22 Oktyabr 2021 00:27
1645
CƏMİYYƏT
A- A+

Şuşanın “Fərhad”ları

 

Qədim Kirs dağı çapılaraq Zəfər qalasına yeni su kəmərləri çəkilir

 

“Zəfər yolu”nda, dumanlı dağların arası ilə Vətənin bənzərsiz, ecazkar gözəlliyini seyr edə-edə dolanbac yollarla yüksəkliyə - Şuşaya qalxırıq...

Hərdən avtomobildən düşüb yaxın ətraflarda görülən işlərə diqqət edirik, foto çəkirik...

 “Zəfər yolu”nun hər iki tərəfi ilə drenajlar çəkilir. Yağışlı, qarlı havalarda dağlardan gələn palçıqlı suyun asfalta yayılmaması üçün əvvəlcədən müvafiq işlər görülür.

Demək, Şuşa yeni təfəkkürlə, müasir yanaşma ilə yenidən qurulur...

Şuşa yüksəkliyini qalxdıqca ətrafda tikinti-quruculuq işləri ilə məşğul olan şirkətlərə məxsus çoxsaylı düşərgələrin salındığını müşahidə edirik.

Bir sözlə, Şuşadakı tikinti-quruculuq işlərinin hansı sürətlə getdiyini qalaya çatmamış görülən işlərdən aydın təsəvvür etmək mümkündür.

 

Şuşa 24 saat dayanıqlı içməli su ilə təmin olunur

 

Qala qapısındakı nəzarət-buraxılış məntəqəsini keçən kimi qarşılaşdığımız ilk mənzərə Şuşaya çəkilmiş su xəttində aparılan bərpa işi idi.

Komendant saatının başlamasına az qalsa da, dağlardan Şuşaya su çəkənlərlə söhbətləşməyə yollandıq və qaynaq işlərinin görüldüyü böyük diametrli su xəttinin yanında tanış sima ilə rastlaşdıq. Məlum oldu ki, “Azərsu” ASC tərəfindən Şuşaya su xəttinin çəkilişinə Cəbrayılın Cocuq Mərcanlı kəndinin məşhur sakini Oqtay Həziyev rəhbərlik edir.

Bu həmin Oqtay Həziyevdir ki, 23 il ailəsi ilə birlikdə qorxmadan düşmənin nəzarəti altında olan Cocuq Mərcanlıda yaşayıb. Azərbaycan Ordusunun 2016-cı ildəki Aprel zəfərindən sonra bu təhlükə aradan qalxıb və bu kənd Böyük qayıdışın ilk ünvanı olub. Belə ki, Prezident İlham Əliyev bir neçə aya bu kəndi yenidən qurdu və Cocuq Mərcanlıya gələrkən Oqtay Həziyevin evində qonaq oldu. Oqtay Həziyevin qəhrəmanlığına ən yüksək qiymət də Prezident tərəfindən verildi. Dövlət başçısı onu Azərbaycanda ilk dəfə olaraq birinci dərəcəli “Əmək” ordeni ilə təltif etdi.

Bu il oktyabrın 4-də, yəni Cəbrayılın işğaldan azad edilməsinin birinci ildönümündə İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bu hadisəni bir daha xatırladı: “Oqtay Həziyev o insanlardandır ki, heç nəyə baxmadan, heç kimdən qorxmadan təkbaşına öz ailəsi ilə Cocuq Mərcanlıda 20 ildən çox yaşayıb. Mən sonra xəbər tutdum. Cocuq Mərcanlıya gələndə o vaxt mən “Əmək” ordenini təzə təsis etmişdim və onu heç kimə vermirdim. Halbuki namizədlər var idi, dedim ki, yox, mən onu o kişiyə verəcəyəm. Mən birinci ordeni o kişiyə verdim və evində də təqdim etdim, qucaqladım, öpdüm. Doğrudan da, Azərbaycan Oqtay kimi insanların üstündə dayanır”.

23 il Cocuq Mərcanlıda Azərbaycan Ordusunun əsgərlərinə təmənnasız yardımlar edən həmin Oqtay Həziyev bu gün təkcə Şuşanın deyil, işğaldan azad olunmuş ərazilər üzrə “Azərsu” ASC-nin qəza-bərpa xidmətinin rəisi kimi məsuliyyətli bir işin icraçısıdır. Artıq 11 aydır ki, Qarabağın əksər şəhər və rayonlarının içməli su təminatı, əlavə su ehtiyatlarının tapılması prosesinə rəhbərlik edir.

Onunla Cocuq Mərcanlıda bir neçə dəfə görüşmüşdük. Şuşadakı görüşümüz də, aldığımız məlumatlar da çox maraqlı oldu. Öyrəndik ki, düşmən şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarıbmış. Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilib və Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda sudoldurucu məntəqə yaradılıb.

Bununla paralel olaraq Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Məlum olub ki, hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar yaranıb. Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və material tələbatı müəyyən edilib, həmçinin “Azərsu” ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası Şuşa şəhərinə ezam edilib.

Qəza-bərpa işlərinə cəlb olunmuş texnikaların maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıb. Mürəkkəb relyefə malik ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və 25 noyabr 2020-ci il tarixində Şuşa şəhərinə suyun verilməsi təmin olunub.

Beləliklə, soyuq, şaxtalı qış aylarında, qarlı havada Şuşaya gedən su xətərinin bərpa prosesi reallaşıb və işlər uğurla başa çatıb.

Şuşaya iki mənbədən - Zarıslı və Kirs dağının ətəyindən içməli su gəlir. Şəhər 24 saat dayanıqlı içməli su ilə təmin olunur. Hazırda şəhərdaxili yeni şəbəkələr qurulur. Həmçinin ətrafdakı dağlarda yeni su mənbələri axtarılır. Hazırda Şuşa şəhərinin girişində 1940 metr hündürlükdəki su anbarından 530 mm diametrlik borularla Şuşaya yeni xətt çəkilir və demək olar ki, artıq hazırdır: “Digər proses Kirs dağında aparılır. 1400 metr hündürlükdəki ərazidə yeni mənbələr axtarılır. Şəhərin daxilində 6 ədəd qazanxana tikilib və onların hamısı su ilə təchiz edilib”.

Oqtay Həziyev deyir ki, yeni çəkilən xətlər gələcəkdə Şuşada yaşaması nəzərdə tutulan 20-25 minə yaxın əhalinin dayanıqlı su təminatını həyata keçirəcək. Bundan əlavə, şəhər daxilində 3 ədəd 1000 kubluq anbar inşa olunacaq.  

Şuşa sakinlərinin dediklərinə görə, qış aylarında şəhərə gələn su xətləri donduğu üçün evlərə suyu vedrələrlə daşımaq məcburiyyətində qalırlarmış. Amma şəhərə çəkilən yeni su xətləri daha donmayacaq. Bunu Oqtay Həziyev belə izah edir: “Düzdür, əvvəllər belə hallar çox olub. Amma bu gün Şuşaya daha müasir formada, modern avadanlıqlarla su xətləri çəkilir. Özü də bu xətlər 1 metr 70 sm dərinlikdə olacaq. Yəni bu dərinlikdə olan xətlərin donması qeyri-mümkündür”.   

Oqtay Həziyevin sözlərinə görə, mənbələrdə, magistral kəmərlərdə və şəhərdaxili paylayıcı şəbəkələrdə yaranan problemlərin operativ həlli məqsədilə “Azərsu” ASC-nin mühəndis-texniki heyəti və qəza briqadası tərəfindən Şuşa şəhərində fasiləsiz xidmət təşkil edilib.

Havanın qaralmağa doğru getməsinə baxmayaraq qəza-bərpa briqadası dayanmadan işləyirdi. İki nəfər quyuda qaynaq işləri aparır, digərləri isə boruları  kəsirdi. Onlarla da söhbətləşirik:

- Komendant saatına az qalıb, yekunlaşdıra biləcəksiniz. Bir də axşamın soyuğunda belə sürətlə işləmək sizi yormur?

- Yox, nə yorulmaq. Lazım olsa, səhərə qədər də işləyərik. Komendant saatının son dəqiqələrinədək işimizin başındayıq. Burda tez-tez Şuşanı azad edən qəhrəmanlarla görüşürük, söhbətləşirik. Onlar günlərlə yorulmadan, yatmadan, istirahət etmədən, fasilə vermədən bu dağları, yoxuşları qalxıb Şuşanı azad ediblər. İndi onların işini biz davam etdiririk. Şuşanın susuzluğuna son qoyuruq. Elə biz də döyüşçü sayılırıq. Zarafatla bir-birimizə “Şuşanın “Fərhad”ları deyirik. Biz də dağları, qayaları çarpıb bura su gətiririk...

Su çəkmək müqəddəs və savab işdir. Bu müqəddəs şəhərdə bu müqəddəs işi görənlərin fəaliyyəti isə həqiqətən qəhrəmanlıqdır.

 

Magistral kəmərlər və anbarlar tikilir, daxili su şəbəkəsi yenidən qurulur

 

Yeni layihələr barədə də məlumat verən Oqtay Həziyev bildirdi ki, Şuşa şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində magistral su kəməri və anbarların tikintisi, həmçinin şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması nəzərdə tutulur.

Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam etdirilir. Avqust ayında icrasına başlanılmış layihəyə uyğun olaraq magistral kəmər üzrə planlaşdırılan işlərin 50 faizi qısa müddətdə yerinə yetirilib. Hazırda magistral xəttin tikintisi mürəkkəb relyef şəraitində, texnikanın çətin hərəkət etdiyi ərazilərdə, eyni zamanda 2 nöqtədə paralel olaraq aparılır.

Qayalıq ərazidə əvvəlcə xüsusi texnikanın sərbəst hərəkəti üçün trass salınır ki, buradan həm də gələcəkdə istismar yolu kimi istifadə olunacaq. Kəmərin keçəcəyi ərazilərdə xüsusi texnikalardan istifadə olunmaqla qayalıqlar yarılaraq xəndəklər qazılır və tikinti normalarına uyğun olaraq qumla doldurularaq hazır vəziyyətə gətirilir. Sonra borular xəndəklərə yerləşdirilərək qaynaq edilir. Texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi yoxlanılır, korroziyadan qorumaq üçün izolyasiya olunur. Gələcəkdə ərazidə qazıntı aparılacağı təqdirdə kəmərin zədələnmə risklərini nəzərə alaraq bütün marşrut boyu xəbərdaredici lentlər çəkilir.

Bu mərhələ üzrə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsində baş plana uyğun olaraq şəhərin içməli və tullantı su şəbəkələri tamamilə yenidən qurulacaq, tullantı suların optimal idarə edilməsi və təmizlənib zərərsizləşdirilməsi məqsədilə sutəmizləyici qurğu inşa ediləcək.

Bütün bunlar Şuşanın fasiləsiz su təminatının reallaşması üçün həyata keçirilir. Gördüklərimizə, eşitdiklərimizə əsasən deyə bilərik ki, tezliklə şəhərin su təchizatı mükəmməl şəkildə təmin olunacaq. Bu prosesi həyata keçirənlər isə Şuşanın qurucuları kimi tarixə yazılacaqlar.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”,

Bakı-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video