21:18 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tarixi bərpa etmək missiyası

ANA SƏHİFƏ / SİYASƏT
00:57 10.09.2021

 

Heydər Əliyev Fondu işğaldan azad edilən yurd yerlərimizdə xalqımızın milli-mədəni və mənəvi zənginliyini özünə qaytarır

 

“...Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm...”

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şanlı Vətən müharibəsindən qısa zaman sonra, 2020-ci il dekabrın 8-də Azərbaycan xalqına bu sevindirici müjdəni verdi...

Mehriban xanım bəyan etdi ki, həyata keçiriləcək layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü doğma Qarabağımızı azadlığa qovuşdurmaqla yanaşı, tarixi, mədəni, dini irsimizi də erməni vandallarından xilas etdi. Cəsur oğullarımız qəhrəmanlıqları ilə tariximizin səhifələrini qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışan ermənilərə layiqli dərs verərək onları yerinə otuzdurdular.

 

İrsimiz uğurla gələcək nəslə ötürülür

 

İndi həm Qarabağ, həm də Şərqi Zəngəzur gündən-günə inkişaf edir, öz tarixi əzəmətini geri qaytarır.

Azərbaycan dövləti işğaldan azad edilən bütün ərazilərimizdə böyük quruculuq, tikinti-bərpa işlərinə start verib. Qarabağda müasir infrastruktur qurulur, yeni yollar salınır, beynəlxalq hava limanları tikilir, möhtəşəm “ağıllı kənd”, “ağıllı şəhər” layihələri gerçəkləşdirilir...

Mehriban xanım Əliyevanın şəxsi diqqəti və nəzarəti altında Heydər Əliyev Fondu tərəfindən də işğaldan azad edilən bölgələrimizdəki bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılır.

Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunaraq və məkrli ermənilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətlər olduğu kimi yenidən bərpa edilərək Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcək nəsillərə ötürülür.

Heç bir fərq qoyulmadan istər işğaldan azad olunan, istərsə də bütövlükdə Azərbaycandakı digər xalqlara məxsus abidələr, inanc yerləri bərpa olunur.

Təkcə bir faktı qeyd edək ki, Qəbələnin Nic qəsəbəsində yerləşən “Müqəddəs Məryəm Ana” alban kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanıb və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılıb.

Bu il mayın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələyə səfər edərək həmin alban kilsəsinin ilkin vəziyyəti ilə tanış oldular. Prezident İlham Əliyev kilsədə dedi ki, udi xalqı eyni zamanda azad edilmiş torpaqlarda gedib ibadət edir - həm Xudavəngdə, həm Ağoğlanda: “Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz...”

 

Ermənilər tarixi, mədəni, dini abidələrimizi məhv ediblər

 

Bu cür yüksək tolerantlıq və multikultural dəyərlərdən uzaq olan faşist xislətli barbar ermənilər 30 il ərzində işğal altında saxladıqları Qarabağda dünyada misli görünməmiş talançılıqla məşğul olub, bütün tarixi, mədəni, dini abidələrimizi məhv ediblər. İşğalçı və talançılar yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq vəhşicəsinə dağıdıblar.

Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min kitab və misilsiz əlyazma nümunələri məhv edilib.

Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalanı islam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıya əsasən, işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilir. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır.

Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8)

63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlıların heysiyyətləri ilə oynayıblar...

 

Quruculuq işlərinə sanballı töhfələr

 

Azərbaycanın rəşadətli ordusunun şücaəti sayəsində azad olunan torpaqlarımız indi sürətlə dirçəldilir, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur.

Bu ərazilərdə həyata keçirilən bütün bərpa və quruculuq prosesində Heydər Əliyev Fondu birbaşa iştirak edir. Artıq bu istiqamətdə Ağdamda, Şuşada xeyli işlər görülüb.

Prezident İlham Əliyev 16 mart 2021-ci ildə Şuşa şəhərinə səfəri zamanı vurğulamışdı ki, Heydər Əliyev Fondu şəhərin bərpasına öz sanballı töhfələrini verəcəkdir: “Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə...”

Heydər Əliyev Fondu böyük məsuliyyətlə üzərinə götürdüyü bu işləri əməli işdə reallaşdıraraq avqustun 29-da Şuşaya, şuşalılara, bütövlükdə Azərbaycan xalqına fərəhlə təhvil verdi.

Dahi şairimiz Molla Pənah Vaqifin məqbərəsinin layihəsinin gerçəkləşdirilməsi zamanı abidənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetirilib.

Vaqifin büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunub. Büst Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən hazırlanıb. Fondun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi münasibətilə bəstəkarın Şuşada ucaldılan heykəli də erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir  bəy Hacıbəylinin bürüncdən hazırlanan heykəli də Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb.

Dini mirasımızın bərpasını da üzərinə götürən Heydər Əliyev Fondu bu istiqamətdə xeyli işlər reallaşdırıb. Artıq Şuşada Yuxarı Gövhər ağa məscidinin təmiri yekunlaşmaq üzrədir, Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmiri ilə bağlı işlər isə davam edir.

Yeri gəlmişkən, Ağdam Cümə məscidinin bərpası ilə bağlı işlərə də start verilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan məscidlərin, dini, mədəni abidələrin bərpası ilə yanaşı, həm də bu bölgəmizdə tarixən var olan mədəni ənənələrimizi də bərpa edir.

32 ildən sonra, 12-13 may 2021-ci ildə Şuşada, Cıdır düzündə fond tərəfindən təşkil olunan “Xarıbülbül” Musiqi Festivalı, Şuşa işğaldan azad edildikdən sonra, avqustun 30-da ilk dəfə Şuşada yenidən təşkil olunan Vaqif Poeziya Günləri, fondun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin dünyada tanıdılmasına, qorunaraq gələcək nəsillərə ötürülməsinə inanılmaz ərməğandır.

 

“Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik”

 

Ümumiyyətlə, Heydər Əliyev Fondu bu illər ərzində Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşası, eyni zamanda ermənilər tərəfindən əzəli torpaqlarından didərgin salınan yüz minlərlə məcburi köçkünlərimizin hüquqlarının beynəlxalq müstəvidə qorunması istiqamətində də müstəsna fəaliyyət göstərib. Fond Vətən müharibəsindən sonrakı mərhələdə də Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün var qüvvəsi ilə çalışır...

Yanaşı olaraq, Heydər Əliyev Fondu Qarabağın dirçəldilməsi, məcburi köçkünlərimizin öz doğma yurdlarına tez bir zamanda qayıdışı üçün görülən işlərə böyük dəstək verir...

Birinci vitse-prezident Mehriban Əliyeva ötən ilin 8 dekabrında əminliklə bəyan etmişdi ki, Prezident İlham Əliyevin rəhbərliyilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.

Bəli, artıq Azərbaycan xalqı Qarabağın, Şərqi Zəngəzurun azadlığının xoşbəxtliyini yaşayır. Azad olunmuş torpaqlarımız sürətlə abadlaşır, keçmiş şöhrətini bərpa edir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM