05 Iyul 2014 12:07
391
Səhiyyə
A- A+

Tibb aləminin unudulmaz şəxsiyyəti

Azərbaycan tibb elminin formalaşıb öz məktəbini yaratmasında, əldə edilən elmi uğurların ölkəmizin tibb sahəsində inkişaf yoluna çıxmasına yönəldilməsində tarixi xidmətləri olan akademik Rəhim Nurməmməd oğlu Rəhimov bu gün də böyük hörmətlə anılır. Müasir tibb aləminin qayğıkeş və unudulmaz müəllimi olmuş bu insanın elmi məktəbinin istedadlı davamçıları bu gün müstəqil Azərbaycanın hərtərəfli inkişafı, tərəqqisi yolunda səmərəli xidmətlərini göstərirlər.

 

Görkəmli alim, böyük vətəndaş, nəcib insan R.Rəhimov həyat nümunəsi və elmi yaradıcılığı ilə tanıyanların qəlbində silinməz izlər buraxmış, xalqına xidmətləri ilə şərəflənən zəngin və mənalı bir ömür yaşamışdır.

R.Rəhimovun elmi irsinə və həyatda tutduğu yüksək mövqeyə illər keçəndən sonra nəzər salan doğmaları, dostları, davamçıları haqlı iftixar hissi keçirir, xatirəsini həmişə əziz tuturlar. Tanıyanlar onu həmişə xalqımız üçün qənimət adamlardan hesab etmişlər. Çoxsaylı tələbələrinə həmişə öz övladı, mənəvi dünyasının daşıyıcıları kimi yanaşmış, onlara həqiqətə, halallığa, səadətə aparan yolu göstərmiş, bununla da, ölümsüzlüyə qovuşmuşdur. Akademik Rəhim Rəhimov geridə qoyduğu 90 illik ömür yolunda həyata qaytardığı minlərlə insanın, əlindən tutub ayağa qaldırdığı sagirdlərinin, məsləhətçisi və mayakı olduğu həmkarlarının, müasirlərinin minnətdarlıqla gülən üzlərini, onun yolunu işıqlandırmağa hazır olan gözlərini görüb özünün xoşbəxtliyi ilə qürur duyurdu.

Rəhimov Rəhim Nurməmməd oğlu 1923-cü ilin martın 18-də Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur. 1950-1953-ci illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Naxçıvan MR-in əvvəl Şahbuz rayon xəstəxanasında cərrah, sonradan isə Ordubad şəhərində həkim rentgenoloq kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirərək sənət cəbhəsinə atılan gündən Rəhim Rəhimov müsəlləh əsgər kimi xalqının sağlamlığının keşiyində durmaqla yanaşı, yaradıcılıq sahəsində də inamla addımlayaraq yeni-yeni müalicə üsulları işləmiş və müvəffəqiyyətlə tətbiq etmişdir.

R.Rəhimov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, əməkdar elm xadimi, professor kimi yüksək ali keyfiyyətləri xarakterində yaşadan böyük ziyalılarımızdan biri idi. Görkəmli alim şərəfli həyatının böyük bir hissəsini Azərbaycan səhiyyəsinin tərəqqisinə həsr etmiş, bütün səyini, bilik və bacarığını tibb elminin inkişafına yönəltmişdir.

Görkəmli alim, rentgenoloq-klinisist, təcrübəli səhiyyə təşkilatçısı akademik R.Rəhimov respublikamızda və xaricdə tibb sahəsində tanınmış elm xadimləri arasında layiqli yer tutmuşdur. 1962-cı ildə  R.Rəhimov  tərəfindən işlənilmiş yoğun bağırsağın müxtəlif xəstəlikləri zamanı üçqat kontrastlaşdırma  metodikası Azərbaycan rentgenologiyasında yeni səhifə açıb və  “Rəhimov üsulu” kimi dünya tibb ictimaiyyəti tərəfindən tanınıb.

