19 Iyun 2021 01:47
945
İDMAN
A- A+

SÜRPRİZƏ İMKAN VERİLMƏDİ

 

C qrupu

Niderland - Avstriya - 2:0

Qollar: Depay, 11, Dyumfris, 67

Baş hakim: Orel Qrinfeld (İsrail)

Amsterdam. Yohan Kroyf Arena

 

Turnirin favoritləri sırasında göstərilən Niderland millisi Avstriya ilə qarşılaşmaya çox sürətli başladı. Cinahlardan hücumlara üstünlük verən Frank De Burun komandası meydançanın rəqibə aid hissəsində tətbiq etdiyi pressinqlə Avstriyanın müdafiədən çıxmasına imkan vermədi.

Nəticədə xətlər arasında əlaqənin itməsinə görə müdafiə ilə hücum arasında boşluqlar yarandı. Bir sözlə, Avstriyanın oyun planı pozuldu. Bundan istifadə edən Memfis Depay 11-ci dəqiqədə vurduğu qolla qarşılaşmada hesabı açdı.

Qoldan sonra daha çox qısa ötürmələrə üstünlük verən Niderland yığması oyuna nəzarəti ələ aldı. Avstriya futbolçuları isə topun ardınca o qədər çox qaçdılar ki, artıq 60-cı dəqiqədən sonra yorğunluq hiss edilməyə başladı.

Komandada edilən oyuncu dəyişiklikləri belə matçın gedişatına təsir edə bilmədi. Yekunda 2:0 hesabı ilə qalib gələn niderlandlar “Avro-2020”nin 1/8 finalına vəsiqəni təmin etdilər.

Qeyd edək ki, Niderland yığması Avropa çempionatına seçmə mərhələnin C qrupunun ikincisi kimi qatılıb. Komanda Almaniya, Şimali İrlandiya, Belarus və Estoniya ilə mübarizədə 8 oyunun 6-da qələbə qazanıb, 1-də heç-heçə edib və 1 dəfə məğlub olub.

Lider Almaniyadan 2 xal geri qalmaqla 19 xal toplayan Niderland 3-cü pillənin sahibi Şimali İrlandiyanı 6 xal üstələyib. Əsas rəqibi Almaniyaya evdə uduzsa da, səfərdə qələbə qazanan “narıncılar” yeganə heç-heçəsini Britaniya təmsilçisi ilə matçda etdi.

Rəqib qapılarına 24 qol vuran Niderland futbolçuları 7 top buraxıblar. Komandanın ən yaxşı bombardiri qəribə də olsa, 8 qolla dayaq yarımmüdafiəçisi Corcinio Veynaldum olmuşdu.

Niderland tarixində 10-cu dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. Yığma əvvəlki 9 cəhdin 1-də çempion olmağı bacarıb. Bu, 1988-ci ildə reallaşıb. Ronald Kuman, Ruud Qullit, Frank Raykard, Marko van Bastenli yığma həmin vaxt məğlub olmadan Avropa çempionu adını qazanıb. Niderland millisi 4 dəfə də qitə 3-cüsü olub. Ancaq son vaxtlar yığmanın Avropa çempionatlarında işləri qaydasında getmir. 2012-ci ildə qrupda qalan “zanbaqlar ölkəsi” 4 il sonrakı qitə birinciliyinə, ümumiyyətlə, vəsiqə qazana bilməmişdi.

 

Ukrayna - Şimali Makedoniya - 2:1

Qollar: Yarmolenko, 29 (1:0), Yaremçuk, 34 (2:0), Alioski, 57 (2:1)

Baş hakim: Fernando Rapallini (Argentina)

Buxarest.  Milli Arena

 

C qrupunun digər matçında isə Ukrayna  və Şimali Makedoniya yığmaları üz-üzə gəldilər. Daha baxımlı futbol nümayiş etdirən Andrey Şevçenkonun komandası matç boyu bütün komponentlərdə rəqibini üstələdi. Yarmolenkonun bir dirijor kimi idarə etdiyi Ukrayna millisi istədiyi vaxt oyunun tempini qaldırır və endirirdi. Şimali Makedoniya kollektivi isə daha çox əks-hücumlara üstünlük verməyə çalışırdı.

Ukraynanın hücumlara qoşularkən cinah müdafiəçilərinin itirilən hər topdan sonra geri dönüşlərdə müəyyən axsamalar yaşaması əks-hücumlarda Ş.Makedoniya komandasına matçın müəyyən hissələrində əlavə üstünlüklər yaratsa da, bundan yararlana bilmədilər. Yekunda 2:1 hesabı ilə qalib gələn Ukrayna seçməsi cari turnirdə ilk qələbəsini qazandı.

Qeyd edək ki, Ukrayna yığması Avropa çempionatına seçmə mərhələnin B qrupunun qalibi kimi qatılıb. Komanda Portuqaliya, Serbiya, Lüksemburq və Litva ilə mübarizədə 8 oyunun 6-da qələbə qazanıb, 2-də heç-heçə edib. Ümumilikdə 20 xal toplayan “sarı-göylər” Portuqaliyanı 2 xal üstələyərək seçmə mərhələ qrupunu lider kimi tamamladı.

Ölkə müstəqillik əldə etdikdən sonra yığma 2 dəfə Avropa çempionatlarının final mərhələsində yarışmaq hüququ qazanıb. Bunlar son iki qitə birinciliyinə təsadüf edir. Ukrayna heç bir halda qrupdan çıxa bilməyib. Beş il öncə keçirilən çempionatda isə komanda qrup mərhələsində nə qol vura bilib, nə də xal qazanmağı bacarıb. Ukrayna millisinin “Avro-2020” heyəti əsasən ölkə daxilində çıxış edən futbolçulardan təşkil olunub.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video