04:57 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşaya zəfər yolu Hadrutdan başladı

ANA SƏHİFƏ / SİYASƏT
00:44 09.10.2021

 

Bir il öncə qələbə ilə bitən hərbi əməliyyat Vətən savaşının ən əhəmiyyətli dönüş mərhələlərindən oldu

 

Torpaqlarının işğaldan azad edilməsi üçün savaşa girən Azərbaycan xalqının tarixinin möhtəşəm bir dönəmidir...

Bütün cəbhəboyu qanlı döyüşlərin getdiyi 9 oktyabrdır...

44 günlük müharibənin 13-cü günüdür... 

Azərbaycan Ordusu bir çox yaşayış məntəqələri ilə yanaşı, Cəbrayıl şəhərini də işğaldan azad edib. Cəbrayıldan sonra yol artıq Şuşayadır, buna daha şübhə ola bilməz. Bu möhtəşəm şəhərə gedən yol qısaldıqca, Azərbaycan Ordusu hədəfinə daha da yaxınlaşır.

 

Vətən müharibəsinin 13-cü günü

 

Şuşaya daxil olmaq üçün Hadrut da işğaldan azad edilməlidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən düzgün qurulmuş hərbi strateji plana uyğun olaraq, Azərbaycan Ordusu Hadrutu azad etdikdən sonra Şuşaya doğru istiqamət götürməlidir. Hadrut əməliyyatının uğurlu keçməsi proseslərin sonrakı gedişatını da həll edəcəkdi.

Bu baxımdan Hadrut döyüşlərinin uğurla sona çatması qarşıya qoyulan ən böyük hədəflərdən idi. Nəhayət, müharibənin başlanıldığı ilk gündən heç bir uğursuz əməliyyat keçirməyən Azərbaycan Ordusu növbəti məqsədinə nail olur. Bir necə gün aparılan qanlı döyüşlərin sonu olaraq, oktyabrın 9-da Hadrut Azərbaycan Ordusunun nəzarəti altına keçir.

Çoxdan gözlədiyimiz bu şad xəbəri Ali Baş Komandanımız həmin gün xalqa müraciətində açıqlayır: “Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir”.

Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etməyin önəmli olduğunu açıqlayan Prezident İlham Əliyev bu qəsəbənin işğaldan azad edilməsini böyük əhəmiyyətə malik olan bir əməliyyat adlandırdı. Müharibədən sonra bu barədə danışan dövlət başçısı bildirib ki, Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi: “Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir - oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik.  Şuşaya istiqamət götürmək üçün məhz Hadrutun azad edilməsi önəmli olub”.

 

İki çayın arasında yerləşən strateji əhəmiyyətli qəsəbə

 

Hadrut qəsəbəsi hələ sovet dövründən erməniləşdirilməsinə cəhd göstərilən ərazilərimizdən olub. Keçmiş SSRİ-nin ermənipərəst rəhbər şəxslərinin apardığı siyasət nəticəsində burada yaşayan əhalinin tərkibində ermənilərin çoxluq təşkil etməsinə çalışılıb. 1988-ci ildə azərbaycanlılar yalnız Ermənistandan qovulmayıblar. Tarixi torpaqlarında yaşayan soydaşlarımız həmin ildə hətta suveren Azərbaycan dövlətinin ərazisinə daxil olan Qarabağdan da zorla qovulurdular ki, bu ərazilərin arasında Hadrut da olub.

Milli Məclis yanında Toponomiya Komissiyasının üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova deyir ki, Hadrut erməniləşdirilmiş və ya erməni mənşəli toponim deyil. Azərbaycan dilində fars dilindən alınma sözlər əsasında formalaşmış toponimlərin olduğunu açıqlayan alim Hadrutun da belə yer adlarından biri olduğunu söyləyir. Onun sözlərinə görə, Hadrut sözü ha (ara), dü (iki) və rud (çay) sözlərindən əmələ gəlib ki, fars dilində bu, “iki çayın arası” mənasını verir: “Fars mənşəli bir çox sözlər artıq Azəraycan dilində özünə tam olaraq yer tapıb. Hadrut sözündə olan “rud” sözü talış bölgəsində hələ də çay mənasında işlənilir”.

M.Abbasova əlavə edir ki, Hadrut 1923-cü ilədək Ağoğlan,  1923-cü ildən 1939-cu ilədək Dizaq adlandırılıb. 1939-cu ildən bu yaşayış ərazisi yerləşdiyi coğrafi mövqeyə uyğun olaraq Hadrut adlandırılıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirir ki, Hadrut Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində mövcud olan ayrıca rayon olub. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib: “Həmin tarixdən Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti adında ərazi olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev də “belə bir ərazi vahidi yoxdur” deyərək bu məsələyə nöqtə qoyub. 1991-ci ildən Hadrut rayonu ilə Martuni rayonu birləşdirilərək onların yerində mərkəzi Xocavənd şəhəri olmaqla, Xocavənd rayonu yaradılıb. Hadrut deyilən qəsəbə hazırda Xocavənd rayonunun tərkib hissəsidir”.

E.Məmmədovun sözlərinə görə, Hadrutdakı bütün abidələr, yer adları, ötən əsrlərdən bizə ötürülən nişanələr ona dəlalət edir ki, bu yerlər Azərbaycan Ordusunun işğaldan azad etdiyi digər ərazilər kimi qədim türk tayfalarının, yəni azərbaycanlıların yaşadığı torpaqlardır. Ermənilər Qarabağın başqa ərazilərində olduğu kimi, buraya da sonradan İrandan, Türkiyədən və s. yerlərdən köçürülərək məskunlaşdırılıblar.

E.Məmmədov qeyd edir ki, 150 il əvvəl İrəvan xanlığında yaşayan ermənilərin sayı barmaqla sayılacaq qədər az olub. Ancaq sonrakı köçürülmələr, çar Rusiyası və erməni kilsəsinin apardığı siyasət nəticəsində Hadrutda yaşayan ermənilərin sayı tədricən artmağa, azərbaycanlıların sayı isə azalmağa başlayıb.

Qəsəbənin 1992-ci ildə Ermənistan tərəfindən işğal edildiyini xatırladan E.Məmmədov qeyd edir ki, Vətən müharibəsi dövründə  Hadrut əməliyyatına xüsusi önəm verilib. Hadrutun işğaldan azad edilməsi çox güclü, dəqiq hazırlanmış hərbi əməliyyat nəticəsində mümkün olub: “Dağlıq ərazi olan Hadrut Qarabağın cənub hissəsində yerləşməklə kifayət qədər böyük sahəni əhatə edir. Onun bir tərəfi Xocavənd, Füzuli, Cəbrayıl, bir tərəfi isə Xocalı rayonudur. Hadrutun həm də Şuşa ilə sərhədləri var. Ermənilərin Hadrutda möhkəmləndirilmiş səngər istehkam qurğuları var idi. Onlar 30 il ərzində burada müdafiə sistemlərini çox möhkəmləndirmişdilər. Azərbaycan Ordusu Ali Baş Komandanının rəhbərliyi altında Hadrutda çox güclü hərbi əməliyyatlar keçirməklə bu tarixi torpağımızı erməni işğalından azad etdi”.

 

Qarabağın dağlıq hissəsinin işğaldan azad edilməsinin başlanğıcı

 

Vətən müharibəsində dönüş yaradan Hadrut əməliyyatı düşmənin mövqelərini ciddi şəkildə sarsıtmaqla yanaşı, Azərbaycanın irəliyə doğru daha sürətlə getməsinə imkan yaratdı. Hadrut əməliyyatının dünyanın hərb elmində xüsusi yer tutacağını deyən Ali Baş Komandan İlham Əliyev Hadrutun azad edilməsini belə təsvir edir: “Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi''.

Ermənilər Hadrut əməliyyatının II Qarabağ müharibəsinin ən əsas əməliyyatlarından biri olduğunu başa düşdükləri üçün bu ərazinin azad edilməsini öz cəmiyyətlərindən hər vəchlə gizlətməyə çalışırdılar. Hadrut Azərbaycan Ordusunun nəzarəti altına keçdikdən sonra belə, ermənilər bu qəsəbənin hələ də onların nəzarəti altında olması ilə bağlı feyk məlumatlar paylaşırdılar. Ən qəribəsi isə həmin saxta məlumatların Ermənistan rəsmiləri tərəfindən təsdiqlənməsi idi.

Dövlətimizin başçısı Hadrutun işğaldan azad edildiyini açıqladığı zaman əslində həm də Ermənistanın aldadılan cəmiyyətini, özlərinin rəsmi şəxslərindən daha çox Azərbaycanın Ali Baş Komandanının açıqladığı məlumatlardan həqiqətləri öyrənən insanları baş verənlərdən xəbərdar edirdi: “Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamısı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir”.

Bu ilin martında  Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldıran Ali Baş Komandan İlham Əliyev Ermənistan rəhbərliyinin bu addımının səbəbini başa düşə bilmədiyini söyləyib: “Artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir”.

Deputat Elman Məmmədov hesab edir ki, Hadrut əməliyyatının uğurla başa çatması Ali Baş Komandanın, Azərbaycan hərbçilərinin çox yüksək səviyyədə hərbi biliyə malik olmasının, əməliyyatların zərgər dəqiqliyi ilə hazırlanaraq həyata keçirilməsinin nəticəsidir. Deputat Hadrut uğrunda aparılan döyüşləri çox gərgin, hərb tarixində böyük əhəmiyyətə malik olan döyüşlərdən biri kimi qiymətləndirir: “Bu ərazilərin hamısının müdafiəsi ermənilər tərəfindən gücləndirilmişdi. Buna görə də həmin əməliyyatlar çox böyük ustalıqla hazırlanıb həyata keçirildi. Ermənilər belə əməliyyatları hec gözləmirdilər. Onlar Hadruta da hücumu Xocavənd istiqamətindən gözləyirdilər. Ancaq zərbə tamamilə başqa istiqamətdən - Füzuli, Cəbrayıl istiqamətindən vuruldu. Başqa sözlə, belə deyə bilərik ki, düşmənin yanından keçib ona arxasından zərbə vuruldu və o darmadığın edildi. Bu səbəbdən Hadrut əməliyyatının hərb elmində çox böyük əhəmiyyəti var və bu əməliyyat çox yüksək dəyərləndirilir”.

Hərbi ekspert, mayor Ədalət Verdiyev bildirir ki, oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən Cəbrayıl şəhərinin və onun bir çox kəndlərinin işğaldan azad edilməsi həm Qarabağ ərazisində, həm də ətraf rayonlar istiqamətində daha genişmiqyaslı döyüş əməliyyatlarının keçirilməsinə münbit şərait yaratdı. Hadrut qəsəbəsi Azərbaycan Ordusu tərəfindən azad edilən, Qarabağın dağlıq hissəsinə aid olan ilk yaşayış məntəqəsi kimi Vətən müharibəsi tarixində yaddaşlara yazıldı. Hadrutun azad edilməsi Qarabağın dağlıq hissəsinin işğaldan azad edilməsinin başlanğıcı oldu.

Ekspert xatırladır ki, Hadrut uğrunda döyüşlər təxminən on günə yaxın davam etdi. Oktyabrın 7-dən artıq ağır artilleriya vasitələri, uzaq mənzilli toplar və PUA-ların aktiv istifadəsi nəticəsində Hadrut ətrafında olan düşmən mövqeləri  Azərbaycan Ordusunun intensiv zərbələrinə məruz qalırdı: “Məlumdur ki, Cəbrayılda azad edilən ərazilər qismən düzənlik hissədə yerləşirdi. Buna görə  Hadrutun azad edilməsi həm də Azərbaycan Ordusunun mövqelərinin atəş altından çıxarılması istiqamətində məqsədyönlü bir addım idi. Cəbrayılın azad olunmasından sonra düşmən Füzuliyə daha yaxın olduğumuzu fikirləşərək Azərbaycan Ordusunun hücumlarını Füzuli tərəfdən gözləyirdi. Ancaq Azərbaycan Ordusu Hadruta ermənilərin gözləmədiyi istiqamətdən - Cəbrayıldan hücum etdi”.

Ə.Verdiyev açıqlayır ki, Azərbaycan Ordusunun xüsusi təyinatlı qrupları Hadrutun azad edilməsindən bir necə gün əvvəl artıq Hadrutda müdafiə olunan düşmənin mövqelərinin dərinliklərinə sızaraq orada xüsusi əməliyyatlar həyata keçirməyə nail ola bilmişdilər. Məhz bu əməliyyatlar nəticəsində düşmənin müdafiəsində müəyyən boşluqlar müşahidə edilməyə başladı. Hadrutun azad edilməsinə qədər Azərbaycan Ordusu düşmənin 16 komanda məntəqəsini, 196 tankını, 38 BM-21-i, 1 “Uraqan”ı, 10 özüyeriyən artilleriya qurğusunu, 36 ədəd piyadaların döyüş maşınını, 24 ədəd artilleriya batareyasını, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsini, 2 ədəd “S-300” kompleksinin buraxıcı qurğusunu, 25 OSA zenit-raket kompleksini, 2 KUB zenit-raket kompleksini, 4 “Repelend” radio-texniki maneə vasitəsini, 136 topunu, 56 minaatanını, 1 TOS-1A odsaçan sursatını, 2 radiolakasiya stansiyasını, 1 “Kalçuqa” anteni sıradan çıxarmışdı.

Bütün bunlar Hadrut istiqamətində düşmənin müdafiəsinin kifayət qədər zəifləməsi ilə nəticələnmişdi: “Başqa bir tərəfdən isə, Hadrut hərbi hissənin qərargahının və silah-sursat anbarının yerləşdiyi bir ərazi idi. Bu anbar orada daha əvvəldən - sovet dövründən mövcud idi. Həmin anbardan Ermənistan ordusu Azərbaycana qarşı döyüşən bölmələrin təminat və təchizatı üçün istifadə edirdi. Nəticə etibarilə Hadrutun işğaldan azad edilməsi düşmənin həm də başqa istiqamətlərdə müqavimətinin zəifləməsinə, ordumuzun digər ərazilərə qismən daha az itki, yüksək hücum tempi ilə azad etməsinə şərait yaratdı. Başqa sözlə desək, Hadrutun işğaldan azad edilməsi və Hadrut ətrafındakı yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi  Füzuli istiqamətində  qoşunlarımızın daha inamla irəliləməsi imkanını genişləndirdi. Paralel olaraq, Azərbaycan Ordusu Hadrutun azad edilməsindən sonra hücum cəbhəsini daha da genişləndirmək üçün imkan əldə etdi. Təbii ki, Hadrutun Qarabağın dağlıq ərazisinə daxil olduğu və ermənilərin buranın geri qaytarılmasına heç vaxt razılaşmadıqları nəzərə alınarsa, bu ərazinin ordumuzun nəzarətinə keçməsi həm də “Dağlıq Qarabağ” seperatçı rejiminin tutduğu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi, “Böyük Ermənistan” ideyasının tarixə qovuşmasının bir başlanğıcı hesab olunardı”.

Ə.Verdiyev bildirir ki, Hadrutun azad edilməsindən sonra ordumuz tərəfindən 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını qənimət kimi götürüldü. Bu sursat və texnikaların əksəriyyəti düşmən tərəfindən məhz Hadrutun müdafiəsi zamanı istifadə edilmişdi. Lakin onlar daha sonra düşmənin özünə qarşı hücumlarda istifadə edildi.

 

Hadrutun iqtisadi aktivliyini qısa zamanda bərpa etmək mümkün olacaq

 

Strateji əhəmiyyət daşıyan Hadrut, eyni zamanda, böyük iqtisadi potensiala malikdir. 1876,8 kvadratkilometr sahəsi olan Hadrut qəsəbəsinin imkanları buranı Qarabağın böyük iqtisadi və turizm potensialı ilə seçilən ərazilərindən biri etməyə imkan verir.

AMEA Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov bildirir ki, əvvəllər Hadrut qəsəbəsində üzüm emalı zavodu, xalça sexi fəaliyyət göstərib. Qəsəbənin və onun ətrafında yerləşən yaşayış məntəqələrinin təsərrüfatının bərpa edilməsi və əhalinin yenidən məskunlaşması üçün burada təbii-coğrafi şəraitə uyğun olan kənd təsərrüfatı sahələrinin yaradılması tələb olunur. Bunlara, ilk növbədə, üzümçülük, taxılçılıq, meyvəçilik və heyvandarlıq sahələri aiddir. Bu sahələrdə yüksək nəticələrin əldə edilməsi üçün məhsuldar növlərin tətbiq edilməsi tələb olunur. Belə nəticələr isə xüsusi olaraq tətbiq edilən “Aqroparklarda” mümkün olur. Ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış təsərrüfatların təşkili kənd təsərrüfatında məhsuldarlığın artırılmasına imkan verər.

Z.Eminov Hadrutun turizm imkanlarının da geniş olduğunu söyləyir. Onun sözlərinə görə, qəsəbədə və onun ətrafında yerləşən yaşayış məntəqələrində çoxsaylı tarixi-mədəni abidələr, o cümlədən qədim alban məbədləri mövcuddur. Onlardan faydalanma qəsəbədə turizm sənayesinin inkişafı üçün mövcud olan potensialları daha da genişləndirir. Alimin fikrincə, onlardan istifadə üçün infrastruktur şəbəkəsi yaradılması vacibdir.

Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Hadrut qəsəbəsi kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Bura Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialının mövcudluğu Hadruta qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Kənd təsərrüfatına yararlı torpaqları çox olan Hadrutda heyvandarlığın inkişafı üçün geniş imkanlar var.  Bununla yanaşı, burada aqrar sektorun fərqli sahələrinin inkişafı üçün potensial mövcuddur.

V.Bayramov qeyd edir ki, uzun müddət baxımsız qalan Hadrut öz tarixinin yeni və şərəfli mərhələsinə qədəm qoyur. Hazırda inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad olunan bu qəsəbənin iqtisadi potensialından istifadəyə imkan verəcək. Bu yol başlanğıcını Azərbaycanın tarixi ərazisi olan Qarabağdan, yəni Hadrut yaşayış məntəqəsindən götürəcək və işğaldan azad olunan digər bölgələri birləşdirəcək. Belə ki, dörd hərəkət zolaqlı yol Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndinədək uzanacaq. Digər tərəfdən, yeni yol Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Praktik olaraq, Hadrut Zəngəzur dəhlizi vasitəsilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq: “Bu isə ondan xəbər verir ki, Hadrutda formalaşacaq iqtisadiyyat və istehsal ediləcək məhsullar daha geniş bazarlara çıxarıla biləcək. Bütövlükdə Hadrut potensial baxımdan Qarabağ iqtisadiyyatında xüsusi paya malik olacaq”.

Prezident İlham Əliyevin Hadrutun azad edilməsindən sonra söylədiyi “Hadrut qəsəbəsində qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb” fikirləri ermənilərlə azərbaycanlıların davranışları, əməlləri arasındakı fərqin ən mükəmməl formada nəzərə çatdırılmasıdır.

İşğaldan azad edilmiş şəhərləri, kəndləri, tarixi abidələri, məscidləri, qəbirləri dağıdılan Azərbaycan ona qarşı törədilən misli görünməmiş bu vandallıqdan sonra da Hadrutda ermənilərin yaşadıqları evlərlə onlar kimi davranmaq fikrində olmadı. Əraziyə səfər edən bəzi xarici KİV nümayəndələri də bu vəziyyətin şahidi oldular. Rusiyanın “İzvestiya” qəzetində dərc olunan məqalədə qəsəbədə müharibə bitdikdən sonra hər şeyin toxunulmaz qaldığı yazılmışdır. Müəllif hətta azərbaycanlı hərbçilərin buradakı erməni kilsəsini də dağıtmadığını xüsusi qeyd edir.

Əslində, Ermənistandan fərqli olaraq, Azərbaycanda heç bir zaman abidələrin başqa millətlərə məxsus olmasına görə dağıdılması təcrübəsi qeydə alınmayıb. Hər zaman başqa millətlərə, onların dəyərlərinə, maddi mədəniyyət nümunələrinə hörmətlə yanaşan Azərbaycan dövlətinin Bakıdakı erməni kilsəsini belə bir abidə kimi qoruyub saxlaması onun başqa dinlərə verdiyi dəyərin ən yüksək nümunəsidir. Lakin məsələ ondadır ki, azərbaycanlıların ən qədim insan məskənlərindən biri hesab olunan, tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Hadrutda erməni kilsəsi deyilən bir abidə yoxdur.  

Mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov bildirir ki, nəinki Hadrutda, bütöv Qarabağda belə erməni kilsəsi mövcud deyil. Qarabağda mövcud olan bütün abidələr alban mədəniyyətinə aiddir.

Professor əlavə edir ki, Hadrut da daxil olmaqla, Qarabağ bölgəsi bir çox monastır kompleksləri, məbədlər, qədim yaşayış məskənləri, qalalar ilə məşhur olduğu üçün bura açıq muzey sayıla bilər. Lakin ermənilər işğal dövründə bütün bu abidələri özününküləşdirməyə, o cümlədən Hadrutdakı məbədi də erməniləşdirməyə çalışıblar.

Ermənilər işğal dövründə təkcə tarixi abidələrimizi deyil, həm də torpaqlarımızı özününküləşdirməyə çalışmaqla Azərbaycan ərazisində yeni bir erməni dövləti yaratmağa cəhd göstərdi. Lakin Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi və bundan sonra da verməyəcəyik. Bu mesaj bu gün ermənilərə həm də Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgərinin və dronların təsvirinin “dəmir yumruq” abidəsində rəmziləşdirildiyi məkan olan Hadrutdan ötürülür.

Azərbaycanın xalq-ordu birliyini təcəssüm etdirən bu abidə qələbəyə məhz möhkəm birləşmiş “dəmir yumruq” sayəsində nail olduğumuzu göstərməklə yanaşı, həm də düşmənin yadına “dəmir yumruğ”un gücünü, yenidən işğalçılıq niyyətinə düşəcəkləri halda, bu yumruğun yerində olduğunu, onun bu dəfə işğalçıların başına daha böyük zərblə dəyəcəyini xatırladır.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM