17 Yanvar 2021 00:48
840
İQTİSADİYYAT
A- A+

Su təchizatının səmərəli təşkili daim gündəmdədir

 

Torpaqlarımızın işğaldan azad olunması ölkənin su ehtiyatlarının bir daha qiymətləndirilməsini zəruri etmişdir

 

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə ölkənin su resurslarından səmərəli şəkildə istifadənin təmin edllməsi barədə də geniş söhbət gedib. Belə ki, keçən ildən Azərbaycanda bu məqsədlə xüsusi komissiya fəaliyyət göstərir.

Komissiya ardıcıl iş aparır və aşkar edilən nöqsanların bir hissəsi qısa müddət ərzində aradan qaldırılıb. Bununla belə iki ildir dalbadal ölkədə quraqlıq olub. Vəziyyətin cari ildə də bu cür olacağı istisna edilmir. Odur ki, növbəti suvarma mövsümündə su təchizatının səmərəli təşkilinin vacibliyi bir daha nəzərə çatdırılıb.

Torpaqlarımızın işğaldan azad edilməsi imkan verir ki, 2021-ci ilin su təsərrüfatı balansı hazırlanarkən həmin ərazilərin su ehtiyatları da qiymətləndirilsin. Ümumiyyətlə, ərazi bütövlüyünün bərpa edilməsinin nəticəsi olaraq ölkəmiz hərtərəfli dividendlər əldə edəcək və bu baxımdan su resurslarının artırılması mühüm əhəmiyyət daşıyır.

Qarabağ su ehtiyatları ilə zəngin olan bölgədir. Nəhayət, uzun fasilədən sonra bu ehtiyatların, eləcə də onlardan istifadə məsələlərinin yenidən qiymətləndirilməsi diqqət mərkəzində olacaq. Qeyd edək ki, bu regiondakı Tərtərçayın illik su axınının həcmi 577 milyon kubmetrdir. Digər çaylarda isə bu göstərici belədir: Həkəri - 341 milyon kubmetr, Qarqarçay - 54 milyon kubmetr, Quruçay - 54 milyon kubmetr, Xaçınçay - 40 milyon kubmetr, Köndələnçay - 22 milyon kubmetr. Digər nisbətən kiçik çaylar da var. İndi Azərbaycan Araz çayının ölkəmizin ərazisindən keçən hissəsinə də tam nəzarəti təmin edib.

Bu ərazilərdə müxtəlif dövrlərdə su anbarları tikilib. Məsələn, Xudafərin su anbarının tutumu 1,6 milyard kubmetrdir. Tikilməkdə olan Qız qalası su anbarı 62 milyon kubmetr su tutmaq həcmindədr. Sərsəng su anbarı 565 milyon, Suqovuşan su anbarı 6 milyon, Xaçınçay su anbarı 23 milyon, Köndələnçay kiçik su anbarları 14,8 milyon kubmetrlikdir. Təqribi hesablamalara görə, Azərbaycan 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı qazanıb. Bu isə suya tələbatın dolğun ödənilməsi üçün yeni imkanlar deməkdir.

Keçən ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızda çox böyük su mənbələri olduğunu və mənfur düşmənin bizi uzun müddət həmin mənbələrdən məhrum etdiyini vurğulamışdır. Bu ərazilərdəki ən böyük çayımız Tərtərin mənbəyi Kəlbəcər rayonunda olduğundan onun sularından istifadə edə bilmirdik. Sərsəng, Suqovuşan su anbarları ermənilərin əlində idi, onlar suyu kəsdiyindən bu bölgələrdə yüzlərlə subartezian quyusu qazmaq məcburiyyətində qalmışdıq. Prezident demişdir: “Bunun da böyük maliyyə yükü var - həm onların qazılmasında, həm də ki, istismarında, çünki enerji sərf olunur. Biz Suqovuşan qəsəbəsini azad edəndən sonra artıq suyun axını təmin edilib, ancaq indi kanallar problemi üzə çıxıb. Çünki bu kanallar uzun illər ərzində istifadəsiz qalıb. Bizim digər çaylarımız oradan mənbə alır və o ərazidən keçir. Həkəri çayı, Bazarçay, Oxçuçay, Xaçınçay. Onların bir çoxu Araz çayına axır və çaylar boyu orada su anbarlarının tikilməsi nəzərə alınmalıdır”.

Prezident bu ilin Dövlət İnvestisiya Proqramına və azad edilmiş torpaqlarda görüləcək işlərlə bağlı proqrama bu məsələnin salınmasının vacibliyini bildirmişdir. Dövlət başçısı artıq kanalların layihələndirilməsinə və tikintisinə start verilməli olduğunu demişdir. Onsuz da münbit olan bu torpaqların suvarma suyu alandan sonra məhsuldarlığı daha da artacaq. Bu da o deməkdir ki, ərzaq təhlükəsizliyimizi böyük dərəcədə özümüz həll edəcəyik.

Qeyd edək ki, son illərdə, ümumiyyətlə, ölkənin əsas su anbarlarında su ehtiyatlarının həcmi azalmışdır. Keçən il aprelin 30-da onlardakı suyun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyard kubmetr, Mingəçevir su anbarında 1 milyard kubmetr az olmuşdur. Su ehtiyatlarının planlı və optimal istifadəsi istiqamətində görülən tədbirlər sayəsində ilin sonuna əsas su anbarlarında suyun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 320 milyon kubmetr, o cümlədən Mingəçevirdə 240 milyon kubmetr çoxalmışdır. Məhdud su ehtiyatlarının ədalətli və proporsional bölgüsü prinsipi əsasında yazlıq və payızlıq əkinlərin böyük bir sahəsi üzrə bütün maraqlı tərəflərin imzaladığı suvarma qrafikləri tərtib olunmuşdur. Beləliklə, ötən ilin kəskin su çatışmazlığı şəraitində 1,4 milyon hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla

3,2 dəfə suvarma suyu ilə təmin edilmişdir. Nəticədə pambıq, şəkər çuğunduru, qarğıdalı, tütün, kartof, tərəvəz, üzüm və digər bitkilərin istehsalı əvvəlki ilə nisbətən müəyyən qədər artmışdır. Bununla belə, son illər davam edən quraqlıqlar və su anbarlarında kifayət qədər suyun toplanmaması öz mənfi təsirini göstərmişdir. Suya tələbatın tam və ya vaxtında ödənilmədiyinə görə suya xüsusilə tələbkar bitkilər üzrə əkin sahələri azalmışdır.

 Ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət indi də davam edir. Əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı cəmi 10,5 milyard kubmetr su mövcuddur, onun da 8,6 milyard kubmetri ölü həcmdir. Bu baxımdan qısamüddətli hədəf əsas su anbarlarında suyun həcmini əvvəlki üç illə müqayisədə daha yüksək səviyyəyə çatdırmaqdır. İlk növbədə qarşıdakı suvarma mövsümünə nisbətən daha yaxşı vəziyyətdə daxil olmaq vacibdir. Sonrakı məqsəd isə suyun həcmini minimum 2016-cı ilin səviyyəsinə uyğunlaşdırmaqdır.

 Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, tələbata uyğun dayanıqlı su təchizatının təmin olunması, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə milli strategiya və onun həyata keçirilməsi üzrə fəaliyyət planının layihələri hazırlanıb. Suvarma sahəsində itkilərin azaldılmasında prioritet sayılan suvarma kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması istiqamətində işlər, eləcə də digər tədbirlər davam etdirilir.

 Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə həyata keçirilən çoxsaylı və çoxşaxəli tədbirlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdəki su ehtiyatlarından səmərəli istifadə də imkan verəcək. Prezident həmin bölgələrdə su mənbələrinin kifayət qədər çox olduğunu bir daha vurğulayaraq demişdir ki, kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün suvarma işləri sürətlə getməlidir. Orada ən müasir suvarma sistemlərinin təşkil edilməsi tapşırılmışdır.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video