13 Sentyabr 2013 12:09
461
Təhsil
A- A+

Təhsilin inkişafında yeni mərhələ başlayır

 

Payız təkcə bolluq, bərəkət rəmzi deyil, həm də məktəb yaşlı uşaqların və onlar üçün darıxmış müəllimlərin intizarla gözlədiyi fəsildir. Sentyabr isə ənənəvi olaraq  "birincilər"lə "sonuncular"ın görüş ayıdır. Sülh rəmzi daşıyan ağ göyərçinlərə dönüb məktəb yollarında pərvazlananların arasında, təəssüf ki, ata-baba yurdu Ermənistan tərəfindən işğala məruz qaldığına görə məcburi köçkün həyatı yaşayan şagirdlər də az deyil.

Maraqlıdır, bu gün həmin məktəblilər yeni dərs ilini necə, hansı əhval-ruhiyyə ilə qarşılayırlar? Bunu öyrənmək üçün Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün yeni salınan və ötən ilin dekabrında istifadəyə verilən qəsəbədəki 33 saylı Ağdam köçkün tam orta məktəbində olduq.

Adı çəkilən təhsil ocağının yerləşdiyi qəsəbə Bakı-Şamaxı yolunun 25 kilometrliyində 20 beşmərtəbəli binadan ibarətdir. Buranın sakinləri əsasən Bakı Dövlət Universitetinin tələbə yataqxanalarında məskunlaşmış Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, bir sözlə, əraziləri Ermənistan tərəfindən işğala məruz qalan rayonların məcburi köçkünləridir.

Qəsəbədə ikimərtəbəli, 40 yerlik uşaq bağçası körpələrə, dördmərtəbəli 1296 yerlik, müasir tipli orta məktəb isə şagirdlərə dövlət qayğısının bariz nümunələrdəndir. Qəsəbənin su ilə təmin edilməsi üçün 8,56 kilometr məsafədən xətt çəkilib və 2 ədəd 2000 kubmetrlik anbar tikilib. Burada yaşıllıq zolaqlarının salınması ilə yanaşı, kanalizasiya və digər kommunikasiya (elektrik, qaz, rabitə və s.) xətləri çəkilib, modul tipli təmizləyici qurğu tikilib. Bütün zəruri infrastrukturla təmin olunan qəsəbənin ümumi görünüşü göz oxşayır.

Müşfiqabadda aparılan quruculuq və abadlıq işlərinin sürət və keyfiyyəti bir-birini tamamlayıb. Qəsəbə qısa müddətdə öz sakinlərini qəbul edib. Bu da əlbəttə, dövlətin öz vətəndaşlarına, o cümlədən qaçqın və məcburi köçkünlərə qayğısının bariz nümunəsidir. Bakı şəhərindən bura əlavə olaraq 114 saylı marşrut xəttinin açılması da bu qayğının digər formada təzahürüdür.

Məktəbin birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin büstü yanında divarda ümummilli liderin "Təhsil millətin gələcəyidir" kəlamı ilə yanaşı, aşağıdakı fikirləri də öz əksini tapıb: "Bizim ali vəzifəmiz və məqsədimiz işğal edilmiş torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və yerlərindən didərgin düşmüş soydaşlarımızı öz yerlərinə qaytarmaqdır".

Ulu öndərin qaçqın və məcburi köçkünlərlə müntəzəm keçirdiyi görüşləri özündə əks etdirən fotostend isə ümummilli liderin bu fikirləri ilə tamamlanır: "Qaçqın və məcburi köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".

Məktəbin direktoru Nəsibə Hüseynova pedaqoji və şagird kollektivinin sevincinin həddi-hüdudu olmadığını bildirir. Direktor illərdir ki, Bakı Dövlət Universitetinin tələbə yataqxanalarından birinə sığınan, heç bir şəraiti olmayan, yararsız otaqlarda dərs keçməyə məcbur olan kollektivin yaraşıqlı həyətə və işıqlı həyata malik bir məktəbdə yeni dərs ilini qarşıladıqlarından məmnunluğunu ifadə etdi:

- İstərdim ki, xalqımızın ümummilli lideri və xilaskarı olan Heydər Əliyevin bir fikrini xatırladım. Ulu öndər demişdi: "Qaçqın və məcburi köçkünlərin yaşadığı yerlərdə onların şəraitini daim yaxşılaşdırmaq lazımdır. Bu, bizim əsas vəzifəmizdir".

Ümummilli lider Heydər Əliyevin bu fikri hər bir məcburi köçkünə diqqətinin, qayğısının və humanizm prinsiplərinə daim sədaqətinin ifadəsi olub. Biz də pedaqoji kollektivlərdən biri kimi bu qayğıya əməli fəaliyyətimizlə töhfəmizi verməliyik.

Yeni dərs ilinə ciddi hazırlıq işləri artıq başa çatıb. Müəllim və şagird kollektivmizin sevincinin həddi-hüdudu yoxdur. Ona görə ki, yeni dərs ilini belə bir yaraşıqlı və hər cür şəraitə malik məktəb binasında qarşılayırıq. Bu ilin aprelindən köçdüyümüz 1296 yerlik, dördmərtəbəli məktəbimizdə bütün ixtisaslar üzrə müəllimlərimiz var. 50 nəfərlik pedaqoji kollektivin bu məktəbdə ilk uğurları artıq özünü göstərib. Belə ki, builki məzunlarımızın 85 faizi yüksək göstəricilərlə respublikamızın ali və orta ixtisas müəssisələrinə qəbul olub.

Direktor bildirdi ki, məktəbdə ilk növbədə, əraziləri işğal olunmuş rayonların şagirdləri oxuyurlar. Bu ilki birinci sinfə qəbulda bu fakt diqqət mərkəzində saxlanıb: "Lakin Müşfiqabad qəsəbəsindəki orta məktəblərdə olan sıxlığa görə, valideynlər buradakı yüksək şəraiti nəzərə alıb, uşaqlarının bizim məktəbdə oxumasını istəyirlər. Buna görə də geniş və hər cür şəraitə malik olan məktəbimizin qapıları şagirdlərin üzünə açıqdır".

Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, bu il də Heydər Əliyev Fondu ibtidai sinif şagirdlərini zəruri dərs ləvazimatı və məktəbli geyimləri ilə pulsuz təmin edib: "Buna görə də müəllim və şagird kollektivimiz adından UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirirəm. Əlbəttə, müasir təhsil sisteminin tələbləri baxımından da məktəbimizdə hər cür şərait yaradılıb. Ayrı-ayrı fənlərlə yanaşı, kompyuter kabinələri də fəaliyyət göstərir ki, bu da məktəblilərimizin  müasir informasiya və telekommunikasiya texnologiyalarını öyrənməkdə olduqca vacib məsələlərdəndir".

Məktəbin idman  meydançası ilə yanaşı, geniş və zəruri avadanlıqlarla təchiz edilmiş zalı da şagirdlərin ixtiyarındadır. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün 270 yerlik akt zalı var ki, burada da əlamətdar hadisələr və tarixi günlər qeyd edilir.

Uğurların əldə edilməsində yaradılmış münbit şəraitlə bərabər, təcrübəli müəllimlərin əməyi də vacib faktlardandır. Burada 20-30 ildən artıq pedaqoji təcrübəsi olanlar az deyil. Ibtidai sinif müəllimi Sahilə Heydərova, dərs hissə müdiri İlkin Qəribov, məktəbin ictimai işlərində təşkilatçılığı və fəallığı ilə seçilən Şəhla Behbudova, "İlin müəllimi" adını qazananlardan Adilə Şabanova, Maarif Muradov... kimi öz peşəsinin şərəfini qoruyanlar  dövlət tərəfindən onlar üçün yaradılmış şəraitə cavab olaraq hər yeni dərs ilini uğurlarla qarşılayacaqlarına bir daha əmindirlər.

Məktəblilərin yay istirahət tətilinin səmərəli təşkili də diqqət mərkəzində olub. 7 şagird  Şüvəlandakı "Cırtdan" uşaq istirahət düşərgəsində dincəlib. Onu da qeyd edək ki, məktəbdə bir sıra texniki və bədii özfəaliyyət dərnəkləri də fəaliyyət göstərir. Ağdam şahmat və Gülablı musiqi məktəblərinin şagirdlərindən ibarət ayrı-ayrı dərnəklərdə istedadı və qabiliyyəti ilə seçilənlər az deyil. VIII sinif şagirdi Oruc Bayramovun idmanda, IX sinif şagirdi Vüqar Məmmədovun isə musiqidə qazandıqları uğurlar məktəbin şərəf tarixinə yazılıb. Vüqar Məmmədov məktəblilər arasında keçirilən muğam müsabiqəsində II yerə layiq görülüb.

Onu da qeyd edək ki, məktəb daha bir əlamətdar siyasi kampaniyaya hazırdır. 118 saylı Ağdam seçki dairəsinin 46 saylı seçki məntəqəsi də burada yerləşir. Seçkilərə tam hazır olan məntəqədə azad, şəffaf və demokratik şəkildə səs vermək üçün hər cür şərait yaradılıb.

Kollektiv, təbii ki, belə - həyəti yaraşıqlı, həyatı isə işıqlı məktəbdə çalışmağın şərəfini və məsuliyyətini yaxşı hiss edir və buna görə də növbəti dərs ilində daha böyük nailiyyətlər qazanmaq əzmi ilə çalışır.

 

M.NƏRİMANOĞLU,

A.MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video