17 Iyun 2021 16:28
656
Təhsil
A- A+

Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradıldı - FƏRMAN  

Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun Nizamnaməsi” təsdiq edilib.

Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir.

Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 (yeddi) üzvdən ibarət Himayəçilik Şurası yaradılır.

Fondun fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə (Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; Fondun idarəetmə orqanlarının yaradılması; Fondun yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli) həvalə edilir.

Fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Fondun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydasını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankına Fondun vəsaiti hesabına verilmiş kreditlər üzrə müvəkkil kredit təşkilatlarının aktivlərinin risk qrupunu müəyyən etmək tövsiyə olunub.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsisteminin yaradılmasını təmin etmək, Fondun dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi gündən 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət İmtahan Mərkəzi, habelə ali, orta ixtisas və peşə təhsili müəssisələrinə Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının Elektron Hökumət İnformasiya Sistemi üzərindən cavablandırılmasını təmin etmək üçün bir ay müddətində zəruri tədbirlər görmək tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, bu Fərmanın 8-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını iki ay müddətində təmin etmək tapşırılıb. Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Nizamnamənin 4.1-ci bəndində nəzərdə tutulmuş maliyyələşməni təmin edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video