20:15 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tibbi sığortanın tətbiqi niyə ləngiyir?
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:04 07.04.2013

 

Hazırda dünyanın əksər ölkələrinin səhiyyə sahəsində geniş tətbiq olunan icbari tibbi sığorta sistemi mövcuddur. Lakin Azərbaycanda bu sistemə keçid hələ də ləngiyir, halbuki sistemin ölkəmizdə tətbiqi üçün lazım olan bütün hüquqi əsaslar var. Daha dəqiq desək, 1999-cu ildə "Tibbi sığorta haqqında" qanun qəbul olunub. Eyni zamanda "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli fərmanı da var. Bundan başqa, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı" da hazırlanıb.  Bu sənəd isə Nazirlər Kabinetinin 11 avqust 2008-ci il tarixli qərarı ilə təsdiq olunub. Bundan sonra Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.

Dünya təcrübəsinə görə tibbi sığortanın tətbiqi səhiyyə sektorundakı çoxsaylı problemlərin həllini zəruriləşdirir. Azərbaycan səhiyyəsinin də ciddi problemlərdən - pasiyent-həkim münasibətlərindəki bəzi ziddiyyətlər, yüksək səviyyəli mütəxəssis azlığı, həkimlərin sosial qayğıları və digər çatışmazlıqlardan sığortalanmadığı bir ərəfədə icbari tibbi sığortanın tətbiqinin zəruriliyi ortaya çıxır. Maraqlısı odur ki, ölkədəki səhiyyə müəssisələrindəki şərait, həm də iqtisadi potensial "Tibbi sığorta haqqında" qanunun icrasını tam mümükün edir. Son illərdə səhiyyə sahəsində aparılan mühüm islahatlar göstərir ki, Azərbaycan icbari ibbi sığortanın tətbiqinə də hazırdır.

 

Mane olan nədir?

 

Belə olduğu halda

hər kəsi düşündürən sual ortaya çıxır: hələ 13 il əvvəl qəbul edilən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqinə nə mane olur?

Mövzu barədə söhbət etdiyimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədri professor Hadi Rəcəbli sözügedən qanunun tətbiq olunmamasının bir neçə obyektiv və subyektiv səbəbinin mövcudluğunu dedi. Onun sözlərinə görə, ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 1999-cu ildə qəbul olunan "Tibbi sığorta haqqında" qanunun tətbiqini 5 il müddətinə dayandırdılar. Məqsəd o idi ki, sahibkarların vergi yükü azalsın. Sonradan 2008-ci ildə Prezident İlham Əliyev bu qanuna imza atdı. 3 il ardıcıl olaraq tibbi sığortanın tətbiqi üçün büdcədən vəsait ayrıldı və pilot rayonlar müəyyənləşdi.

Hadi Rəcəbli bildirdi ki, tibbi sığorta sistemi olmadan cəmiyyəti təsəvvür etmək mümkün deyil: "Əlbəttə, bu, bir az vaxt istəyir və prosesin gedişində müəyyən gərginliklər yarana bilər. Agentlikdə vəsait toplanmalıdır ki, sonradan bu vəsaitdən istifadə olunsun. Bunun üçün keçid dövrü olmalıdır, agentlik fəaliyyətə başlamalı, yenə bir-iki pilot rayon seçilməli və vətəndaşlara tibbi sığorta kartı verilməlidir. Bundan sonra isə tibbi sığorta sisteminin bütün ölkə üzrə işlənməsinə başlamaq mümkündür. Bu zaman da müəyyən gərginliklər ortaya çıxa bilər. Ola bilsin ki, lazımi vəsait çatmasın, hansısa müəssisə sistemə keçməsin və s. Bir sözlə, bu, düşündüyümüzdən də çətin məsələdir. Amma biz bu addımı atmalıyıq, çünki başqa alternativ yoxdur və tibbi sığorta təbii zərurətdir. Gərək bu istiqamətdə ilkin təşəbbüslərə başlayaq.

Hadi Rəcəbliyə görə, tibbi sığortanın müsbət tərəflərinin birincisi odur ki, həkimin yanına gedən pasiyent ona kart təqdim edəcək. Həkimin göstərdiyi xidmətin haqqı o kartdan silinəcək. Bu, digər neqativ halların qarşısını alacaq. Həkim də karta əsasən göstərdiyi xidmətin dəyərinin müəyyən faizini əməkhaqqı kimi alacaq: "Beləliklə, burada iki məsələ həllini tapır. İlk növbədə həkimi aşağılayan "təşəkkür xərci" aradan qaldırılır. İkinci isə, həkimin əmək haqqı yüksəlir. Digər bir məsələ də ondan ibarətdir ki, əhalinin sağlamlığının qorunmasında artıq cəmiyyət özü iştirak edir. Hər şeyi dövlətin üzərinə yıxmaq olmaz, cəmiyyət və özəl şirkətlər bu məsələdə iştirak edərsə, sığorta haqqı ödənilərsə, sahibkar da maraqlı olacaq ki, onun işçisi xəstələnməsin".

Səhiyyəyə ayrılan vəsait son on ildə bir neçə dəfə artıb, bu sahədə maddi-texniki baza yüksəlib. Büdcədən ayrılan vəsaitin bir hissəsini sığorta vəsaiti hesabına ödəsək, büdcə vəsaiti bir az artıq qalar. Qalan vəsaiti isə əməkhaqqına və maddi-texniki bazanın yüksəlməsinə yönəltmək olar. Hadi Rəcəbli bunun necə tənzimləndiyini belə izah etdi: "İşə götürən pulu sığorta agentliyinə köçürür, sığorta agentliyi isə ayın sonunda göstərdiyi xidmətə görə pulu tibb müəssisəsinə köçürür. Bu zaman sığorta şirkəti maraqlı olacaq ki, xəstələrə xidmət olunsun, sığorta agentliyi deyəcək ki, pul verirəm, necə xidmət aparırsan?!".

 

Dünya ölkələrində tətbiq olunan icbari tibbi sığorta modelləri

 

Qeyd edək ki, tibbi sığortanın tətbiqi ilə bağlı bir neçə model var. Məsələn, Kosta-Rikada bütün səhiyyə və sosial  müdafiə sisteminin  maliyyələşdirilməsi Sığorta Fondundan həyata keçirilir. Ona görə də sığorta şirkətinin daim səhiyyəyə nəzarəti var. Bu ölkədə olduğunu və onların təcrübəsi ilə tanışlığını qeyd edən H.Rəcəbli bunu nümunəvi model kimi qəbul etmədiyini dedi. Əlavə etdi ki, tibbi sığorta sahəsində Rusiyanın da modeli özünü doğrultmadı. Çünki Rusiya modelində işəgötürəndən 4 faiz tibbi sığorta haqqı tutulurdu, işçi heç nə ödəmirdi. Bu gün də Rusiyada sığorta sistemi pis işləyir.  Almaniya modelində isə tibbi sığorta 13 faizdir, onun 6,5 faizini işçi, 6,5 faizini isə sahibkar verir. Orada tibbi sığorta şirkətlərində belə bir prinsip formalaşıb: sən mənə nə qədər pul ödəyəcəksənsə, mən də o qədər xidmət göstərəcəyəm.

Komitə sədri bildirdi ki, Norveçdə də tibbi sığortanın tətbiqi çox maraqlıdır. Orada sığortalanma rəmzidir. Məsələn, insanın illik əməkhaqqının 5 faizini tuturlar. Amma sən xəstələnsən, bütün səhiyyə müəssisələrində xidmətlər pulsuzdur. Orada da müəyyən xidmət növləri var. Məsələn, uşaq dünyaya gətirəndə doğuşun 30 faizinin pulunu sığorta şirkəti, 70 faizini vətəndaş ödəyir: "Norveçdə sığortanın məqsədi odur ki, insanlara xəbər verir ki, sənin canın dəyərlidir, qiymətlidir. Bu model sığortalanmanın həmrəylik prinsipidir. Yəni hamı sığorta şirkətinə pul verir, kim xəstələnir, o, pulu götürür, kim xəstələnmir, onun pulu qalır".

 

Həkimin əməkhaqqının artırılmasının bir yolu da tibbi sığortadır

 

Yaxşı mütəxəssislərin daha çox özəl tibb müəssisələrinə üz tutduğuna münasibət bildirən Hadi Rəcəbli dedi ki, orada əməkhaqqı daha yüksəkdir: "Amma gəlin görək dövlət tibb müəssisələrində nə qədər müasir texnologiyalar var, müasir şərait yaradılıb. Deməli, yenə də gəlirik əməkhaqqı məsələsinə. Açıq etiraf etmək lazımdır ki, hazırda həkimlərin əməkhaqqı bizim istədiyimiz səviyyədə deyil! Əlbəttə, həkimin əməkhaqqının artırılmasının bir yolu da tibbi sığortadır. Beləliklə, pasiyentlər də həmişə yaxşı həkimin yanına gedəcək, yəni yaxşı həkimin maaşı yüksələcək, pis həkimin əməkhaqqı isə az olacaq. Bir məqam da var ki, bu gün orta tibb işçiləri də, ali təhsilli tibb personalı da bizim tələbatdan, demək olar ki, iki dəfə çoxdur. 0/5, 0/4, 0/3, 0/2 və s. ştatlar var. Təbii ki, bu məsələ də özünün həllini istəyir və tibbi sığorta məsələsi ortaya qoyulanda bu həkimlər istər-istəməz yox olub gedəcək".

Prezidentin səhiyyə sistemini daim nəzarətdə saxladığını deyən deputat qeyd etdi ki, tibbi sığorta məsələsi  daha köklü  dəyişiklik tələb edir. Bu sistemin tətbiqi səhiyyənin maliyyələşməsinin alt-üst edilməsi deməkdir. Yəni maliyyələşmə tam yenidən qurulmalıdır: "Bu barədə qanunverici orqan artıq işini görüb, "Tibbi sığorta haqqında" qanun var. Burada cəsarətli bir addımın atılması qalıb ki, Maliyyə və Səhiyyə nazirlikləri ilə birgə Nazirlər Kabinetində bu işə baxılsın. Biz bu məsələyə zaman-zaman qayıdırıq. Mən çox istərdim ki, bu il də tibbi sığorta məsələsi gündəmə gəlsin".

 

Sistemin həyata keçməsi üçün bir çox mexanizmlər işə düşməlidir

 

"Ən inkişaf etmiş ölkələrdə belə tibbi sığorta olmadan onun səhiyyə problemlərini həll etmək mümkün deyil. Bir deputat, eyni zamanda həkim kimi bu, bizi də narahat edən məsələdir" - bu sözləri isə digər müsahibimiz - Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov dedi. O, əvvəlcə qeyd etdi ki, həm Bakıdan, həm də rayonlardan gələn sosial müraciətlərin içərisində ən önəmli yeri məhz insan sağlamlığı tutur. Bu məqamda insanın ilk fikirləşdiyi problem onun keyfiyyətli müalicə olunmasıdır. Bunun üçün vətəndaşın maddi ehtiyatı olmazsa, bu, artıq ikiqat problem deməkdir.

Deputat "Tibbi sığorta bizə nə verə bilər?" sualını isə belə cavablandırdı: "Birincisi, səhiyyənin hər bir insan üçün əlçatan olmasıdır. İkincisi, tibbi sığortanın cəmiyyətdə işləməsi o deməkdir ki, artıq səhiyyədə proqressiv inkişaf yönlü islahatlar gedir. Yəni sübut olunmuş təbabət və tibbi protokollar əsasında keyfiyyətli müalicə var. Belə olduqda insanların daxilində bir özünəinam yaranır. Hesab edirəm ki, bu gün səhiyyənin maliyyələşməsi rasional yönümlü olmalıdır. Yəni bu sahədə başlanılmış və gələcəkdə davam edəcək islahatlar sürətləndirilməlidir. Bildiyimiz kimi, qardaş Türkiyədə tibbi sığorta sosial sığortanın tərkibindədir. Ancaq bizdə bunun üçün xüsusi agentlik yaradılıb. Bəlkə də gələcəkdə bunun necə tətbiq olunması barədə fikirləşmək mümkündür. Düşünürəm ki, tibbi sığortanın tətbiqi üçün bizdə də mərkəzləşmiş rəqəmlər olmalıdır, xidmətlərin qiyməti çıxarılmalıdır. Məsələn, tibbi sığorta paketi müəyyənləşdirilməlidir və göstərilməlidir ki, paketin içərisində hansı xidmətlər var".

Deputat İlham Məmmədov həmçinin dedi ki, işəgötürən əmək fəaliyyətini leqallaşdırmalıdır: "Hər bir işəgötürən müqavilə əsasında bilməlidir ki, onun nə qədər işçisi var və onların ayırmalarını etməlidir. Məsələn, Türkiyə və Almaniyanın bu sahədə çox gözəl nümunəsi var. Almaniyada işə götürülənə tibbi sığorta ayırmalarının olmaması, ümumiyyətlə, absurd bir şeydir, yəni ağla gəlmir ki, belə bir şey ola bilər. Birinci növbədə istər işəgötürən, istərsə də işə daxil olan özü maraqlı olur ki, onun tibbi sığortası olsun".

Tibbi sığortada qiymət paketinin olmasının vacibliyini dilə gətirən İ.Məmmədov dedi ki, bu gün hər bir təşkilatda eyni dərman vasitələri müxtəlif qiymətlərədir: "Bu sahədə Səhiyyə Nazirliyi çox yaxşı bir addım atıb, bu yaxınlarda dərmanların ölkəyə gətirilməsində vahid qiymət sistemi tətbiq olunacaq. Bunu səhiyyədə aparılan islahatların tərkib hissəsi kimi qeyd etmək lazımdır. Bu qaydanın özü imkan verəcəkdir ki, tibbi sığorta paketində qiymətlər müəyyənləşsin. Vahid qiymətin olmasının özü səhiyyənin maliyyələşməsinin digər bir istiqamətdə islahatıdır. Yəni büdcənin səhiyyə sahəsinə ayırdığı vəsaitin şəffaflığı təmin olunacaqdır. Bu sahədə təkanlar var  və arzu edərəm ki, bu təşəbbüslər çox sürətli olsun. Tibbi sığorta üzrə Dövlət Agentliyinin yaranması işin birinci addımıdır. Onun fəaliyyətsizliyindən, təbii ki, biz də narahat oluruq, hər dəfə Milli Məclisin plenar, həmçinin Sosial siyasət komitəsinin iclaslarında məsələ qaldırılır və vurğulanır ki, tibbi sığorta olmadan ölkə səhiyyəsinin problemlərini həll etmək olmaz. Ancaq bu sistemin tam həyata keçməsi üçün bir çox mexanizmlər var ki, onlar işə düşməlidir".

 

Dövlət bütünlüklə səhiyyənin yükünü öz çiyninə götürə bilməz

 

Xatırlatmaq yerinə düşərdi ki, 2008-ci ilin fevralın 1-dən etibarən dövlət səhiyyə müəssisələrində bütün tibbi xidmətlər pulsuzdur. Həmin  vaxt səhiyyə naziri Oqtay Şirəliyev dövlət büdcəsindən maliyyələşən və nazirliyin strukturuna daxil olan müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətin ləğvinə dair əmr imzalayıb. Bu halda tibbi sığortanın zəruriliyinin nə kimi əhəmiyyəti var?

Sualı cavablayan deputat İlham Məmmədov bildirdi ki, elə əməliyyatlar var ki, onun icra olunması çox çətin prosesdir. Məsələn, Azərbaycanda açıq ürək və böyrək üzərində əməliyyatlar həyata keçirilir. Bunun hamısını dövlət müəssisəsi qarşılaya bilmir. Bunun üçün yuxarıda qeyd olunan islahatlar aparılmalıdır. Təbii ki, dövlət tibb müəssisələrində xidmətin pulsuz olması humanist bir addımdır. Amma ən inkişaf etmiş ölkələrdə belə dövlət bütünlüklə səhiyyənin yükünü öz çiyninə  götürə bilməz.

Deputat onu da əlavə etdi ki, bir neçə ildən sonra ölkəmizə daha qabiliyyətli mütəxəssislər gələcək: "Xaricdə təhsil alan bir çox azərbaycanlı tələbələr var, mən onların bir neçəsi ilə Almaniyada görüşdüm, fəxr etdim onlarla. Bax tibb sahəsi üzrə bu mütəxəssislər gələndən sonra icbari tibbi sığortaya keçməmiz zəruriləşəcək. Bunun üçün avadanlıqlarımız var, onlar gəlib yüksək maaşla çalışmalıdırlar burada. Bir məsələ də var ki, tibbi sığortanın tətbiqi tək Səhiyyə Nazirliyinin işi deyil. Bunun üçün bütün qüvvələr birləşməli və həyata keçirilən proseslər cəmlənməlidir ki, "Tibbi sığorta haqqında" qanun işə düşsün. Əlbəttə ki, bu sahədə mətbuatda müxtəlif ekspert təkliflərinin də yer alması, maarifçilik işinin aparılması məqsədəuyğun hesab olunur".

 

Yerli və transmilli şirkətlər tibbi sığortanın tətbiqində ölkəmiz üçün bir nümunədir

 

Bir məqamı da unutmaq olmaz ki, hazırda Azərbaycanda fəaliyyət göstərən iri transmilli şirkətlərdə tibbi sığorta sistemi tətbiq olunur. Yalnız öz işçiləri üçün tibbi sığorta xidmətləri təklif edən şirkətlər arasında xarici kommersiya təşkilatları ilə yanaşı, Azərbaycanın özünün də iri dövlət şirkətləri, yaxud böyük hissədarı olduğu holdinqlər var. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "bp-Azerbaijan", "Xəzər Dəniz Gəmiçiliyi"  və s. şirkətləri buna misal göstərmək olar.

Deputat İlham Məmədova görə, yerli və transmilli şirkətlər tibbi sığortanın tətbiqində ölkəmiz üçün bir nümunədir. Bunlar beynəlxalq səviyyəli şirkətlərdir. Ona görə də o dəyərlərdən bəhrələnirlər: "Bəzən işəgötürən işçilərinin sayını gizlədir, əmək müqaviləsi bağlamır. Ancaq hər bir işəgötürən qayda-qanunla qeydiyyat aparmalıdır. Artıq bu prosesə başlanılıb, işçi Sosial Müdafiə Fondunda qeydiyyata durmalı, pensiya təminatı olmalıdır. Bunun fonunda istər özəl, istərsə də dövlət müəssisələrində  işləyənlərin vahid sayı bəlli olmalı və tibbi sığorta ayırmaları müəyyənləşməlidir. Bundan sonra tibbi sığorta mexanizmini tamlıqla tətbiq etmək olar. Tibbi sığortanın tətbiqi pasiyentə seçim imkanı verməyəcək, yəni o, istər özəl, istərsə də dövlət müəssisəsində müalicəsini davam etdirəcəkdir. Təbii ki, buna nəzarət edən agentlik də artıq keyfiyyətli müalicəni tələb edəcək. Tibb müəssisələri arasında sağlam rəqabət formalaşacaq".

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da açıqlamasında xatırlatdı ki, Prezident "Tibbi sığorta haqqında" qanunun icrası ilə bağlı imzaladığı sərəncamda hökumətə müvafiq planlar hazırlamağı və qanunun icrasına başlamağı tapşırıb: "Təəssüflər olsun ki, bununla bağlı hələ ki heç bir addım atılmayıb və bu məsələ açıq qalıb. Əlbəttə, cəmiyyətdə tibbi sığortanın olması çox vacib amildir. Hesab edirəm ki, bununla bağlı Azərbaycanın bütün imkanları var. Çox uzağa getməyək, qonşu Türkiyədə tibbi sığortanın çox mükəmməl nümunəsi var. Bu modelin əsas variantından istifadə edib bizdə də tətbiq etmək lazımdır".

Vahid Əhmədov onu da bildirdi ki, "müəyyən qurumlar var ki, tibbi sığortanın tətbiqi onlara sərf etmir, ona görə bu prosesi ləngidirlər. Bundan başqa, müəyyən qədər işsiz insanlarımız var. Amma istənilən halda tibbi sığortanın tətbiqini saxlamaq olmaz. Çünki bu gün müasir tələblərə cavab verən tibbi müəssisələrimiz çoxdur. Şərait yaratmaq lazımdır ki, insanlarımız səhiyyə sistemində müalicə üçün əziyyət çəkməsinlər. Bunun da yeganə yolu tibbi sığortanın tətbiq edilməsidir".

Mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinə də sorğu göndərdik. Cavab olaraq bildirdilər ki, onlar icbari tibbi sığortanın təşəbbüskarlarından biridirlər və bu sistemin Azərbaycan səhiyyəsində də tətbiq olunmasının tərəfdarıdırlar. Nazirlik icbari tibbi sığortanın tətbiqinin onlardan asılı olmadığını bildirsə də, bu sistemin vacibliyini vurğuladı.

Səhiyyə nazirinin müavini Abbas Vəliyevin açıqlamasına görə, Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlərin sürətləndirilməsi 2013-2014-cü illərdə nəzərdə tutulmuşdur.

Sözügedən qanunun icrası ilə bağlı iki həftə əvvəl Nazirlər Kabinetinə ünvanladığımız sorğuya isə heç bir cavab verilmədi. Təəssüf...

Sonda xatırladaq ki, icbari tibbi sığorta sistemi vətəndaşların hər hansı xəstəlik üzrə sığorta ödənişlərinə əsaslanan pulsuz müayinə və müalicəsini nəzərdə tutur. Bunun üçün hökumət tərəfindən vətəndaşlara xidmətlər paketi təklif olunur. Təkliflər paketində hər bir xəstəlik üzrə müalicənin dəyəri müəyyən edilir və cəmiyyətin bütün üzvləri bu xidmətlər paketini istədiyi xəstəxanada pulsuz əldə edə bilir.

Araşdırmalar nəticəsində belə qənaət hasil olundu ki, hamı tibbi sığortanın faydasını bilir və onun tezliklə tətbiqini istəyir. Əslində meydanda hər şey var: qanun, iradə, maddi-texniki baza, kadr, təcrübə! Görək konkret əməli addımlar nə zaman atılacaqdır!

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM