24 Aprel 2021 00:28
4042
Mədəniyyət
A- A+

Telekanallarda ədəbi dilin bəzi problemləri haqqında

 

Ölkəmizdə əvvəlcə radionun (1926), sonralar isə televiziyanın (1956) kütləvi yayıma başlaması Azərbaycan dilinin tətbiq sahəsini və işləkliyini artırmaq, şifahi ədəbi dilimizin arealını genişləndirmək, dövlət dilinin normalarını, düzgün danışıq qaydalarını təbliğ etmək baxımından ciddi kulturoloji hadisəyə çevrildi.

Xüsusən televiziya qısa müddətdə sürətlə inkişaf edərək ötən əsrin 50-ci illərində  o zaman əsas nitq mədəniyyəti tribunası və ədəbi tələffüz nümunəsi kimi çıxış edən milli teatrın həmin funksiyasını öz üzərinə götürdü.

Hazırda bütün dünyada internetin ciddi uğurlarına baxmayaraq, hələ də əksər cəmiyyətlər üçün  əsas məlumat mənbəyi olan televiziya auditoriyada öz kütləviliyini saxlayır, verdiyi məlumatlarla dünyanın mozaik mənzərəsini cızır və ictimai münasibətləri əks etdirən kütləvi kommunikasiya vasitəsi kimi çıxış edir. Bizi əhatə edən gerçəklik haqqında informasiyanı ekranda  özünəməxsus şəkildə, yəni söz, səs və təsvirin köməyi ilə çatdıran,  yüksək nitq mədəniyyəti tribunası sayılan televiziya,  həm də dilin şifahi və yazılı qollarının sintezindən ibarət olan və “audiovizual” adlanan yeni istiqamətini yaratmışdır. “Televiziya dili” deyəndə adlarını çəkdiyimiz bu ümumi ifadə vasitələrinin məcmusu göz önünə gəlir, amma linqvistika baxımından bu sahənin dilindən danışanda mütəxəssislər daha çox “nitq” anlayışına üstünlük verirlər.  

Televiziya nitqi formaca şifahi ədəbi dilə, məzmunca isə şifahi publisistikaya, konkret janr və üslublara aiddir. Bu şifahilik həmin janrların quruluşunda, dil baxımından isə daha çox orfoepiya və sintaksis sahəsində nəzərə çarpır. Ona görə də şifahilik, mavi ekranda tamaşaçı ilə anlaşıqlı, təsirli bir dildə danışmaq üçün nümunəvi ədəbi tələffüzə - Azərbaycan dilinin orfoepiya normalarına əməl olunmasını vacib şərt kimi ortaya qoyur. Bu mənada hazırda ədəbi dilin orfoepiya normalarını, optimal ədəbi tələffüzü televiziya qədər geniş yayan, şifahi dilimizə kiçik ekran qədər gözəl boyalar, çalarlar vermək imkanı olan ikinci bir nitq tribunası tapmaq çətindir. Məhz buna görə də məzmun, forma və janrından asılı olmayaraq, ekrana çıxan hər bir televiziya verilişində ədəbi tələffüz məsələsi hər an diqqət mərkəzində saxlanılmalıdır. İstər siyasətçi və ya jurnalist, istər alim, həkim və başqa sənət sahibi, istərsə də peşəkar diktor, müğənni və ya aktyor olsun, fərqi yoxdur, onların hamısı danışıqlarını müasir ədəbi tələffüzün tələbləri əsasında qurmalı və nitq mədəniyyəti qaydalarına əməl etməlidirlər.

Doğrudur, dil mədəniyyəti deyəndə şifahi və yazılı nitq birgə götürülür. Ayrılıqda nitq mədəniyyəti anlayışı isə əsasən səsli, şifahi nitqə aid edilir. Amma onların hər ikisi dilə şüurlu münasibətlə, dilin ifadə vasitələrindən, xüsusən şifahi nitqə xas olan üstün xüsusiyyətlərdən məqsədəuyğun şəkildə istifadə ilə bağlıdır. Bəs haqqında danışdığımız dil və nitq mədəniyyəti baxımından televiziyalarımızda hansı proseslər gedir, ədəbi dilimiz bu sahədə necə işlənir, ekranda şifahi nitqin qaydaları necə gözlənilir, bu sahədə hansı problemlər özünü göstərir?

Təbii ki, televiziya və radioda, ümumən, KİV-də gedən dil prosesləri, bütövlükdə ədəbi dildəki tendensiyaların tərkib hissəsidir və ekran-efirdəki dil hadisələrinə də məhz bu prizmadan yanaşılmalıdır. Sadəcə, hazırda ölkəmizdə formalaşmış yeni teleradio sistemi və bu çoxşəbəkəli sistemə daxil olan telekanallar geniş auditoriyanı əhatə etdiyi üçün dil proseslərini daha qabarıq əks etdirir. Tamaşaçı auditoriyasının ekran-efir sənətinə daha ciddi tələblərlə yanaşması və verilişlərdə gedən istər məzmun, istərsə də  dil-davranış yanlışlıqları faktlarına həssas münasibət göstərməsinin əsas səbəbini də bununla izah etmək olar. Biz televiziya ekranında çıxış edənləri təkcə biliyinə, görünüşünə, davranış mədəniyyətinə görə deyil, həm də danışığının məzmununa və nitq mədəniyyətinin səviyyəsinə görə qiymətləndiririk.  Bəzən nöqsanlara, o cümlədən qabarıq dil xətalarına verilən kəskin reaksiyalar o deməkdir ki, müasir intellektual tamaşaçı ana dilinə Azərbaycan xalqının ruhunu yaşadan,  min illərdir ki, onun milli və mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayan müqəddəs xəzinə kimi baxır. Xalqın tarixi kökləri, mədəni irsi, elmi təfəkkürü, ictimai inkişaf yolu məhz bu xəzinədə öz əksini tapır. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Ona görə də ana dilinə ehtiramla yanaşmaq, onun saflığını qorumaq, bu dilin qaydalarına  əməl etmək, ana dilinin mötəbər daşıyıcısı və təəssübkeşi olmaq hər kəsin borcudur. Televiziyaların dövlət dili statusu daşıyan Azərbaycan ədəbi dilinə yanaşması məhz bu müddəalara əsaslanmalıdır.

Televiziya KİV-in aparıcı sahəsi kimi  cəmiyyət həyatının bütün sahələrində gedən proseslərin güzgüsüdür və bu güzgüdə dil prosesləri də aydın və şəffaf görünür. Bu şəffaflığı şərtləndirən əsas cəhətlər nitq materiallarının ədəbi  dil normalarına və məntiqə uyğunluğu, söz və cümlələrin aydınlığı, səlisliyidir. Yəni ekrandan səslənən nitq kütləvi auditoriyaya yönəldiyi üçün sadə, aydın, səlis və dilin qaydalarına uyğun olmalıdır. Məsələn, xəbər proqramının aparıcı deyəndə ki, “filan qurumun kollektivi filan yerdə 500 ağacın əkilməsində iştirak edib”, düşünürsən ki, bu cümləni ana dilində daha səlis, yəni “filan qurumun kollektivi filan yerdə 500 ağac əkib” şəklində yazmağa nə mane olur? Yaxud bütün telekanalların hava proqnozu ilə bağlı buraxılışında tez-tez bu cümləni eşidirik:  “filan yerdə günəşli (yaxud tutqun, yağışlı, yağmursuz) hava şəraiti gözlənilir”. Axı bilmək lazımdır ki, “hava şəraiti” ifadəsi, ümumiyyətlə, yanlışdır. Havanın şəraiti ola bilməz, hava günəşli ola bilər, yağmurlu, yağmursuz, yağışlı, qarlı, rütubətli və s. ola bilər.

Ekrandan səslənən şifahi nitqin bir çox özəllikləri vardır və bununla bağlı yaranan  tələblər televiziyada xüsusi əhəmiyyət kəsb edir. Məsələn, bu dilin normativ və kütləvi olması terminlərdən istifadəni məhdudlaşdırır, jarqonları kənara qoyur, cümlələrin xüsusi quruluşunu, görüntü ilə uzlaşmanı, sözlərin düzgün tələffüzünü, aparıcıların zəngin söz ehtiyatına yiyələnməsini tələb edir. Televiziyada nitq həm də bir növ psixoloji təsir vasitəsidir. Ona görə də bu nitqə, onun elementlərinə xüsusi tələblə yanaşmaq lazım gəlir. Həmin tələblər gözlənilməyəndə ekran nitqində ciddi nöqsanlar ortaya çıxır.

Televiziya nitq mədəniyyətinin, düzgün danışığın təbliğatçısı olmalıdır. Bu mənada tamaşaçı düzgün danışığı, normativ tələffüzü aparıcıdan, diktordan, səlis nitqi, aydın diksiyası olan jurnalistlərdən öyrənir. Lakin bu gün kamera qarşısında çıxış edənlərin danışığında özünü göstərən bir sıra nöqsanlar, o cümlədən ayrı-ayrı səslərin, sözlərin, qrammatik formaların yanlış tələffüzü, xüsusi adların təhrif edilməsi, söz və cümlə vurğularının yerində deyilməməsi kiçik ekranın böyük missiyasına ciddi xələl gətirir. Bu, dil üçün ciddi təhlükə sayılmalıdır.

Hazırda televiziya sahəsində ədəbi dilin inkişafına mane olan böyük təhlükələrdən biri də ekrana çıxan ayrı-ayrı şəxslərin bir çoxunda özünü büruzə verən düşüncə və təfəkkür mədəniyyətinin aşağı olması, çıxışların məzmunundakı dayazlıq və bəsitlikdir. Bu adamların ifadə etdiyi solğun məzmunun kasıb dil vasitələri ilə çatdırılması ədəbi dilimizin xeyrinə olmur. Məzmun və mündərəcəsizliyi bir yana, həm də ənənəvi nitq qüsurları (nitq rabitəsinin pozulması, duruxmalar, gərəksiz təkrarlar, vurğu yanlışlığı və s.) ilə müşayiət olunan belə çıxışların tirajlanaraq kütləviləşməsi ciddi problemlər yaradır. Bu mənada televiziyalarımızın heç orta bilik səviyyəsi olmayan, dil, təfəkkür sarıdan əziyyət çəkən, amma kütlə arasında kifayət qədər populyarlıq qazanmış bəzi müğənnilərə efirdə danışmaq üçün geniş meydan verməsi təəccüb doğurur. Müğənninin işi oxumaqdır, ona əziyyət verib saatlarla danışdıran telekanallar ana dilimizə vurduqları ziyan haqqında ciddi düşünməlidirlər.

  Dil və təfəkkür bəsitliyi, ədəbi dilimizin ifadə imkanlarından bəhrələnə bilməmək təkcə  ayrı-ayrı çıxışçılara və mahnı ifaçılarına aid deyildir. Bu arzuolunmaz vəziyyət bəzi müəllif verilişlərində, jurnalistlərin hadisə yerindən reportajlarında və digər xəbər materiallarında da özünü göstərir. Həmin verilişlərdə Azərbaycan dilinin zəngin leksik qatından və sintaktik konstruksiyalarından zəif istifadə  dilimizin ifadə imkanlarını xeyli daraldır.

Bu gün Azərbaycanda müstəqil saytların, yutub kanallarının və özəl teleradio stansiyalarının sayı artmaqdadır. Bir tərəfdən texnoloji proseslərin güclənməsi, digər tərəfdən medianın belə geniş şəbəkəyə malik olması xarici dillərdən alınma sözləri sürətlə dilimizə daşımaqdadır. Bu, prinsipcə təbii prosesdir. Yəni burada puristlər kimi alınma sözlərin qarşısına sədd çəkmək qeyri-mümükündür, çünki dil canlı orqanizmdir, ikincisi isə bütün dünya dillərində olduğu kimi, bizdə də  sürətli proseslər daha çox leksik layda gedir. Göründüyü kimi, proseslər özünü, ilk növbədə, alınma sözlərin sürətlə dilə daxil olub yerli-yersiz işlədilməsində, ikincisi isə termin yaradıcılığında və qismən də dilin öz sözlərinin şəkil dəyişmələrində göstərir. Bütövlükdə publisistik üslubun təcrübəsində beynəlxalq leksikonun dilə daxil olması, ümumən, müsbət hadisədir. Ona görə ki, bu prosesdə dil təfəkkürümüz müasirləşir, intellektuallaşır və beynəlmiləlləşir. Ancaq təbii ki, burada da bir əndazə olmalıdır. Məsələn,  alternativ, alqoritm, analoq, alyans, debat, dicey, fenomen, gender, haker, kreativ, konsensus, kompromis, konformist, kontur, korporativ, kulis, lobbi, market, menecer, kompüter, korrupsiya, passionar, prodüser, proyekt, sammit, separatizm, surroqat və s. kimi onlarca alınma sözün Azərbaycan dilində işlənməsi tamamilə təbiidir. Bu kimi beynəlmiləl sözlərin hamısı eyni dərəcədə işlək deyildir, əsasən intellektual şəxslərin nitqi üçün səciyyəvidir və KİV-in, o cümlədən televiziyanın dilinə də həmin mənbədən keçir.

Alınma sözlər haqqında danışarkən onların ifadə etdiyi realiyaları, hansı anlayışları, nəyi bildirmələrini, dəqiq mənasını nəzərə almaq gərəkdir. Təəssüf ki, bəzən bu sözlər ehtiyac olmadan işlədilir. Məsələn, dilimizdə “dükan” və “market” sözləri ola-ola ingiliscədən alınmış “şop” sözünə ehtiyac varmı? Yaxud verilişlərdə (həm çıxışlarda, həm də yazılı mətnlərdə) geniş işlənən “keyfiyyət” əvəzinə “kalite”, “səviyyə” əvəzinə “level” “şəffaflıq” əvəzinə “transpərəns”, “islahat” əvəzinə “reforma”, artıq dildə oturuşmuş “televiziya” əvəzinə “televiziyon”, “təzyiq” əvəzinə “tansion” işlətmək hansı zərurətdən doğur? Bu halda biz ana dilinin saflığını necə qorumalıyıq? Axı dilin özünün təbiəti də, bu dili inkişaf etdirmək üçün dövlətin qəbul etdiyi bütün rəsmi sənədlər də, o cümlədən Prezident İlham Əliyevin 2018-ci ilin noyabrında imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn bütün müddəalar da tələb edir ki, mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik olan ana dilimizi yad təsirlərdən qoruyaq.

Alınma sözlərlə, o cümlədən xarici adlarla bağlı ən ciddi problemlərdən biri xəbər proqramlarında vurğuların yanlış deyilməsidir. İstər kadr arxasında, istərsə də kadrda ani səslənib keçən cümlənin mənasının dəqiq çatdırılmasında vurğu əvəzsiz rol oynayır. Təəssüf ki, hələ də aparıcıların bəziləri efirdə tez-tez səslənən alibi, anomaliya, kimya, kommunikasiya, mesencer, raket, platforma, titul, rakurs kimi alınmalarda vurğunun hansı hecanın üzərinə düşməsini müəyyənləşdirməkdə çətinlik çəkir, pis odur ki, öyrənmək də istəmirlər. Belə faktların sayını istənilən qədər artırmaq olar və hesab edirəm ki, kamera qarşısına çıxan hər bir jurnalist və aparıcı nitq mədəniyyətinə ümumi milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi kimi baxmalıdır. Yaddan çıxarmayaq ki, dilimizdə səlis ahəng, intonasiya çalarları və tələffüz gözəlliyi yaradan sabit vurğu normaları vardır və bu normalara əməl etmək hamı üçün vacibdir.

Verilişin formatı, bu formata uyğun aparıcı, efirə və proqrama yarayan danışıq üslubu, bədən dili, pauzalardan istifadə mədəniyyəti televiziyada əsas faktorlardır. Bu sırada aparıcı elementi önəmli rol oynayır və onun nitqi tam nümunəvi olmalıdır. Böyük Üzeyir bəy Hacıbəylinin hələ 1909-cu ildə “Tərəqqi” qəzetində çap olunmuş “Yeni üsuli-təbii haqqında bir neçə söz” adlanan məqaləsi bu baxımdan çox ibrətamizdir. Üzeyir bəy adıçəkilən məqalədə müəllimlərin dil qüsurundan danışır və qeyd edirdi ki, özü yaxşı danışa bilməyən müəllim şagirdə nə öyrədə bilər ki? Eyni ilə də bu gün soruşmaq olar ki, özü yaxşı danışa bilməyən teleaparıcı kimin üçün nitq mədəniyyəti nümunəsi ola bilər? Təəssüf ki, hazırda özəl televiziyalarda aparıcıların, xüsusən əyləncə və şou proqramlarını aparanların dilində xeyli qüsurlar özünü göstərir. Tamaşaçıların əksəriyyəti efirdə sözləri “qol-budaq” edən, yarı rus, yarı azərbaycanca danışan, ləhcə və jarqondan istifadə edən kifayət qədər aparıcı tanıyır. Vəziyyət o həddə çatıb ki, bəzən tamaşaçı gündəlik xəbərlər proqramını təqdim edən diktorun xəbər aparıcısı yox, mimik və jest hərəkətləri təlimçisi olduğu qənaətinə gəlir. Televiziyaların efirində ciddi auditoriyaya ünvanlandığı iddia edilən proqramların, tele-debatların əksəriyyətində “gəlifdi”, “oturuf”, “uje”, “tembole”, “bole-meni”, “koneçno”, “kstati” kimi sözlərdən  istifadə olunur. Efirdə danışan bəzi aparıcıların hansı bölgəni təmsil etməsini onun ilk cümləsindən anlamaq olar. Ən nəzərə çarpan ciddi qüsurlardan biri bu aparıcıların intellektual baxımdan axsaması və onların dilindən rus sözlərinin səslənməsidir. 

Şifahi kütləvi informasiya vasitələri olan televiziya və radio məlumatın çatdırılmasında daha operativ, effektli və təsirli  olduğuna görə mətbuatı-yazılı KİV-i çox qabaqlayır. Bu özəllik birbaşa dil prosesinə də təsir edir. Nəticədə bugünkü dil proseslərində şifahi dil yüksək normativliyi olan Azərbaycan dilinin yazı ənənəsinə, televiziya nitqi isə sabit qaydaları olan qəzet dilinə ciddi təsir edir. Bu səbəbdən də son zamanlar yazının, eləcə də yazı normativliyinin, yəni orfoqrafiya qaydalarının kultunun zəifləməsi müşahidə olunur. Ona görə də bir vaxtlar ekran-efirdən daha çox yazı dilinin intonasiyası, yazıldığı kimi oxumaq, ciddi diktor tələffüzü eşidilirdisə, bu gün, əksinə, mətbuatın - qəzetlərin, jurnalların, daha çox isə saytların dilində şifahi nitqin təsiri aşkar hiss olunur. Yəni şifahi nitqə xas olan xüsusiyyətlər az qala hər addımda yazılı dilin standart və normativlərini “pozmaqla” yeni ünsiyyət, yeni diskurs modelləri təqdim edir. Hesab edirəm ki, bu tendensiyanın elmi baxımdan öyrənilməsi çox önəmlidir və belə elmi yanaşma televiziyalarımızda ədəbi dilin işlənməsi ilə bağlı yol verilən ənənəvi nöqsanların da aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər.

 

Qulu MƏHƏRRƏMLİ,

filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video