26 Sentyabr 2021 00:40
1332
SİYASƏT
A- A+

Tariximizin və dövlətçiliyimizin şərəf salnaməsi

 

Vətən müharibəsi 30 ilə yaxın işğal altında olan  torpaqlarımızın azad olunması ilə nəticələndi. 44 gün davam edən savaşda xalqımızın qazandığı möhtəşəm zəfər yalnız müasir müstəqilliyimizi deyil, bütün tariximizi şərəfləndirdi. Bu qələbə dövlətçiliyimizə yeni qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Bütün bəşəriyyət xalqımızın öz milli hüququ uğrunda mübarihə əzminin, Prezident İlham Əliyevin görkəmli siyasi lider və Ali Baş Komandan kimi öz dövlətinin milli marağını qətiyyətlə təmin etməsinin şahidi oldu. 

Bütün dövlətlər və təşkilatlar Qarabağı Azərbaycan ərazisi kimi tanısalar da, dövlətimiz və xalqımız 30 ilə yaxın bir dövrdə beynəlxalq ikili standartlardan və erməni təəssübkeşliyindən irəli gələn siyasi-mənəvi iztirabla üzləşmişdi. Ermənistanın işğal siyasətinə son qoyulmasını tələb edən əsas beynəlxalq hüquqi sənədlər kimi 1993-cü ildə BMT-nin 4 qətnaməsi qəbul olunsa da, 27 il kağız üzərində qaldı. Qətnamələrin qəbuluna baxmayaraq BMT işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, sadəcə tərəfləri sülhə çağıran bəyanatlarla işini bitmiş hesab etdi. Vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun üzvləri isə Azərbaycan torpaqlarının işğal altında qalmasına tamamilə laqeyd yanaşdılar.

Üzləşdiyi ikili standartlara, haqsızlıqlara, siyasi-mənəvi iztirablara baxmayaraq Azərbaycan xalqı 30 ilə yaxın bir dövrdə öz ümidini bir an belə itirmədi. Çünki inanırdı və əmin idi ki, Ulu Öndər Heydər Əliyevlə başlanan və İlham Əliyevlə davam edən mükəmməl siyasi kurs mütləq torpaqlarımızı işğaldan azad edəcək, Ermənistanın təcavüzkar siyasətinə son qoyacaq. Ulu Öndərin siyasi kursu dövlətimizi yüksəltməklə yanaşı, gələcək qələbəmizin şərtlərini təmin edərək, torpaqlarımızın işğaldan azad ediləcəyi günü sürətlə yaxınlaşdırdı.

Qələbəyə gedən yolda əsas vəzifələrdən biri güclü iqtisadi potensialın yaradılması idi.  Azərbaycana rəhbərliyinin ilk günlərindən müasir dövrün tələblərinə uyğun olaraq iqtisadi inkişaf strategiyasını müəyyən edən İlham Əliyevin apardığı islahatların və uğurlu enerji siyasətinin nəticəsində respublikamızın yüksəlişi bu yolda ən böyük uğurlarımızdır. Çünki məhz bu yüksəliş və dövlətimizin maliyyə-iqtisadi imkanlarının artması Vətən müharibəsindəki qələbəmizi təmin edən ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsində müstəsna rol oynadı. Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırması idi. Azərbaycan ictimaiyyəti isə əmin idi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə ordumuz öz sözünü deyəcək.

Prezident İlham Əliyevin Vətən müharibəsinə gedən yolda ən böyük uğurlarından biri də xalqın sevgisini qazanan lider olmasıdır. Bu illər ərzində cənab İlham Əliyevin hər addımda məhz vətəndaş maraqlarını uca tutması, verdiyi bütün vədləri yerinə yetirməsi cəmiyyətimizin öz rəhbərinə olan etimadını daha da artırıb. Təsadüfi deyil ki, bu etimad  prezident seçkilərində İlham Əliyevə verilən səslərin sayının artım dinamikası ilə də özünü təsdiq edib. Əlbəttə, xalqın öz rəhbərinin ətrafında səfərbər olması nəticə etibarilə Azərbaycandakı milli həmrəyliyi də gücləndirib.

Bu gün dönüb geriyə baxanda görürük ki, İlham Əliyevin torpaqlarımızın azad edilməsinə istiqamətlənmiş fəaliyyəti komleks xarakter daşıyıb. Ordumuzun döyüş imkanlarının artırılmasını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayan,  milli həmrəyliyi təmin edən dövlət başçısı Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə ifşa olunması üçün olduqca səmərəli siyasi-diplomatik fəaliyyət həyata keçirib. Bunun da nəticəsində yeni müharibənin olacağı təqdirdə dünya erməniliyinin başlada biləcəyi xarici təhdid və təzyiqlərin qarşısı alınıb, onlar neytrallaşdırılıb.

Beləliklə, 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin qətiyyətinin, ordumuzun yüksək döyüş qabiliyyətinin, hərbçilərimizin vətənpərvərliyinin və xalqımızın milli həmrəyliyinin təntənəsi oldu. Azərbaycan işğal siyasətindən əl çəkməyən, beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanı  güc yolu ilə cəzalandırdı. İlham Əliyevin bu qələbəyə nail olmaq üçün həyata keçirdiyi mükəmməl hazırlıq işləri nəticəsində qarşımızda duran taleyüklü problem qətiyyətlə həll edildi.

Ötən il noyabrın 8-də Prezident İlham Əliyev xalqımıza müraciətində demişdir: “Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”

Bəli, bu müharibədə torpaqlarımızı Ali Baş Komandanı İlham Əliyev olan Silahlı Qüvvələrimizin əsgərləri, zabitləri, çavuşları, gizirləri işğaldan azad etdilər. Onlar müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdular, necə lazımdırsa onu cəzalandırdılar.  Rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən oğullarımız qəhrəmanlıq simvoluna çevrildilər, döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, torpaq uğrunda mübarizə necə aparılır. Qəhrəman hərbçilərimiz bu yolda canlarını fəda etdilər, şəhid oldular.

Cəsarətin, qorxmazlığın nümunəsini yaradan şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq.

27 Sentyabr Anım Günündə bir daha şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir, Tanrıdan rəhmət diləyirik. Şəhidlərimizin ruhu rahatdır, çünki uğrunda canlarından keçdikləri Vətən torpaqları azaddır. Şəhidlərimizin ruhu  həm də ona görə rahatdır ki, əmanət qoyub getdikləri doğmalarının - valideynlərinin, övladlarının yanında qüdrətli Azərbaycan dövləti var. Şəhidlərin xatirəsi bizə nə qədər əzizdirsə, onların ailələrinin sosial rifahı, mənzil-məişət şəraiti də bir o qədər dövlətimizin diqqət mərkəzindədir.  Bu sahədə ən gözəl nümunələri isə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ortaya qoyur.

Regionda yaranmış yeni reallıqlar fonunda bütün şərtləri qalib Azərbaycan diktə edir. Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının ümumi müzakirələrində  videoformatda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın regionda yeni-yeni reallıqlar yaratdığını, yeni konfiqurasiya formalaşdırdığını bəyan etdi. Ermənistanın bu reallıqlarla barışmaqdan və onları qəbul etməkdən, 10 noyabr üçtərəfli bəyanatının bəndlərinə əməl etməkdən başqa yolu yoxdur.  Bu mənada dövlət başçısı beynəlxalq ictimaiyyəti də bu prosesdə müsbət rol oynamağa, sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməyə səslədi.

İşğaldan azad edilmiş bütün ərazilərimiz sürətlə bərpa olunmaqdadır. Artıq Qarabağda və Şərqi Zəngəzurda işıq yanır, bulaqlar yenidən çağlayır. Şuşa dirçəlir, tarixi ənənələrini bərpa edir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə 11 dəfə səfər etməsi göstərir ki, dağıdılmış yurd yerlərimizin bərpası prioritet vəzifələr sırasındadır. Düşmənin vurduğu yaraların hamısı sağalacaq, azad olunmuş bütün şəhər və rayonlarımız tarixi şöhrətini özünə qaytaracaq.

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video