23:45 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sülh, ədalət və mərhəmət günü

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:55 07.03.2021

 

Mehriban Əliyevanın parlaq fəaliyyəti Azərbaycan qadınının yüksək potensialının ən möhtəşəm təzahürüdür

 

8 Mart uzun onilliklərdir ki, dünya tərəfindən Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb və, nəhayət, 1910-cu ildə alman sosialistlərinin görkəmli nümayəndəsi Klara Setkin 8 Martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə isə BMT bu günü Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Əslində bu günün beynəlxalq səviyyədə qeyd edilməsi çox mütərəqqi bir haldır. Dünyada çoxsaylı dövlətlər var və hər bir dövlətdə də qadına münasibət adətən fərqli olur. Həmçinin insan hüquqlarının təməl prinsiplərinə hörmət səviyyəsi qadına münasibətin əsaslarına da təsir edir.

Təəssüf ki, dünyada hələ də elə ölkələr var ki, orada qadınların ümumiyyətlə, hüquqları yoxdur. Bu cür ölkələrdə qadınlar istismar edilir, kölə kimi satılır, işgəncələrə məruz qalır, onların siyasi və digər hüquqları tamamilə əllərindən alınır. Hətta elə dövlətlər var ki, orada qadınların hüquqları məhz dövlət səviyyəsində pozulur və məhdudlaşdırılır.

Tarixə nəzər saldıqda görürük ki, Yaxın Şərqdə qurulan dövlətlərdə qadın amili Avropa ilə müqayisədə fərqli mərhələlərdən keçmişdir. Məsələn, Şərqdə qadın həmişə ismət və ləyaqət simvolu olmuşdur. Qadınların cəmiyyətdə aktiv görünməsi və fəaliyyət göstərməsi bəzi dövrlərdə qadağan olunsa da, XX əsrin əvvəllərindən başlayaraq, bu məhdudiyyət tədricən aradan götürülmüşdür.

Bu kontekstdə mükəmməl Azərbaycan təcrübəsi özünü tarixi təhlillərlə xüsusən büruzə verir. Azərbaycan qadınının potensialı hər zaman yüksək olub və Şərqdə daim mücbət yönümdə fərqlənib. Şərqdə qadınlara seçkilərdə iştirak etmək hüququ da ilk dəfə Azərbaycan qadınına verilmişdir. Təbii ki, bu, çox qürurverici faktdır. Hələ əsrin əvvəllərində Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Tiflisdə “Qızlar məktəbi”ni yaratması Azərbaycan qadınının maariflənməsi və irəli çəkilməsində ən önəmli addımlardan biri olmuşdur. Millətimizin gələcəyini düşünən ağıllı insanlar Azərbaycan qadınının cahil və savadsız olmasına razı olmamış, bunun üçün əllərindən gələni etmişlər. Həmin dövrlərdə dini xurafat üstünlük təşkil etdiyinə görə təbii ki, bu işləri görmək, həmçinin həmin məktəblərdə təhsil almaq güclü iradə və cəsarət tələb etmiş, buna maneələr törədən din pərdəsi altında gizlənən qüvvələr olmuşdur. Azərbaycan qadını bütün bu çətinlikləri dəf edərək təhsil almış və elmə yiyələnərək müasir səviyyəyə gəlib çatmışdır.

Hazırda Azərbaycan qadın hüquqlarına dəyər verən dövlətlər arasında öndə gedir. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda aktiv şəkildə təmsil olunur, BMT-nin “Qadın məsələləri üzrə komissiyası”nın tamhüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Dövlət başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb, onların hərtərəfli fəaliyyətinə geniş meydan verib. Məhz bunun sayəsində də lider qadınlar yetişir və Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artır. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.

Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, ölkənin ictimai, siyasi və mədəni fəaliyyətində fərqlənən qadınlara fəxri adlar, orden və medallar verir.

Tək ölkəmizin deyil, ümumilikdə Cənubi Qafqazın ən aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasında yüz minlərlə qadın təmsil olunur, fərqlənən qadınlar müxtəlif vəzifələrə irəli çəkilir. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. YAP-ın bu günlərdə keçirilən son qurultayında qadınların partiya rəhbərliyində, həmçinin İdarə Heyətində geniş təmsilçilik qazanması təşkilatımızın qadın mövzusuna nə qədər böyük önəm verdiyini bir daha təsdiq etdi.

Milli-əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir sıra ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə uğurlar qazanması Azərbaycan qadınının mədəni və intellektual səviyyəsindən xəbər verir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin ictimai və siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətçiliyimiz və xalqımızın rifahı naminə gördüyü işlər və xeyirxah əməlləri bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Mehriban xanımın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sayəsində gördüyü işlər əsl örnəkdir və Azərbaycan qadınının yüksək potensialının ən möhtəşəm təzahürüdür.

Azərbaycan qadını həm də vətənpərvərdir. 44 günlik Vətən müharibəsi Azərbaycan qadınının öz doğma vətəninə, torpağına və bayrağına nə qədər bağlı olduğunu bir daha göstərdi. Yüzlərlə həkim və tibb bacısının, mətbuat işçisinin ön xətdə əsgərlərimizin yanında olması Azərbaycan qadınının cəsarətinin göstəricisidir. Qəhrəman Azərbaycan əsgərini dünyaya gətirən, böyüdən, onu vətənpərvər ruhda tərbiyə edən də məhz Azərbaycan qadınıdır. Azərbaycan qadını ölkəmizin, dövlətimizin və millətimizin gələcək istiqbalının təməlidir.

Bu baxımdan 8 Mart tarixini yalnız Qadınlar Günü kimi qeyd etmək kifayət etməz. Bu tarix qadınların timsalında həm də Sülh, Ədalət və Mərhəmət günüdür.

 

Ruhi ƏLİYEVA,

YAP Qadınlar Şurasının üzvü



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM