05 Avqust 2021 00:52
1574
İQTİSADİYYAT
A- A+

Sumqayıt turizm şəhərinə çevrilir

 

Abşeron yarımadasının şimalında, paytaxt Bakının bir addımlığında yerləşən Sumqayıtı ölkəmizə gələn turistlərin böyük hissəsi vaxtaşırı ziyarət edir. Yay gələndə isə şəhərin qonaqlarının sayı daha da artır. Çünki bu ərazidə Xəzər çimərlikləri daha təmiz və abaddır.

Halbuki sahilboyu on kilometrlərlə uzanan Sumqayıt çimərlikləri əvvəllər baxımsız vəziyyətdə idi. İnsanlarla yanaşı, ev heyvanları da buranı özünə “istirahət” yeri seçmişdi. İndi isə fərqli mənzərə var, Sumqayıt çimərlikləri yerli əhalinin və qonaqların sevimli istirahət məkanına çevrilib. Çimərlik turizminin bütün tələblərinə burada əməl olunur.

Dəniz sahili boyu çimərliklər Sumqayıtda bulvarla tamamlanır. Qeyd edək ki, son illər reallaşdırılan mühüm layihələrdən biri də Sumqayıt dənizkənarı bulvarının yenidən qurulmasıdır. Öncə onu qeyd edək ki, Xəzərin Sumqayıt sahillərində belə bir bulvarın salınması ölkəmizdə görülən sosial layihələrin ardıcıl və məqsədyönlü həyata keçirildiyini nümayiş etdirir.

Bulvarın uzunluğu 5 kilometrə yaxındır. Dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə yerləşən bulvarın 55 hektar ərazisində yaşıllıq zolağı salınıb. 160 mindən çox ağac və dekorativ kol, 2 milyondan artıq gül və çiçək əkilib. Hazırda Sumqayıt bulvarının genişləndirilməsi və orada yaşıllaşdırma işləri davam edir. Yaxın gələcəkdə bulvarın ərazisi bir neçə hektar genişlənəcək. Bulvar kompleksindəki yeniliklərdən biri də avtomat suvarma sistemidir. Ərazidə həmçinin kommunikasiya xətləri çəkilib, müxtəlif ölçülü 1500 işıq dirəyi və işıqlandırma sistemləri quraşdırılıb, sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub, müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, 5 rəngli fontan inşa edilib. Bunlardan əlavə, bulvarın ərazisində velosipedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu salınıb, 4,2 kilometr yola asfalt, 30 hektar əraziyə daş döşənib.

Ərazidə Bayraq meydanı da tikilib. Sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğundakı tərsanə isə bu meydana xüsusi naxışlar qatır. Buradakı Bayraq muzeyi də gəzintiyə gələnlərin ən çox üz tutduqları məkandır.

Təxmini hesablamalara görə, buranı ziyarət edənlərin yarısı xarici ölkələrdən gələn turistlərdir. Həm də bu səbəbdən bulvarda kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu salınıb. Elektriklə işləyən avtobuslarda gəzmək insana xüsusi zövq verir. Bununla yanaşı, bulvarda kafe-çay evləri, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Hazırda isə bulvarın yaxınlığında pansionatlar, hotellər və istirahət mərkəzləri tikilir.

Yaxın gələcəkdə şəhər turizminin inkişafının daha da sürətlənəcəyi şübhəsizdir. Bunun bir səbəbi də şəhərin beynəlxalq əlaqələrinin genişlənməsidir.  Sumqayıtın hazırda dünyanın onlarca şəhəri ilə qarşılıqlı ticarət əlaqələri var.

Nə qədər qəribə olsa da, Sumqayıtda kənd turizmi də inkişaf edir. Corat qədim kənddir. Əvvəllər İslam ölkələrindən kəndə həm ziyarətə, həm də turist kimi gəzməyə gələrdilər. Sovet dövründə dəfələrlə kəndin tarixini öyrənmək və turizm xəritəsini yaratmaq üçün cəhdlər edilsə də, mümkün olmamışdır. Müstəqillik dövründə isə Corata diqqət artıb. Son illər həyata keçirilən abadlıq işləri, yol infrastrukturunun yenilənməsi nəticəsində Corat turistlərin xüsusi maraq göstərdiyi əraziyə çevrilib. Hələ yay başlamamış kənddə evlərin çoxu turistlər tərəfindən kirayələnir. Dənizin və Sumqayıtın bir addımlığında olması kəndi cəlbedici etmişdir. Digər tərəfdən, yaşı yüz illərlə ölçülən məsçid, tarixi qala divarları, qədim hamamlar, xan evi və digər abidələr də kəndi maraqlı turizm məkanına çevirmişdir.

Qayıdaq Sumqayıta, daha doğrusu, şəhərin turizm sahəsindəki potensialına. Ümumiyyətlə, həyata keçirilən quruculuq işləri nəticəsində Sumqayıt inanılmaz dərəcədə dəyişib. İnşa edilən mehmanxanalar şəhər turizminin inkişafı üçün geniş imkanlar yaradıb. Bu gün şəhərdə xüsusi ictimai turlar təşkil olunur. Bütün marşrutlar məşhur “Göyərçin” abidəsindən başlayır və 12 istiqamətdə davam edir.  Bu marşrutlar Heydər Əliyev parkı, Kimyaçılar sarayı, Tarix muzeyi və digər maraqlı yerlərdən keçir. Sumqayıtda turizmin inkişafına təkan verən cəhətlərdən biri də şəhərin təmiz havasıdır. Bu gün Sumqayıt sənaye şəhəri olsa da, ekoloji cəhətdən təmizdir, tullantısız sənaye mərkəzidir. Digər cəhət isə şəhərin dəniz səviyyəsindən yuxarıda yerləşməsidir. Bu səbəbdən isti yay günlərində belə Sumqayıtda sərin meh olur.  Bir sözlə, bir vaxtlar təkcə Azərbaycanda yox, bütün keçmiş ittifaqda ekoloji cəhətdən ən çirkli şəhər hesab olunan Sumqayıt bu gün sürətlə Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilir. Nəzərə alsaq ki, turizm həm də gəlirli sahələrdən biridir, onda Sumqayıtın yeni statusunun şəhərin sosial-iqtisadi inkişafına əlavə güc qatacağı şübhəsizdir.

 

Akif ƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video