30 Sentyabr 2021 12:41
892
CƏMİYYƏT
A- A+

Şuşanın azad olunduğu gün arzuladığı zirvəyə yüksələn xüsusi təyinatlı gizir...

 

Anar Vətənə, torpağa çox bağlı idi. Son nəfəsinə, son damla qanına qədər vuruşub torpaqlarımızı düşmən əsarətindən azad etmək onun ən böyük arzusu idi. Bir də Şuşanı görməyi çox istəyirdi...

Anar Şuşa fatehlərindən biridir. O, hər iki arzusuna çatdı - həm Şuşanı gördü, həm də şəhadətə yüksəldi. Elə məhz Şuşanın azad olunduğu gün – noyabrın 8-də...

Özünə həmişə şəhidlik arzu edir, şəhidliyin hər kəsə nəsib olmayan ən uca zirvə olduğunu deyirdi.

Bir də Şuşa alınandan sonra sizi ora aparacağam, onun gözəlliyini öz gözlərinizlə görərsiniz”, - deyirdi.

Xüsusi təyinatlı qüvvələrin giziri, şəhid Anar Nağıyevin həyat yoldaşı Gülnar Nəzərova bütün bunlar barədə AZƏRTAC-a danışıb.

Gülnar xatırlayır: “Müharibə başlayanda ailə qurmağımızdan cəmi altı ay keçmişdi. Onun xidmət sahəsi haqqında ailə qurmamışdan əvvəl bilirdim. Son görüş müharibəyə gedən gün oldu. Lakin o zaman hamilə olduğumdan mənə həqiqəti demədi. “Təlimə gedirəm, beş-on günə qayıdacağam”, - dedi. Sonradan müharibədə iştirak etdiyini öyrənəndə çox narahat oldum. O, yenə də təmkinini pozmadan “Bu, mənim vəzifə borcumdur. Torpaqlarımızı azğın düşməndən təmizləməliyik. Hər zaman hər şeyə hazır ol. Şəhidlik hər kəsə nəsib olmaz”,- deyirdi.

“Doğum günü oktyabrın 30-da idi. Həmin gün danışa bilmədik”, - Gülnar davam edir: “Oktyabrın 31-də zəng edib danışdı, doğum gününü təbrik etdim. Dedim ki, bu il qismət olmadı, gələn il doğum gününü bir yerdə qeyd edərik. “Hər şey qismətdən asılıdır. Özündən də, qızımızdan da muğayat ol. Qızımızı sənə, səni də Allaha tapşırıram. Adını Anara qoyarsan, qoy atasının adını yaşatsın”, - dedi. Onun bu sözlərindən sonra həm narahatlığım artdı, həm də ağladım. Mənə “Hər şeyə hazır olmaq lazımdır”, - dedi. Bu, Anarla son danışığım oldu. Noyabrın 8-də isə şəhidliyə yüksəldi. Noyabrın 17-də Qazax rayonunun Urkməzli kəndində torpağa tapşırıldı. Anarın şəhadətindən iki ay yarım sonra Anara doğuldu. Üzünü görməsə də, adını atası qoydu...

Gülnar danışır və danışdıqca səsi də titrəyir. Niyə də titrəməsin? Anar kimi həyat yoldaşının itkisinə dözmək asandırmı?

“Anardan nə qədər danışsam azdır. Onun döyüşlərdə göstərdiyi şücaətlərdən hər kəs danışır. Onun həyat yoldaşı olmaqdan hər zaman qürur duymuşam. Anarla fəxr edirəm. Qızımızı atasına layiq bir övlad kimi böyüdəcəyəm. Mən Anardan hər zaman razı olmuşam, Allah da ondan razı olsun. Onunla cənnətdə qovuşmaq arzusu ilə yaşayacağam...”, - deyir G.Nəzərova.

Onun verdiyi məlumata görə, qızı Anaranın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə ona 1000 AZN təqdim olunub və körpənin adına 5000 AZN-lik hesab açılıb.

Şəhid gizir Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 2008-ci il yanvarın 5-dən 2009-cu il iyulun 3-dək müddətli həqiqi hərbi xidmət keçib. 2010-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “MAH-HXHQ hazırlığı”, 2013-cü ilə hərbi hissənin nəzdində “Gizir hazırlığı” kurslarını bitirib.

Vətən müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı kimi mühüm tapşırıqları uğurla yerinə yetirib, şəxsi şücaət, peşəkarlıq, mərdlik və igidlik nümunələri göstərib.

Gizir A.Nağıyev döyüşlərə Murovdağ istiqamətindən başlayıb. Ümumilikdə isə Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdərə, Xocavənd, Şuşa ərazisində gedən hərbi əməliyyatlarda iştirak edib. Anar Nağıyev oktyabrın 16-da Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüşlər zamanı düşmənin atdığı minaatandan qolundan və ayağından qəlpə yarası alıb. Füzuli hospitalına təxliyə olunsa da az müddətdən sonra təkidlə yenidən cəbhə zonasına qayıdıb. Anar Nağıyev Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə birbaşa iştirak etmək istəyirmiş. Buna görə də oktyabrın 27-də silahdaşlarının yanına qayıdaraq düşmənlə döyüşməyə davam edib. A.Nağıyev noyabrın 6-da Şuşada üzbəüz döyüşlər zamanı güllə yarası alıb. Noyabrın 8-də Azərbaycan bayrağı Şuşada dalğalandıqdan sonra “Şuşa alındı” deyərək şəhadətə qovuşub.

Sanki Allah ona Şuşanın alınmasını görmək üçün iki gün möhlət verib və şəhid arzusuna çataraq əbədiyyətə yüksəlib...

Şəhid Anar Nağıyev bir sıra hərbi əməliyyatların, o cümlədən Aprel döyüşlərinin də iştirakçısı olub.

Ölkə başçısının müvafiq sərəncamları ilə Anar Nağıyev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

İkinci Qarabağ müharibəsində Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin fəaliyyəti dünyanın aparıcı hərbi tədqiqat mərkəzlərinin diqqətini cəlb edib. Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində xüsusi təyinatlı qüvvələrin döyüş əməliyyatlarını xarakterizə edərkən deyib: "Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər".

Ölkə başçısı müsahibəsində xüsusi təyinatlı qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirdiyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video