30 Dekabr 2013 01:12
480
Oxucu məktubları
A- A+

Sükutla qarşılanan qəhrəmanlıq

 

Elə qəhrəmanlar olur ki, onların cəsarəti, igidliyi  haqqında dünyaya car çəkir, danışırlar, eləsi də olur ki, unudulur. Haqqında danışmaq istədiyim Salaməddin Nağıyevin də igidliyi dillərə düşüb dastan olmadı. Əslində onun qəhrəmanlığı ən yüksək mükafatlara layiq görülə bilərdi.

Salaməddin, ona qısaca Salam da deyərdilər,  bu ilin yayında Moskvanın Bıkovski rayonunun Oktyabr qəsəbəsinin yanından keçən çayda boğulan 3 rus qızını xilas edib. Çimərkən burulğana düşən qızlar nə qədər cəhd etsələr də, kənara çıxa bilmir, yaxınlıqda adam olsa da, qışqırıb köməyə çağıran qızları xilas etməyə cəhd göstərib irəli atılan olmur.

Salam heç nəyi düşünmədən suya atılır, bir-bir qızları xilas edir. Hər dəfə burulğanla savaşa girmək, onun cəngindən uşaqları qoparmaq Salamı taqətdən salır. O, gücünü itirsə də, ölüm təhlükəsinin reallığa çevrildiyini başa düşsə də, qorxmur, çəkinmir və sonuncu qızı xilas etmək üçün ölüm-dirim savaşına atılır.   Əlbəttə, hadisəni izləyənlər ona kömək etməyə cəhd edə bilərdilər. Lakin Salam qərib torpaqda tanımadığı insanların həyatı üçün sona qədər vuruşdu. O, hətta zərrə qədər taqətinin qalmadığı məqamda belə var gücünü toplayaraq sonuncu qızı burulğandan kənara itələdi, əvəzindəsə onun artıq müqaviməti tükənmiş bədənini burulğan ağuşuna alıb uddu.

Rusiya mətbuatında Salamın qəhrəmanlığı sıravi xəbər kimi ötüb keçdi. Nə yerli, nə də ki yuxarı səviyyədə ciddi qiymət verən oldu. Hətta o da qeyd olunur ki, Salamı sudan tapıb çıxarmaq üçün xilasedicilərə igidin qohumları pul da ödəyiblər. Onu bir neçə gündən sonra tapıb nəşini doğulduğu Viyən kəndinə göndəriblər.

Xilas edilən qızlardan ikisinin anası Y.Karnetova sonradan hadisəni araşdıran hüquq-mühafizə orqanlarına müraciət edərək qızlarının həyatını xilas etmək üçün böyük cəsarət və qəhrəmanlıq nümayiş etdirən azərbaycanlı gəncə biganə münasibətdən təəssüfləndiyini bildirmiş, onun bu şücaətinə dövlət qurumlarının, ictimaiyyətin laqeydliyini qınamışdır. Elə Salamın ailəsini, həmkəndlilərini, bir sözlə, hamımızı sarsıdan da bu biganəlikdir. Salamın atası Həmdulla kişi deyir ki, oğlunun ona yad olan, tamamilə başqa bir millətin nümayəndəsini həyatı bahasına olsa belə yalnız insanlıq naminə xilas etməsinə rəğmən onlara təskinlik verə biləcək kiçik bir təşəkkür edilmədi. Bu biganəlik oğul itkisindən daha sarsıdıcı oldu.

Viyən kənd tam orta məktəbinin direktoru Fəxri Hüseynov Salamı ən fəal şagirdlərindən biri kimi xatırlayır. Cəsarətli, doğrucul, iradəli bir gənc idi. Elə Salama dərs deyən müəllimlər də onun saflığından, məğrurluğundan, nikbin təbiətindən danışırlar. İdmanın müxtəlif növləri - boks, karate, güləş və xüsusilə üzgüçülüklə məşğul olurdu. Məhz belə hazırlıqlı olması hərbi xidmətdə olarkən də Salamın uğur qazanmasına və xidmət etdiyi hərbi hissənin fəxri fərmanlarına layiq görülməsinə səbəb olmuşdu. Bununla bağlı komandirləri tərəfindən dəfələrlə ailəsinə təşəkkür məktubları ünvanlanmışdı. Bütün bunlar, əlbəttə ki, Salamın saf və döyüşkən ruhunun təzahürü idi.

Oğul dərdinin ağırlığından ayrıla bilməyən Səfurə xala yalnız bunları dedi: "İyulun 13-də övladımın 21 yaşı tamam olacaqdı, tale övladımıza ad günündə şəhidliyi, bizə isə ən böyük hüznü hədiyyə etdi". Atası Həmdulla kişi deyir ki, Salam həmişə xalqımızın qəhrəman övladı Mübarizi xatırlayar və şansı olarsa, o da şəhidliyi seçəcəyini söyləyərdi.

Amma təəssüf ki, hadisənin baş verməsindən yarım il keçsə də, Rusiyanın dövlət qurumları və ictimaiyyəti baş verənlərə hələ də layiqli qiymət verməkdə gecikir. Bütün bunlara rəğmən olanlar şahidlərin yaddaşından heç vaxt silinməyəcək. Amma Salamın anası Səfurə xala və atası Həmdulla kişi gözlərinin ağı-qarası övladlarının itkisini hər zaman ürək ağrısı, qəlb yanğısı ilə xatırlayacaqlar.

 

Nurlan NƏSİROV,

"Lənkəran" rayon qəzetinin əməkdaşı

 

Redaksiyadan

 

Oxucu məktubu çapa hazırlandıqdan sonra biz Salaməddin Nağıyevin valideynləri ilə əlaqə saxlayaraq müəyyən xırdalıqlara aydınlıq gətirməyə çalışdıq. Qəhrəmanın atası oğlunu Lyuboretski rayonunda dalğıcların 5 gün axtardığını və hər saat üçün 30 min rus rublu ödədiyini bildirdi. Rusiya  Federasiyasında heç bir yardım edilmədiyini deyən Həmdulla oğlunun axtarışlarına, cənazəsinin kəndlərinə gətirilməsinə milyona yaxın rus rublu xərclədiyini və xeyli borca düşdüyünü deyib. Araşdırmalarımız davam edir. Salamın xilas etdiyi qızların anası Yelena xanımla danışmışıq, Rusiyada dövlət qurumları, qonşu dövlətdə bu məsələdə kömək göstərə bilən nüfuzlu insanlarla  əlaqələri  qurmağa çalışırıq. Ölkəmizin Rusiyadakı səfirliyi də məsələ ilə maraqlanıb. Eyni zamanda Yelena xanım müvafiq qurumlara Salamın qəhrəmanlığının  tanınması üçün müraciətlər edir. O, Salamın valideynləri və onların övladının qəhrəmanlığı qarşısında baş əydiyini və bu işi axıradək görməyə çalışacağını bizə yazıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video