08:36 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sürətin Azərbaycan zirvəsi

ANA SƏHİFƏ / İDMAN
00:48 03.06.2021

 

Bakı “Formula-1”in cari mövsümdə 6-cı mərhələsinə evsahibliyi edəcək

 

“Formula-1” yarışlarının təşkilində nümunə göstərən Azərbaycan builki turnir də daxil olmaqla, daha üç il planetin sürət paytaxtı olacaq. 2016-cı ildən etibarən ölkəmizdə keçirilən “Formula-1” qran-prisi  həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına böyük töhfə verib. Sürət yarışı Azərbaycanın görməli və tarixi yerlərinin, istirahət-kurort imkanlarının, mükəmməl mətbəx və gözəl təbiətinin təbliğində, eləcə də ölkənin xidmət sektorunun inkişafında müsbət rol oynayıb.

 

“Formula-1” Azərbaycana milyonlarla dollar gəlir gətirib

 

Ümumilikdə, 2016-2019-cu illərdə “Formula-1” tədbirinin Azərbaycana ümumi xeyri 797 milyon dollar olub. Yarış bir sıra sahələrdə yeni iş yerləri yaratmaqla yanaşı, həm illik, həm də mövsümi məşğulluğu artırır. Belə ki, bu yarışlarla bağlı ölkədə minlərlə qısamüddətli və ortamüddətli iş yeri yaranmış, yarışların keçirildiyi vaxt köməkçi işlərə çoxlu sayda könüllü cəlb olunmuşdur.

İdmanın bu növünün özünəməxsus azarkeş ordusu olsa da, “Formula-1” ölkəmiz üçün yenidir. Azərbaycan qran-prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin uğurlu təbliğat kampaniyası ölkəmizdə “Formula-1” idmanını sevənlərin sayını artırıb. Azərbaycanın təbliğini qarşıya məqsəd qoyan Əməliyyat Şirkəti turistlərin ölkəmizə cəlb edilməsinə nail oldu.

Ölkəmizdə keçirilən son dörd yarış ərəfəsində paytaxtda hotellərin dolu olması yarışın iqtisadi baxımdan mühüm rol oynadığını nümayiş etdirdi. Auditoriyasına görə futbol üzrə dünya çempionatından və Olimpiya Oyunlarından sonra üçüncü yerdə olan “Formula-1” yarışına evsahibliyi etmək, ilk növbədə, ölkənin qüdrətindən xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev bu yarışın əhəmiyyətini yüksək qiymətləndirərkən deyib: “Formula-1” yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı uğurla keçirmişik. “Formula-1” yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb. Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir”.

 

Bakı treki 5-ci dəfə pilotları gözləyir

 

“Formula-1” yarışlarının 2021-ci il mövsümü 23 mərhələdən ibarət olacaq. Azərbaycan yarışların cari mövsümdə 6-cı mərhələsinə evsahibliyi edəcək. Mövsümün ilk yarışı martın 26-da Bəhreyndə keçirilib, son yarışı isə noyabrın 27-də Əbu-Dabidə təşkil olunacaq.

Uzunluğu 6 kilometrdən bir qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı “Formula-1” avtomobilləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər Tarix-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 kilometrlik dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikləri ilə yarışı canlı olaraq televiziya qarşısında izləyən “Formula-1” azarkeşləri üçün əsrarəngiz şouya çevriləcək.

Qeyd olunduğu kimi, Bakı Şəhər Halqası şəhərin düz mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən, ilk növbədə, məhz bu məqamı nəzərə almışlar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək. Start və finiş xətti Azadlıq meydanında olacaq.

 

71 il əvvəl başlamış sürət yarışı

 

“Formula-1” yarışları paytaxtımızda 2016-cı ildən bəri keçirilir. Həmin il Avropa qran-pri yarışlarının Bakı mərhələsi adlandırılan yarış iyunun 17-19-da təşkil olunmuşdur. “Formula-1”in Bakı mərhələsində tarixdə ilk dəfə 21 mərhələdən ibarət yeni mövsümdə 11 komanda və 13 fərqli ölkədən dünyanın ən məşhur pilotları birincilik uğrunda mübarizə aparmışlar. Möhtəşəm yarışda dünya çempionu adını qazanmış 5 pilot iştirak etmişdir.

“Formula-1” üzrə dünya çempionatı birnəfərlik, açıq təkərli avtomobillərin yarışıdır. Yüksək statusa malik olan bu yarışlarda sürücülər pilot, avtomobillər isə bolid adlanır. İl ərzində müxtəlif ölkələrdə “Formula-1” üzrə mərhələ yarışları, başqa sözlə, qran-prilər təşkil olunur. Dünyada geniş tamaşaçı auditoriyası yığan bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunlarından və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan “Formula-1” qran-priləri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanı əhatə edir. Yarışları Beynəlxalq Avtomobil Federasiyası (FİA) keçirir. 1904-cü ildə Parisdə yaradılmış federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.

“Formula-1” üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunmuşdur. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparmışdır. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci çatan “Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina “Formula-1” yarışının ilk qalibi kimi tarixə düşmüşdür. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olmuşdur. Lakin sonralar Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxmışdır. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illər) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməmişdir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM