27 Aprel 2021 00:37
785
SİYASƏT
A- A+

Tarixi qərəzin növbəti məkri

 

Amerika Birləşmiş Ştatları dünyanın ən qüdrətli, lider dövlətlərindən biridir. Ən azından ABŞ rəhbərləri bu iddiadadırlar. Dünya isə olduqca ağır vəziyyətdədir. Bir tərəfdən də qlobal iqlim dəyişiklikləri, bir tərəfdən iqtisadi böhranlar, siyasi qarşıdurmalar, müxtəlif ölkələrdə gedən müharibələr, pandemiya, aclıq, işsizlik və bu kimi xeyli problemlər bütün yer üzündə olduqca gərgin, acınacaqlı bir vəziyyət yaradıb. İnsanlarda bir-birlərinə olan etimad, etibar, sevgi, sabaha inam azalıb.

Belə bir vəziyyətdə, həqiqətən də, lider olan dövlətlərin əsas borcu yer üzünü bu bəlalardan qurtarmaq, qan tökülməsini dayandırmaq, hüquqi, mənəvi azadlıqları təmin etmək, insanların güzəranını, əhvali-ruhiyyələrini yaxşılaşdırmaq üçün yollar axtarmaqdır. Bəli, həqiqi mənada lider olan dövlətlər yer üzünə əmin-amanlıq, sülh gətirmək üçün əllərindən gələnləri etməlidirlər. İndi yer üzünün belə həqiqi lider dövlətlərə çox böyük ehtiyacı var.

Çox təəssüf ki, indiki zamanda özlərini “lider” adlandıran dövlətlərin heç biri tarixin onların boyunlarına bir borc kimi qoyduğu bu vəzifələri yerinə yetirmir. Əksinə, onların fəaliyyəti yer üzündə gərginliyi, problemləri gündən-günə artırmaqda davam edir. Onlar müasir dövrün çağırışlarını, reallıqları qulaq ardına vururlar. Təəccüblü odur ki, bu dövlətlərin başçıları qlobollaşmanın mahiyyətini, tələblərini lazımınca dərk edə bilmirlər. Başa düşmək istəmirlər ki, müdrik insanların dediyi kimi, hamımız - bütün insanlar bir gəminin içərisindəyik. O gəmi batanda hamı batacaq. O gəmidə gərginliyin artması yeni-yeni fəsadlar yaradır. O gəminin xilası insanlar arasında sevgi, məhəbbət, əmin-amanlıq, sülhdür.

Artıq yüz ilə yaxındır ki, Amerika özünü yer üzünün xilaskarı rolunda təqdim etməkdədir. Haqdan, ədalətdən, demokratiyadan danışır. Özünü bu sahədə nümunəvi ölkə kimi göstərməyə çalışır. İlk baxışdan, uzaqdan bu belə də görünür. Amma təəssüf ki, əməldə belə deyildir. SSRİ dağılandan sonra biz Amerikanı daha yaxından tanıdıq. Biz bu yaxınlıqdan çox şey gözləyirdik. İlk növbədə özlərinin elan etdikləri haqq, ədalət, demokratiya gözləyirdik. Amma, çox təəssüf ki, bunun əksini gördük. Torpaqlarımızı mənfur düşmənlər işğal edəndə də insanların böyük bir qismi ümidini Amerikaya bağlamışdı. Amma Amerika təəccüblü şəkildə susurdu. Haqqı-ədaləti müdafiə etmək əvəzinə, işğalçını müdafiə edirdi. Üzdə üzümüzə gülümsəyib yenə də demokratiyadan, insan haqlarından danışa-danışa xalqımızın hüquqlarını müdafiə etmədi. Biz böyük arzularla demokratik dəyərlərdən bəhrələnmək istədiyimiz vaxtda Amerikanın məyusedici addımlarının şahidi olduq. 1992-ci ilin fevral ayının 26-da mənfur düşmən Xocalıda tarixin ən qanlı, ən qəddar soyqırımını həyata keçirdi. Yenə də gözlərimiz Amerikaya dikildi. Özünü demokratiyanın, insan haqlarının carçısı elan edən bu qüdrətli dövlətin bizi ciddi şəkildə dəstəkləyəcəyini düşündük. Əvəzində həmin ilin 24 oktyabrında ABŞ Konqresi postsovet ölkələrinin inkişafına yardım etmək üçün qəbul edilmiş “Azadlığa dəstək aktı”nın 907-ci maddəsinə etdiyi əlavə bizə ciddi mənəvi və maddi zərbə vurdu. Bu düzəlişlə, torpaqlarımız işğal olunduğu halda tələb olunurdu ki, işğalçıya heç bir müqavimət göstərməyək. Əks halda Azərbaycana dövlət səviyyəsində hər bir kömək qadağan edilirdi. Bu qadağa hesabına biz ölkənin inkişafına Amerikadan dövlət səviyyəsində kömək almayan yeganə postsovet dövləti olduq.

ABŞ dövləti Rusiya və Fransa dövləti ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədridir. Bu qrup Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaradılmışdır. Həmin qrupun 30 ilə yaxın fəaliyyəti onu göstərdi ki, onlar ədalətli qərarlar qəbul etmək əvəzinə Azərbaycanın başını qatmaqla məşğuldurlar. İllərlə Azərbaycanın tarixi torpaqları  yerlə-yeksan oldu, müqəddəs məkanları təhqir olundu. Həmsədrlər isə bu vəhşiliyi görə-görə susdular. 44 günlük İkinci Qarabağ müharibəsində beynəlxalq hüquqlar əsasında öz işğal olunmuş torpaqlarımızı düşməndən azad etdiyimiz zaman biz Amerikadan dəstək gözlədik. Amma yenə də ögey münasibət gördük. Bu dövlət düşmənin qadağan olunmuş silahlarla dinc əhalimizi qırmalarını da sakitliklə izlədi.

Nəhayət, bu ilin 24 aprelində Amerikada daha bir cılız addım atıldı. Hörmətli Prezident İlham Əliyevin dediyi kimi, yanlış və tarixi xəta olan bu “soyqırımın təsdiqi” dərin, acı təəssüf doğurur. Tək ona görə yox ki, bu bizim, bütün türk dünyasının əleyhinədir. Bu addım ona görə acınacaqlıdır ki, bu fikri dünyanın ən nəhəng dövlətinin başçısı yalan danışdığını bilə-bilə səsləndirdi. Axı bütün tarixi mənbələr təsdiq edir ki, bu “genosid məsələsi” siyasi oyundur. Qısa bir zamanda o vaxtın silahları, nəqliyyatı ilə 1,5 milyon adamı qırmaq, 3,5 milyon adamı ölkədən çıxarmaq qeyri-mümkündür. Buna aid heç bir tarixi sənəd yoxdur. Türkiyə öz arxivlərini hər kəsin üzünə açdığı halda, ermənilər öz arxivlərinə heç kimi yaxın buraxmaq istəmir. Hamı bilir ki, bir vaxtlar Türkiyədə hər sahədə, orduda da yüksək statuslara malik olan ermənilər XIX əsrin sonu, XX əsrin əvvəllərində öz yaşadıqları ölkəyə arxadan zərbə vurmağa, düşmənlərin maraqlarına uyğun fəaliyyət göstərməyə başladılar. Dövlət də bunun qarşısını almaq üçün müəyyən tədbirlərə əl atdı. Amma gözləri qızmış ermənilər həm Türkiyədə, həm də Azərbaycanda çox sayda insan təlafatına səbəb olan qırğınlar törətdilər. Öz törətdikləri qırğınların adını çəkməyən ermənilər, illər keçdikdən sonra havadarlarının, qulluq göstərdiklərinin köməyi ilə bir saxta soyqırımı əfsanəsi düzəltdilər. Bu əfsanənin zəhərini uda-uda son yüz ildə faşistlərdən daha çox faşist oldular. Bu isə müəyyən güc mərkəzlərinə onlardan alət kimi istifadə etmək imkanlarını xeyli artırdı.

“Erməni soyqırımı” məsələsinin nə qədər yalan, qondarma olduğunu Amerikanın tarixçiləri də çox gözəl bilirlər və bu haqda dəfələrlə məlumat da vermişlər. Bunu C.Baydenin sələfləri də yaxşı bilirdilər. Ona görə də “erməni soyqırımı” ifadəsini dilə gətirmirdilər. Təbii ki, Bayden özü də bu barədə müfəssəl məlumata malikdir. Amma o belə bir addımı atdı. Açığını deyək ki, o, bu hərəkəti ilə bütün türk dünyasında, eləcə də dünyanın hər tərəfində, Amerikada da məlumatlı, vicdanlı adamların hamısının yanında nüfuzdan düşdü. Çünki o, öz məsuliyyətini anlamalı idi. Belə bir addımla, ilk növbədə, Türkiyə və Azərbaycan kimi Amerika üçün strateji əhəmiyyətli ölkələrlə münasibətlərə ciddi zərbə vurdu. Eyni zamanda bütün türk dünyası, islam dünyası ilə münasibətlərdə soyuqluq yaratdı. Ciddi siyasətçilərin, tarixçilərin yanında gözdən düşdü.

Bayden belə düşünür ki, o bunu siyasət xatirinə edib. Deyəsən, ermənilərin özlərinin də ayıq adamlarının etiraf etdiyi kimi, ermənilərdən “anbarda qalmış silah kimi” yararlanmaq istəyir. Amma nəzərə ala bilmir ki, dünya artıq 30 il bundan qabaqkı dünya deyil. Türkiyə və Azərbaycanla münasibətləri soyuqlaşdırmaqla, bir çox başqa ölkələrdə etibarı itirməklə, öz ölkəsinin siyasətinə ağır zərbə vurur.

Baydenin bu siyasəti ermənilərin özləri üçün də xeyli zərərlidir. Çünki bununla o zəhərli ideologiyanın eyforiyasına qapılmış erməni millətçilərini daha da qızışdırır. Belə ki, onlarda ümid yaranacaq, öz revanşist fəaliyyətlərini davam etməyə həvəslənəcəklər. Bununla da ermənilərin daha ağır vəziyyətə düşmələrinə səbəb olacaq. İndiki vaxtda, İkinci Qarabağ müharibəsindən sonra ermənilərin öz mənfur, faşizmdən daha betər ideologiyalarından əl çəkərək dövlətlərini ağır vəziyyətdən çıxarmaq üçün tarixi imkan yaranmışdı. Baydenin “soyqırımı təsdiq” psevdoqəhrəmanlığı erməni revanşistlərini qızışdırmaqla bu tarixi imkanı yoxa çıxara bilər. Bu isə ermənilərin daha dərin fəlakətlərə düşməsinə səbəb olar. Ona görə də onun bu “siyasəti” məharətdən yox, məhdudiyyətdən xəbər verir. Deyəsən, yaş öz işini görüb.

C.Baydenin bu “soyqırımı təsdiqləməsi” bizim ölkəmiz, Türkiyə üçün təhlükəli deyil. Əksinə, başa düşməyənləri də başa salır ki, bizim Türkiyə ilə hər sahədə birlikdə olmağımız tarixi bir zərurətdir. Bu təsdiqləmə bütün türk dünyasının əlaqələrinin güclənməsini daha da sürətləndirəcəkdir.

 

Habil QURBANOV,

AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video