27 Noyabr 2021 01:26
167
CƏMİYYƏT
A- A+

Ticarət həm də mədəniyyətdir

 

Elə isə heç bir çərçivəyə sığmayan küçə alveri nədir?

 

Dünyanın inkişaf edib bu günə gəlib çatmasında ticarətin mühüm rol oynaması danılmaz faktdır. Natural təsərrüfatın dağılması ilə ticarətin təşəkkül tapmasının ölkələr arasında əlaqələrin inkişafına böyük töhfə verməsi, ticarət əlaqələrinin inkişafının dövlətlərin formalaşmasında, əlaqələrin və sərhədlərin yaranmasında müstəsna rol oynaması, zaman keçdikcə isə ölkələr arasında bu əlaqələrin qlobal xarakter alması da məlumdur.

Azərbaycanda da ticarətin tarixi qədimdir. Şərqlə Qərb arasında olan İpək yolunun ticarət marşrutunun üstündə qərarlaşması Azərbaycana hər zaman geniş imkanlar yaradıb. Məhsullarını həm Şərqə, həm də Qərbə satmaq imkanı qazanan Azərbaycanda ticarət mədəniyyəti formalaşıb.

Bəs bu gün Azərbaycanda həmin ticarət mədəniyyəti inkişaf etdirilir demirik, heç olmasa qorunurmu? Bu suala birmənalı cavab vermək mümkün deyil. Ona görə ki, bizdə də, inkişaf etmiş ölkələrdə olduğu kimi, müasir ticarət mərkəzləri, tanınmış brendlərin məxsusi mağazaları və s. fəaliyyət göstərir. Xüsusilə supermarketlərdə məhsulların keyfiyyətinə və gigiyenik qaydalara əməl olunur, nağdsız ödənişlər qəbul olunur, müxtəlif marketinq kampaniyaları həyata keçirilir və s.

Bununla yanaşı, ölkəmizdə hələ də müasir ticarət qaydalarına cavab verməyən ticarət obyektləri mövcuddur. Bəzi kiçik məhəllə dükanlarında vəziyyət fərqlidir. Burada çox vaxt nağdsız ödənişlər həyata keçirmək mümkün olmur, üstəlik, sanitariya qaydalarına da tam əməl edilmir.

Amma bütün bunlar küçə ticarətinin, daha doğrusu, alverinin yanında, necə deyərlər, toya getməlidir. Ümumiyyətlə, küçə ticarəti adlandırdığımız bu antisanitariya və natəmizlik mənbəyi Azərbaycanın, xüsusilə Bakının çoxdankı başağrısıdır. Bir ara qarşısı nisbətən alınsa da, sonradan yenidən “çiçəklənmə”yə başlayan ticarətin bu “növ”ünə azərbaycansayağı “marketinq” də demək olar. Bu gün Bakının mərkəzindən tutmuş ən ucqar ərazilərinəcən elə bir küçəsi, məhəlləsi yoxdur ki, oranı, sözün mənfi mənasında, bazara bənzətmək olmasın. Fotomüxbirimiz bu şəkilləri redaksiyamızın yerləşdiyi binadan iki tin aşağıda - Ələsgər Ələkbərov küçəsində, özü də 5-10 metrlik bir ərazidə çəkmişdir. Burada  səkinin ortasında nələr satılmır - meyvə-tərəvəz, təzə balıq, ət, təsərrüfat və sənaye  malları... Özü də piyadaların gediş-gəliş yolunu kəsən belə “obyekt”lərin sayı bir deyil, beş deyil. Birindən sivişib keçirsən, başqasının üstünə çıxırsan. Biz hələ elə də təmiz olmayan Bakı küçələrində toz-torpağın, avtomobillərdən   çıxan zərərli qazların altında satılan ərzağın insan sağlamlığına yaratdığı təhlükəni demirik, baxmayaraq ki, bu daha ciddi problemdir.

Təhlükə demişkən. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlayıb mövqelərini bilmək istədik. Əvvəl cavabları belə oldu ki, icazəsiz küçə ticarətinə qarşı mübarizə polisin işidir. Deyəndə ki, əməkdaşlarınız ərzağın keyfiyyətini yoxlamaq adı ilə restoran və şadlıq evlərindən çıxmır, bəs hər cür yeyinti məhsullarının küçədə satılması təhlükə mənbəyi deyilmi, onda bizdən yazılı sorğu istədilər. Həmin sorğuya da cavabları bu oldu: “Ticarət obyektlərində, eləcə də mövsümi və səyyar ticarət obyektlərində, arabalarda, açıq tərəvəz bazarlarında təzə meyvə-tərəvəz məhsullarının qəbuluna və satışına həmin məhsullar agentlik tərəfindən yoxlanıldıqdan sonra icazə verilir. Meyvə-tərəvəz məhsulları ticarət obyektlərində xüsusi ayrılmış yerlərdə çıxdaş olanlar ayrıldıqdan sonra satışa çıxarılmalıdır. Meyvə-tərəvəz məhsulları rəflərdə, piştaxtalarda, kasetlərdə, zənbillərdə, yeşiklərdə yerləşdirilməlidir. Qanunsuz küçə ticarəti, yəni müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə aidiyyəti dövlət orqanı tərəfindən qanun çərçivəsində müvafiq cərimə tətbiq olunur”.

Vəssalam. Bu da ölkədə istehsal edilən və satılan qida məhsullarının təhlükəsizliyinə birbaşa cavabdeh olan və məsuliyyət daşıyan dövlət qurumunun hər cür xəstəliklərin mənbəyi olan küçə alverinə münasibəti. Bundan sonra səkiləri işğal etmiş küçə “obyekt”lərinin sahibləri şəhərin avtomobil yollarını da bazaya döndərməyiblərsə,  insaflıdırlar. İnsafı olmayanlarsa yolun ortasında təhlükəli ərzaq satışına hansı səbəbdənsə şərait yaratmaqla paytaxtımızın imicinə ziyan vuranlardır. Yəqin ki, onlar ticarətin həm də mədəniyyət olduğunu çoxdan unudublar.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video