28 Sentyabr 2019 00:31
1639
SİYASƏT
A- A+

Tarixi rekord


Gələn ilin büdcə xərclərinin 40,7 faizinin sosial məsələlərə yönəlməsi dövlətin iqtisadi konstitusiyasının sosialyönümlülüyünü bir daha təsdiqləyir


Bütün illərdə olduğu kimi, 2019-cu ilin ötən 8 ayı ərzində də ölkədə makroiqtisadi sabitliyin təmini, struktur, institusional və sosial islahatların sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Görülən işlər, reallaşan sosial-iqtisadi layihələr, iqtisadiyyata yatırılan investisiyalar, regionların inkişafı ilə bağlı qəbul edilən (2019-2023-cü illər) yeni dövlət proqramı onu deməyə əsas verir ki, gələn il də ölkədə bütün sahələr üzrə inkişaf müşahidə olunacaq.


Gəlirlər 24,4, xərclər isə 25,6 milyard manat proqnozlaşdırılır


Bütün bunlar gələn ilin dövlət büdcəsi zərfində də öz əksini tapıb. Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin artıq ilkin parametrləri bəllidir.

Maliyyə Nazirliyi tərəfindən ilk dəfə olaraq hazırlanan bu sənədə əsasən 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu da cari ilin büdcəsinin gəlirlərindən 1 milyard 316 milyon manat, yaxud 5,7 faiz çoxdur. Xərclər isə 25 milyard 617,7 milyon manatdır. Bu isə 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası ölkədə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf, təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini həyata keçirməyə imkan yaradıb.


1 barel xam neftin qiyməti 55 dollardan götürülüb


Son illərdə investisiya və biznes mühitinin yaxşılaşdırılması, dövlətin maliyyə idarəedilməsində şəffaflığın və hesabatlılığın artırlması istiqamətində də əhəmiyyətli addımlar atılır. İlk dəfə olaraq büdcənin təsnifatı ilə bağlı hazırlanan sənəd də bunu bir daha təsdiqləyir. Bu sənəd 2020-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir. Sənəddə qeyd edilir ki, 2019-cu ilin birinci yarısında ölkə idtisadiyyatının son illərdəki xarici şoklardan bərpa prosesi davam edib. Ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatda 2,4 faiz artımla 37,8 milyard manat dəyərində ümumi daxili məhsul istehsal edilib. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan proqnozlara əsasən, bu meyillərin 2020-ci il və ortamüddətli dövrdə də davam etməsi gözlənilir. Belə ki, proqnoza əsasən, gələn il üçün ümumi daxili məhsulun (ÜDM) real iqtisadi artımı 82,7 milyard manat olacaq. O cümlədən qeyri-neft ÜDM-in artımı 54,2 milyard manat təşkil edəcək. ÜDM ortamüddətli dövrdə orta hesabla 3 faiz real artımla 2023-cü ildə 96,9 milyard manat təşkil edəcək.

Bu ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 16,9 milyard dollar olub ki, bunun da 7 milyard dolları idxal əməliyyatları, 9,9 milyard dolları isə ixracın payına düşüb. Nəticədə xarici ticarət hesabında 2,9 milyard dollarlıq müsbət saldo yaranıb.

Proqnozlara əsasən, ortamüddətli dövr ərzində xarici ticarət balansının mütəmadi artımı gözlənilir. 2020-ci il üçün ixraca göndəriləcək bir barel xam neftin qiyməti 55 dollar səviyyəsində proqnozlaşdırılır.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə minimum əməkhaqqının, bir sıra müavinətlərin, təqaüdlərin, dövlət qulluqçularının, hüquq mühafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən digər təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, habelə əmək pensiyalarının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosial xərclərin atrımını şərtləndirib.

Ona görə də bütün illərdə olduğu kimi, yenə də büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq.

Büdcənin sosialyönümlü xərcləri cəmi xərclərin 40,7 faizini (2019-cu ildə 33,4 faiz) təşkil edəcək ki, bu da cari illə müqayisədə 2664,2 milyon manat çoxdur. Əməyin ödənişi üzrə xərclər 6723,4 milyon manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3213,4 milyon manat, ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər 414 milyon manat (2019-cu ildə 640,6 milyon manat) və digər sosial xərclər üçün 81,2 milyon manat təşkil edəcək.


İcbari tibbi sığortanın tətbiqi üçün 902,9 milyon manat vəsait ayrılacaq


Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və ortamüddətli dövrdə də davam etdiriləcək. Xərc siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq.

Bununla əlaqədar, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün müvafiq təşviq mexanizmləri formalaşdırılacaq, maliyyə dəstəyi və subsidiyalar ayrılacaq.

2020-ci ilin xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsində islahatların dəstəklənməsi olacaq. Belə ki, 2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bu məqsədlə dövlət büdcəsində 902,9 milyon manat (2019-cu ildə 223,5 milyon manat) maliyyə vəsaiti nəzərdə tutulub.

2020-ci il və orta müddətli dövrdə nəqliyyat, kommunal infrastruktur, melioriasiya, sənaye və energetika, kənd təsərrüfatı kimi prioritet sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi, habelə təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq.

Gələn il Dövlət Neft Fondundan büdcəyə 11767,5 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 403 milyon manat çoxdur. Bütövlükdə 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin 43 faizi (10536,5 milyon manat) qeyri-neft sektorunun, 57 faizi (13947,5 milyon manat) neft sektorunun payına düşəcək.


Prezident qayğısının real təzahürü


Göründüyü kimi, növbəti ilin büdcəsi də sösialyönümlüdür. Bu bir həqiqətdir ki, son 16 il ərzində Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib. Proqramlarla idarəetmə, regional inkişaf, qabaqlayıcı tədbirlər, ünvanlılıq və şəffaflıq ideyaları bu fəaliyyətin təməl prinsiplərindən olub.

Ümumiyyətlə, 2008-ci ildən başlayaraq dünyada gedən bütün iqtisadi və sosial kataklizmlərə baxmayaraq ötən müddətdə ölkəmizin dövlət büdcəsi daim sosialyönümlü olub. Prezident İlham Əliyevin siyasətinin ana xəttinin sosialyönümlü olması 2018-2019-cu illərdə həyata keçirilən inqilabi islahatlarda da bir daha özünü göstərdi. Həyata keçirilən islahatlar ümumilikdə 4,2 milyondan çox insanın yaşayışına müsbət təsir etdi. Onu da vurğulayaq ki, ilk dəfə olaraq Azərbaycanda 8 ayda 2 dəfə minimum əmək haqqı və minimum pensiyalarda artım olub. İlk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu üstələyib. Bütün bunlar əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edən Prezident qayğısının real təzahürüdür.


Xarici və daxili investorlar üçün əlverişli biznes mühiti


Bütün bunlar onu deməyə əsas verir ki, 2020-ci ildə də makroiqtisadi sabitliyi qorumaqla iqtisadi artımın davam etdirilməsi aparılacaq iqtisadi siyasətin əsas məqsədlərindən olacaq. Bir tərəfdən artmaqda davam edən neft gəlirlərindən optimal istifadə və büdcə dayanıqlılığının təmin edilməsi, digər tərəfdən isə iqtisadi artım üçün münbit şəraitin formalaşdırılması iqtisadiyyata investisiyaların cəlbini artıracaq. Bu mənada xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşdırılması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər Dünya Bankının "Doing Business 2019” hesabatında yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan dünyada ən islahatçı ölkə kimi tanınaraq 190 ölkə arasında 25-ci yerə yüksəlib.

Əlbəttə, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil cənab İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Bugünün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yol tutaraq gələcəyə doğru inamla addımlayır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video