R.Rəhimov şüa diaqnostikasında perspektivli sahə sayılan bədxassəli şişlər, xora xəstəlikləri və bir sıra digər patoloji hallarda həzm sisteminin selikli qişasının ''arxitekturasının'' öyrənilməsinin əsasını qoymuşdur. Onun tərəfindən yoğun bağırsağın bir sıra xəstəliklərinin rentgen-morfoloji əlamətləri işlənilərək praktikaya tətbiq edilmişdir. Bu tədqiqatların nəticəsi kimi müəllif tərəfindən yeni metod olan ''yoğun bağırsağın üçqat kontrastlaşdırma metodu'' işlənib hazırlanmışdır. R.Rəhimovun tədqiqatlarının və əldə etdiyi nəticələrin birinciliyi, aktuallığı, yüksək effektivliyi vətənimizin, eləcə də xarici dövlətlərin (Yaponiya, Almaniya, İtaliya və b.) elmi tibbi ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. Böyük nüfuza malik alimlərin fikirlərinə görə, R.Rəhimov tərəfindən təklif edilmiş üsul dünya təcrübəsində analoqu olmayan üsuldur ki, mahiyyət etibarilə onun rentgenologiyada yeni səhifə açdığı xüsusi vurğulanır. Bununla əlaqədar akademik Rəhim Rəhimov tərəfindən işlənib hazırlanmış metod rəsmi olaraq yoğun bağırsağın müxtəlif xəstəlikləri zamanı yüksək informativ diaqnostika metodu kimi geniş tətbiq olunmuşdur.

Akademik R.Rəhimov mədə-bağırsaq sisteminin və ağ ciyərlərin bəd və xoş xassəli şişlərinin erkən diaqnostikasına və differensial diaqnostikanın incəliklərinə həsr olunmuş 250-dən artıq elmi məqalənin müəllifidir. Alimin iki ixtirası və 12 səmərələşdirici təklifi respublikamızda və MDB dövlətlərinin müalicə idarələrinin rentgenoloji şöbələrində tətbiq edilərək geniş istifadə olunmaqdadır. Akademikin rəhbərliyi altında 7 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir.

R.Rəhimov elmi fəaliyyətinin 58 ildən çoxunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində keçirərək aspirantlıqdan akademikliyə qədər şərəfli bir yol qət etmişdir. 1953-cü ildən Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunda (indiki Milli Onkologiya Mərkəzi) süa diaqnostikası üzrə həkim və gənc alim kimi formalaşmağa başlayan R.Rəhimov elmin bütün zirvələrini məhz bu mərkəzin divarları arasında fəth etmişdir.

1974-cü ildə R.Rəhimov Elmi Tədqiqat İnstitutunun direktor vəzifəsinə təyin edilmişdir. Bu müddət ərzində alimin səhiyyə təşkilatçısı kimi yüksək bacarığı özünü büruzə vermişdir. İlk növbədə bədxassəli şişlərin diaqnostikası və müalicəsi işində yüksək nəticələr əldə etməyə imkan verən bir sıra mühüm təşkili-struktur dəyişiklikləri aparılmışdır. Bir neçə il ərzində institutun kliniki bazası iki dəfədən çox artmışdır. Belə ki, 1980-ci ildə bu tibb müəssisəsinin çarpayı fondu 300-ə çatmışdır. İnstitutda bədxassəli şişlərin ən müasir diaqnostikası işi yaradılmışdır. Bu müalicə üsullarının regionlarda fəaliyyət göstərən onkoloji dispanserlərə tətbiqinə böyük diqqət yetirilmişdir. 

İnstitutun onkologiya sahəsində daim artmaqda olan elmi və praktiki fəaliyyətini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bu müəssisəyə respublikamızda xərçəngin öyrənilməsi sahəsində baş idarə funksiyası həvalə etmişdir.

Akademik R.Rəhimov işlədiyi müddətdə böyük bacarıq və uzaqgörənliklə bir çox islahatlar aparmışdır. Bu da Elmi Tədqiqat İnstitutunun bütün fəaliyyət növlərinin intensivləşməsinə elmi-tədqiqat, təşkili-metodik, eləcə də elmi kadrların və yüksək ixtisaslı praktik həkimlərin hazırlanmasına gətirib çıxarmışdır. Bu dövrdə akademik R.Rəhimov əsas diqqəti elmi kadr hazırlığına yönəltmişdir. Bu məqsədlə tibb institutunun əlaçı məzunları arasında müsabiqə yolu ilə seçilən gənclər SSRİ-nin bir sıra  qabaqcıl onkoloji mərkəzlərinə  (Moskva, Sankt-Peterburq, Obninsk və b.) təhsillərini davam etdirmək üçün göndərilmişlər.

Alim 15 il ərzində əvəzsiz olaraq respublika rentgenoloqlar, radioloqların elmi-tibbi cəmiyyətinin sədri, 1993-1997-ci illərdə onkologiya və şüa diaqnostikası, şüa terapiyası ixtisasları üzrə institutun nəzdində olan namizədlik dissertasiyası müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri olmuşdur. 1970-ci ildən o, “Vestnik radioloqii i rentqenoloqii” (Moskva), “Voprosı onkoloqii” (Sankt-Peterburq), “Azərbaycan tibb jurnalı”nın redaksiya heyətinin üzvü seçilmişdir.

