18:42 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşadan dünyaya verilən mesaj

ANA SƏHİFƏ / SİYASƏT
00:27 31.03.2021

 

İlham Əliyevin Cıdır düzündə alovlandırdığı bayram tonqalı Azərbaycanın döyüş meydanındakı Zəfərinin təcəssümü oldu

 

Azərbaycan xalqı bu baharı tamamilə fərqli əhvali-ruhiyyədə qarşıladı. Son 30 ilə yaxın müddətdə ilk dəfə olaraq Novruz bayramını ürəkdolusu, təntənə ilə qeyd etdik. Çünki bu il Novruz tonqalları həm də işğaldan azad edilmiş torpaqlarımızda qalandı.

 

Artıq Qarabağdan bahar qoxusu gəlir

 

30 ilə yaxın idi ki, düşmən tapdağında olan torpaqlarımız Novruza həsrət idi. Müzəffər Ordumuz ötən ilin cəmi 44 günlük Vətən müharibəsindəki qələbə ilə xalqımızın bu mənəvi iztirabına son qoydu. Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə həm də Novruz bayramını Qarabağa qaytardı. Artıq azad olunmuş bütün torpaqlarımızdan - doğma Qarabağımızdan baharın xoş qoxusu gəlir.

Buna görə Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə qaladığı bayram tonqalı böyük rəmzi məna daşıyır. Çünki bu tonqal Azərbaycanın həm döyüş meydanındakı Zəfərinin, həm də xalqımızın mənəvi Qələbəsinin təcəssümü idi. Bununla İlham Əliyev torpaqlarımızın işğaldan azad edildiyini bir daha dünyaya çatdırdı. Bu bayram tonqalı ilə İlham Əliyev bir daha Şuşanın Azərbaycan şəhəri olduğunu dünyaya bəyan etdi.

 

Hər kəs Ali Baş Komandana inanırdı

 

“Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Prezident İlham Əliyev bu sözləri 3 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi.

Prezident İlham Əliyevin çıxışlarında bu məzmunlu ifadələr çoxdur. Çünki dövlət başçısının hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində torpaqlarımızın işğaldan azad olunması məsələsi prioritet idi. İlham Əliyev hər zaman bəyan edirdi ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə güclü Azərbaycan Ordusu öz sözünü deyəcək.

Hər Novruz günlərində isə xalqımızın ən böyük arzusu və niyyəti növbəti bayramın Qarabağda qeyd edilməsi barədə olurdu. Xalqımız o günün mütləq yetişəcəyinə, bayram tonqallarının Qarabağda qalanacağına əmin idi. Çünki hər kəs öz rəhbərinə, Ali Baş Komandana inanırdı.

44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə o günü yetişdirdi və İlham Əliyev xalqımıza builki Novruz təbrikini Şuşadan ünvanladı: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir”.

 

Torpaqlarımızın azad edilməsi İlham Əliyev üçün ümdə vəzifə idi

 

Torpaqlarını işğaldan azad etmək üçün ölkəmiz yalnız Ermənistanla döyüşməli deyildi. Azərbaycan bu müharibədə qalib gəlmək üçün dünya erməniliyini, erməni təəssübkeşlərini də məğlub etməli, neytrallaşdırmalı idi. Eyni zamanda ordumuz ən müasir döyüş imkanlarına malik olmalı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı beynəlxalq hüquqi baza möhkəmləndirilməli idi.

Müraciətində “Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır” deyən İlham Əliyevin ilk dəfə prezident seçildiyi 2003-cü ildən bəri həyata keçirdiyi fəaliyyət göstərir ki, olduqca müdrik diplomatiya, siyasi uzaqgörənlik və zərgər dəqiqliyi ilə Azərbaycanı bu qələbəyə doğru aparmışdır. Bu illərdə aparılan hazırlıq işlərində lüzumsuz tələskənliklərə yol verilməmiş, gərəksiz addımlar atılmamışdır. Ordumuzun döyüş imkanlarının artırılması, beynəlxalq dəstəyin təmin olunması, düşmənin gözlənilən beynəlxalq təzyiqlərinin neytrallaşdırılması istiqamətində bütün işlər ardıcıllıqla, sistemli şəkildə həyata keçirilmişdir. Ona görə bu gün dönüb arxaya baxanda bir daha görürük ki, ötən illərdə torpaqlarımızın azad edilməsi İlham Əliyev üçün ümdə vəzifə olmuşdur.

 

Hazırlaşdıq və düşməni məğlub etdik

 

Zəfərə gedən yolda mənəvi hazırlıq sahəsində böyük irəliləyişlər əldə olundu. Gənc nəsil vətənpərvər ruhda böyüyərək formalaşdı.

Vətən müharibəsində döyüşənlərin əksəriyyəti Birinci Qarabağ müharibəsini görməsələr də, düşmənə nifrət hissi ilə yetişmişdilər. Ən vacib məsələlərdən biri də odur ki, Azərbaycan cəmiyyətində güclü milli və siyasi həmrəylik mövcuddur və bütün bunlar böyük Qələbəyə gedən yolda mühüm amillər idi.

Bu illər ərzində davam edən nəticəsiz danışıqlar prosesində Azərbaycana çox böyük təzyiqlər də oldu, lakin İlham Əliyev ölkəmizin mənafelərini qətiyyətlə qorudu, Ermənistanın maraqları naminə münaqişənin güc yolu ilə həllinə qarşı çıxanların, hərb variantını istisna edənlərin təkliflərini yaxına buraxmadı.

Beləliklə, İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə torpaqlarımızın işğaldan azad edilməsi tarixini yetişdirdi və cəmi 44 gün ərzində bunu reallaşdırdı. Dövlət başçısının dediyi kimi, hazırlaşdıq və düşməni məğlub etdik: “Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz”.

Ötən bayramlarda xalqımızın etdiyi ən müqəddəs dua artıq yerinə yetib: torpaqlarımız işğaldan azad olunub, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycan dəmir yumruğu ilə düşmənin başını əzdi, ona layiq olduğu cəzanı verdi. İndi xalqımız həm də mənəvi baxımdan rahatdır. Çünki Novruz tonqallarımız Qarabağda da şölələndi.

 

 Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM