28 Oktyabr 2021 02:35
1533
Mədəniyyət
A- A+

Şuşanın incisi

 

 

Prezident İlham Əliyevin göstərişi ilə bərpa olunan Mehmandarovların evi şəhərin tarixi ünvanlarından biri kimi keçmiş şöhrətini tezliklə özünə qaytaracaq

 

Bu ev bir vaxtlar Şuşanın ən möhtəşəm və dəbdəbəli ünvanlarından idi...

Bu evdə yalnız Qarabağın deyil, bütün Azərbaycanın fəxrinə, qüruruna çevrilmiş şəxsiyyətlər dünyaya gəlmiş, yaşamış, qonaq olmuşlar...

Bu evdə Azərbaycan milli müqavimət hərəkatının - ilk qisas təşkilatımız olan “Difai”nin tariximizin şanlı səhifələrinə çevrilən fəaliyyətinin planları hazırlanmışdır...

Bu ev Prezident İlham Əliyevin tapşırığı ilə Şuşada bərpa edilən ilk tarixi-memarlıq obyektlərinin sırasına salındı...

Bu ev Mehriban xanım Əliyevanın şəxsi nəzarəti və himayəsi ilə yeni Şuşanın qədim nümunəsi kimi kərpic-kərpic ucaldılır...

Bu ev Azərbaycan tarixinin ən köklü, sanballı, qəhrəman sülalələrindən olan Mehmandarovların malikanəsi - Azərbaycanın müqəddəs ocağıdır...

 

Mirzə Əli bəyin evi

 

Şuşada olarkən şəhərin tarixi və görməli yerləri ilə bağlı əvvəldən planlaşdırdığımız marşrutlardan biri də bu malikanəyə getmək idi. Çünki Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrindən olan bu malikanədə saxta tarix yaratmaq istəyən ermənilər vandallıq edərək onu dağıtmışdılar. Amma gördüyümüz mənzərə daha dəhşətli idi. Nəinki bu malikanə, Şuşadakı bütün tarixi binalar erməni barbarlığının qurbanı olmuşdur.

Şuşanın milli ruhu təkcə onun qədim yerləri, tarixi abidələri ilə məhdudlaşmır, bu ruhu həm də Şuşanın adlı-sanlı şəcərələri, nüfuzlu nəsilləri daşıyır. Hətta elə nəsillər var ki, onların yalnız soyadları tarixi bir iftixar mənbəyidir. Onların vaxtilə inşa etdikləri binaların hər biri özündə Şuşanın tarixini yaşadır. Mehmandarovların malikanəsi kimi. Mehmandarovlar özləri isə Şuşa ilə birgə andığımız, Şuşa ilə qoşa xatırladığımız qürurlu simalardır. Bu nəslin görkəmli nümayəndələrindən biri də Mirzə Əli bəy idi.

Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülki vəzifələr vardı. Bu vəzifələrdən biri də mehmandar (“qonaqpərvər”, “qonaqsevər”) idi. Mehmandarın vəzifə borcu xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayıb, müşayiət edərək hörmət və ehtiramla xanlığın paytaxtına gətirib yerləşdirmək, yedirib-içirmək, onların istirahətlərini yüksək səviyyədə təşkil etmək və başqa xidmətlər göstərmək, eyni zamanda, gələn qonaqların məktublarını saraya, xanın məktublarını isə onlara çatdırmaq idi. İş başında olarkən mehmandarı 100 atlıdan ibarət silahlı dəstə müşayiət edirdi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin və oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə isə bu məsuliyyətli vəzifəni Mirzə Əli bəy həyata keçirirdi. Mirzə Əli bəy vəzifəsini yüksək səviyyədə və layiqincə icra etmişdi. Elə bu məziyyətlərindən də irəli gələrək İbrahimxəlil xan ona “bəy” titulu vermiş, savadlı olduğuna görə isə hər kəs tərəfindən “mirzə” deyə çağrılmışdı.

Sonradan şəcərəsi onun şərəfinə Mehmandarov soyadını götürmüş və bu fəxarətli soyadı daşıyan xeyli vətənpərvər, ziyalı azərbaycanlı yetişərək xalqımızın həyatında müstəsna rol oynamış, öz adlarını qızıl hərflərlə Azərbaycan tarixinə həkk etmişdilər.

Mirzə Əli bəy yaşı ilə əlaqədar mehmandarlıq vəzifəsindən istefaya çıxarkən Mehdiqulu xan Cavanşir bir çox mükafatlarla yanaşı, ona Şuşanın “Təzə məhəllə”sində əlavə torpaq sahəsi də bağışlamışdı. Mirzə Əli bəy də burada dövrünün məşhur memarı Kərbəlayi Səfixan Qarabağiyə memarlıq üslubu, ehtişamı ilə digər heç bir binaya bənzəməyən cah-cəlallı malikanə ucaltdırmışdı.  Malikanədə böyük yaşayış binası, kiçik yaşayış binası və ailə məscidi inşa olunmuşdu. Sütunlu və günbəzli məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirirmiş. Sonradan evin yerləşdiyi əraziyə bulaq da çəkilmişdi.

 

Milli memarlığımızın nümunəsi

 

Mirzə  Əli bəyin evi kvadrat formaya malik idi. İkinci mərtəbənin dörd otağından üçü evin yan tərəfindəki verandaya, qonaq zalı funksiyasını yerinə yetirən böyük otaq isə lakonik əsas fasada açılırdı. Simmetrikliyin olmamasına baxmayaraq, evin əsas fasadı hissələrin harmonikliyi təəssüratını yaradırdı. Binanın yan fasadında yerləşən pilləkən və taxta veranda onun ümumi görünüşünü ağırlaşdırmırdı. Binanın memarlığında geniş pəncərələri vasitəsilə yaxşı işıqlandırılmış və zəngin bəzədilmiş qonaq zalı xüsusi yer tuturdu.

Evinin daxili bəzək işlərini isə Mirzə Əli bəy zəmanəsinin məşhur dekorativ boyakarlıq və ornament ustası Usta Qənbər Qarabağiyə əmanət etmişdi. Usta Qənbərin “Mehmandarovların imarəti”ndə sərgilədiyi möhtəşəm əl işinin şöhrəti isə Azərbaycanın hüdudlarından da kənara aşmışdı. Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən hesab olunurdu.

Mehmandarovların evinin plafonu ümumi kompozisiya baxımından Şəki xan sarayı və Şəkixanovların evinin plafonlarını xatırlatsa da, onun naxışları rəng və kompozisiya baxımından xalçaçılıq motivlərinə daha yaxın idi. Qarabağ xalçaçılıq məktəbinə xas mərkəzi medalyonlu və zəngin bəzədilmiş künc naxışlı xalçalarda həmin kompozisiyanın analogiyasını görmək mümkün idi.

Bu evdə sonralar Mehmandarovlar nəslinin görkəmli nümayəndələrindən biri - Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim Kərim bəy Mehmandarov yaşamışdır. Kərim bəy Mehmandarov  Mirzə Əli bəyin sonbeşik oğlu Mustafa bəy Mehmandarovun övladıdır. Mirzə Əli bəyin böyük oğlanları Mirzə Həsən bəy və Mirzə Sadıq bəy idi.

Kərim bəy Mehmandarov 1905-ci il hadisələrindən sonra Şuşada evində xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb, qiraətxana açmışdı. Ömrü boyu xalqının rifahı və tərəqqisi üçün çalışıb-vuruşan Kərim bəy 1905-1906-cı illərdə də Şuşanın və şuşalıların ən böyük hamisi, qoruyucusu, qəhrəmanı kimi ad qazanmışdı. O, həm də “Difai” təşkilatının Şuşa şöbəsinin sədri idi. Azərbaycanın ilk milli hərbi-siyasi partiyası olan “Difai”nin bünövrəsi 1906-cı ildə Şuşada qoyulmuşdu. “Difa”inin əsas fəaliyyəti Şuşada cərəyan etmiş, burada Kərim bəyin başçılığı ilə həyata keçirilən iclaslarda mühüm qərarlar qəbul olunmuşdu.

Ümumiyyətlə, Mehmandarovlar soyu xalqımızın həyatında müstəsna rol oynayan onlarca tanınmış nümayəndələrindən ibarətdir. Hüquqşünas, çar dövründə dövlət qulluqçusu olmuş Sadıq bəy Mehmandarov, Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarov, Lənkəran şəhərinin rəisi, Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarov, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü Mixail Tuşinski (Mixail bəy Kərim bəy oğlu Mehmandarov), “Partizan Aliyə” adı ilə tanınan, Böyük Vətən müharibəsində saysız qəhrəmanlıqlara imza atmış Aliyə Rüstəmbəyova, tibb elmləri doktoru, professor, Əməkdar həkim Məhbubə xanım Mahmudbəyova və digərləri...

Səməd bəy Mehmandarovun adı tariximizdən bizə yaxşı məlumdur. Qısa fəaliyyəti dövründə 30 minlik ordu yaratmağa nail olan Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusunun quruculuğunun memarı idi.

Mixail Tuşinski 1882-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuş, mükəmməl təhsil alaraq atası kimi tibbə yönəlmiş və bu sahədə zirvəyə qədər yüksələrək adını ilk azərbaycanlı akademik olaraq tariximizə silinməz hərflərlə həkk etmişdir. O, 1945-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdi. Görkəmli alim ilk dəfə 1929-cu ilin payızında Şuşaya gələrək atası Kərim bəylə görüşmüş və həyatının ən unudulmaz həmin ilindən ömrünün sonuna kimi müntəzəm olaraq Azərbaycana, Şuşaya gəlmiş, doğma qohumları ilə görüşmüş, onlarla daim məktublaşmışdır.

Kərim bəy Mehmandarovun qızı Məhbubə xanım Mehmandarova Azərbaycanın ilk maarifçilərindən olan Həbibbəy Mahmudbəyovun ocağına gəlin gəlmiş, görkəmli ictimai xadim Şamil bəy Mahmudbəyovla ailə həyatı qurmuşdu. Məhbubə Mahmudbəyova 1933-70-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) Mama-ginekologiya kafedrasının dosenti, sonra professor və müdiri işləmiş, 1968-1974-cü illərdə respublikanın Mama-ginekoloqları elmi cəmiyyətinin sədri olmuşdu. Tədqiqatını əsasən, qadın, ana və uşağın sağlamlığının qorunması probleminə həsr etmişdi. “Ürək-damar sistemi xəstəlikləri zamanı hamiləlik və doğuş” monoqrafiyası (1973) böyük elmi-praktiki əhəmiyyətə malikdir.

Bu gün də Mehmandarovlar nəslinin nümayəndələri dədə-babalarının nəcib soyunu fəxarətlə davam etdirir, məşğul olduqları sahələrdə yüksək nailiyyətlər qazanır, Azərbaycan dövlətinə şərəflə xidmət edirlər.

 

Düşmənə baş əymədiyi, saxtakarlığı qəbul etmədiyi üçün vandallığa məruz qaldı

 

İşğal dövründə düşmən Qarabağın mirvarisi, milli mədəniyyətimizin ünvanı Şuşada  Azərbaycanın tarixinin və milli mədəniyyətinin izlərini itirmək üçün çox cəhd göstərib, lakin bunu bacarmayıb. Mehmandarovların evində olduğu kimi... Ona görə bu ev də işğal illərində vəhşiliyə, vandallığa məruz qalıb.

...Malikanədə aparılan təmir-bərpa işləri barədə reportaj hazırlamaq üçün Şuşanın “Yeni məhəllə” deyilən səmtinə gedirik. Bir vaxtlar Şuşanın tanınmış ailələrinin yaşadığı bu məhəllədə düşmənin dağıtdığı, xarabazarlığa çevirdiyi binaların arası ilə irəlilədikcə erməni vəhşiliyindən doğan səssizliyi bu malikanədən gələn tikinti səsləri pozur. Öyrənirik ki, Heydər Əliyev Fondu tərəfindən bu tarixi malikanədə başlanan kompleks təmir-bərpa işləri sürətlə davam edir.

Xatırladaq ki, kompleks ilk dəfə 1977-1978-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb. Bu həmin dövr idi ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsləri ilə Şuşanın mədəni tarixi irsinin qorunması və təbliği ilə bağlı mühüm tədbirlər həyata keçirilirdi. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Bu qərar Şuşanın tarixi abidələrinin bərpası və onun Azərbaycan şəhəri kimi inkişafında ən vacib addım oldu. Bundan sonra şəhərin XVIII-XIX əsrlərdə tikilmiş binaları və tarixi abidələri bərpa olundu. Uzun illərdən bəri baxımsızlıq üzündən uçulub dağılmış qala divarları, Qara Böyükxanım məqbərəsi, K.Əsgərov küçəsindəki məscid, mərkəzi rayon xəstəxanasının ərazisindəki qala bürcləri və divanxana öz əvvəlki görkəminə qaytarıldı. O cümlədən Mehmandarovların evi də qeyd etdiyimiz kimi pasportlaşdırıldı.

Böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. Kiçik yaşayış binasında isə 1987-ci il tarixdən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyyə olunaraq Bakıya gətirilib.

Öyrənirik ki, işğaldan sonra kompleksə daxil olan böyük bina tamamilə dağıdılıb. Yalnız bir tərəfinin divarının qalıqları qalmış binanı bərpa etmək mümkün deyil. Kiçik yaşayış binası işğalçılar tərəfindən tarix muzeyi kimi istifadə edilib. Məscidi isə geologiya muzeyi ediblərmiş.  Düşmən böyük yaşayış evini erməniləşdirə bilmədiyi üçün dağıdıb.

İkimərtəbəli olan kiçik evdə və məsciddə təmir-bərpa işləri həyata keçirilir. Bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Öyrənirik ki, evin və məscidin həm xarici fasadı, həm də daxili quruluşu tarixi görkəmi qorunmaqla bərpa olunur. Evin ikinci mərtəbəsinin tavanında vaxtilə çəkilmiş rəsm əsərlərinin izləri hələ də qalmaqdadır. İş icraçısı deyir ki, təmir zamanı divarlar qaşındıqca milli memarlığımızın izlərinə rast gəlirlər. Ustalar bildirdilər ki, tavandakı rəsm o qədər keyfiyyətlə çəkilib ki, sonradan onun üzərinə əlavə olunan rənglər belə, rəsmi sıradan çıxarmayıb. Bəli, düşmən nə qədər çalışsa da, bu binada xalqımıza məxsus olan dəyərləri silə bilməyib. Çünki bu dəyərlərin heç biri saxtakarlığı qəbul etmir.

İşğal dövründə ermənilər tərəfindən binanın quruluşuna əlavə edilən yad elementlərin hamısı ləğv edilir, hər şey orijinal görkəminə qaytarılır. Bu barədə məlumat verən işçilər bildirdilər ki, ermənilərin işğal dövründə binada quraşdırdıqları şüşəbənd artıq sökülüb. Binanın ikinci mərtəbəsinə çıxmaq üçün bayırdan inşa etdikləri taxta pilləkən də söküləcək. Restavrasiya sentyabr ayında başlayıb. Bütün işlər 4-5 aya başa çatacaq. Onu da qeyd edək ki, Ermənistanın Şuşaya atdığı “İsgəndər” raketi Mehmandarovların evinin yaxınlığına düşüb.

Mehmandarovların malikanəsinin üzləşdiyi vandallıq, böyük yaşayış evinin dağıdılması olduqca ağır mənzərədir. Budur erməni vəhşiliyi, erməni vandalizmi. Budur mədəniyyət düşmənçiliyi...

Amma bu evi ucaldanların, vaxtilə burada yaşamış Mehmandarovlar soyunun həyatdan köçmüş nümayəndələrinin ruhu şaddır. Çünki artıq bu malikanə düşmənin əlində deyil. Çünki indi bu malikanə Prezident İlham Əliyevin göstərişi, Mehriban Əliyevanın himayəsi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa olunur, əvvəlki görkəminə qaytarılır...

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Bakı-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video