 km məsafəyə qaçışda (atletika üzrə idmançı) 4-cü yerə layiq görülmüşdür.

2000-ci il Sidneydə keçirilən XI Yay Paralimpiya Oyunları ərəfəsində Prezident Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasında Paralimpiya oyunlarına yollanma mərasimində iştirak etməsi və MOK-un prezidenti İlham Əliyevin atletlərimizlə görüşməsi idmançılarımıza əlavə güc və ruh verdi. Həmin ərəfədə Heydər Əliyev paralimpiyaçı idmançılar üçün yeni dünya standartlarına uyğun təlim-məşq bazasının tikilməsi ilə bağlı sərəncam da imzaladı.

Avstraliyanın Sidney şəhərində sayca XI Paralimpiya Oyunlarında komandamızın heyətində Gündüz İsmayılov (ağır atletika) qızıl, Yelena Taranova (stend atıcılığı) isə gümüş medal qazandılar. Bu nəticə ilə Azərbaycan 127 ölkə arasında 47-ci oldu.

2000-ci il XI Yay Paralimpiya oyunları Azərbaycan idmançıları üçün uğurla başa çatdıqdan sonra Heydər Əliyevin iştirakçıları qəbul edib yarışlarda fərqlənmiş idmançı və onların məşqçilərinə müxtəlif mükafatları şəxsən təqdim etməsi Azərbaycan Paralimpiya Hərəkatına əlavə stimul verdi. Bu səbəbdən 2004-cü ildə Yunanıstanın paytaxtı Afinada təşkil olunmuş XII Paralimpiya Oyunları ölkəmiz üçün daha uğurlu oldu. Komandamızın heyətində İlham Zəkiyev (cüdo) və Oleq Panyutin (atletika) qızıl, Zeyniddin Bilalov (atletika) gümüş, Yelena Taranova (stend atıcılığı) bürünc medal qazandılar. Azərbaycan bu dəfə 136 ölkə arasında 45-ci yeri tutdu.

2008-ci ildə Pekində keçirilən XIII Paralimpiya Oyunları da Azərbaycan idmançıları üçün uğurlu oldu. Komandamız ölkəyə 10 medal ilə qayıtdı. Yığmamızın heyətində İlham Zəkiyev və Oloxan Musayev (hər ikisi cüdo) qızıl, Tofik Məmmədov, Kərim Sərdarov (hər ikisi cüdo) və Zeyniddin Bilalov (atletika) gümüş, Ramin İbrahimov (cüdo), Vladimir Zayts, Rza Osmanov, Oleq Panyutin və Vüqar Mehdiyev (hamısı atletika) bürünc medal qazanmaqla yeni bir rekorda imza atdılar və komandamız bu dəfə 148 ölkə arasında 38-ci yerə yüksəldi.

Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş XIV Yay Paralimpiya Oyunlarında 166 ölkədən 4200 idmançı iştirak edirdi. 21 idman növündə 502 dəst medal (cəmi 1552 medal) uğrunda  mübarizə aparılan turnirə paralimpiya yığmamız 6 idman növü üzrə  21 idmançı (16 kişi və 5 qadın) ilə qatılmışdı. Bu dəfə də təmsilçilərimiz bəslənən ümidləri doğrultdular. Onlar vətənə rekord sayda - 12 medalla qayıtdılar. Cüdoçularımız Ramin İbrahimov və Afaq Sultanova qızıl, İlham Zəkiyev isə bürünc medal qazandılar. Üzgüçümüz  Natali Pronina isə 5 medal əldə etdi. Natali əvvəlcə 50 metr məsafəyə sərbəst, 200 metr məsafəyə kompleks, 100 metr məsafəyə sərbəst, arxası üstə 100 metr məsafəyə üzgüçülükdə gümüş medallara sahib çıxdı, 400 metr məsafəyə sərbəst üzgüçülükdə isə beşinci yerlə kifayətləndi. Sonda isə idmançımız 100 metr məsafəyə brass üsulu ilə üzgüçülükdə dünya rekordu müəyyənləşdirdi və nəhayət, paralimpiya qızılını qazandı.

Oleq Panyutin (üç təkanla tullanma) də ölkəmizin hesabına qızıl medal yazdırdı. Oleq həm də Elçin Muradov, Rza Osmanov və Vladimir Zayetslə birlikdə estafetdə (4x100) yığmamızın aktivinə bürünc medal əlavə etdi. Vladimir Zayets isə üç təkanla tullanmada gümüş medal qazandı.  Atletimiz Hüseyn Hüseynov da uzunluğa tullanmada bürünc medalın sahibi oldu.

2016-cı il sentyabrın 7-18-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən paralimpiadada atletlərimiz növbəti  uğurlarını qazandılar. Rioya 24 nəfərlə qatılan yığmamız  idmanın 6 növü üzrə (cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma) mübarizə apardı. Atletlərimiz Rioda uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla, ümumilikdə, 11 medala sahib çıxdılar. Ölkəmizin hesabına qızıl medalı isə cüdoçumuz Ramil Qasımov yazdırdı. Digər cüdoçularımız Bayram Mustafayev gümüş,  Rövşən Səfərov  isə bürünc mükafat qazandılar. Eləcə də yüngül atletika idman növündə mübarizə aparan Yelena Çebanu 2 gümüş və 1 bürünc, Kamil Əliyevlə İradə Əliyeva gümüş medala layiq görüldülər. Üzgüçülük yarışlarında  isə Dimitri və Roman Saley qardaşları Azərbaycanın medal hesabına daha 3 gümüş mükafat əlavə etdilər. 

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video