Akademik R.Rəhimovun xidmətləri dövlət tərəfindən bir çox mükafatlarla - “Şərəf nişanı”, “Rəşadətli əməyə görə” ordenləri, “SSRİ səhiyyə əlaçısı”, “Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti” nişanları ilə qiymətləndirilmişdir. Azərbaycan hökuməti tərəfindən görkəmli alimin məhsuldar əməyi yüksək dəyərləndirilmiş və o, əməkdar elm xadimi kimi şərəfli ada layiq görülmüşdür. Dəfələrlə ölkəmizdə və xarici ölkələrdə elmi qurultaylarda, konqreslərdə və konfranslarda elmi məruzələrlə çıxış edib və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Respublikamızda elmin inkişafına qiymətli töhfələr vermiş Rəhim Rəhimov özünün çoxşaxəli fəaliyyəti ilə tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Alimin rentgenologiya və radiologiya ilə bağlı çoxsaylı tədqiqatları bu istiqamətdə əsaslı araşdırmaların aparılmasına və müalicə işində tətbiq edilməsinə geniş imkanlar yaratmışdır. Akademikin müəyyən etdiyi metodikalar və gəldiyi elmi nəticələr öz aktuallığı, fundamental-nəzəri əhəmiyyəti ilə elmi ictimaiyyətin böyük diqqət və marağına səbəb olmuş, təklif etdiyi səmərəli üsullar onu ölkəmizdə yeni rentgenoloji tədqiqatlar məktəbinin yaradıcılarından biri kimi tanıtmışdır.

R.Rəhimovun həyat və fəaliyyətindən bəhs edilən “Ordubaddan doğan günəş” kitabında onun haqqında xarici ölkələrin tibb elmləri doktorlarının, professorlarının da dəyərli fikirləri var. Onların bir neçəsinə diqqət edək: Litva Respublikasının əməkdar həkimi, tibb elmləri doktoru, professor D.Y.Kunseviç deyir: “R.N.Rəhimovun “Yoğun bağırsaq xəstəliklərinin diaqnostikası materialları” çap olunduqdan sonra ölkəmizin rentgenologiya ədəbiyyatına çox yeniliklər əlavə olundu”. Qazaxıstan Respublikasının Selinoqrad Tibb İnstitutunun Rentgenologiya və radiologiya kafedrasının müdiri Y.Q.Sendrik deyir: “Bir neçə ildir ki, Rəhim Rəhimovun müayinə metodundan istifadə edirik. Bu metodla müayinə zamanı yogun bağırsaqda patoloji proseslərin differensial diaqnostikası asanlaşır. Avtoreferatda və elmi məqalələrdə dərc olunmuş işlər göstərir ki, yoğun bağırsağın ikitərəfli kontrastlaşdırılmış metodu elmə və təcrübəyə böyük nailiyyətlər gətirir və doktorluq dissertasiyasının tələblərinə tam cavab verir”.  

Rəhim Rəhimovun Azərbaycanda tibb elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2013-cü il tarixli sərəncamı ilə müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir. Görkəmli elm xadimimiz ötən il 6 iyul tarixində dünyasını dəyişdi. Hətta bu dünyadan köçərkən də öz müdrikliyini göstərdi. Dahi alim övladlarına ölümündən qabaq vəsiyyət edibmiş ki, onun cənazəsi hər hansısa bir müəssisənin binasından təmtəraqlı vidalaşma mərasimi ilə yox, dədə-baba adətincə öz evindən, hamı üçün olan qaydada qaldırılsın, dəfn isə Fəxri xiyabanda yox, Goradil qəbiristanlığında, bir neçə il öncə həyatını dəyişmiş həyat yoldaşının yanında olsun. Bu sözlər, belə bir vəsiyyət həmişə bizlərə öz əməlləri, yolu ilə həyat dərsi vermiş Rəhim Rəhimovun ölümqabağı verdiyi daha bir önəmli əxlaq dərsi idi. 

Bütün söylənənlər, deyilən dəyərli fikirlər onu deməyə əsas verir ki, tanınmış alim, istedadlı həkim, bacarıqlı elm təşkilatçısı və təvazökar insan Rəhim Nurməmməd oğlu Rəhimovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

 

Cəmil ƏLİYEV,

Milli Onkologiya Mərkəzinin

baş direktoru, akademik 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video