22:43 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tarixi dəyişən qayıdış

ANA SƏHİFƏ / SİYASƏT
01:23 09.06.2021

 

1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirdi

 

Tarix sübut edir ki, xalqların və dövlətlərin üzləşdiyi fəlakətlərin aradan qaldırılmasında şəxsiyyətlərin qətiyyəti, prinsipiallığı, tutduqları mövqe və xarizması böyük əhəmiyyətə malikdir. 1991-1993-cü illərdə Azərbaycanın üzləşdiyi dərin siyasi böhran, anarxiya və xaotik proseslər təsdiq edirdi ki, yalnız qətiyyətli, iradəli siyasi lider xalqın başının üstünü almış bütün təhlükələri aradan qaldıra, hələ kövrək olan müstəqilliyimizi yaşada bilər.

 

Ümumxalq qərarı

 

1993-cü ildə ölkə ictimaiyyətinin ümid bəslədiyi, inandığı lider Heydər Əliyev idi. Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqın özünün böyük oğlu, həyatı və mübarizəsi üçün ümummilli liderlik missiyasını yerinə yetirə biləcək Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlamış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız zəngin dövlətçilik təcrübəsi olan bu böyük insan aradan qaldıra bilərdi. Bunun üçün Naxçıvana - Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi.

Ölkənin ağır bir vəziyyətində iqtidar da, müxalifətdə olanlar da xilas olmaq üçün Heydər Əliyevin Bakıya gəlməsini istəyirdi. İflasa uğradıqları ilə barışmalı olan cəbhəçilər vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər. Hansı ki buna qədər özlərinə əsas təhlükə, ən ciddi rəqib xalqın içərisində böyük hörməti və nüfuzu olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi hesab edir və onu necə sıradan çıxarmaq barədə düşünürdülər. Bu niyyətin gerçəkləşməsi üçün hətta 1992-ci ilin oktyabrında Naxçıvanda Heydər Əliyevə qarşı çevriliş etməyə, onu Ali Məclisin sədri vəzifəsindən devirməyə cəhd etmişdilər. Buna baxmayaraq Heydər Əliyev cəbhəçilərin ən çətin məqamlarında onlara kömək əlini uzatmış, Gəncədə başlayan və sürətlə dərinləşən hakimiyyət böhranı zamanı başını itirmiş iqtidarın xahişlərini nəzərə alıb, yalnız dahilərə məxsus ürək genişliyi ilə hamını dövlət başçısı ətrafında birləşməyə çağırmışdı.

Heydər Əliyev həqiqətən böyük insan idi. Onun böyüklüyü həm də onda idi ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına baxmayaraq ağır günlərdə xalqın köməyinə tələsdi. Ulu Öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

 

Antiazərbaycançı şəbəkənin planları iflasa uğradı

 

1993-cü il iyunun 9-da Heydər Əliyev xüsusi təyyarə ilə Bakıya gəldi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndərin gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı. İnsanlar “Heydər baba, xalqı bu bəladan qurtar!” kimi şüarlarla Ulu Öndəri qarşılamaq üçün hava limanına toplanmışdılar. Ən əsası, Ulu Öndərin gəlişi ilə daxili və xarici düşmənlərin bütün planlarının iflası başladı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə xahişləri qəbul etməyən Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü.

Heydər Əliyev Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri, hərbi qulluqçuları ilə görüşüb söhbət etdi, ağsaqqal sözünü dedi. Ulu Öndər həyatını təhlükəyə atsa da, taleyüklü missiyasını şərəflə yerinə yetirdi. Sonradan bu səfər zamanı onun fiziki məhvi barədə cəhdlərin olması faktları aşkarlandı. Hərçənd ki, riskli səfərə yola düşərkən ona qarşı qəsdlərin olacağını Heydər Əliyev yaxşı bilirdi. Lakin xalqın güclü məhəbbətinin qarşısında cinayətkarların aciz olması bəlli idi. Tarix göstərir ki, Heydər Əliyevin Gəncəyə səfəri ölkədə yaranmış vətəndaş qarşıdurmasını aradan qaldırdı.

Qeyd etdiyimiz kimi, Heydər Əliyevin Bakıya gəlişi, o cümlədən Gəncəyə səfər etməsi ilə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən dairələrin planları alt-üst olmağa başladı. Ona görə məhz həmin vaxtlarda birdən-birə respublikamız həm xaricdən, həm də daxildən zərbələrə məruz qaldı. Azərbaycanı istəməyən dairələr yeni planlarını işə saldılar. Ön cəbhədəki bəzi ordu hissələrinin siyasi oyunlara qatılmasından, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni hərbi birləşmələri yeni hücum əməliyyatına başladılar. Ölkədə vəziyyət həddindən artıq gərgin idi. Separatçı Ə.Hümbətov tabeçiliyində olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında “respublika” yaratmağa çalışdı. Şimal rayonlarında isə separatçı “Sadval” təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi. Ölkədə siyasi hakimiyyətin fəaliyyəti tamamilə iflic olduğu belə bir vəziyyətdə xalqın yeganə ümidi yalnız Heydər Əliyevə idi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin məhz Ulu Öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi.  Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra Ali Sovetin sədri seçilməsi ilə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı qoyuldu. İyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu qurtuluşla dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşı qoyuldu.  Heydər Əliyev dühasının xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, nəhəngliyi və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi və Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ona qismət oldu.

 

Milli Qurtuluşdan tarixi Zəfərə

 

Heydər Əliyev 1993-cü il iyunun 24-də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Avqust ayında referendum yolu ilə Əbülfəz Elçibəyə etimadsızlıq göstərildi. Bundan sonra Azərbaycan xalqı onu ağır bəlalardan qurtaran xilaskarını - Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Beləliklə, ölkədəki siyasi hakimiyyət böhranı tam aradan qaldırıldı.

Bu gün siyasi baxşılarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi.

Müstəqil ölkəmizin memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işıq salacaq. Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Ötən ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması Qurtuluş günündən sonra tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan növbəti böyük Zəfər oldu.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM